25 May 2020, Bazar ertəsi

Muxtar respublikada 2018-ci ildə iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilmiş, yüksək nəticələr qazanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un hər il üçün hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ardıcıl olaraq 2017-ci və 2018-ci illərdə ölkənin iqtisadi rayonları arasında sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı sahələri olmaqla, ümumilikdə, 18 parametr üzrə ən yüksək ümumi bal toplayaraq lider olmuşdur.
Ötən dövrdə ən yadda qalan hadisələrdən biri ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya növbəti səfəridir. Dövlət başçısı səfəri zamanı Naxçıvan Müəllimlər İnstitutunun və Qaraxanbəyli kəndində 6 nömrəli tam orta məktəb binasının, hərbi xəstəxananın, Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin, Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci mərhələsinin açılışlarında iştirak etmiş, Dövlət Sərhəd Xidmətinin sərhəd dəstəsində və Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsində yaradılan şəraitlə tanış olmuşdur.

2018-ci ildə Naxçıvan Muxtar Respublikasının ən böyük yaşayış məntəqələrindən biri olan Babək rayonunun yaradılmasının 40 illiyi geniş qeyd olunmuş, 8 dövlət orqanı və 5 ictimai təşkilatın yerləşdiyi inzibati bina yenidən qurularaq istifadəyə verilmişdir.
Həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq 2018-ci ildə ümumi daxili məhsul istehsalı 2 milyard 773 milyon manatdan artıq olmuşdur ki, bu da bir il öncəki göstəricidən 1,3 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə bir il öncəyə nisbətən 1,9 faiz artaraq 6101,3 manata çatmışdır. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,4 faizlə sənaye tutmuş və maddi istehsalın payı 58,6 faiz təşkil etmişdir.
2017-ci illə müqayisədə 2018-ci ildə sənaye məhsulu 1,3 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,1 faiz, kənd təsərrüfatı məhsulu 4,4 faiz, nəqliyyat sektorunda yük daşınması 1,9 faiz, informasiya və rabitə xidmətləri 3,3 faiz, o cümlədən mobil rabitə xidməti 2 faiz artmışdır.

Makroiqtisadi göstəricilər

*) müqayisəli qiymətlər üzrə
**) yanvar-noyabr ayları

Sənaye

Muxtar respublikada müasir sənaye müəssisələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması bu sahənin sürətli inkişafına təkan vermişdir.
2018-ci ildə muxtar respublikada 990 milyon 67 min manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki ildəki göstəricini 1,3 faiz üstələmişdir.
Sənaye məhsulu istehsalının 96,1 faizi malların, 3,9 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl sektorun payı 94,7 faiz təşkil etmişdir.

Sənaye məhsulu istehsalının dinamikası, min manat

 

2018-ci ildə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 50 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 18 layihə üzrə istehsal və xidmət ­obyektlərinin yaradılması davam etdirilmişdir.
Sənayenin inkişafı üçün bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2018-ci ildə 5 milyon 172 min manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 9,1 dəfə çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası muxtar respublikada xalçaçılıq ənənələrinin qorunmasına və inkişafına, əhalinin məşğulluğunun təmin edilməsinə öz töhfəsini verməklə yanaşı, xalçaçılığın inkişafına müsbət təsir göstərəcəkdir.
Sənayedə istehsalın həcminin artması nəticəsində 2018-ci ildə 322 milyon 485 min 300 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur.

Hərbi quruculuq

Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.
2018-ci ildə Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordu üçün yeni xidmət və yaşayış kompleksi, xəstəxana istifadəyə verilmişdir. Avtomobil dayanacağının, texniki qulluq və texniki nəzarət məntəqələrinin tikintisi başa çatdırılmış, hərbi zavodun və mərkəzi hərbi ­xəstəxananın tikintisi davam etdirilmişdir.
Babək rayonunda qərargah binasının, iki bölük mərkəzinin, texniki istismar hissəsinin, start komanda məntəqəsinin, iki avtomobil dayanacağının tikintisi başa çatdırılmışdır.
İki əsgər yataqxanasının, yanacaqdoldurma, texniki qulluq, texnikaların yuyulması, texniki nəzarət, təmir və texniki xidmət məntəqələrinin, iki avtomobil dayanacağının tikintisi davam etdirilmişdir.
Şərur rayonunda beş postun, Naxçıvan şəhərində bir, Babək rayonunda beş, Culfa rayonunda dörd, Şahbuz rayonunda iki anqarın tikintisi başa çatdırılmış, Babək və Şahbuz rayonlarının hər birində üç anqarın tikintisi davam etdirilmişdir.
Naxçıvan hərbi şəhərciyində Döyüş Şöhrəti Muzeyi və istirahət parkı istifadəyə verilmiş, Kəngərli rayonunda “N” hərbi hissədə yaşayış binasının tikintisi davam etdirilmişdir.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyində xidməti yaşayış binası istifadəyə verilmiş, Qaraçuq kəndi ərazisində sərhəd dəstəsinin yenidən qurulması başa çatdırılmışdır.
Şərur rayonunda Daxili Qoşunların “N” hərbi hissəsində infrastruktur obyektlərinin tikintisi davam etdirilmişdir.

Tikinti-quruculuq və su təchizatı tədbirləri

Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları mühüm rol oynayır. Bu istiqamətdə muxtar respublikada 2018-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 17 milyon 79 min manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur. Vəsait qoyuluşlarının 947 milyon 798 min manatı və ya 93,2 faizi tikinti-­quraşdırma işlərində istifadə edilmişdir.
2018-ci ildə muxtar respublikada 212 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 107 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmişdir.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2018-ci ildə 7 kənd mərkəzi istifadəyə verilmiş, 7 kənd mərkəzinin tikintisi davam etdirilmişdir.
Muxtar respublikada 1 yaşayış binasının tikintisi, 16 yaşayış binasının yenidən qurulması başa çatdırılmış, 7 yaşayış binasının tikintisi, 3 yaşayış binasının yenidən qurulması davam etdirilmişdir.
2018-ci ildə yaşayış məntəqələrində kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması məqsədilə muxtar respublikaya 2 kommunal təyinatlı avtomobil və 490 konteyner gətirilmişdir.
Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci mərhələsi, Şahbuz şəhərində təmizləyici qurğular sistemi, Babək rayonunun Şəkərabad kəndində içməli su təchizatı və kanalizasiya sistemi, Şərur rayonunun Yengicə kəndində içməli su təchizatı sistemi istifadəyə verilmişdir.
Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin tikintisi davam etdirilmişdir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2018-ci ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 378 min 400 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2017-ci ildəki göstəricidən çoxdur.

Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri

Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.
Aqrar sahənin elmi şəkildə inkişafı məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyi, həmçinin Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsi üçün yeni inzibati bina istifadəyə verilmiş, müasir avadanlıqlarla təchiz edilmiş Aqrokimya Laboratoriyası yaradılmışdır.
2018-ci ilin məhsulu üçün muxtar respublikada 61935 hektar sahədə əkin aparılmışdır ki, bu da 2017-ci ilin məhsulu üçün əkilmiş sahədən 404 hektar çoxdur.

Cəmi əkin sahələri, hektarla

Ötən dövrdə muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılmış və 2018-ci ilin məhsulu üçün 32483 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 30925 hektarı payızlıq, 1558 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 22632 hektarında buğda, 9851 hektarında isə arpa əkilmişdir. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 851 hektar artmışdır. 2018-ci ildə taxıl zəmilərindən 97 min 689 ton məhsul tədarük edilmişdir ki, bu da bir il öncəki göstəricidən 4270 ton çoxdur.
Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılmış və 2018-ci ildə 3215 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2017-ci ildə əkilmiş sahədən 32 hektar çoxdur. 2018-ci ildə sahələrdən 49574 ton kartof yığılmışdır ki, bu da bir il öncəki göstəricini 1,2 faiz üstələyir.
2018-ci ildə muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülmüş, Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 41,5 hektar sahədə tütün əkini aparılmışdır ki, bu da bir il öncəki göstəricidən 32,5 hektar çoxdur. 2018-ci ildə 41,5 hektar sahədən 51,5 ton qurudulmuş tütün tədarük edilmişdir ki, bu da bir il öncəki göstəricidən 4,6 dəfə çoxdur.
2018-ci ildə 104 min 413 ton dənli və dənli-paxlalılar (qarğıdalısız), 10523,5 ton dən üçün qarğıdalı, 760,6 ton dən üçün günəbaxan, 85642 ton tərəvəz, 38714 ton ərzaq üçün bostan məhsulları, 55949 ton meyvə, 16222,5 ton üzüm tədarük edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaratmışdır.
Meyvəçiliyin inkişafını stimullaşdırmaq məqsədilə 2018-ci ildə muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində “Göycə” festivalı keçirilmişdir. 2018-ci ildə meyvə tədarükü bir il öncəyə nisbətən 5,4 faiz, tərəvəz tədarükü isə 1,1 faiz artmışdır.
Muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə Şərur rayonunda 1 istixana təsərrüfatı yaradılmış, 1 istixana təsərrüfatının fəaliyyəti genişləndirilmişdir. Şərur rayonunun Yuxarı Aralıq və Babək rayonunun Nehrəm kəndlərinin hər birində bir soyuducu anbarın yaradılması, Şərur rayonunda Cəlilkənddə və Sərxanlı kəndində hər birində bir soyuducu anbarın genişləndirilməsi davam etdirilmişdir.
Üzümçülüyün inkişafı məqsədilə yerli resurslardan istifadə olunmaqla üzüm bağlarının salınması davam etdirilir.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 321-i 2018-ci ildə olmaqla, cəmi 2375 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2018-ci ildə 238 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilmiş, 48-i nağd yolla satılmışdır. Bu dövrdə məhsul istehsalçıları 5156 ton mineral gübrə ilə təmin olunmuşdur.
Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı istiqamətində mal-qara arasında xəstəliklərə qarşı profilaktik tədbirlər həyata keçirilmiş, yeni heyvandarlıq təsərrüfatlarının yaradılması diqqətdə saxlanılmışdır. Belə ki, 2018-ci ildə 17 heyvandarlıq təsərrüfatı yaradılmış, 3 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 1 heyvandarlıq təsərrüfatının yaradılması davam etdirilmişdir. Ümumilikdə, 2018-ci ildə bank və kredit təşkilatları tərəfindən bu sahəyə 4 milyon 950 min 400 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,8 dəfə çoxdur.
Muxtar respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma tədbirlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Süni Mayalanma Mərkəzinin yaradılması davam etdirilmişdir.
2018-ci ildə heyvandarlıq təsərrüfatlarında 9964 baş inək, düyə və camış süni yolla mayalandırılmış, əvvəlki il də daxil olmaqla mayalandırılmış inək, düyə və camışlardan 7006 baş sağlam bala alınmışdır. 1 yanvar 2019-cu il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 113 min 916 baş, qoyun və keçilərin sayı 692 min 530 baş olmuşdur ki, bu da 1 yanvar 2018-ci il tarixə olan göstəriciləri müvafiq olaraq 1,4 və 1,6 faiz üstələmişdir.
2018-ci ildə muxtar respublikada diri çəkidə 27615,3 ton ət, 83967,1 ton süd istehsal olunmuşdur ki, bu da 2017-ci illə müqayisədə 4,9 və 1,3 faiz çoxdur.
Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 2 quşçuluq və 1 balıqçılıq təsərrüfatı yaradılmışdır.
Muxtar respublikada arıçılığın inkişafının stimullaşdırılması, kiçik biznesin dəstəklənməsi və kənd yerlərində məşğulluğun təmin edilməsi üzrə də mühüm tədbirlər həyata keçirilir. İqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. 2018-ci ildə bu sahədə müvafiq tədbirlər görülmüş, təsərrüfat subyektlərinə 336 min 600 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 6,7 dəfə çoxdur. 2016-cı ildən etibarən muxtar respublikada “Arıçılıq məhsulları – bal festivalı”nın keçirilməsi də bu sahəyə marağın artmasına və istehsal olunan məhsulların satışına müsbət təsir göstərmişdir. 2018-ci ildən arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə saxladıqları hər arı ailəsinə görə subsidiyaların verilməsi də bu sahənin inkişafına stimul yaradacaqdır.
2018-ci ildə kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektləri, ümumilikdə, 5 milyon 818 min 300 manat güzəştli kreditlərlə təmin olunmuşdur ki, bu da bir il öncəki göstəricidən 2,6 dəfə çoxdur.
İqtisadiyyatın, xüsusilə də aqrar sektorun inkişafında ailə təsərrüfatlarının mühüm rolu vardır. 2018-ci ildə də muxtar respublikada bu sahənin inkişafı diqqətdə saxlanılmış, “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilmişdir.
Həyata keçirilən tədbirlər kənd təsərrüfatının inkişafına öz təsirini göstərmiş, 2018-ci ildə bir il öncəyə nisbətən 4,4 faiz çox, yəni 480 milyon 21 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.

Kənd təsərrüfatı məhsulu, min manat

Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırmış, 2018-ci ildə muxtar respublikadan 101 milyon 781 min 300 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.
2018-ci ildə meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi istiqamətində Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 616 hektar sahəni əhatə edəcək yeni qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılmış, Yurdçu kəndi ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmişdir.
Bu dövrdə 1 subartezian quyusunun tikintisi, 2 subartezian quyusunun bərpası, 13 kəhrizin təmiri başa çatdırılmış, 4 kəhrizin təmiri davam etdirilmişdir.
Meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində də tədbirlər görülmüş, 537,3 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 414 minə yaxın ağac və gül kolu əkilmişdir.
Muxtar respublikada ətraf mühitin mühafizəsi məqsədilə Sədərək rayonunda kompleks monitorinq laboratoriyasının yaradılması davam etdirilmişdir.

Nəqliyyat, informasiya-rabitə və energetika

Artan əhali tələbatına uyğun olaraq muxtar respublikada müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Muxtar respublikanın avtomobil yollarında idarəetməni daha da təkmilləşdirmək və həyata keçirilən işlərin səmərəliliyini artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 14 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılmış və agentliyin yeni inzibati binası istifadəyə verilmişdir.
2018-ci ildə muxtar respublikada müasir yol infrastrukturunun qurulması məqsədilə Babək rayonunda yeni Asfalt-Beton Zavod Kompleksi, Şərur rayonunda asfalt-beton zavodu yaradılmış, yeni texnikalar alınmışdır.
Şərur rayonunun Xanlıqlar-Vərməziyar-Ərəbyengicə-Qarahəsənli-Çəmənli, İbadulla-Qışlaqabbas və Kosacan, Babək rayonunun Cəhri-Gərməçataq, Aşağı Buzqov və Yuxarı Buzqov, Culfa rayonunun Qazançı, Kəngərli rayonunun Qarabağlar, Şahbuz rayonunun Ağbulaq kəndlərində avtomobil yollarının yenidən qurulması başa çatdırılmışdır.
Culfa-Ordubad magistral avtomobil yolunun, Naxçıvan şəhərdaxili, Şərur rayonunun Kərimbəyli, Ordubad rayonunun Dəstə, Şahbuz rayonunun Badamlı kəndlərində avtomobil yollarının yenidən qurulması davam etdirilmişdir.
Şahbuz rayonunun Biçənək kəndində körpünün tikintisi, Culfa rayonunun Qazançı kəndində körpünün bərpası başa çatdırılmış, Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilmişdir.
Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə Naxçıvan şəhərində 5 ədəd yeni avtobus marşruta buraxılmışdır.
Naxçıvan Beynəlxalq Hava Limanında maşın və mexanizmlər üçün qaraj kompleksi yaradılmış, hava limanının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində 25 adda 30 texnika və avtomobillər alınmışdır. Hava limanında yeni uçuş-enmə zolağının və Şahbuz şəhərində aviakassa binasının tikintisi davam etdirilmişdir.
Muxtar respublikanın dəmir yolu təsərrüfatı 8 yeni sərnişin vaqonu ilə təmin olunmuş, Ordubad dəmir yolu sərnişin vağzalı binasının, Ordubad yol sahəsinin inzibati binasının və 4 saylı yol məntəqəsi binasının tikintisi, Ordubad Stansiya İdarəetmə Mərkəzinin əsaslı təmiri başa çatdırılmışdır. Culfa stansiyasında İstismar Vaqon Deposunun tikintisi, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının əsaslı təmiri davam etdirilmişdir.
2018-ci ildə muxtar respublikada nəqliyyat sektorunda 2017-ci illə müqayisədə yük daşınması 1,9 faiz, sərnişin daşınması 2 faiz artmışdır. Yük və sərnişin daşınmasından, bütövlükdə, 57 milyon 584 min manat gəlir əldə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 3 faiz çoxdur.
2018-ci ildə muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılmış, Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi yaradılmış, Şərur rayonunda İbadulla Radio-Televiziya Verici Stansiyası üçün bina tikilmişdir.
Şərur rayonunun Qışlaqabbas, Babək rayonunun Aşağı Buzqov, Culfa rayonunun Dizə və Qazançı kəndlərində poçt bölmələri yeni binalara köçürülmüş, Şərur rayonunun Ərəbyengicə və Kosacan, Babək rayonunun Yuxarı Buzqov kənd­lərində yeni poçt bölməsi yaradılmışdır.
Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində 384, Şərur rayonunun Qışlaqabbas kəndində 512, Ərəbyengicə kəndində 288, Kosacan kəndində 384, Babək rayonunun Aşağı Buzqov kəndində 256, Yuxarı Buzqov kəndində 96, Culfa rayonunun Qazançı kəndində 384, Kəngərli rayonunun Qarabağlar kəndində 448 nömrə tutumlu avtomat telefon stansiyaları quraşdırılmış, Culfa rayonunun Dizə kəndində 384 nömrə tutumlu avtomat telefon stansiyası yeni binaya köçürülmüşdür.
Muxtar respublikanın yaşayış ərazilərində 43 DSLAM avadanlığı quraşdırılmış, Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalının yenilənməsi davam etdirilmişdir.
Aparılmış tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikanın yaşayış ərazilərinin 98,6 faizində genişzolaqlı, 99,5 faizində isə simsiz internet xidməti göstərilir.
2018-ci ildə muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2017-ci ildəki müvafiq göstəricini 3,3 faiz üstələyərək 51 milyon 325 min 100 manat olmuşdur. Ümumi xidmətlərin 81,6 faizi mobil rabitənin payına düşmüş, mobil rabitə xidmətlərinin dəyəri 2017-ci illə müqayisədə 2 faiz artmışdır.
Elektroenergetika sektorunda davamlı olaraq yeni güclərin yaradılması, infrastrukturun müasir standartlar səviyyəsində yenilənməsi diqqət mərkəzində saxlanılmışdır. Naxçıvan şəhərində transformator binasının tikintisi başa çatdırılmış, gücü 36 mVt olan Ordubad Su Elektrik Stansiyasının və Babək Rayon Elektrik Şəbəkəsinin inzibati binasının tikintisi davam etdirilmişdir.
Muxtar respublikada 41,2 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilmiş, 32 transformator yarımstansiyası quraşdırılmışdır.
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin qazdoldurma stansiyasının tikintisi davam etdirilmişdir.
1 yanvar 2019-cu il tarixə muxtar respublikada 86 min 377 əhali abonenti təbii qazla təmin olunmuşdur.
Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz, Babək rayonunun Babək qəsəbəsində isə smartkarttipli elektrik sayğaclarının quraşdırılması davam etdirilmişdir.

Sahibkarlıq fəaliyyəti və məşğulluq məsələləri

Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir.
2018-ci ildə muxtar respublikada sahibkarlara 13 milyon 790 min 800 manat kreditlər verilmişdir. Bu kreditlərdən 5 milyon 736 min 400 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 8 milyon 54 min 400 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövrdə 30 hüquqi və 2320 fiziki şəxs qeydiyyata ­alınmışdır.
2018-ci ildə Naxçıvan şəhərində 6-cı Beynəlxalq “Caspian Energy Forumu”nun keçirilməsi muxtar respublikanın sahibkarlıq subyektlərinin tanıdılması və əlaqələrinin genişləndirilməsi baxımından çox əhəmiyyətli olmuşdur.
Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bu məhsulların 126 növü ərzaq, 257 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.
2018-ci ilin yanvar-noyabr aylarında orta aylıq əməkhaqqının məbləği 429,9 manat təşkil etmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən 3,2 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaratmışdır.
2018-ci ildə muxtar respublikada 2827 yeni iş yeri yaradılmışdır ki, bunun da 2782-si və ya 98,4 faizi daimi iş yerləridir. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində aşpaz köməkçisi, xalçaçı, bərbər, dayə, dərzi, videoçəkilişi üzrə operator, bərbər-­manikürçü, qazanxana maşinisti, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, traktorçu-maşinist peşələri üzrə 304 nəfər, Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsində isə 33 nəfər ağac və duz üzərində oyma və qazanxana maşinisti peşələri üzrə kurslara cəlb edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 2753 nəfər müxtəlif peşələrə ­yiyələnmişdir.

İstehlak bazarı

Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.
2018-ci ildə muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 941 milyon 909 min 200 manat dəyərində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Şərur rayonunun Ərəbyengicə, Kosacan və İbadulla, Culfa rayonunun Dizə və Qazançı kəndlərində xidmət mərkəzlərinin tikintisi, Babək rayonunun Aşağı Buzqov və Yuxarı Buzqov kəndlərində xidmət mərkəzlərinin yenidən qurulması başa çatdırılmışdır.
Şərur rayonunun Alışar, Qışlaqabbas və Yeni Havuş, Ordubad rayonunun Dəstə kəndlərində xidmət mərkəzlərinin tikintisi, Şərur rayonunun Kərimbəyli kəndində xidmət mərkəzinin yenidən qurulması davam etdirilmişdir.

Xarici ticarət, bank işi və sığorta fəaliyyəti

Muxtar respublikanın dinamik inkişafı, ən əsası yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərmişdir.
2018-ci ildə muxtar respublikanın xarici ticarət dövriyyəsi 483 milyon 431 min 600 ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 424 milyon 266 min 600 ABŞ dollarını ixrac, 59 milyon 165 min ABŞ dollarını idxal təşkil etmiş və 365 milyon 101 min 600 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
Bank sektorunun inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası muxtar respublikada elektron ödəniş infrastrukturunun inkişafına, maliyyə vəsaitləri dövriyyəsinin sürətləndirilməsinə, nağd ödənişlərin azalmasına səbəb olmuş, 2018-ci ildə məxaricdə emissiyanın xüsusi çəkisi ötən illə müqayisədə azalaraq 31 faizə düşmüşdür.
1 yanvar 2019-cu il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 80206-ya çatmışdır ki, bunun da 70774-ü və ya 88,2 faizi aktiv hesablardır. 2018-ci ildə açılmış 18909 bank hesabının 18663-ü aktiv hesablar olmuşdur.
1 yanvar 2019-cu il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1272-yə çatmışdır.
Hazırda muxtar respublikada səmərəli sığorta sisteminin formalaşdırılması istiqamətində tədbirlər davam etdirilir. 2018-ci ildə muxtar respublikada sığorta növləri üzrə daxil­olmalar 7 milyon 958 min manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 2,6 faiz çoxdur.

Təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm

Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində 2018-ci ildə Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi yaradılmış, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Tibb Kollecinin binalarının yenidən qurulması başa çatdırılmış, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin binasının yenidən qurulması davam etdirilmişdir.
Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində 480 şagird yerlik 6 nömrəli, Şərur rayonunun Ərəbyengicə kəndində 208, İbadulla kəndində 522, Babək rayonunun Yuxarı Buzqov kəndində 66, Culfa rayonunun Dizə kəndində 234, Qazançı kəndində 216 şagird yerlik tam orta məktəb binalarının tikintisi, Şərur rayonunun Kosacan kəndində 234 və Babək rayonunun Aşağı Buzqov kəndində 154 şagird yerlik tam orta məktəb ­binalarının yenidən qurulması başa çatdırılmışdır.
Şərur rayonunun Kərimbəyli, Ordubad rayonunun Dəstə kəndlərində məktəb binalarının tikintisi, Naxçıvan şəhərində 5 nömrəli məktəb binasının yenidən qurulması davam etdirilmişdir. Bundan əlavə, Şərur rayonunda Yeni Havuş və Xətai kəndləri üçün məktəb binasının tikintisi davam etdirilmişdir.
Naxçıvan şəhərində uşaq bağçası binasının tikintisi davam etdirilmişdir.
Təhsilə göstərilən qayğı öz bəhrəsini vermiş, 2018-ci ilin qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1781-i ali, 615-i orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Ali məktəblərə qəbul olanların 331-i imtahanlarda 500-700 arası bal toplamış, onlardan 6-sı Prezident təqaüdünə layiq görülmüşdür.
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması tədbirlərinə uyğun olaraq Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının yenidən qurulması, Şərur rayonunun Ərəbyengicə və İbadulla, Babək rayonunun Aşağı Buzqov kəndlərində həkim ambulatoriyası binalarının tikintisi başa çatdırılmışdır.
Culfa rayonunun Qazançı kəndində həkim ambulatoriyası binasının yenidən qurulması, Şərur rayonunun Kosacan, Babək rayonunun Yuxarı Buzqov və Culfa rayonunun Dizə kəndlərində feldşer-mama məntəqələrinin tikintisi başa çatdırılmış, Şərur rayonunun Kərimbəyli və Ordubad rayonunun Dəstə kəndlərində həkim ambulatoriyası binalarının tikintisi davam etdirilmişdir.
Şərur Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri, Şərur Rayon Uşaq Xəstəxanasının yenidən qurulması davam etdirilmişdir.
Muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 31 may tarixli ­Sərəncamına uyğun olaraq 2018-ci ilin yanvar ayından Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır.
Sosial layihələr çərçivəsində 2018-ci ildə yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 662 cərrahi əməliyyat, o cümlədən 9 ürək qüsuru olan uşaqlarda əməliyyat, 134 nəfər xəstədə göz və 519 nəfər xəstədə digər müxtəlif əməliy­yatlar aparılmışdır.
2018-ci ildə muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 653 min 164 manat ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Bundan əlavə, ötən dövrdə muxtar respublikada 107 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün iribuynuzlu və xırdabuynuzlu mal-qara, 2 şəxsə fərdi xalçaçılıq fəaliyyəti, cəza­çəkmə müəssisəsindən azad olan 1 nəfərə isə arı yeşiklərinin hazırlanması üçün avadanlıqlar və materiallar verilmişdir.
Hesabat dövrünün sonuna 243 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində, 10 nəfərə Ahıllar evində sosial-məişət xidmətləri göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 329 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 365 uşağın müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud 534 nəfər sanatoriya və müalicə pansionatlarına yollayışlarla, 369 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunmuş, 307 nəfərə protez-ortopedik xidməti göstərilmişdir. Bununla yanaşı, 46 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahətləri təmin edilmişdir.
Bu dövrdə 39 nəfərin ölkə daxilində müalicəsinə, 62 nəfərin isə sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilmişdir.
Əlillərin Bərpa Mərkəzinə və Uşaq Bərpa Mərkəzinə yeni tibbi avadanlıqlar alınmış, sağlamlıq imkanları məhdud uşaqlar üçün uyğunlaşdırılmış əyləncəli oyun sahəsi istifadəyə verilmişdir. Ərazidə 18 yaşından yuxarı sağlamlıq imkanları məhdud şəxslər üçün də idman avadanlıqları quraşdırılmışdır. Bununla yanaşı, Əlillərin Bərpa Mərkəzində yeni fizioterapiya otağı, habelə “Şorsu” palçığı və “Darıdağ” arsenli suyunun tətbiqi üçün yeni müalicə otaqları yaradılmışdır. Səhiyyə müəssisələrinə 15 təcili tibbi yardım avtomobili verilmişdir.
Sağlamlıq imkanları məhdud 3 Azərbaycan Vətən Müharibəsi və bir Çernobıl iştirakçısı mənzillə təmin olunmuş, bir nəfərə isə avtomobil verilmişdir. Bundan əlavə, sağlamlıq imkanları məhdud 2 şəxs üçün fərdi yaşayış evlərinin tikintisi davam etdirilmişdir.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmişdir. Muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3,4 min nəfər artaraq 1 dekabr 2018-ci il tarixə 456 minə yaxın olmuşdur.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2018-ci ildə pensiya və müavinətlərin ödənilməsinə 139 milyon 247 min manatdan çox vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 6,3 faiz çoxdur.
Muxtar respublikada digər əhali qrupları ilə yanaşı, gənc­lərin də hərtərəfli inkişafı diqqətdə saxlanılır, cəmiyyətdə fəal iştirakları təmin edilir. Naxçıvan şəhərinin 2018-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı seçilməsi muxtar respublika gənclərinin ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyatda daha çox təmsil olunmalarına geniş imkanlar yaratmışdır. 2018-ci ildə Naxçıvan şəhərində və rayonlarda yeni “Gənclər bağı” salınmış, silsilə tədbirlər keçirilmişdir. Gənc­lərin sağlam mühitdə formalaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası fəaliyyətə başlamış, Culfa və Kəngərli rayonlarında mərkəzi stadionlar yenidən qurulmuşdur.
Muxtar respublikada gənclərin inkişafına dəstək məqsədilə “Naxçıvan” Universitetində III Beynəlxalq Gənclik Araşdırmaları Konqresi keçirilmişdir.
Milli dəyərlərimizin təbliği sahəsində də ardıcıl tədbirlər görülür. İslam mədəniyyəti nümunələri ilə zəngin və bəşər sivilizasiyasına dəyərli töhfələr vermiş Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı silsilə tədbirlər həyata keçirilmişdir.
2018-ci ildə Naxçıvan şəhərində və Babək rayonunun Babək qəsəbəsində hər birində bir məscidin yenidən qurulması başa çatdırılmış, Naxçıvan şəhərində bir məscidin tikintisi davam etdirilmişdir. Naxçıvan şəhərinin, Şərur, Babək və Ordubad rayonlarının dini icmalarına xidməti avtomobillər təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 2017-ci il 12 sentyabr tarixli Sərəncamına uyğun olaraq 2018-ci ildə “Duzdağ” otelində Naxçıvan Duz Muzeyi istifadəyə verilmişdir.
Kəngərli rayonunda Qarabağlar Türbə Kompleksinin, Naxçıvan şəhərində İmamzadə Kompleksinin, Şərur rayonunun Yengicə kəndindəki Şərq hamamının, Babək rayonunun Nehrəm kəndində İmamzadə binasının bərpası başa çatdırılmışdır.
Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi başa çatdırılmış, Şahbuz Rayon Mədəniyyət Evinin tikintisi, Naxçıvan şəhərində Cəmşid Naxçıvanskinin ev-muzeyinin yenidən qurulması, Kəngərli rayonunun Qıvraq qəsəbəsində istirahət parkının, Naxçıvan şəhərində Naxçıvançay sahilində bulvarın yaradılması davam etdirilmişdir.
2018-ci ildə kütləvi informasiya vasitələrinin inkişafı da diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə müasir yayım və çəkiliş avadanlıqları verilmiş, teleradionun efir vaxtı bir saat artırılmışdır. Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasına, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə də yeni avadanlıqlar təqdim olunmuş, Naxçıvanda ilk informasiya agentliyi –“Nuhçıxan” İnformasiya Agentliyi fəaliyyətə başlamışdır.
Muxtar respublikada turizmin kompleks şəkildə inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, 2018-ci ilin aprel ayında qədim diyara “Naxçıvanı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində info-tur təşkil edilib. İnfo-tur çərçivəsində muxtar respublikaya 12 ölkənin və Azərbaycanın 120-dən çox müxtəlif turizm şirkətlərindən, ümumilikdə, 200 nəfərdən çox sahibkar və turizmçi gəlmişdir.
2018-ci ildə muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 414 min 688 turist gəlmişdir ki, bu da 2017-ci ildəki müvafiq göstəricidən çoxdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın və Ali Məclis Sədrinin “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” 29 noyabr 2018-ci il tarixli Sərəncamının icrası, bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi görülən işlərin davamlı­lığının təmin edilməsinə geniş imkanlar yaratmaqdadır.

Hüquq-mühafizə orqanları ilə iş

Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi­-texniki bazasının gücləndirilməsi və ixtisaslı kadrlarla təminatı tədbirləri davam etdirilir.
2018-ci ildə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binasının yenidən qurulması başa çatdırılmış, Sədərək rayonunda Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin tikintisi davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi ­Məhkəməsinə və Şahbuz Rayon Məhkəməsinə xidməti avtomobillər təqdim olunmuşdur.
Muxtar respublikada daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılmışdır. Təhsil müəssisəsi üçün yeni məktəb binasının tikintisi davam etdirilmişdir.
Aparılan təhlillər deməyə əsas verir ki, bu gün bütün sahələrdə qeydə alınmış dinamik inkişaf templəri muxtar respublikamızın uzunmüddətli inkişafını, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını təmin etməkdədir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR