19 Fevral 2020, Çərşənbə

Sahibkarlığın inkişafı iqtisadi tərəqqinin əsas meyarlarındandır. Çünki istənilən bölgənin tərəqqisi sahibkarlığın inkişafı ilə birbaşa bağlıdır. İllərdir, dünya təcrübəsi də göstərir ki, bazar iqtisadiyyatı şəraitində bu sahəni inkişaf etdirmədən heç bir tərəqqidən, yeniliklərin tətbiqindən, ümumilikdə isə hərtərəfli inkişafdan danışmaq mümkün deyil. Buna görədir ki, ümummilli lider Heydər Əliyev deyirdi: “Sahibkar­ların səmərəli işləməsi Azərbaycanın iqtisadi inkişafını təmin edən amildir. Ona görə də biz sahibkarlığın inkişafına dövlət siyasətimiz kimi baxırıq. Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkar­lıqla, onun inkişafı ilə bağlayırıq”.

Təbii ki, ulu öndərimizin sahibkar­lığa bu cür yanaşması ölkəmizdə özəl sektorun formalaşmasına böyük təsir göstərmişdir. Bazar iqtisadiyyatına keçidin uğurla başa çatdırılması sahibkarlıq subyektlərinin sayının daha da artmasına gətirib çıxarmış, nəticədə, milli iqtisadiyyatda özəl sektorun payı xeyli yüksəlmişdir. Bu yüksəlişi təmin edən əsas meyarlardan biri də dövlətin özəl sektorun inkişaf etdirilməsinə göstərdiyi diqqət və işgüzar mühitin yaradılmasıdır.

Naxçıvan Muxtar Respublikasında da əldə edilmiş iqtisadi nailiy­yətlərin təməlində həm də dövlət-sahibkar münasibətlərinin düzgün istiqamətdə qurulması dayanır. Ənənəvi olaraq hər il yerli sahibkar­larla görüşən, onların cəmiyyətin inkişafındakı rolunu yüksək qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Sahibkarlar cəmiyyətin ən təşəb­büskar, elmi-texniki yenilikləri daha tez mənimsəyən və istehsalatda tətbiq edən sosial təbəqəsidir. Cəmiyyətin sosial təbəqəsi kimi onlar yaradılmış şəraitdən, maliyyə imkanlarından, texnikadan, torpaqdan istifadə edirlər. Bu gün dövlət sahibkarlığın inkişafı üçün hər cür dəstəyi göstərir. Bundan sonra da göstərəcəkdir. Sahibkarlar da, öz növbəsində, dövlətin və cəmiyyətin inkişafı üçün öz dəstəyini göstərməlidirlər. Hər bir sahibkar çalışmalıdır ki, əhali məşğulluğuna, yeni iş yerlərinin açılmasına, keyfiyyətli məhsul istehsalına, daxili bazarın təminatına, muxtar respublikanın ixrac potensialının daha da gücləndirilməsinə öz töhfəsini versin. Qeyd olunan vəzifələrin icrası o halda mümkündür ki, sahibkarlıq fəaliyyətində dövlət­-işçi-sahibkar münasibətləri düzgün qurulsun”.
Qeyd etmək lazımdır ki, ötən əsrin sonlarından blokada vəziyyətinə salınmış muxtar respublikada iqtisadi sektorun və bu sektorun əsasını təşkil edən özəl bölmənin inkişaf etdirilməsi asan olma­mışdır. Ancaq son illərdə bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən tədbirlər Naxçıvanın blokada şəraitində belə, necə inkişaf edəcəyinin yolunu göstərdi. Yerli xammal və enerji resurslarının, əhali ehtiyatlarının və ixtisaslı kadrların gücündən maksimum istifadə olunması ilə iqtisadi layihələrə start verilməsi muxtar respublika iqtisadiyyatının inkişaf etdirilməsində atılmış ilkin addımlar idi. Digər tərəfdən dövlətin qarşısında duran başqa bir vəzifə muxtar respublikaya investisiya axınını sürətləndirmək, yerli istehsal müəssisələrinin hesabına idxaldan asılılığı azaltmaq idi. Və ötən dövrdə bütün bu işlər məhz dövlət-sahibkar ­işbirliyinin sayəsində mümkün olmuşdur.
Sevindirici haldır ki, bu gün muxtar respublikada sahibkarların fəaliyyəti üçün yaradılmış hərtərəfli şərait, əlverişli biznes və investisiya mühitinin nəticəsində 2018-ci ildə ümumi daxili məhsul istehsalı 2 milyard 773 milyon manatdan artıq olmuşdur. Bu da bir il öncəki göstəricidən 1,3 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə bir il öncəyə nisbətən 1,9 faiz artaraq 6101,3 manata çatmışdır. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,4 faizlə sənaye tutmuş və maddi istehsalın payı 58, 6 faiz təşkil etmişdir. İnkişaf parametrlərinin müxtəlif sahələr üzərində artımına diqqət etsək, görərik ki, 2017-ci illə müqayisədə 2018-ci ildə sənaye məhsulu 1,3 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,1 faiz, kənd təsərrüfatı məhsulu 4,4 faiz, nəqliyyat sektorunda yük daşınması 1,9 faiz, informasiya və rabitə xidmətləri 3,3 faiz, o cümlədən mobil rabitə xidməti 2 faiz artmışdır.
İstehsalçı ölkə və ya məkan üçün göstərici olaraq sənaye amili əsas götürülür. Diqqət etsək, görərik ki, muxtar respublikada müasir sənaye müəssisələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması bu sahənin sürətli inkişafına təkan vermişdir. Bunun nəticəsidir ki, hər il sənaye məhsulu
ümumi daxili məhsul istehsalında əsas yeri tutur. 2018-ci ildə muxtar respublikada 990 milyon 67 min manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur. Bu da əvvəlki ildəki göstəricidən 1,3 faiz çoxdur. İstehsal olunan sənaye məhsulunda özəl sektorun payı 94,7 faiz təşkil etmişdir.
Qeyd edək ki, bu gün sahibkarlıq subyektlərində çalışanlar məşğul əhalinin 83 faizini təşkil edir. Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, naxçıvanlı sahibkarlar bu gün öz məhsulları ilə daxili bazarı təmin edir, eyni zamanda muxtar respublikadan Türkiyə, Ukrayna, Qazaxıstan, Gürcüstan, Belarus, Litva, Türkmənistan, Rusiya və İran kimi ölkələrə ərzaq, tikinti, mebel, yüngül sənaye məhsulları ixrac edirlər. Hazırda Naxçıvan Muxtar Respublikasının dünyanın 50-dən çox ölkəsi ilə ticarət əlaqələri mövcuddur. İstehsal olunan müxtəlif adda məhsulların ixrac imkanlarının artmasının nəticəsidir ki, 2009-cu ildən muxtar respublikanın xarici ticarətində müsbət saldo qeydə alınır.
Qeyd etmək lazımdır ki, muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün həyata keçirilən tədbirlər ardıcıl xarakter almışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə muxtar respublikada sahibkarlara 13 milyon 790 min 800 manat kredit verilmişdir. Bu kreditlərdən 5 milyon 736 min 400 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 8 milyon 54 min 400 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövrdə 30 hüquqi və 2320 fiziki şəxs qeydiyyata alınmışdır.
Məlumatda göstərilir ki, 2018-ci ildə Naxçıvan şəhərində 6-cı Beynəlxalq “Caspian Energy Forumu”nun keçirilməsi muxtar respublikanın sahibkarlıq subyektlərinin tanıdılması və əlaqələrinin genişləndirilməsi baxımından çox əhəmiyyətli olmuşdur. Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 383 növ­də məhsul istehsal olunur. Bu məhsulların 126 növü ərzaq, 257 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.
Bəli, sahibkarlığın inkişafının dəstəklənməsi muxtar respublikanın iqtisadi potensialını ildən-ilə artırmaqdadır. Digər tərəfdən bu, Naxçıvanda lazımi investisiya mühitinin formalaşmasının göstəricisidir. Dövlətin qayğısını daim öz üzərlərində hiss edən naxçıvanlı sahibkarlar muxtar respublika iqtisadiyyatına töhfələrini verməyə çalışırlar.

 Səbuhi HƏSƏNOV

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR