12 Avqust 2020, Çərşənbə

Muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Ona görə də sahibkarlığın inkişafına geniş meydan verilməsi və bu sahəyə dövlət yardımının ilbəil artırılması böyük əhəmiyyətə malikdir. Son illərdə diyarımızda aparılan meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi, taxıl və soyuducu anbarların tutumlarının artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-­tərəvəz emalı müəssisələrinin fəaliyyətə başlaması sahibkarlığın da sürətli inkişafına əlverişli şərait yaradıb. Görülən işlər isə ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Bütün bunlar da muxtar respublikamızda sahibkarlıq fəaliyyətinin genişləndirilməsini, yeni müəssisələrin və iş yerlərinin açılmasını təmin edib. Belə istehsal müəssisələrindən biri də Şərur rayonunun Zeyvə kəndində fəaliyyət göstərən quşçuluq təsərrüfatıdır.
Bu günlərdə həmin müəssisədə olduq. “Məmmədtağı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Məmməd Tağıyev bildirdi ki, müəssisə 7 hektarlıq geniş bir ərazini əhatə edir. Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə istehsal sahəsində Türkiyə, İtaliya mənşəli müasir avadanlıqlar quraşdırılıb. Eyni zamanda avtomatik rejimdə işləyən havalandırma və istilik sistemləri qoşulub, enerji kəsintisinin qarşısını almaq üçün ayrıca generator qoyulub. Müəyyən olunan qrafikə əsasən istehsal sahələrində dezinfeksiya işləri aparılır. Müəssisədə ayrıca kəsim sexi, ümumi tutumu 150 ton olan 2 soyuducu anbar, laboratoriya, yem anbarı, yeməkxana, baytar və digər iş otaqları var.

Sahibkarın sözlərinə görə, müəssisədə yaradılan şərait 45-50 gün ərzində 150 ton quş əti istehsal etməyə imkan verir. Toyuq bəsləmə sexi hər mövsümdə yuyulub təmizlənir, dezinfeksiya olunur, divarlar əhənglə ağardılır. Bəslənəcək ətlik cücələri yetişdirmək üçün hazırlanır. Sexdə təmizlik və səliqə-sahman, gigiyenik qaydalara əməl olunduğu elə ilk baxışdan nəzərə çarpırdı.
Müəssisədə 10-dan çox çeşiddə məhsul istehsal olunur. Hazır məhsullar olan bölümdə satışa çıxarılacaq quş ətinin saxlandığı şəraitlə maraqlandıq. Toyuqlar kəsilir, təmizlənir, yuyulur və 3 mərhələli soyuducudan keçirilir. Əvvəlcə toyuq əti soyuducuda 30-40 dəqiqə ərzində sıfır dərəcəyədək soyudulur, paketlənir, sonra digər soyuducu anbarda mənfi 40 dərəcədə 8 saat saxlanılır, sonuncu – üçüncü mərhələdə isə hazır məhsul başqa bir soyuducu anbara yerləşdirilir, burada mənfi 18 dərəcə temperaturda saxlanılır və satışa çıxarılır. Məhsulların üzərində tərkibi, saxlanma şəraiti, istehsal və son istifadə tarixi göstərilir.
İstehlakçılar tərəfindən bu məhsullara olan maraq get-gedə artmaqdadır. Bunu ticarət şəbəkələrindən, ayrı-ayrı şəxslərdən alınan sifarişlərdən də görmək olar. Belə ki, həmin məhsullar təkcə Şərur rayonunda deyil, Naxçıvan şəhərində də özünə xeyli sayda alıcı toplayıb. “Şərur broyler” ticarət nişanı ilə satışa çıxarılan məhsulların pərakəndə ticarət obyektlərinə çatdırılması üçün nəqliyyat vasitəsi də vardır.
Məmməd Tağıyev onu da deyir ki, gələcəkdə Zeyvə kəndindəki ­bələdiyyə torpaqlarından icarəyə götürüb quş yemi – arpa, buğda və qarğıdalı yetişdirəcəklər. Onların üyüdülməsi üçün dəyirman binasının da inşası yekunlaşıb.
Sahibkar onu da bildirdi ki, müəssisədə yumurtalıq toyuq saxlanılması istiqamətində dövlət dəstəyindən yararlanmaq üçün ötən günlərdə Sahibkarlığın İnkişafı Fonduna müraciət edib.
Müəssisə ilə tanışlığımızdan gəldiyimiz qənaət isə belə oldu ki, “Şərur broyler” muxtar respublikada əhalinin quş ətinə olan tələbatının ödənilməsinə, idxaldan asılılığın aradan qaldırılmasına töhfəsini ­verməyə çalışır.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR