22 Sentyabr 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 10 fevral tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsini, ixtisaslarının artırılmasını və yenidən hazırlanmasını, təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərinin, işgüzar keyfiyyətlərinin qiymətləndirilməsini və bu sahədə digər zəruri tədbirlərin görülməsi işini həyata keçirir. Yüksəkixtisaslı kadrların hazırlanması isə bilavasitə maliyyə sisteminin gələcək inkişafının təminatıdır.

Ötən müddət ərzində fəaliyyətin təşkili və tədrisə start verilməsi istiqamətində işlərə başlanmış, təlim materialları və təlimçilərin hazırlığı prosesi aparılmış, mərkəzin maddi-texniki bazası gücləndirilmiş, yeni tədris zalı, elektron lövhə və ən son texnoloji təminata sahib 25 kompüter istifadəyə verilmişdir. Bu təşəbbüslər də, öz növbəsində, tədrisin daha müasir səviyyədə həyata keçirilməsinə imkan vermiş, fəaliyyət prosesində elektron hesablama texnikasından, müasir elmi-texniki informasiyadan səmərəli istifadənin təmin edilməsinə zəmin yaratmışdır.
Ötən müddətdə mərkəzdə təlim materialları hazırlanmış, dövlət büdcəsindən maliyyələşən təşkilatların, habelə digər dövlət idarə və müəssisələrinin maliyyə və mühasibat işçiləri tədrisə cəlb edilmiş, onların bilik səviyyələrinin qiymətləndirilməsi təmin olunmuşdur.

Mərkəz tərəfindən qrupların komplektləşdirilməsi dinləyicilərin iş profili və vəzifəsi nəzərə alınmaqla aparılmışdır. Buna müvafiq olaraq müxtəlif təlim müddətli qruplar təşkil olunmuş, tədris planları və proqramları işlənib hazırlanmışdır. Muxtar respublikanın rayon və şəhərlərindən təhsil, səhiyyə, mədəniyyət, hərbi və hüquq-mühafizə, kommunal sahələrdə, icra hakimiyyəti və yerli özünü­idarəetmə orqanlarında fəaliyyət göstərən maliyyə və mühasibat işçiləri kurslara cəlb olunmuşlar.
Əsasən, dördgünlük təlim paketləri 4 və ya 5 moduldan ibarət olmaqla, 12 tədris saatı şəklində tərtib edilmişdir. Mərkəz ötən il üçün müvafiq ekspertlərlə işləyib hazırladığı “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” təlimi, smeta xərclərinin planlaşdırılması, mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması, vergi uço­tunun təşkili, maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət və xəzinə əməliyyatlarının təşkili və uçotu mövzuları üzrə məlumatları əhatəli şəkildə iştirakçılara çatdırmağı qarşısına məqsəd qoymuşdur. Kursun sonunda iştirakçıların peşəkarlıq səviyyəsinin qiymətləndirmə mərhələsindən sonra tədris planının tələblərini yerinə yetirən dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilmişdir. Təlimçiləri tədris zamanı ekspertlər müşahidə etmişdir ki, bu da, öz növbəsində, təlimin keyfiyyətinin artırılmasına müsbət təsir göstərmişdir.
Mərkəz müasir texnologiyalardan tədris işlərinin təkmilləşdirilməsi üçün səmərəli şəkildə istifadə edir. Belə ki, təlimlərin və təlimçilərin qiymətləndirilməsi üçün elektron sorğu anketlər, dinləyicilərin peşəkarlıq səviyyəsini öyrənmək məqsədilə test bazası yaradılmışdır.
2018-ci il ərzində mərkəz tərəfindən muxtar respublikanın mərkəzi və yerli icra orqanları və hüquq-mühafizə orqanları, rayon və şəhər təşkilatları, habelə digər dövlət idarə və müəssisələri üzrə 178 təşkilat olmaqla, 250 maliyyə və mühasibat işçisini əhatə edən 13 kurs təşkil olunmuşdur.
Tədris prosesində daha effektli nəticə əldə etmək məqsədilə mərkəzin tədris materiallarının hazırlanmasına aidiyyəti sahələrdə biliyə malik şəxslərin, elm adamlarının, təhsil müəssisələrinin yüksəkixtisaslı kadrlarının cəlb olunması təmin edilmişdir. Təlimlərin yüksək səviyyədə keçirilməsi diqqət mərkəzində saxlanılmış, bu məqsədlə ötən il ərzində, ümumilikdə, 17 mütəxəssis təlimçi qismində dəvət olunmuşdur. Təlimçi­-ekspertlər Maliyyə Nazirliyinin əməkdaşları ilə yanaşı, əsasən, Naxçıvan Muxtar Respublikasının Vergi­lər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları olmuşlar.
Əsasnaməyə uyğun olaraq mərkəz tədris plan və pro­qramlarını, elmi-metodik sənəd və tədris vəsaitlərini nəşr etdirmək işini də həyata keçirir. Belə ki, 2018-ci ildə Maliyyə Tədris Mərkəzinin təşəbbüsü ilə beynəlxalq təcrübənin öyrənilməsində mühüm əhəmiyyətə malik olan “Maliyyə-iqtisad terminlər lüğəti” nəşr etdirilmişdir. Görülən işlər sırasında dinləyicilərin gündəlik fəaliyyətlərində onlara faydalı olacaq təlim materiallarını özündə əks etdirən məlumatların kitab şəklində çap edilməsi də var. Həmin kitablar təlimin sonunda vəsaitlərə ehtiyac duyanlara paylanılır. Bundan əlavə, təlimin istiqamətlərinə uyğun modullar haqqında qısa məlumatdan ibarət bukletlər hazırlanıb dinləyicilərin istifadəsinə verilmişdir. Ümumilikdə, fəaliyyət dövründə mərkəz tərəfindən 1 lüğət, 10 istiqamətdə 400 tədris materialı, 2 istiqamətdə 165 buklet və 500 nüsxədə məlumat kitabçası nəşr olunmuşdur.
Ötən müddətdə “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda təlimlərin təşkili ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası istiqamətində görülən tədbirlərin davamı olaraq 2018-ci il dekabrın 11-də mərkəzin təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində “Gənc­lərdə büdcə savadlılığı” layihəsi çərçivəsində ilk təlim keçirilmişdir. Tədbirdə müvafiq ixtisasda təhsil alan 100-dən çox tələbə iştirak etmiş, fəal tələbələrə fərqləndirici sertifikatlar və plaketlər verilmiş, “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmiş kitablar təqdim edilmişdir. Gələcəkdə bu cür layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Mərkəz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 2018-ci il mayın 18-də Naxçıvan şəhərində kiçik və orta sahibkarlıq subyektləri üçün keçirilən təlimin və həmin il dekabrın 14-də “Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatının tətbiqi” ilə bağlı təlimin təşkilatçılığında fəal iştirak etmişdir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına edilmiş bir sıra əlavə və dəyişikliklərin büdcə təşkilatlarında tətbiqinin təmini və məsələ ilə bağlı ətraflı izahın verilməsi məqsədilə mərkəz tərəfindən ­keçirilən təlimlər 2019-cu ilin 7-11 yanvar tarixlərində, gündə iki dəfə təşkil olunaraq, ümumilikdə, 187 büdcə təşkilatından 252 maliyyə və mühasibatlıq işçisini əhatə etmişdir. Büdcə təşkilatları ilə yanaşı, sözügedən qanunvericilikdəki dəyişikliklərin həm də sahibkarlıq subyektlərində tətbiqini təmin etmək üçün Maliyyə və İqtisadiyyat nazirliklərinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində keçirilən təlimlər bu il 14-18 yanvar tarixlərində təşkil olunmuş və muxtar respublikada fəaliyyət göstərən 580 müəssisədən 702 sahibkar və ­maliyyə-mühasibatlıq işçisini əhatə etmişdir.
Maliyyə Tədris Mərkəzi gələcəkdə də muxtar respublikada ehtiyac yaranan sahələrdə maarifləndirmə və məlumatlandırma işini həyata keçirəcək, Maliyyə Nazirliyi tərəfindən muxtar respublikada aparılan ümumi maliyyə intizamının təmin olunması işində əzmlə çalışacaqdır.

Ramin Məmmədov

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR