25 Mart 2019, Bazar ertəsi

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Muxtar respublika iqtisadiyyatında diqqətçəkən fəaliyyət istiqamətlərindən biri də ailə təsərrüfatlarıdır. Ailə üzvlərinin birgə əməyinə əsaslanan belə təsərrüfat formaları Naxçıvanda min illər ərzində yaranmış, böyük yol keçərək hazırkı inkişaf səviyyəsinə çatmışdır. Son dövrlərdə dövlət tərəfindən bu fəaliyyət sahəsinin təşviqi ilə bağlı atılan addımlar muxtar respublikada ailə təsərrüfatlarının sayının artmasına imkan vermişdir. Ötən il dekabrın 27-də  beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunması isə diyarımızda müxtəlif təsərrüfat sahələrində çalışanlar üçün yeni imkanlar açmışdır. 

Xatırladaq ki, hələ iki il bundan əvvəl – beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Ali Məclisin Sədri muxtar respublikanın sosial-iqtisadi inkişafı haqqındakı çıxışında bu məqama toxunaraq demişdir: “...Yeni müəssisələr yaradılarkən muxtar respublikanın bütün rayonları üzrə əmək və xammal ehtiyatları, təsərrüfatçılıq ənənələri nəzərə alınmalıdır. Ailə təsərrüfatlarının yaradılması və inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq problemini həll edir, əhali gəlirlərinin həcminin artmasına müsbət təsir göstərir. Ona görə də ailə təsərrüfatlarının yaradılmasına üstünlük verilməlidir”.

Bəs belə təsərrüfatların yaradılmasına verilən önəm hansı əhəmiyyətli tərəfləri ilə seçilir?
Əvvəlcə onu qeyd edək ki, bu gün inkişaf etmiş ölkələrin hamısında özəl sektorun əsası ailə təsərrüfatları və belə təsərrüfatların özəyini təşkil edən ailə biznesi üzərində qurulub. Çünki ailə təsərrüfatları və yaxud digər adı ilə desək, ailə biznesi özəl mülkiyyətə əsaslanan iqtisadiyyatda özünüməşğulluğun ən uyğun formasıdır. Bu cür təsərrüfatların fəaliyyəti digər ölkələrdə olduğu kimi, Azərbaycanda da qanunvericiliklə tənzimlənir. Əvvəlki yazılarımızda bununla bağlı oxucu­larımıza məlumat versək də, aktual­lığını nəzərə alıb mövzuya yenidən nəzər salmaq istərdik.
Ölkəmizdə ailə təsərrüfatları haqqında hüquqi bazanın yaradılması 2005-ci ilə təsadüf edir. Belə ki, “Ailə kəndli təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu”nda (14 iyun 2005-ci il) göstərilir ki, ailə kəndli təsərrüfatı – ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalının, emalının, saxlanmasının, daşınmasının və satılmasının) birgə həyata keçirilməsidir. Ailə kəndli təsərrüfatının tərkibi bir nəfərdən, onun ailə üzvlərindən və onlarla qohumluq və ya digər münasibətlər əsasında birgə fəaliyyət göstərən şəxslərdən ibarət ola bilər. Ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır. Qanunvericiliyin məqsədi kənd yerlərində ailə əməyinə əsaslanan təsərrüfatların inkişafının dəstəklənməsi, özünüməşğulluğun stimullaşdırılması və onun səmərəliliyinin yüksəldilməsi, alternativ gəlir mənbələrinin genişləndirilməsi, kənd yerlərinin inkişafının sürətləndirilməsinə şərait yaratmaqdır.
Vurğulamaq lazımdır ki, bazar iqtisadiyyatı şəraitində ümumi iqtisadi fəallıqda əsas yeri kiçik və orta sahibkarlıq subyektləri tutur. Təşəbbüskarlıqda həlledici rol da məhz onlara məxsusdur. Bunu inkişaf etmiş ölkələrin real iqtisadi vəziyyətlərindən, təcrübələrindən də əyani şəkildə görmək mümkündür. Ancaq ailə təsərrüfatları kiçik sahibkarlıq subyektləri deyil, ondan aşağı meyarda fəaliyyət növüdür. Yəni ailə təsərrüfatları kiçik sahibkarlıq üçün bir növ başlanğıc rolunu oynayır. O zaman sual yaranır ki, ailə təsərrüfatlarını kiçik sahibkarlıq subyektlərindən necə fərqləndirmək olar? Bunun üçün sahibkarlıq subyektlərinin təsnifatı haqqında məlumatlara ehtiyac duyuruq.
Qeyd edək ki, sahibkarlıq subyektlərinin təsnifatı üçün vahid beynəlxalq meyarlar yoxdur. Ayrı-ayrı ölkələrdə müxtəlif meyarlar mövcuddur. Məsələn, Almaniyada, Belçikada, Böyük Britaniyada, Niderlandda, Portuqaliyada meyar kimi müəssisənin dövriyyə göstəricisi, İtaliya və İrlandiyada daşınmaz əmlakın həcmi istifadə olunur. Meyarlar arasındakı fərqlilik milli xüsusiyyətlərin, sənayeləşdirmə səviyyəsindəki fərqin, ölkənin beynəlxalq əmək bölgüsündə yeri və rolunun nəticəsidir. Dünya təcrübəsi göstərir ki, müxtəlif təşkilati-hüquqi formalı müəssisələrin kiçik və orta sahibkarlıq subyektlərinə aidliyinin əsasında duran daha ümumi meyarlara işçi heyətinin sayı, nizamnamə kapitalının miqdarı, aktivlərin və dövriyyənin həcmi kimi meyarlar daxildir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin daxil olduğu İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı 19 nəfərədək şəxsin çalışdığı müəssisələri mikro, 99 nəfərədək şəxsin çalışdığı müəssisələri kiçik, 100-499 nəfərin çalışdığı müəssisələri orta, 500 nəfərdən çox şəxsin çalışdığı müəssisələri isə iri müəssisələr kimi təsnifləşdirir. Məsələn, Avropa Birliyi ölkə­lərində 150 milyon məşğul əhalinin 100 milyon nəfərinin çalışdığı 16 milyondan çox kiçik və orta müəssisə fəaliyyət göstərir. Onlardan, təxminən, 15 milyonu (90 faizdən çoxu) 10 nəfərədək işçisi olan mikromüəssisələrdir, qalan bir milyon müəssisədə çalışanların sayı 10-250 nəfər arasında dəyişir. Qardaş Türkiyə Respublikasında işçilərinin sayı 9 nəfərədək, illik dövriyyəsi 1 milyon lirəyədək olan müəssisələr mikromüəssisələr, işçilərinin sayı 10-49 nəfərədək, illik dövriyyəsi 8 milyon lirəyədək olan müəssisələr kiçik, işçilərinin sayı 50-249 nəfərədək, illik dövriyyəsi 40 milyon lirəyədək olan müəssisələr orta müəssisələr sayılır.
Azərbaycanda sahibkarlıq subyektlərinin təsnifatı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun­ tarixli “İri, orta və kiçik sahibkar meyarları”nın təsdiq edilməsi haqqında” Qərarında göstərilən meyarlara əsaslanır. Belə ki, həmin qərara əsasən sahibkarların kiçik, orta və iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Həmin meyarlara görə, işçilərinin orta siyahı sayı 25 nəfərə kimi, illik gəliri isə 200 min manatadək olanlar kiçik, 25 nəfərdən 125 nəfərədək və 200 min manatdan 1 milyon 250 min manatadək olanlar isə orta sahibkarlar sayılır. Buradan da bir daha aydın olur ki, ailə təsərrüfatları həm işçi sayı, həm də illik dövriyyə baxımından göstərilən rəqəmlərdən daha aşağı meyarları özündə əks etdirir.
Bu gün ailə təsərrüfatlarının inkişaf etdirilməsinin çox müsbət tərəfləri var.
Adından da göründüyü kimi, ailə təsərrüfatı ailə üzvlərinin iştirak etdiyi, idarəçiliyin və varisliyin ailə ənənələri ilə həyata keçirildiyi biznes modelidir. Ailə təsərrüfatında gəlirlərin və kapitalın idarə edilməsində ailə üzvlərinin hamısı bərabər iştirak edir ki, bu da etibarlılığı şərtləndirən vacib amillərdəndir. Ailə biznesində maliyyə intizamı yüksəkdir, hər kəs bir-birinə çox etibar edir. Buna görə də belə biznesdə digər müştəri və tərəfdaşlarla konfliktlərə çox az rast gəlinir. Ailə təsərrüfatı yaradanda bir çoxları işə məhz ailə üzvlərini cəlb etməyə çalışır. Bunun müsbət tərəfi ondadır ki, gəlir ailə büdcəsindən kənara çıxmır, qazancdan hamı bəhrələnir. Digər tərəfdən ailə üzvlərinin bir-birindən sirləri olmur, buna görə də biznesdə gözlənilməz uğursuz hadisələrin ehtimalı və maddi itkilər çox az olur. Ailə təsərrüfatının digər bir müsbət cəhəti odur ki, biznesin zəif zamanlarında işçilər daha az əməkhaqqı ilə, hətta pulsuz işləməyə razı olurlar. Maliyyə çətinlikləri olduqda, ailə üzvlərinə bunu izah etmək çox asandır. Bundan əlavə, ailə təsərrüfatında bütün ailə üzvləri biznesdə böyük təcrübə keçir və valideynlərin şəxsi timsalında bunu öyrənmək daha effektiv olur. Bu isə ailə başçısına uşaqlarının gələcəyinin təmin olunması və onlara biznesi daha irəli aparmaları üçün geniş imkanlar yaradır. Və nəhayət, ailə təsərrüfatı istehsal etdikləri məhsulda yeni dəyərlər yaradır və bu dəyərlər biznes inkişaf etdikcə yaşayır.
Ailə təsərrüfatlarının daha əhəmiyyətli tərəflərindən biri də ailə üzvlərinin məşğulluğunun təmin olunmasıdır. Məlumdur ki, ailə üzvlərinin hər biri zamanı yetişdikcə işləmək məcburiyyətindədir. Yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluq problemlərinin həlli isə daim dövlət tərəfindən müxtəlif tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur. Ailə təsərrüfatı ilə məşğul olanların ailə üzvləri isə belə tədbirlərə ehtiyac duymadan öz məşğulluqlarını təmin edirlər. Bu gün muxtar respublikamızda əmək qabiliyyətli əhalinin böyük bir hissəsi məhz aqrar sektora məxsus ərazilərdə, yəni kəndlərdə məskunlaşıb. Deməli, iş üçün şəhərə üz tutanlar elə yaşadıqları yerdə öz məşğulluqlarını təmin edə bilərlər. Bu isə ailə təsərrüfatçılığının, başqa sözlə desək, mikro­sahibkarlığın inkişafına, eləcə də daxili bazarın yerli məhsullarla təmin edilməsinə öz töhfəsini verər.
Bu gün muxtar respublikada ailə təsərrüfatları daha çox heyvandarlıq, quşçu­luq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə fəaliyyət göstərirlər. Sahibkarlara güzəştli şərtlərlə kreditlərin, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların verilməsi, arıçılıq avadanlıqlarının lizinq yolu ilə əhaliyə çatdırılması, subsidiyaların ödənilməsi, arıçılıq təsərrüfatlarının müxtəlif dərman preparatları ilə pulsuz təmin edilməsi, istehsal olunmuş məhsulların satışı üçün əlverişli şəraitin yaradılması və keçirilən festivallar muxtar respublikada ailə təsərrüfatlarının inkişafına hərtərəfli şərait yaradır. Bunun nəticəsidir ki, hazırda muxtar respublikada 800-dən çox kiçik və böyük ailə təsərrüfatı mövcuddur. Heç şübhəsiz ki, 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunması bu fəaliyyət sahəsinə marağı daha da artıracaq, yeni yaradılacaq ailə təsərrüfatları doğma diyarımızın iqtisadiyyatına öz töhfəsini verəcək.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3791974
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2360
1728
2360
56291
3791974

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter