18 Aprel 2019, Cümə axşamı

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Ona görə də sahibkarlığın inkişafına geniş meydan verilməsi və bu sahəyə dövlət yardımının ilbəil artırılması böyük ­əhəmiyyətə malikdir. 

Son illərdə regionda aparılan meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi, taxıl və soyuducu anbarların tutumlarının artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin fəaliyyətə başlaması sahibkarlığın da sürətli inkişafına əlverişli şərait yaradıb. Görülən işlər isə ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Qeyd edək ki, bu gün muxtar respublikamızda onlarla sahibkarlıq obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən biri də Babək rayonundakı quşçuluq fabrikidir. Sahibkar Səyyad İmanquliyev deyir ki, bu təsərrüfatı 2009-cu ildə yaradıb. Sahibkarlığa Kömək Fondundan ilk olaraq 10 min manat vəsait alıb, kiçik bir sexlə bu işə başlayıb.
2012-ci ildə ailə təsərrüfatını genişləndirmək məqsədilə Sahibkarlığa Kömək Fonduna yenidən müraciət olunub. 120 min manat həcmində kredit hesabına 1 hektar ərazini 15 il müddətinə icarəyə götürüb. Orada quşçuluq fabriki üçün yeni bina inşa etdirib. Quşçuluq təsərrüfatında 4 sex qurulub. Fabrikə avadanlıqlar Almaniyadan gətirilib. İstehsal müəssisəsinin birgünlük cücəçıxarma gücü 10-15 min arasında dəyişir. Onu da qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən quşçu­luq təsərrüfatlarından fərqli olaraq burada bildirçin də bəslənilir. Quşlar müəyyən olunmuş temperaturda qapalı şəraitdə bəslənilir, onlara baytar həkim tərəfindən nəzarət olunur.

Fabrikdə sanitar-gigiyenik qaydalara və texnoloji proseslərə ciddi əməl edildiyini, quşların bəslənilməsindən tutmuş satışa çıxarılmasınadək bütün texniki normalara ciddi riayət olunduğunu gördük. Müəssisədə quşların kəsimi və paketlənməsi üçün də lazımi şərait yaradılıb. Kəsim prosesi tələb olunan qaydalara uyğun şəkildə həyata keçirilir. Buradan isə sifarişə uyğun olaraq ticarət obyektlərinə yola ­salınır.
Sahibkar bildirçin yumurtası ilə bağlı bilmədiklərimizə də aydınlıq gətirdi. Dedi ki, mətbəxlərdə toyuq yumurtası qədər istifadə olunmasa da, bildirçin yumurtasının böyük faydaları var. Həmin yumurtaların kiçik ölçüsünə baxmayaraq, digər yumurtalardan daha çox protein və amin turşularına malikdir. Xərçəngdən qripə qədər bir çox xəstəliklərin müalicəsində faydalı olan bildirçin yumurtası immunitet sistemini gücləndirir. Qida dəyəri çox yüksək olan bu yumurtanın 1 ədədi 4 toyuq yumurtasını əvəz edir. Məhz faydalı xüsusiyyətləri səbəbindən son illər bildirçin yumurtasına tələbat artıb. Quşçuluq fabrikinə baytarlıq nəzarəti məqsədilə gəlmiş Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsinin müdiri Əyyub Abdullayev söhbətimizə müdaxilə edərək bildirdi ki, bildirçin yumurtasının bişirilmə qaydasını bilmək də çox vacibdir. Bəzi qadınlar onu uşaqlara ya çiy halda içirməyə çalışır, ya da südə qarışdıraraq daha çox faydalı olduğunu düşünürlər. Amma, əslində, bildirçin yumurtasını yarıbişmiş qəbul etmək lazımdır. Bunun üçün onu bir qazana qoyub üzərinə çıxanadək su ilə doldurmaq və 50-60 saniyə vam odun üstündə saxlamaq gərəkdir. Təbii şəraitdə bəslənən bildirçinin yumurtasının yalnız sarısını çiy halda qəbul etmək doğrudur. Yumurtanın ağ hissəsi mütləq bişirilməlidir. Ümumiyyətlə, növündən asılı olmayaraq, yumurtanın çiy qəbul edilməsi salmonella virusuna, quş qripinə səbəb ola bilər. Böyrəklərində problem olan insanlar bu yumurta ilə qidalanmazdan öncə həkimlə məsləhətləşməlidirlər. Bəzən valideynlər bu yumurtanın kiçik olması baxımından daha az kalorili olduğunu düşünərək körpə uşaqlara bir gündə 3-4 bildirçin yumurtası yedirir. Bu, yolverilməzdir.
Əməliyyatdan sonra çox qan itirmiş, immuniteti zəifləmiş insanlara da bildirçin yumurtası əvəzsiz dərmandır. Zülal çatışmazlığı, özünü yorğun və enerjisiz hiss edənlərə ən yaxşı dərman olan bildirçin yumurtası idmançılar üçün də əla qidadır. Belə ki, kalorisi az, amma qida dəyəri yüksək olan bu yumurta idmanda enerjisini itirən insanlara gün boyunca yüksək əhval, bol enerji verir.
Son olaraq onu da deyək ki, quşçuluq fabrikinin fəaliyyətə başlaması daxili bazarda yüksəkkeyfiyyətli bildirçin ətinə, toyuq və bildirçin yumurtasına, cücəyə olan tələbatın ödənilməsinə töhfəsini verir, məşğulluğun təmin olunmasında da mühüm rol oynayır. Müəssisə yaxın vaxtlarda istehsal etdiyi məhsulun muxtar respublikadan kənarda satışını da planlaşdırır.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3866389
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3904
4264
14779
56780
3866389

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter