28 May 2020, Cümə axşamı

Naxçıvan Muxtar Respublikasının  müasir sosial-iqtisadi inkişaf mərhələsində  mühüm yer tutan Şahbuz rayonunda mövcud resurslardan   səmərəli istifadəyə imkan  yaradan hərtərəfli dövlət qayğısı burada məskunlaşmış zəhmətkeş insanların  rifahının yüksəlməsinə, şəhər və kəndlərin abadlaşaraq yeni növrağa qovuşmasına  səbəb olur.  Rayonda həyata keçirilən quruculuq,  iqtisadi,  sosial layihələr  və mədəni tədbirlər hər il olduğu kimi, 2018-ci ildə də davam etdirilib.

Belə ki, bəhs olunan dövrdə rayonda quruculuq tədbirlərinin əhatə dairəsi genişləndirilərək Şahbuz şəhərində təmizləyici qurğular sistemi istifadəyə verilib. Şəhərdə mədəniyyət evinin və aviakassanın inzibati binalarında tikinti və abadlıq işləri başa çatıb. Tikintisi davam edən çoxmərtəbəli ictimai yaşayış binasında da xeyli iş görülüb. Bunlardan əlavə, rayonun Ağbulaq kəndində Xizək Mərkəzinin və “Badamlı” mineral sular zavodunun tikintisində işlər davam etdirilib. Ağbulaq kəndində bütün evlərin dam örtükləri dəyişdirilib, fasadları yenilənib, yararsız tikililər sökülüb, həyətlərdə abadlıq işləri aparılıb, lazımi kommunal-məişət şəraiti yaradılıb. Aparılan quruculuq tədbirlərinin geniş vüsət alması daha çox investisiya qoyuluşuna səbəb olub və 2018-ci ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşunun həcmi 2017-ci illə müqayisədə 1,2 faiz artaraq 27 milyon 794,3 min manat təşkil edib. Tikinti-quraşdırma işlərinə sərf olunmuş investisiyaların həcmi bir il öncəyə nisbətən 1,1 faiz artaraq 25 milyon 441,1 min manat olub.

Rayonda 2018-ci ildə sənaye məhsulu istehsalında da artım əldə edilib, 10 milyon 570,7 min manat həcmində, yaxud əvvəlki illə müqayisədə 0,6 faiz çox sənaye məhsulu istehsal olunub.
Muxtar respublikada aqrar sahənin inkişafına göstərilən dövlət qayğısı nəticəsində Şahbuzda da bu sahəyə maraq xeyli artıb. Rayonda 2018-ci ilin məhsulu üçün 1615 hektar sahədə taxıl əkini həyata keçirilib, 214 hektar sahədə paxlalı, 2 hektar sahədə qarğıdalı, 6 hektar sahədə günəbaxan, 435 hektar sahədə kartof, 165 hektar sahədə tərəvəz, 10 hektar sahədə bostan bitkilərinin əkini aparılıb. Rayon üzrə 4423 ton taxıl, ondan 3759 ton buğda, 673 ton arpa, 654 ton dənli-paxlalılar, 9,2 ton qarğıdalı, 15 ton günəbaxan, 7586 ton kartof, 2056 ton tərəvəz, 114 ton bostan məhsulları, 8234 ton meyvə, 174 ton üzüm istehsal edilib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə məhsuldarlıq dənli və dənli-paxlalılarda 2,2, qarğıdalıda 2,2, günəbaxanda 9,2, kartofda 2,4, tərəvəzdə 0,6, bostan bitkilərində 0,9 faiz çox olub.
Rayonda 2019-cu ilin məhsulu üçün 1411 hektar sahədə payızlıq səpin aparılıb. Bunun da 1387 hektarı buğda, 24 hektarı isə arpadır. 2017-ci illə müqayisədə payızlıq səpin 0,3 faiz çoxdur.
Heyvandarlıq Şahbuz rayonu iqtisadiyyatında mühüm yer tutur. Bu sahəyə göstərilən diqqət nəticəsində rayonda ötən il 2932 ton ət, 14289 ton süd, 12 milyon 611 min 700 ədəd yumurta, 157,8 ton yun, 397 ton bal istehsal edilib, bununla da 2017-ci illə müqayisədə 1,3 faiz çox ət, 1,2 faiz çox süd, 1,1 faiz çox yumurta, 1 faiz çox yun, 1 faiz çox bal istehsal olunub. Ümumilikdə, 2018-ci ilin ötən dövründə rayon üzrə 44 milyon 509,8 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu da əvvəlki illə müqayisədə 3,6 faiz çoxdur.
Kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısı nəticəsində rayonun torpaq mülkiyyətçiləri 2018-ci ildə güzəştli kreditlər hesabına lizinq vasitəsilə 35 ədəd müxtəlif kənd təsərrüfatı texnikası alıb. 2018-ci ildə rayonda 4,8 hektar sahədə yeni bağlar salınıb, 1,9 hektar sahəyə bərpa məqsədilə 1543 ədəd meyvə tingi əkilib. Həmçinin Şahbuz-­Batabat magistral avtomobil yolunun kənarlarına meşə ağacları tingi əkilib, fidanların vaxtında suvarılması və becərilməsi təmin edilib.
Məşğulluq məsələlərinin əhəmiyyəti nəzərə alınaraq ötən ildə də Şahbuz rayonunda bu məsələ diqqətdə saxlanılıb. Bu dövrdə 297 rayon sakini iqtisadiyyatın müxtəlif sahələrində işə göndərilib, keçirilmiş əmək yarmarkalarında 40 işaxtaran işlə təmin edilib.
Şahbuz rayonu təhsil ənənələri ilə də həmişə seçilib. Bu sahədə qazanılan uğurlar ötən ildə də davam etdirilib. Belə ki, 2017-2018-ci tədris ilində rayonda ali və orta ixtisas məktəblərinə qəbulda iştirak etmiş 116 məzundan 73-ü ali məktəblərə, 19-u orta ixtisas məktəblərinə qəbul olunub. Ali məktəblərə qəbulda 18 nəfər 500-700 intervalında bal toplayıb.
2019-cu il muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunub. Bu sahədə geniş imkanları olan Şahbuzda da yaradılmış şərait­dən səmərəli istifadə olunması və rayonun sosial-iqtisadi inkişafında yeni nailiyyətlər qazanılması qarşıya qoyulmuş əsas vəzifələrdəndir.

 Əli CABBAROV

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR