21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Ölkəmizdə həyata keçirilən inkişaf strategiyasının əsas prioritetlərindən biri də kiçik və orta sahibkarlığın genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və özünüməşğulluğun təmin olunmasıdır. Məhz bu yolla daha çox iş imkanlarının yaradılması dövlətimiz ­tərəfindən reallaşdırılan sosial siyasətin mühüm tərkib hissəsi kimi diqqəti cəlb edir. Bazar iqtisadiyyatı şəraitində yeni iş yerlərinin ­yaradılmasında özünüməşğulluq modelindən istifadə dünya təcrübəsində geniş tətbiq olunur. 

Ölkəmizdə də yeni təsərrüfat formalarının tətbiqi xüsusi diqqət yetirilən məsələlərdən biridir. Bu, respublikamızın uğurlu inkişafını təmin edən başlıca amildir, bu istiqamətdə bir çox layihələr reallaşdırılıb və nəticələrini verib.
Muxtar respublikamızda da təbii ehtiyatlardan və əmək potensialından istifadə olunmaqla həmin sahənin inkişaf etdirilməsi son dövrlərdə daha intensiv şəkildə həyata keçirilir. Belə ki, ailə təsərrüfatları yaratmaqla özünüməşğulluğun təmin olunması sadə idarəetmə yolu ilə konkret bir məhsul və ya xidmətin istehsalı üzrə bazar tələbatının ödənilməsi və şübhəsiz, bunun vasitəsilə də belə təsərrüfatlarda məşğul olan insanların gəlirlərinin artırılması deməkdir.

Ailə təsərrüfatlarının iqtisadi inkişafdakı bu rolunu nəzərə alaraq muxtar respublikamızda onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün güzəştli kreditlərin verilməsi davam etdirilir. Belə ki, cari ildə də güzəştli ­kreditlər təqdim olunan sahibkarlıq subyektləri arasında ailə təsərrüfatları da vardır. Hazırda muxtar respublikamızda 1000-ə yaxın ailə təsərrüfatı fəaliyyət göstərir ki, onların da 200-ə yaxını iri təsərrüfatçı hesab olunur.
Belə təsərrüfatlar təkcə özünüməşğulluq vasitəsi sayılmır. Onlar həm də böyük biznes üçün təcrübədir. Bu təcrübə, xüsusən ucqar yaşayış məntəqələrində yaşayan insanların iş qurması ilə məskunlaşdığı ərazilərə məxsus olan yeni biznes imkanlarının reallaşmasına səbəb olur. Bu gün ailə təsərrüfatı ilə məşğul olanlar sabah daha böyük sahibkarlar kimi mühüm biznes layihələri reallaşdırmağa başlayırlar. Bu da sahibkarlığın daha da genişləndirilməsi və iqtisadi sahələrin şaxələndirilməsi deməkdir. Muxtar respublikamızda bütün bu müsbət cəhətlər nəzərə alınaraq ailə təsərrüfatları məşğulluq probleminin həll olunmasında, əhali gəlirlərinin həcminin artmasında müsbət bir amil kimi qiymətləndirilir. Buna görə də belə təsərrüfatların yaradılmasına üstünlük verilir.
Həmin təsərrüfatlardan biri də Şərur rayonunun Arpaçay kənd sakini Abdulla Adıgözəlova məxsusdur. Onun Çərçiboğan kəndi ərazisində yaratdığı “Arpaçay istixanaları” və ətrafında saldığı meyvə bağları daxili bazara öz töhfələrini verir.
Bir hektar ərazidə yerləşən 8 istixanada pomidor, xiyar, badımcan, bibər yetişdirən və muxtar respublikanın bir sıra ticarət obyektlərini ilboyu belə məhsullarla təchiz edən torpaq mülkiyyətçisi deyir ki, 2013-cü ilin mart ayında istixana kompleksinin yaradılması üçün biznes-plan hazırlayıb Sahibkarlığın İnkişafı Fonduna təqdim edib. Bu işin reallaşdırılması üçün fonddan ona 50 min manat güzəştli kredit ayrılıb. Ayrılan vəsait hesabına lazımi avadanlıqlar alınıb. Qısa müddət ərzində istixanada məhsul yetişdirilməsi üçün lazımi işlər görülüb. Budur, bir neçə ildir ki, istixanalarda bol və keyfiyyətli məhsullar yetişdirilir. Onu da qeyd edək ki, təsərrüfatda daha 10 istixananın qurulmasına başlanılıb. Bu kompleksin və ətraf sahədə salınan meyvə bağlarının suya olan tələbatı yaxınlıqda yerləşən iki artezian quyusu vasitəsilə ödənilir.
Torpaqdan, necə deyərlər, dördəlli yapışan Abdulla istixanaların ətrafında 3 hektar ərazidə ərik, 2 hektarda heyva, 1 hektarda gavalı, 0,5 hektarda üzüm bağı da salıb. Yaxın günlərdə isə istixana kompleksinin yaxınlığındakı 1 hektar torpaq sahəsində 1200 şaftalı tingi əkməyi nəzərdə tutub.
Bu il bağlardan 7,5 ton ərik, ­ 4 ton üzüm, 8 tona yaxın gavalı yığılıb. Təsərrüfatda yetişdirilən tərəvəz və meyvələr Şərurla yanaşı, Naxçıvan şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına çıxarılır.
Sahibkarla söhbətdən onu da öyrəndik ki, təsərrüfat üzvləri hazırda heyva bağında məhsul tədarükü ilə məşğuldurlar. Abdulla Adıgözəlov deyir:
– Öz ailəmlə saldığım bu heyva bağını daimi iş yeri sayır, burada çalışmaqdan zövq alıram. Onu da deyim ki, heyva becərilməsi ilə ­illərdir, məşğul oluram.
Bir neçə sahədə fəaliyyət göstərməyin çətinlikləri barədə soruşduqda həmsöhbətim bildirdi ki, əvvəllər çətinliklərimiz çox olub. Lakin öz qohum-əqrəbamın, yaxın qonşularımızın köməyini gördükdə qərara aldım ki, elə işimizi onlarla birlikdə quraq. Fikrimlə razılaşdılar.
Ailə təsərrüfatının üzvü Samir Adıgözəlov atalarımızın bir məsəlini yada salır: “Güc birlikdədir”. Biz bu birliyi ailə təsərrüfatını yaradandan sonra bir daha gördük və bu gün də görürük. İstər meyvə bağlarında, istərsə də istixanalarda çalışanların hamısı bol və keyfiyyətli məhsul yetişdirilməsi üçün öz məsuliyyətini dərindən dərk edir. Yaxşı çalışmaq, yaxşı qazanmaq, ölkəmizin iqtisadiyyatına töhvə vermək yaxşı yaşamaq deməkdir. Dövlətimizə minnətdarıq ki, bizə belə şərait ­yaradıb.
Builki mövsümdə heyva bağında da bol məhsul yetişdiyini bildirən təsərrüfat sahibi bunu onunla izah etdi ki, ailə üzvləri ilə birlikdə ilboyu aparılmalı olan aqrotexniki tələblərə əməl ediblər. Göründüyü kimi, çəkdikləri zəhmət hədər getməyib, bu günədək 7 ton məhsul yığıblar.
Abdulla sabah Naxçıvan şəhərində keçiriləcək “Ailə təsərrüfatı məhsulları” festivalına müxtəlif çeşidlərdə məhsul çıxaracaq.
Muxtar respublikamızın nümunəvi ailə təsərrüfatı sahiblərindən biri də Babək rayonunun Nehrəm kəndində yaşayan Cəmşid Həsənovdur. Onun ailəsi uzun illərdir ki, əkinçiliklə məşğul olur. Nehrəmin barlı-bərəkətli torpaqlarında ailə üzvləri ilə birlikdə taxılçılıq, həmçinin bostan-tərəvəz bitkilərinin əkini ilə məşğuldur. Son illərdə muxtar respublikamızda həyata keçirilən meliorasiya tədbirləri nəticəsində yeni əkin sahələri dövriyyəyə qatıldığından Cəmşid Həsənov da bu şəraitdən layiqincə yararlanıb. Belə ki, Heydər Əliyev Su Anbarından yeni çəkilən su xəttinin sayəsində bu il “Pircuvar” adlanan ərazidə bostan və tərəvəz məhsullarının əkin sahəsini daha da genişləndirib.
Müsahibimizin dediyinə görə, bu il 150 hektar sahədə taxıl biçini aparıb. Onun 12 hektarı arpa, qalanı isə buğda olub. Yaxşı da məhsul götürüb – hektara 28-30 sentner. Bundan əlavə, böyük bir sahədə bostan məhsulları yetişdirib, 2 hektar sahədə tərəvəz, 2 hektarda isə noxud əkib. Tədarük etdiyi bostan məhsullarını Naxçıvan-Culfa magistral yolunun kənarında torpaq mülkiyyətçiləri üçün ayrılmış ərazidə və Naxçıvan şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında satıb. Həmsöhbətim bildirdi ki, bu il 80 tona yaxın qovun-qarpızdan yaxşı gəlir əldə edib. Pomidor və xiyar da satışa çıxarılan məhsullar içərisində üstünlük təşkil edir. Son 3 ildə isə əkdiyi pomidorlardan tomat da istehsal edir. Ailə üzvləri tərəfindən qablaşdırılan tomat və müxtəlif çeşiddə turşular rayon ərazisində, eləcə də Naxçıvan şəhərində fəaliyyət göstərən satış obyektlərində alıcılara təqdim olunur. Onun sözlərinə görə, bu il havaların çox isti keçməsinə baxmayaraq, sahələrdən bol tərəvəz məhsulları əldə edib. Hətta taxıl biçini yekunlaşdıqdan sonra həmin sahələrdə yenidən şum qaldıraraq pomidor əkib. Həmin pomidorlar qızarmadan, turşu­luq məqsədilə sahələrdən yığılaraq satışa göndərilib. Kartof əkini də Cəmşid Həsənovun diqqət yetirdiyi sahələrdəndir. Bu il o, 10 hektar sahədə kartof əkib, yaxşı da məhsul əldə edib.
Təsərrüfat sahibinin dediklərindən: – İstər əkin vaxtı, istərsə də məhsul yığımı və qablaşdırılmasında ailə üzvlərimizin əməyindən istifadə edirəm. Onlar olmadan bu qədər işin öhdəsindən gəlmək mümkün deyil. Belə ailə təsərrüfatlarına dövlət tərəfindən də lazımi köməklik göstərilir. Yanacaq, əkin üçün gübrə, güzəştli kreditlərin verilməsi biz təsərrüfatçılar üçün böyük dəstəkdir. Şəxsən mən belə güzəştli kreditlərdən yararlanaraq işlərimi xeyli sürətləndirmişəm. İndi, şükürlər olsun, əkin-biçin üçün şəxsi texnikalarımız da var. Çalışırıq ki, öz zəhmətimizlə qurub-yaratdığımız təsərrüfatı daha da genişləndirək. Qoy insanlar hər zaman sağlam, ekoloji baxımdan təmiz yerli məhsullar alsınlar.
Sonda müsahibimiz onu vurğuladı ki, Naxçıvan şəhərində sabah keçiriləcək “Ailə təsərrüfatı məhsulları” festivalında ilk dəfədir, iştirak edəcək. Festivala qablaşdırılmış tomat və turşular çıxaracaq. Cəmşid Həsənov belə festivalların keçirilməsinin torpaq mülkiyyətçiləri üçün böyük bir stimul olduğunu qeyd etdi və tədbirin təşkilatçılarına ­minnətdarlığını bildirdi.
Ailə təsərrüfatı sahiblərindən biri də Ordubad rayonunun Vənənd kəndində yaşayan Yaqut Babayevadır. Onun adı bizə bu ilin may ayında keçirilən “Göycə” festivalından tanışdır. Belə ki, həmin festivalda o, “Ən yaxşı göycə” müsabiqəsində ikinci yerə layiq görülərək diplomla təltif olunub. Bu günlərdə isə Yaqut xanımla yaşadığı Vənənd kəndində görüşüb söhbət edərkən öyrəndik ki, “Ailə təsərrüfatı məhsulları” festivalında iştirak etmək üçün hazırlıq işləri görür.
Müsahibim bildirdi ki, Vənənd kəndində meyvəçilik tarixən inkişaf etdirilib. Hazırda da bu ənənə yaşadılır. Onun dediklərindən:
– Bağımızda müxtəlif meyvə ağacları var. Bu il isə meyvə daha bol olub. Hazırda bu mövsümdə yetişən meyvələri tədarük edirik. Ailə üzvlərimizin köməyi ilə birgə alma, armud, heyva, üzüm, şaftalı və digər meyvələrdən kompot və mürəbbələr hazırlamışıq. Satış üçün onları müxtəlif şüşə qablarda gigiyenik qaydalara uyğun olaraq qablaşdırmışıq. Bu məhsullarla yanaşı, Ordubad meyvələrindən hazır­lanmış sucuq, miyanpur, alana kimi ənənəvi məhsulları da yaddan ­çıxarmamışıq.
Yaqut Babayeva qədim zamanlardan sucuq, alana, miyanpur kimi Ordubad süfrələrinin bəzəyi sayılan nemətlərin hazırlanması ənənəsini təsərrüfatında davam etdirdiyini ­bildirir.
Öyrəndik ki, müsahibimiz bu­dəfəki “Ailə təsərrüfatı məhsulları” festivalına 40 çeşiddən çox məhsul çıxarmağı düşünür. Bu məhsullar içərisində meyvələrdən hazırlanmış müxtəlif təamlarla yanaşı, qurudulmuş müxtəlif pencər növləri və kəklikotu da var. Muxtar respublikamızda növbəti dəfə ailə təsərrüfatı sahiblərini bir yerə toplayacaq festival haqqında isə həmsöhbətimiz bunları dedi:
– “Ailə təsərrüfatı məhsulları” festivalı Naxçıvan şəhərində keçirilən ən maraqlı festivallardan biridir. Çünki payız fəslində təşkil edilən bu festivalda yerli məhsulların növ və çeşidi daha çox olur. Belə tədbirlərə yerli sakinlər və qonaqlar tərəfindən böyük maraq var. Hər kəs istədiyi məhsulu münasib qiymətə ala bilir. Eyni zamanda bu kimi tədbirlərdə biz yeni alıcılarla tanış olmaq imkanı qazanırıq. Onlar sonradan da sifariş üçün bizimlə əlaqə saxlayırlar. Həm də bazardan fərqli olaraq festivalda yerli məhsulların təqdimatı daha gözoxşayan olur.
Müxtəlif ailə təsərrüfatlarının həvəslə hazırlaşmalarından da bəlli olduğu kimi, ötən il keçirilən festival muxtar respublika sakinləri və həmin ərəfədə qədim diyarımıza gələn qonaqlar tərəfindən maraqla qarşılanıb. Bu il də elə olacağı şəksizdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, festivalda 15 kiçik sahibkarlıq subyekti və 304 ailə təsərrüfatı iştirak edəcək. Festivala gələnlərə 23 mindən artıq qablaşdırılmış məhsul təqdim ediləcək.

 Ramiyyə ƏKBƏROVA
 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299478
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3300
4291
11246
84124
3299478

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter