25 Mart 2019, Bazar ertəsi

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Müasir dövrdə iqtisadi, sosial və mədəni sahədəki nailiyyətləri ilə diqqətləri özünə cəlb edən Naxçıvan Muxtar Respublikası innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişaf modeli qurmaq yolunda mühüm irəliləyişlər əldə edib. Dinamik və dayanıqlı inkişafa nail olmaq üçün muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas hədəflərindən biri olan investisiya qoyuluşları sahəsində əldə edilən uğurlar isə daha qabarıq olub. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club” tərəfindən hazırlanan investisiya reytinqində ölkə­mizin regionları arasında 2017-ci və yola salmaqda olduğumuz 2018-ci illərin nəticələrinə görə ard-arda iki dəfə liderlik qazanıb. Şübhəsiz, bu göstərici regional inkişaf prioritetləri baxımından qədim diyarın sosial-iqtisadi sahədə və xarici iqtisadi əlaqələrdə uğurlarını bir daha ortaya qoymaqla, həm də yeni investisiyalar üçün cazibədarlığını da artırmaqdadır.

Sərmayə, yəni investisiya qoyuluşu iqtisadiyyatda əsas hədəflərə çatmaq üçün həyata keçirilən məqsədyönlü tədbirlərin mühüm tərkib hissəsidir. Belə tədbirlər nəticəsində iqtisadi artım və həyat səviyyəsinin yüksəlməsi, xüsusilə elmtutumlu innovativ sahələrin inkişafında arzu­edilən nəticələr əldə olunur ki, bu da dövlətin investisiya siyasətinin əsas hədəflərindəndir. Belə ki, dövrün tələblərinə cavab verən investisiya siyasətini işləyib hazırlamaqla dövlət ölkə və region iqtisadiyyatının investisiya aktivliyini artırmaq və bununla da sosial-iqtisadi inkişaf üçün tələb olunan resursların cəlb edilməsinə və onlardan səmərəli istifadəyə şərait yaradır. Başqa sözlə, bazar iqtisadiyyatı şəraitində investisiya mənbələrinin üzə çıxarılması, onların lazımi istiqamətə yönəldilməsi dövlət investisiya siyasətinin əsas məqsədlərindən biridir. Planlı və məqsədyönlü şəkildə həyata keçirilən bu siyasət bəzi sahələrdə dərhal, bir sıra sahələrdə isə uzunmüddətli perspektiv üçün öz səmərəsini hökmən verir. Bu sahədə ölkəmizin regionları arasında lider mövqeyini möhkəmləndirmiş Naxçıvan Muxtar Respublikasında həyata keçirilən belə bir investisiya siyasəti də, son nəticədə, özünü real sektorun inkişafında, maliyyə potensialının və intellektual yaradıcı gücün artırılmasında göstərir. Bu da haqlı olaraq doğma diyarımızın cazibə qüdrətini artırır.
Naxçıvan Muxtar Respublikasının müasir inkişafında insan amilinə verilən diqqət ön planda durur. İqtisadi sahədə əldə olunan nəticələrin sosial sahəyə transformasiyası, uzunmüddətli dövrdə yeni, yaradıcı insan resurslarının formalaşdırılması həyata keçirilən bütün tədbirlərin, o cümlədən investisiya qoyuluşlarının da istiqamətini müəyyən edir. Əhali məşğulluğunun təmin olunması, insanların ən ucqar yaşayış məntəqələrində məskunlaşmasını daha da əlverişli edən quruculuq tədbirlərinin geniş vüsət alması, daha çox intellektual potensialın gücündən faydalanmağı nəzərdə tutan innovativyönümlü yeni texnologiyaların istehsalata fəal sürətdə tətbiqi məhz insan əməyinin yüksək qiymətləndirilməsi ilə nəticələnir ki, bu, iqtisadiyyatın istənilən sektorunda daxili imkanlar hesabına təkrar investisiya qoyuluşlarına sürətləndirici effekt təsirini göstərir. Xüsusən özəl sektor üçün bu cəhətə baxdıqda muxtar respublikada istehsal olunan ümumi daxili məhsulun həcmi ilə nisbətdə geniş investisiya qoyuluşu gücünün formalaşdığını demək olar. Məhz bu səbəbdəndir ki, 1990-cı illə müqayisədə muxtar respublikada sənaye müəssisələrinin sayı 8,5 dəfə artaraq 442-yə çatıb. Təkcə bir sahə üzrə rəqəmlərə baxdıqda görürük ki, son nəticədə, sakinlərin rifah səviyyəsinin artırılmasına yönəldilən belə sərmayə qoyuluşları istehlak bazarında yeni tələbatların formalaşmasına, bu isə, öz növbəsində, iqtisadi artımın dinamikasını müsbət səviyyədə saxlamağa imkan verən bir amildir.
İnvestisiyalar, xüsusən uzunmüddətli infrastruktur və daşınmaz əmlakyönümlü investisiyalar cəmiyyətdə yaranmış sabitliyin məhsulu, eyni zamanda yeni sərmayə qoyuluşlarının amillərindəndir. Yol, nəqliyyat, rabitə, içməli su təminatı, idman, sağlamlıq, rekreasiya və turizm kimi əhali rifahına birbaşa təsir edən sahələrə yatırılmış investisiyalar, bu mənada, iqtisadiyyatın digər sahələrinə də öz təsirini göstərməkdədir. Belə ki, bu məqsədlə yatırılmış hər manat ən azı 30 il müddətində öz çoxaldıcı təsirini göstərməklə sənaye, kənd təsərrüfatı, tikinti sektoru kimi sahələrə sabit maliyyələşmə zəmanəti verir. Muxtar respublikanın 200-dən artıq kəndinə çəkilmiş abad yollar, hər bir yaşayış məntəqəsini müasirliyə qovuşduran kənd və xidmət mərkəzləri, təhsil, səhiyyə və mədəniyyət ocaqları kimi yüzlərlə obyekt məhz bu siyasətin nəticəsində ərsəyə gəlib.
Bu gün dünyanın bir sıra iri dövlətlərində belə, kəskin problem kimi özünü göstərən ərzaq və enerji təhlükəsizliyi məsələsi Naxçıvanda tam şəkildə həll olunub. Ümumi gücü 239 meqavat olan 8 elektrik stansiyası, müasir texnologiyalara əsaslanan heyvandarlıq, quşçuluq, balıqçılıq, arıçılıq, bağçılıq, üzümçülük təsərrüfatları, soyuducu anbar və istixana kompleksləri, taxıl emalı müəssisələrindən ibarət 500-dən artıq kənd təsərrüfatı təyinatlı obyekt qeyd olunan sahələrdə iqtisadi mənafelərin tam təmin olunmaqla muxtar respublikanın idxaldan asılılığını tamamilə aradan qaldırıb. Xüsusilə muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin ümumi enerji istehsalında 60 faizdən çox və istehsal olunan ərzaq məhsullarının ekoloji təmiz və orqanik mənşəli olması təkcə Naxçıvana gələn yüksək səviyyəli qonaqların deyil, iqtisadiyyat üzrə ekspertlərin də diqqətindən kənarda qalmır. Bundan başqa, Naxçıvanda əhalinin müasir standartlara cavab verən içməli su ilə təmin olunması və müasir kanalizasiya sistemlərinin qurulması da diqqət mərkəzindədir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublika əhalisinin 40 faizdən çoxu beynəlxalq standartların tələblərinə uyğun içməli su ilə təmin olunur. Davam etdirilən işlər nəticəsində artıq bir neçə ildən sonra muxtar respublikanın bütün şəhər və rayon mərkəzləri və ətraf kəndləri tamamilə təmiz içməli su və kanalizasiya sistemi ilə təmin olunacaqdır. Bütün bu sadalananlarla birgə, ümumilikdə, son illər muxtar respublika iqtisadiyyatına 9,6 milyard manatdan çox investisiya yönəldilib, 12 mindən çox müxtəlif təyinatlı obyekt istifadəyə verilib.
Naxçıvan qısa müddətdə 415 minə yaxın turistin səyahət etdiyi turizm məkanına çevrilib. Turizm isə investisiya cazibədarlığı baxımından ən uğurlu sahələrdən biridir. Özəl sektorda təkcə yerli deyil, xarici investorların da diqqətini cəlb edən turizm layihələri gələcəkdə yerli əhalinin həyat səviyyəsini kökündən dəyişdirən amil kimi dünya təcrübəsində də sınaqdan keçib. Bu mənada, Naxçıvan Muxtar Respublikasında turizm sənayesinin hərtərəfli inkişafı üçün görülən işlər, yeni turizm-rekreasiya obyektlərinin, xüsusən müalicə və qış turizm məkanlarının yaradılması istiqamətində yatırılan sərmayə təkcə iqtisadi sahədə deyil, humanitar sahədə də əhəmiyyətli olub Naxçıvanın müsbət imicinin daha da yüksəldilməsinə mühüm töhfə verən faktorlardandır.
Sahibkarlıq fəaliyyəti iqtisadiyyatın hərəkətverici qüvvəsi, innovativ yeniliklərə və yeni investisiyalara çox həssas olan bir sahədir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə müxtəlif mənbələr hesabına yatırılan investisiyalar, son nəticədə, iqtisadiyyatın şaxələndirilməsi, əhali tələbatlarının ödənilməsi üçün mümkün olan əmtəə və xidmətlərin istehsalına imkan yaradır. Nəticədə, iqtisadi həyata vəsiqə alan yeni layihələr gerçəkləşdikcə əhali gəlirləri artır və istehlak bazarında canlanma yaranır. Bu layihələr isə ötən dövrdə Naxçıvanda külli miqdarda olub. Belə ki, 2000-ci ildən ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1270 layihənin maliyyələşdirilməsinə 142 milyon 298 min manatdan çox güzəştli kreditlər ayrılıb. Bunun da nəticəsində 2003-cü ildən ötən müddətdə muxtar respublika üzrə 73 mindən artıq yeni iş yeri yaradılıb, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.

Canlı bir orqanizm kimi iqtisadiyyatın da daim yenilənməyə ehtiyacı vardır. Sağlam təməllər üzərində qurulmuş iqtisadi sistemin zamanın tələblərinə uyğun olaraq modernizasiyası üçün isə yeni investisiyalar ən vacib şərtlərdən biridir. Bu sahədə də ötən dövrdə Naxçıvanda reallaşdırılan tədbirlər, keçilən inkişaf yolu ona liderlik mövqeyi qazandırıb.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3792068
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2454
1728
2454
56385
3792068

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter