17 Fevral 2020, Bazar ertəsi

Muxtar respublikada dinamik sosial-iqtisadi inkişafa nail olunması həyatımızın hər bir sahəsində gözəçarpan uğurlar qazanılmasına stimul verib. İnsan amilinin ön planda olduğu diyarımızda məşğulluğun təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi sosial-iqtisadi inkişafın davamlı xarakter almasına şərait yaradıb.
Son illərdə sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi, yeni emal və istehsal müəssisələrinin fəaliyyətə başlaması, mövcud obyektlərin isə fəaliyyətlərinin bərpa olunması və mütərəqqi təsərrüfat formalarının tətbiqi yeni iş yerlərinin yaradılmasına və bunun məntiqi nəticəsi kimi insanların məşğulluğuna müsbət təsirini göstərib.
Belə tədbirlər sırasında ailə təsərrüfatlarının yaradılması xüsusi qeyd olunmalıdır. O da vurğulanmalıdır ki, həmin təsərrüfatlara qayğı da unudulmayıb. Təsərrüfatların fəaliyyətində üzləşilən çətinliklərin aradan qaldırılması, onlara metodik köməkliklərin göstərilməsi, maliyyə dəstəyinin təmin edilməsi, ailə təsərrüfatlarının məhsullarının təbliği və satışı üçün məqsədyönlü tədbirlərin keçirilməsi diqqətdə saxlanılıb. Bunun ifadəsidir ki, 2017-ci il noyabr ayının 18-də ilk dəfə olaraq Naxçıvanqalada “Ailə təsərrüfatları məhsulları” festivalı keçirilib. İkinci belə tədbir ötən il reallaşdırılıb.

Məlumat üçün onu da bildirək ki, bu gün muxtar respublikada müxtəlif profilli 800-dən artıq ailə təsərrüfatı mövcuddur.
2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunması belə təsərrüfatlara böyük önəm verilməsinin ifadəsi kimi dəyərləndirilir.
Bu günlərdə Şərur rayonuna getməkdə məqsədimiz bu bölgədə yaradılmış ailə təsərrüfatlarının fəaliyyəti ilə maraqlanmaq idi. Qeyd edək ki, bu gün rayonda 84 ailə təsərrüfatı var. Əkinçiliyin, maldarlığın, arıçılığın, meyvəçiliyin və digər sahələrin inkişaf etdirildiyi rayonun məhsuldar torpaq sahələri, bol suyu var. Bölgədə yaradılmış zəngin təsərrüfatçılıq ənənələrini yaşadan torpağa bağlı insanlar onlara göstərilən qayğıdan ürəkdolusu danışdılar.
Rayonun Cəlilkəndində yaşayan Sənan Qasımzadə gəncdir. 27 yaşı var. İxtisasca müəllimdir. İki ildir ki, 6 nəfərdən ibarət ailə təsərrüfatı yaradıb. Keçənilki festivala 28 növdə mürəbbə, 22 növdə turşu, 16 növdə meyvə qurusu, 16 növdə kompot, doşab, üzüm yarpağı, cemlər çıxarıb. Bu məhsulları özünün həyətyanı və pay torpağının bir hissəsindən istifadə etməklə hasilə gətirib, ehtiyac duyulan bəzi məhsulların xammalını rayonun digər torpaq mülkiyyətçilərindən alaraq emal edib. Payızda ona məxsus olan pay torpağının bir hissəsində şum qaldırıb, yazda yerli sortlardan istifadə edərək yeni meyvə bağı salacaq. Bu isə imkan verəcək ki, istifadə etdiyi xammalı öz təsərrüfatından götürsün, əlavə vəsait xərcləməsin.
Təsərrüfatın üzvü Əli Qasımov deyir ki, istehsal etdiyimiz məhsullar hər bir ailənin mətbəxində həmişə ehtiyac duyulan məhsullardır. Yəni bu məhsulları hər bir evdə hazırlamaq olar.
Sənanla söhbətdə bildirdi ki, istehsal etdikləri məhsulları bəzi iaşə müəssisələrinə satır, bir neçə ildir ki, Bakı şəhərindən də sifarişlər alır. Deyir ki, Naxçıvanda istehsal olunan məhsullara böyük tələbat var. Çünki diyarımızda yetişdirilən məhsullar öz dadı və tamı ilə seçilir. Naxçıvan şəhərində keçirilən yeni il yarmarkasında da xeyli məhsul satdığını bildirən Sənan söhbətimizin sonunda ailə təsərrüfatlarının fəaliyyətinə göstərilən qayğıya görə minnətdarlığını ifadə etdi. Onu da diqqətimizə çatdırdı ki, belə qayğı və 2018-ci ildə keçirilən festivalda III yerin sahibi olması onu daha da ruhlandırıb.
Naxçıvanqalada “Ailə təsərrüfatları məhsulları” festivalında I yerin sahibi rayonun Çərçiboğan kənd sakini Müqbil Zamanov olub. O, festivala, ümumilikdə, 685 butulka olmaqla, 19 adda meyvə arağı, 2 adda çaxır və alma sirkəsi çıxarmışdı.
Müqbil deyir ki, 2010-cu ildən bu işlə məşğuldur. 25 növdə araq istehsal edir. Bunun üçün müxtəlif ədəbiyyatlar oxuyur. Söhbətindən də hiss etdik ki, Müqbil bu sahədə mükəmməl biliyə malikdir.
Öyrəndik ki, araq istehsalı üçün ayırdığı sahə kiçikdir. Festivaldan sonra ona hərtərəfli şəraiti olan sex tikilməsi üçün icazə, 5 min kvadratmetr torpaq sahəsi verilib. Payızda bu torpağın bir hissəsində qızılgül əkib, yazda isə qara qarağat əkməyi planlaşdırıb. Həmin məhsullardan, həmçinin dağ otlarından araq çəkmək istəyir.
Onu da öyrəndik ki, 4 nəfərdən ibarət olan ailə təsərrüfatında bu il çox böyük müalicə əhəmiyyəti olan sarımsaqla limonun və bananın ekstraktı hazırlanıb.
Müqbil deyir ki, ailə təsərrüfatına belə qayğı gələcəkdə həmin təsərrüfatın ailə-fermer təsərrüfatına çevriləcəyinə və daha çox insanın daimi işlə təmin ediləcəyinə onda böyük inam yaradıb.
Satış üçün heç bir çətinliyi olmayan Müqbil diqqətimizə çatdırdı ki, muxtar respublikamızda bitən hər bir meyvənin, giləmeyvənin, qarpızın, qovunun arağını çəkmək mümkündür. Onların hər birindən müalicə məqsədilə istifadə çox xeyirlidir. Ancaq həmin araqların hazırlanma və çəkilmə üsulları var. Bunlara mütləq əməl olunmalıdır ki, bol məhsul əldə edilsin və istehsal olunan məhsul insan orqanizminə mənfi təsir göstərməsin.
Həmsöhbətim ailə təsərrüfatlarında yetişdirilən məhsulların təbliği və satışında festivalların böyük əhəmiyyəti olduğunu diqqətə çatdırdı və minnətdarlığını bildirdi.
Aşağı Aralıq kəndində yaşayan Fərqanə Muxtarova da ailə təsərrüfatlarının üstünlüklərindən danışdı. Bildirdi ki, bu həm insanların məşğulluğu, həm də yaxşı gün-­güzəran qurmaq üçün ən gözəl vasitədir. Qalır ki, zəhmət çəkəsən. Zəhmət çəkənin isə heç vaxt əməyi itmir, öz bəhrəsini verir.
Həmsöhbətimiz də festivalda iştirak edib. O, 40 adda dərman bitkisinin faydalarını öyrənib, onları toplayır. 16 növdə dərman bitkisini festivala çıxarıb. Üzərlik, balotu, pürk, ayıqulağı, boymadərən, dazotu, qantəpər və başqa müalicəvi otlara festivalda böyük maraq göstərilib.
Fərqanə Muxtarovadan bu məhsulları haradan topladıqlarını soruşduqda bildirdi ki, muxtar respublikamızın hər bir bölgəsində belə otlar bitir. Həmin otları toplamaq qaydalarını da bilməlisən. Hansı otu günün hansı vaxtında toplamağı bacarmalısan. Əks halda həmin bitkilərin tərkibindəki müalicə əhəmiyyəti yarıbayarı azalır ki, bunun da insan orqanizminə təsiri aşağı düşür.
Onu da öyrəndik ki, o, festivala həm də badımcan kababı, kələm turşusu, zirinc və həmərsin şirələri, tut doşabı, üzüm yarpağı və digər məhsullar çıxarıb. Həmin məhsullar özünə geniş alıcı qüvvəsi toplayıb.
Fərqanə Muxtarova belə tədbirin təşkilinin ailə təsərrüfatları tərəfindən yüksək dəyərləndirildiyini, bunun onlara göstərilən böyük qayğı olduğunu bildirdi.
Ailə təsərrüfatlarının başçıları və üzvləri ilə söhbətdən öyrəndik ki, məşğul olduqları müxtəlif təsərrüfat sahələrindən əldə etdikləri gəlir onların ailə büdcələrinə müsbət təsir göstərir, insanların məşğulluğu təmin olunur. Həm də bununla təsərrüfat sahibləri muxtar respublikanın daxili bazarına öz töhfələrini verirlər. Beləliklə, diyarımızda muxtar respublikada yabanı halda bitən və mədəni yetişdirilən məhsul itib-batmır, son halda insanlar üçün lazımi qida vasitələrinə çevrilir.
Onların satışının, təbliğinin təşkilində isə “Ailə təsərrüfatları məhsulları” festivalı böyük əhəmiyyətə malikdir və həm təsərrüfat üzvləri, həm də muxtar respublika sakinləri tərəfindən yüksək dəyərləndirilir. Yeri gəlmişkən onu da qeyd edək ki, adıçəkilən, festivalda qonşu Türkiyə və İrandan, ölkəmizin digər bölgələrindən qədim diyarımıza qonaq gəlmiş insanların da Naxçıvanda emal və istehsal edilən məhsullara maraq göstərməsi qəlbimizi qürur hissi ilə doldurmuşdur...

 Muxtar MƏMMƏDOV

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR