18 Oktyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası ötən illər ərzində bütün istiqamətlər üzrə sürətli inkişafını təmin edərək Azərbaycanın iqtisadi regionları arasında liderliyini qoruyub. Məhz bunun nəticəsi olaraq 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club” tərəfindən müəyyən edilən investisiya reytinqində muxtar respublikamız ölkəmizin regionları arasında 18 parametr üzrə ən yüksək ümumi bal toplayıb. İnvestisiya reytinqində liderliyin əldə olunması həyata keçirilən islahatların səmərəliliyini, kiçik və orta sahibkarlığın inkişafının təmin edildiyini, biznes imkanlarının genişləndirildiyini, investisiya mühitinin yaxşılaşdırılması ilə investisiyaların həcminin artırıldığını və iqtisadi inkişafın dinamik şəkildə yüksəldiyini bir daha göstərir. İnvestisiya mühitinin formalaşmasında sağlam siyasi-iqtisadi və normativ-hüquqi mühit, şəffaflıq, proqnozlaşdırma kimi amillər mühüm rol oynayıb.

Muxtar respublikada biznes mühitinin liberallaşmasına, sənayeləşmə siyasətinin gücləndirilməsinə, iqtisadiyyatın bütün sahələri üzrə optimal nəticələrin əldə olunmasına və ümumilikdə, sosial-iqtisadi inkişafa istiqamətlənmiş dövlət siyasətinin davam etdirilməsi ümumi daxili məhsulun (ÜDM) dinamik artımına imkan yaradıb. Makroiqtisadi sabitliyin iqtisadi artıma doğru istiqamətlənməsi, ÜDM-in yüksəlməsi isə investisiya potensialını genişləndirib. Cəmiyyətin iqtisadi rifahının əsas göstəricilərindən biri hesab olunan ÜDM və onun dinamik artımı dövlət xərclərinin, xalis ixracatın həcminin, yaradıcı insan potensialının reallaşdırılması imkanlarının daha yüksək olmasına şərait yaradıb. Nəticədə, insanların həyat səviyyəsinin əsas göstəriciləri olan adambaşına düşən ümumi daxili məhsul və əhali gəlirləri yüksəlib. 2017-ci ildə ÜDM-in 1995-ci ilə nisbətən 62 dəfə, adambaşına düşən ÜDM-in 45 dəfə artması və adambaşına düşən ÜDM-in əhali artımını dəfələrlə qabaqlaması muxtar respublikada yürüdülən iqtisadi siyasətin mühüm uğurları sırasındadır.

Səmərəli və yüksək rəqabətli biznes mühitinin mövcud olması, istehsalın texnoloji cəhətdən təkmilləşdirilməsi, təbii ehtiyatların dövriyyəyə cəlb olunmasının genişləndirilməsi ÜDM-in inkişafına birbaşa təsir edir. Bununla belə, cəmiyyətin müxtəlif tələbatlarının ödənilməsi, məhsuldarlığın əldə olunması və mənfəətin qazanılması üçün bütün istehsal amillərini sahibkarlıq fəaliyyəti birləşdirir və əlaqələndirir. Ümummilli liderimiz Heydər Əliyev də sahibkarlığın inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayaraq deyirdi: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”. Sahibkarlığın inkişafı bir tərəfdən məhsul bolluğu yaratmaqla bazarın formalaşmasına səbəb olur və sağlam rəqabət üçün geniş imkanlar açırsa, digər tərəfdən işsizlik probleminin həllini sürətləndirir. Naxçıvan Muxtar Respublikasının regional rəqabət indeksinə görə mövqelərinin getdikcə gücləndirilməsində sahibkarlığın inkişafı mühüm amil kimi qiymətləndirilir. Bu məqsədlə sahibkarlara süni maneələrin yaradılmaması, onların fəaliyyətinə qanunsuz müdaxilə hallarının qarşısının alınması üçün əsaslı tədbirlər görülüb, qeydiyyat sistemi sadələşdirilib, lisenziyalar minimuma endirilib, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində əhəmiyyətli addımlar atılıb.
Sahibkarlığa Kömək Fondunun yaradılması özəl bölmənin inkişafını daha da sürətləndirib. Təkcə ötən il sahibkarlara verilən 10 milyon 59 min manatdan çox kredit hesabına 60 yeni istehsal və xidmət sahəsi istifadəyə verilib. İqtisadi inkişaf və rifah, investisiya və biznes mühiti arasında möhkəm əlaqənin yaradılması sayəsində bu gün muxtar respublikada istehsal olunan məhsul növü 10-dan 372-yə çatdırılıb, 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilməklə daxili bazarın qorunmasına nail olunub. Blokada şəraitində yaşamasına baxmayaraq, yerli iqtisadiyyatın inkişafı və regionda məhsul çeşidlərinin şaxələndirilməsi istiqamətində göstərilən səylər investisiya reytinqinin nəticələri ilə tanış olan beynəlxalq nümayəndələr tərəfindən də çox yüksək dəyərləndirilir.
Sahibkarlığın inkişafı, infrastrukturun yaradılması xidmətlərə çıxışın asanlaşdırılmasına və ixracatın stimullaşdırılmasına şərait yaradıb. 2009-cu ildən etibarən muxtar respublikada yerli məhsulların rəqabətqabiliyyətliliyi artırılmaqla xarici ticarət dövriyyəsində müsbət saldo yaranıb. Əgər 1995-ci ildə xarici ticarət dövriyyəsinin 90 faizi idxalın, cəmi 10 faizi ixracın payına düşürdüsə, ötən illər ərzində bu strukturda köklü dəyişikliklər baş verib, onun 92 faizini ixrac, cəmi 8 faizini idxal təşkil edib. 2017-ci ildə xarici ticarət dövriyyəsinin həcmi 1995-ci ilə nisbətən 24 dəfə artımla müşayiət olunub. Sahibkarlıq subyektlərinin beynəlxalq əlaqələrinin genişləndirilməsi və yerli istehsal məhsullarının xarici ölkələrdə tanıdılması üçün sahibkarların yerli və xarici ölkələrdə keçirilən biznes-forum, konfrans, sərgilərdə iştirakı təmin edilib. Blokada şəraitin­də olan muxtar respublikamızda istehsal olunan bir çox kənd təsərrüfatı və sənaye məhsullarının Türkiyə Respublikasına rüsumsuz ixracı barədə qərarın qəbul edilməsi Naxçıvanın ixrac imkanlarının genişləndirilməsinə öz töhfəsini verəcəkdir.
Həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasət nəticəsində artıq 10 ilə yaxındır ki, ÜDM-in sahə strukturunda ilk yerdə qərar tutan sənaye sahəsi üzrə hər il yeni emal müəssisələrinin fəaliyyətə başlaması muxtar respublikanın investisiya cəlb­ediciliyinə mühüm təsir göstərib. Faktlar da bunu təsdiq edir. Belə ki, 2005-ci illə müqayisədə sənaye sahəsinə yönəldilən investisiyaların həcmi 6, əsas fondların dəyəri 7 dəfədən çox artıb. Hazırkı dövrdə muxtar respublikanın sosial-iqtisadi inkişafında, yeni iş yerlərinin yaradılmasında, ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığın minimuma endirilməsində sənaye poten­sialının çox mühüm rol oynadığını xüsusi qeyd etmək lazımdır. Bu gün muxtar respublikada istehsal olunan sənaye məhsulunun 94,8 faizi özəl sektorun, 96 faizi malların, 4 faizi isə xidmətlərin payına düşür. Muxtar respublikada fəaliyyət göstərən sənaye müəssisələrinin sayı son 22 ildə 11 dəfə artaraq 442-yə çatıb, bu müəssisələrin istehsal etdiyi sənaye məhsulunun həcmi isə 106 dəfə artıb. Dövlətin iqtisadi imkanlarının genişlənməsi yeni-yeni layihələrin həyata keçirilməsinə şərait yaradıb, iqtisadi inkişafın əsas göstəricilərindən biri olan adambaşına düşən sənaye məhsulunun həcminə ciddi təsir göstərib. 1995-ci ildə adambaşına düşən sənaye məhsulunun həcmi 27 manat təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 2140 manatdan çox olub.
Muxtar respublikanın müasir iqtisadi potensialı, sahib olduğu əkinçilik, heyvandarlıq və mədən xammalları, Naxçıvanın öz imkanları hesabına, sənayeləşmənin daha da sürətlənməsinə imkan verib. Sənayenin strukturunda ilk yeri yeyinti sənayesi tutub. Bu sahənin inkişafı kənd təsərrüfatının da tarazlı şəkildə inkişafını stimullaşdırıb. Muxtar respublikada aparılan iqtisadi siyasətin məqsədi yerli xammala əsaslanan kənd təsərrüfatı məhsulları emalını artırmaqdan ibarət olub. Ona görə də kənd təsərrüfatında yüksək məhsuldarlığın təmin edilməsi, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili və ərzaq təhlükəsizliyinin daim möhkəmləndirilməsi aqrar sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi diqqəti cəlb edir. Muxtar respublika əhalisinin 70 faizdən çoxunun kəndlərdə yaşaması nəzərə alınaraq, onların sosial vəziyyətinin və həyat səviyyəsinin yüksəldilməsi hər zaman diqqət mərkəzində saxlanılıb. Ənənəvi emal müəssisələrinin bərpa olunması məqsədilə iqtisadi səmərəlilik baxımından gəlirli sahələrdən olan üzümçülüyün və tütünçülüyün inkişafı üçün tədbirlər görülüb. Heyvandarlara 1 milyon 750 min manat həcmində kreditin verilməsi sayəsində 11 yeni heyvandarlıq təsərrüfatı, arıçılara 50 min manat həcmində kreditlər verilərək 3 arıçılıq təsərrüfatı və mum vərəqi istehsalı sahəsi, eyni zamanda əhalinin quş əti və yumurtaya olan tələbatının ödənilməsi üçün 7 yeni quşçuluq təsərrüfatı yaradılıb. Ümumilikdə, 2017-ci ildə muxtar respublikada istehsal olunan kənd təsərrüfatı məhsulunun həcmi 1995-ci ilə nisbətən 12 dəfə artıb.
Müəyyən olunmuş keyfiyyət standartları çərçivəsində əhalinin əsas qida məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi, strateji məhsul olan taxılı uzun müddət saxlamağa imkan verən anbarların, kənd təsərrüfatı məhsullarının saxlanması və satışını təmin edən soyuducu anbarların istifadəyə verilməsi muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına əlverişli zəmin yaradıb. İstehsal və xidmət müəssisələrinin artması məhsul istehsalının həcmi və məşğulluq səviyyəsinin yüksəlməsi ilə nəticələnib ki, bu da əhalinin maddi rifahını yaxşılaşdırıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə təsdiq edilmiş 2014-2015-ci illəri əhatə edən birinci dövlət proqramı uğurla icra edilib, 2016-2020-ci illəri əhatə edən ikinci dövlət proqramının reallaşması nəticəsində 2017-ci ildə 98 faizi daimi iş yeri olmaqla, 2437, ümumilikdə isə keçən dövr ərzində 12 mindən çox yeni iş yeri açılıb. Dövlətin sosial­-iqtisadi siyasətinin əsasını gəlirlər və yüksək əməkhaqqı siyasəti təşkil etdiyindən gəlirlərin formalaşması ilə bağlı tədbirlər sistemi vasitəsilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olunub.
Enerji sektoru iqtisadi inkişafa təkan verən əsas mexanizmlərdən biridir. Enerjinin səmərəli istifadəsinin iki mühüm yolu vardır: mövcud olan enerji mənbələrindən daha səmərəli istifadə və yeni alternativ enerji mənbələrinin səfərbər edilməsi. Alternativ enerji mənbələrinin texnologiyaları digər enerji resursları ilə müqayisədə ətraf mühitə daha az zərər vurur, eyni zamanda etibarlı və davamlı enerji xidmətləri göstərilir. Muxtar respublikanın il ərzində günəşli və küləkli günlərinin miqdarına görə bərpaolunan enerji mənbələrinin potensialı baxımından əhəmiyyətli mövqeyə malik olduğu dəyərləndirilərək Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilib. Hazırda muxtar respublikanın enerji ehtiyatlarına olan tələbatının 60 faizi məhz alternativ enerji hesabına ödənilir. Külək enerjisindən istifadə istiqamətində isə Culfa rayonu ərazisində işlər davam etdirilməkdədir. Muxtar respublikada elektrik enerjisi istehsal edən müəssisələrin sayının 1-dən 8-ə çatdırılması enerji təhlükəsizliyini təmin etməklə sənayeləşmə siyasətinin genişlənməsinə yeni imkanlar açıb.
İnvestisiya prosesi ölkənin gələcəyini formalaşdırır, rəqabət qabiliyyətini gücləndirir. İnvestisiyaların xüsusi çəkisi ÜDM-də nə qədər çox olarsa, bu göstərici iqtisadiyyatda müsbət nəticə kimi qiymətləndirilə bilər. Bu sahədə də ciddi nailiyyətlər əldə edilib. Əsas kapitala investisiya qoyuluşu 1995-ci ilə nisbətən 2017-ci ildə 350 dəfə artıb ki, bunun da 93 faizə qədəri tikinti-quraşdırma işlərinə sərf olunub. Nəticədə, saysız-hesabsız istehsal və sosial obyektlər tikilib istifadəyə verilib, kəndlə şəhər arasındakı fərq aradan qaldırılıb, rayonların tarazlı inkişafına nail olunub, yol, nəqliyyat, su təchizatı, kommunal xidmət, təhsil, səhiyyə sahələrində infrastrukturun keyfiyyəti ən yüksək səviyyəyə çatdırılıb. Nəqliyyat və kommunal xidmətlər infrastrukturunun keyfiyyəti sahibkarların bazara giriş xərclərini azaltmaqla ixracatın artmasına təkan verib, təhsil və səhiyyə infrastrukturunun keyfiyyəti isə insan kapitalının inkişafına müsbət təsir göstərib. Təkcə ötən ildə muxtar respublika üzrə 70 kilometr uzunluğunda yeni asfalt yol salınıb, 10 orta məktəb binası, 1 uşaq bağçası, 1 uşaq musiqi məktəbi, Naxçıvan Dövlət Universiteti üçün yeni tədris korpusu istifadəyə verilib, Naxçıvan Müəllimlər İnstitutu üçün yeni tədris kompleksi yaradılıb, tibbi xidmətlərin yaxşılaşdırılması istiqamətində tədbirlər görülüb.
Sosial və iqtisadi əlaqələri tənzimləyən sahə kimi turizm muxtar respublikada aktiv şəkildə inkişaf etdirilir. Turizm sektorunun inkişafının dəstəklənməsi və milli dəyərlərə uyğun turizm tədbirlərinin keçirilməsinə əsaslanan yeni investisiya layihələrinin cəlb edilməsi nəticəsində muxtar respublikaya gələn yerli və xarici turistlərin sayı 413 mini ötüb ki, bu da son 10 ildə 3 dəfə artım deməkdir.
İnvestisiya siyasətinin əsas məqsədlərindən biri də lizinq xidmətinin və ipoteka kreditinin inkişafı üçün şəraitin yaradılmasından ibarət olub. Elə bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 28 yanvar tarixli Sərəncamı ilə yaradılmış “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ona məxsus olan kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinq yolu ilə verilməsi və ya müddətli satılması sahəsində səmərəli fəaliyyət göstərib, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq muxtar respublikaya gətirilib. 2016-cı il noyabrın 7-də isə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə uzunmüddətli ipoteka kreditlərinin verilməsinə başlanıb, 2017-ci il ərzində cəmiyyət tərəfindən 1 milyon 757 min 264 manat məbləğində ipoteka krediti verilərək əhalinin mənzil təminatı yaxşılaşdırılıb.
Rəqabətlilik reytinqinin yüksək olması muxtar respublika iqtisadiyyatının cəlbediciliyini artırır. Bu da biznes fəaliyyətinin nə dərəcədə səmərəli olduğunu müəyyən etməyə imkan verməklə yerli məhsulların rəqabət qabiliyyətinin artmasına və dünya bazarına çıxışını asanlaşdırmaqla investisiya imkanlarının genişlənməsinə şərait yaradır. Bütün bunlara əsaslanaraq qətiyyətlə demək olar ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın iqtisadi region­larının 2017-ci il üçün investisiya reytinqində yüksək bal toplayaraq ilk yeri tutması muxtar respublikamızda aparılan davamlı sosial-iqtisadi inkişafın məntiqi nəticəsidir. Bu nailiyyətlərin təməlində duran əsas səbəb isə ulu öndər Heydər Əliyev siyasi xəttinə sədaqət və bu yolun uğurla davam etdirilməsidir.

Mehriban İMANOVA
Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3153568
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
628
4404
13733
68115
3153568

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter