18 İyul 2019, Cümə axşamı

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Şərur rayonunda hansı təsərrüfata getsən, orada zəhmətkeş insanları görmək mümkündür. Cəlilkənd sakini Yaqub Tağıyev də onlardan biridir. Onunla söhbətimiz zəhmətlə əkib-becərdiyi əkin sahəsinin ­kənarında baş tutdu:
– Əkinçiliyə 2006-cı ildən başlamışam. Əkib-becərməkdə təcrübəsi olan böyüklərimizdən məsləhətlər alıb, 13 hektar torpaqda ailə üzvlərimizin köməyi ilə taxıl əkdim. İlk vaxtlar torpağın dilini yaxşı bilmədiyimiz üçün istədiyimizə nail ola bilmirdik. Lakin ruhdan düşmədik. Torpağa alışdıq, təcrübəmiz artdı. Əbəs yerə atalarımız “Torpaq deyir: sən mənə tər ver, mən sənə zər verim” deməyiblər. Şükür Allaha, çəkdiyimiz xərcin də, əməyin də qarşılığını ikiqat alırıq. Şəhərlərdə dükan-bazarların yerli məhsullarla dolması, bol ruzi-bərəkət məhz torpaqlarımızın üzümüzə gülməsi sayəsindədir. Bu məhsullar zəhmətdən hasilə gəlir, əhalinin rifah halının yaxşılaşmasına öz töhfəsini verir.
Müsahibim onu da deyir ki, təbiətin bizə bəxş etdiyi ən böyük sərvəti – torpağı sevmək, qayğısına qalmaqla özümüzə yaxşılıq etmiş oluruq. Axı torpaq əkdiyimiz zəhməti hədər eləmir. O da canlıdır, onun da öz dili var və qayğıya möhtacdır. Əgər torpağı öz dilində danışdıra bilsək, nazını çəkib qayğıya bürüsək, onda istədiyimizi əldə edə bilərik. Bu qiymətli sərvətdən lazımınca bəhrələnən, torpağı özünə iş yeri hesab edən insanlar yanılmırlar. Əksinə, ruzi-bərəkətlərini oradan götürür, sağlam həyat tərzi keçirirlər. Çalışsan, əziyyət çəksən, bəhrəsini də görərsən. Ailə təsərrüfatları yaratmaq, sahibkarlıqla məşğul olmaq üçün dövlət dəstəyi də yetərincədir. Kim istəsə, kredit götürə, lizinq yolu ilə texnika ala bilər. Təsərrüfat suyumuz da boldur. Axarlı-baxarlı Arpaçay bizim ərazidən keçir. Belə şəraitdə çalışmamaq, torpaqdan uzaq düşmək tənbəl adamların işidir. Gördüyünüz bu sahədə kartof, soğan, taxıl əkmişik. Çəkdiyimiz zəhmətin bəhrəsini toplayıb, yığımı yekunlaşdırıb yerində yenidən şum qaldırdıqdan sonra gübrə vermişik ki, yaz əkininə hazır olsun. Torpaq sahələrinin 80 hektarını icarəyə götürmüşəm. Burada 70-dən artıq işçi çalışır. İşçi sayı mövsümə görə dəyişir.

Yaqub onu da bildirir ki, təsərrüfatı böyüdükcə ailə təsərrüfatından sahibkarlığa addım-addım yaxınlaşıb. Muxtar respublikada ailə təsərrüfatlarının inkişafına yaradılan münbit şəraitdən istifadə edib. İlk olaraq lizinq yolu ilə bir traktor alıb. Sonra isə topladıqları məhsulların uzun müddət saxlanılması üçün soyuducu anbar inşa etdirməyə qərar verib. Elə bu məqsədlə 2016-cı ildə Sahibkarlığın İnkişafı Fondundan 50 min manat kredit götürüb. Birinci 600, sonra isə 300 ton tutumu olan soyuducu anbar kompleksi inşa etdirib. Sahibkar onu da bildirir ki, soyuducu anbarların yaradılması həm məhsulları qış dövründə istehlakçıya çatdırmağa, həm də ixracı daha da artırmağa imkan verir. Bu anbarların hər biri yeni iş yerlərinin açılması ilə bərabər, həm də əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının ödənilməsində mühüm rola malikdir. Hazırda soyuducu anbarlarda 10 nəfərə yaxın işçi çalışır. Qonşu kəndlərdən də buraya məhsul gətirənlər var. Saxlanması üçün 7 ay müddətinə məhsulun hər kiloqramına 10 qəpik ödənilir.
Yaqub Tağıyev maraqlı bir məqamdan da söhbət açdı: – Əvvəllər kəndlərimizdə sahibsiz qalan, əkilməyən torpaq sahələrinə baxanda adamın ürəyi ağrıyırdı. Ən adi məişət qayğıları məngənəsində əziyyət çəkən kənd adamları şəhərə üz tutmuşdular. Amma indi bütün bu çətinliklər aradan qaldırılıb, həmin qayğılar öz həllini tapıb, bir traktorun, kombaynın gündəlik işi, keçmişin aylarla çəkilən əzab-əziyyətini arxada qoyub. Artıq həmin çətinliklərdən əsər-əlamət belə, yoxdur. Hətta övladlarımız bir zamanlar bu çətinlikləri yaşadığımıza inanmırlar. Çünki bu gün muxtar respublikamızda əhalinin rifahının yaxşılaşdırılması üçün görülən tədbirlər öz bəhrəsini verir.
Yaqub Tağıyevin söhbətindən belə qənaətə gəlmək olar ki, bu günün ailə təsərrüfatlarına göstərilən qayğı belə təsərrüfatların gələcəkdə sahibkarlıq subyektlərinə çevrilməsinə imkan verir. Müsahibimiz də onlardan biridir.

Ramiyyə Əkbərova

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4265479
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
78
6483
18644
96837
4265479

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter