22 Yanvar 2020, Çərşənbə

Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi muxtar respublikada maliyyə bazarlarının tənzimlənməsi, nəzarətin həyata keçirilməsi, şəffaflığın və inkişafın təmin olunması üzrə fəaliyyətini 2018-ci ildə də davam etdirmişdir.
İdarə tərəfindən ötən il daxili istehsal olan alkoqollu içkilərə və tütün məmulatlarına 148 milyon 200 min aksiz markası təhvil verilmişdir. Bu dövrdə 85 ipoteka kağızının dövlət qeydiyyatı aparılmış, 81 ipoteka kağızı isə əlavə dövlət qeydiyyatına alınaraq reyestrə daxil edilmişdir. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu və “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən daxil olmuş müraciətlər əsasında 21 ipoteka kağızına xitam verilmişdir. Həmçinin bir sıra cəmiyyətlərin qiymətli kağızlarının dövriyyədən çıxarılması idarə tərəfindən nəzərə alınmış və qanuni şəkildə rəsmiləşdirilmişdir.

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin müvafiq əmrinə əsasən muxtar respublika ərazisində “Daşınar əmlakın yüklülüyünün dövlət reyestri”nin aparılması Palatanın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinə həvalə olunmuşdur. Ötən ilin oktyabr ayında muxtar respublikada fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatlarının nümayəndələri və sahibkarların iştirakı ilə “Daşınar əmla­kın yüklülüyünün dövlət reyestri” və reyestrin aparılması barədə təqdimat keçirilmişdir.
Eyni zamanda idarə tərəfindən muxtar respublikada sığorta sahəsində qanunvericiliyin tələblərinə riayət edilməsinə ciddi nəzarət olunmuşdur.
2018-ci il ərzində bank sektorunda çalışan işçilərin bilik və təcrübələrinin artırılması məqsədilə idarənin və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən “Çirkli pulların yuyulması” mövzusunda kurs keçirilmişdir. Kursda iştirak etmiş dinləyicilərə sertifikatlar təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 yanvar 2019-cu il tarixə iqtisadiyyata yönəldilən kredit qoyuluşu 102 milyon 681 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 2 milyon 964 min manat, uzunmüddətli kredit qoyuluşu isə 99 milyon 717 min manat təşkil etmişdir. Kredit qoyuluşunda 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 267 min manat artım müşahidə olunmuşdur. Bank və kredit təşkilatları tərəfindən 2018-ci ildə 50 milyon 879 min 300 manat kredit verilmişdir ki, bunun 5 milyon 806 min manatı qısamüddətli, 45 milyon 72 min manatı isə uzunmüddətli kreditlərdir. Hesabat ili ərzində verilmiş kreditlər 2017-ci il ərzində verilmiş kreditlərlə müqayisədə 19 milyon 564 min manat artmışdır. Bu artımın başlıca səbəbləri məhz ölkə üzrə təklif olunan ən aşağı kredit faizlərinin Naxçıvan Muxtar Respublikası ərazisində təklif olunması və ehtiyac meyarlarına uyğun düzgün təyinatlarla həyata keçirilməsidir.
Muxtar respublikada fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları tərəfindən fiziki və hüquqi şəxslərə açılmış bank hesablarının işləkliyinin təmin olunması da diqqət mərkəzində saxlanmışdır. Banklar tərəfindən 2018-ci ildə 18 min 909 müştəriyə yeni bank hesabı açılmış, onlardan da 101-i hüquqi, 18 min 808-i isə fiziki şəxslərə aid hesablar olmuşdur. 1 yanvar 2019-cu il tarixə muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən 2060 hüquqi, 78 min 146 fiziki şəxs olmaqla, 80 min 206 müştəriyə bank xidməti göstərilmişdir. Xidmət olunan hesabların 70 min 774-ü işlək hesab olmuşdur ki, onların da 1548-i ­hüquqi, 69 min 226-sı isə fiziki şəxslərə aid hesablardır. Naxçıvan Muxtar Respublikasında elektron ödəniş kartlarının ümumi sayı 269 min 625, POS-terminalların sayı isə 1272 ədədə çatmışdır. 2018-ci ildə POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 35 milyon 93 min manat təşkil etmişdir. Bu da 2017-ci illə müqayisədə 4 milyon 313 min manat artıq olmuşdur.
Bank xidmətlərinin daha əlçatan olması, yerlərdə xidmətlərə çıxış imkanlarının genişləndirilməsi məqsədilə bankomatların quraşdırılması davam etdirilmişdir. Hazırda muxtar respublikada, ümumilikdə, 111 bankomat vardır. Onlardan 57-si Naxçıvan şəhərində, 54-ü isə rayonlarda və böyük kənd­lərdə xidmət göstərir. Bunlarla yanaşı, hesabat ili ərzində muxtar respublika vətəndaşlarının bank xidmətlərinin və digər ödənişlərinin rahat və sürətli həyata keçirilməsi üçün yeni ödəmə terminalları ­quraşdırılmış, onların sayı 39-a çatmışdır.
İnfrastruktur işləri ilə yanaşı, əhalinin nağdsız ödənişlərə marağının artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi ilə birgə mütəmadi olaraq mükafatlandırma tədbirləri keçirilir. Təşkil olunan 10-cu tirajla birlikdə nağdsız ödənişlərə üstünlük verdikləri üçün hədiyyələndirilənlərin sayı 2179 nəfərə çatmışdır. Böyük təsir qabiliyyətinə malik olan tədbirin 10 tirajı ərzində muxtar respublika sakinlərinə verilmiş hədiyyələrin məbləği 140 min manatı ötmüşdür.
Hazırda muxtar respublikada fəaliyyət göstərən banklarda 19 növ müxtəlif təcili pulköçürmə sistemi fəaliyyət göstərir. Ötən il təcili pul köçürmələri vasitəsilə dünyanın 40-dan çox ölkəsindən muxtar respublika vətəndaşlarının pasport məlumatlarına 6 milyon 879 min ABŞ dolları məbləğində pul köçürülmüş və banklar vasitəsilə ödənilmişdir. 1 yanvar 2019-cu il tarixə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin ümumi məbləği 6 milyon 566 min manat təşkil etmiş, o cümlədən xarici valyuta ilə qoyulan əmanətlərin manat ekvivalenti ilə məbləği 1 milyon 238 min manat olmuşdur.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi 2019-cu ildə də öz fəaliyyətini muxtar respublikada etibarlı maliyyə mühitinin formalaşdırılması istiqamətində quracaqdır.

Azərbaycan Respublikasının
Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR