25 İyun 2019, Çərşənbə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Daha bir il də tarixə döndü. Zaman baxımından çox da böyük müddət olmayan ilin necə gəlib keçdiyinin fərqinə vara bilməsək də, diyarımızın salnaməsinə həkk olunan saysız-hesabsız genişmiqyaslı quruculuq ərməğanları, unuda bilməyəcəyimiz xoş xatirələr bizimlə qalıb.
2018-ci ildə ötən ili məhz böyük uğurları, həyatımıza gətirdiyi yenilikləri ilə xatırlamağa tam haqqımız var. Çünki yola saldığımız il hər birimizin həyatına ayrı-ayrı izlər salıb. Hər il olduğu kimi, ötən il də muxtar respublikada infrastrukturun yenidən qurulması, səhiyyə və təhsil müəssisələri üçün yeni binaların tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib, hər bir sahədə nailiyyətlər əldə edilib. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılmasının müsbət nəticələri 2017-ci ildə bir qədər də artıb. Qeyd etmək yerinə düşər ki, regionda sistemli və davamlı xarakter alan quruculuq tədbirləri muxtar respublikamızın sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edib. Bu da, son nəticədə, insanların rahat, firavan yaşamasına səbəb olub.

Bunun səbəbini geniş izah etməyə bir o qədər də ehtiyac yoxdur. Çünki xalqımızın minilliklər boyu yaratdığı dəyərləri yaşatmaq, gələcək nəsillərə olduğu kimi miras qoymaq üçün 2017-ci ildə də möhtəşəm tədbirlər reallaşdırıldı. Bununla yanaşı, neçə illərdir ki, muxtar respublikanın ayrılmaz həyat ritminə çevrilən tikinti­-quruculuq işləri öz axarı ilə davam etdirildi. Belə tədbirlər diyarımızın tarixinə bir sıra yeniliklər yazdı. Bu yeniliklərə blokada şəraitində necə nail olmağı təsəvvür etmək çətin deyil. Ancaq muxtar respublika sakinləri ötən il bir daha gördülər və yəqin etdilər ki, bu qədim diyarda insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına qayğı və diqqət günümüzün reallığına çevrilib. Bu reallığı hər addımda, ilin ilk günündən sonuncu gününə qədər gördük. Qurub-yaratmaq istəyimizi gücləndirən başlıca amil də məhz bu reallığı yaşamağımızdır. Kimlərəsə bu, təəccüblü görünə bilər. Əsl həqiqətdə də belədir. Muxtar respublikaya ölkəmizin digər bölgələrindən, xarici ölkələrdən gələn qonaqlar qədim diyarın belə intibaha qovuşmasına inana bilmirlər. Bunun təməlində isə ulu keçmişə ehtiram, sabaha cavabdehlik hissləri, düzgün seçilib müəyyənləşdirilmiş yol dayanır. Vətənini, xalqını sevən, ona ürəkdən bağlı olan hər bir kəs, təbii ki, əldə edilən bu uğurlardan fərəhlənməyə, qürur hissi keçirməyə bilməz.
Onu da deməliyik ki, bu gün muxtar respublikamız sürətli inkişaf yolunda olan Azərbaycanın regionları arasında ön sırada dayanır. Buna nail olmaq üçün qədim diyarımızda başlıca amil olan sabitlik təmin edilib. Sabitlik, yurd yerinə bağlılıq, dünənə ehtiram, sabaha cavabdehlik hisslərinin başlıca amil olduğu bu məkanda istənilən nəticəyə nail olmaq mümkündür. Bunu 2017-ci il dekabr ayının 30-da keçirilmiş beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasının materialları da bir daha təsdiqləyir. Sessiyada Ali Məclis Sədrinin dərin elmi təhlilə əsaslanan məruzəsinə nəzər saldıqda görürük ki, muxtar respublikamız 2017-ci ili də yüksək göstəricilərlə başa vurub. Belə göstəricilər 21 il əvvəl başlanan yeni inkişaf yolunun davamı, dahi Heydər Əliyev siyasi kursunun əməli bəhrələridir. Bu bəhrələri həyatımızın bütün sahələrində görür və fəxr edirik ki, dünya dəyərlərinə uyğun şəkildə müasirləşən, Qərb və Şərqin sivil həyat tərzini özündə ehtiva edən, beynəlxalq simpozium və görüşlərin ev sahibinə çevrilən Naxçıvan artıq qibtəolunacaq bir diyara çevrilib. Qazanılan uğurların daha çox olması da təbiidir. Çünki muxtar respublikamızda ­gedilən yol ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yoldan kənarda heç bir qələbədən danışmaq olmaz. Ali Məclis Sədrinin sessiyadakı məruzəsində dediyi kimi: “Əvvəlki dövrlərdə olduğu kimi, başa çatmaqda olan 2017-ci ildə də muxtar respublikanın sosial-iqtisadi həyatında inkişaf təmin olunmuş, sosial infrastruktur və əhalinin həyat səviyyəsi daha da yaxşılaşdırılmışdır. Tərəqqi və inkişafın davamlı xarakter alması ümummilli lider ­Heydər Əliyevin siyasi xəttinə sadiqliyin və ölkə Prezidentinin blokada şəraitində yaşayan muxtar respublikaya göstərdiyi diqqət və qayğının nəticəsidir”.
Qısa statistikaya müraciət edək: 2017-ci ildə bütün maliyyə mənbələri hesabına kapital qoyuluşlarının həcmi artaraq 916 milyon 390 min manat təşkil edib, bütün sahələrdə inkişaf təmin olunub, makroiqtisadi göstəricilər daha da artıb. Belə ki, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci il ərzində ümumi daxili məhsulun həcmi 1,6 faiz artaraq 2 milyard 357 milyon manatdan çox olub. Onun bir nəfərə düşən həcmi 5 min 228 manat təşkil edib. Bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 3,7 faiz çoxdur. Ümumi daxili məhsul istehsalının 57 faizdən çoxu real sektorun payına düşüb. Bu isə davamlı və tarazlı inkişafın əsas göstəricisidir.
Hər il olduğu kimi, 2017-ci ildə də sahibkarlıq fəaliyyəti dəstəklənərək əlverişli biznes mühitinin yaradılması sahəsində tədbirlər davam etdirilib. Bu isə muxtar respublikanın istehsal potensialının daha da güclənməsinə gətirib çıxarıb.
O da vurğulanmalıdır ki, düzgün kreditləşmə siyasəti olmadan sahibkarlıqda dayanıqlı fəaliyyəti təmin etmək mümkün deyil. Hazırda muxtar respublikada kreditlər üzrə tətbiq edilən faiz dərəcələrinin ən aşağı səviyyədə olması muxtar respublikanın kredit bazarında canlanma yaradıb. Kreditlərin verilməsi ötən il də davam etdirilərək sahibkar­lara 8 milyon 664 min manatdan çox kreditlər verilib, 60 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb, daha 36 hüquqi və 2015 fiziki şəxs dövlət qeydiyyatına alınıb. Yaradılmış belə əlverişli şəraitin nəticəsidir ki, bu gün muxtar respublikada 368 növdə məhsul istehsal olunur, 344 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.
Sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi hesabına məşğulluq səviyyəsi artıb, yeni iş yerləri açılıb. Bəhs olunan dövrdə muxtar respublika üzrə 1919 yeni iş yeri yaradılıb ki, bunun da 98 faizi daimi iş yerləridir.
Muxtar respublika sakinlərinin ərzaq təhlükəsizliyinin təmin edilməsində aqrar sektorun üzərinə mühüm vəzifələr düşür. Ona görə də əvvəlki illərdə olduğu kimi, ötən il də aqrar sahədə çalışanlar hərtərəfli dövlət qayğısı gördülər. Kənd yaşayış məntəqələrində şəhər rahatlığının təmin edilməsi, məhsul istehsalçılarına maliyyə dəstəyinin gücləndirilməsi, texnika və gübrə ilə təminatın yaxşılaşdırılması, suvarma sistemlərinin yenilənməsi, hazır məhsulun satışı və saxlanılması üçün əlverişli şəraitin yaradılması kənd təsərrüfatı məhsullarının istehsal həcmini xeyli dərəcədə artırdı. Bəhs edilən ilin məhsulu üçün əkin aparılmış 61 min 531 hektar sahədən bol kənd təsərrüfatı məhsulları götürüldü.
Ənənəvi təsərrüfatçılıq sahələri olan meyvəçilik və tərəvəzçilikdə də qazanılan uğurlar diqqətçəkicidir. Meyvə və tərəvəzçiliyin inkişafını nəzərdə tutan iki dövlət proqramında qarşıya qoyulan vəzifələrin icrası bu sahəyə olan marağı daha da artırıb, unudulmuş bəzi yerli sortların bərpasına, yeni sortların əldə edilməsinə səbəb olub. 2017-ci ildə 6 min 170 hektar sahədə tərəvəz, 2 min 772 hektar sahədə bostan əkinləri həyata keçirilib, yeni meyvə bağlarının salınması davam etdirilib. Üzümçülüyün inkişafını təmin etmək məqsədilə yeni üzüm bağlarının salınması və üzüm tinglərinin becərilməsi diqqətdə saxlanılıb.
Ərzaq təminatında xüsusi çəkiyə malik olan heyvandarlığın inkişafına qayğı da unudulmayıb, bu sahəyə dəstək məqsədilə fermerlərə 1 milyon 488 min manat həcmində kredit verilib, 11 yeni heyvandarlıq təsərrüfatı, əhalinin müxtəlif növ quş əti və yumurta məhsullarına olan tələbatının ödənilməsi məqsədilə 7 yeni quşçuluq təsərrüfatı yaradılıb. Kənd təsərrüfatının inkişafında arıçılığın da mühüm əhəmiyyəti nəzərə alınaraq 2016-cı il noyabrın 18-də qəbul olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” iqtisadi cəhətdən gəlirli, qida və müalicəvi baxımdan faydalı olan arıçılığın inkişafı üçün geniş imkanlar açıb. Arıçılara 37 min manat həcmində kreditlər verilib, 3 arıçılıq təsərrüfatı və mum vərəqi istehsalı sahəsi fəaliyyətə başlayıb.
Bütövlükdə, ötən il muxtar respublikada 388 milyon 627 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 4 faiz çoxdur.
Məlumat üçün bildirək ki, xarici ölkələrin diplomatik nümayəndəlik və mütəxəssislərinin də rəylərinin əks olunduğu “Caspian European Club”un nəşrləri dünyanın 70 ölkə­sinin dövlət və hökumət başçılarına, dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinə təqdim olunur və geniş beynəlxalq oxucu auditoriyasının diqqətinə çatdırılır. Bu nüfuzlu təşkilatın 18 parametr və 6 qrup üzrə hazırladığı təhlillər muxtar respublikamızda iqtisadi inkişafın artan dinamika ilə getdiyini bir daha təsdiq etdi. Təbii ki, bu inkişafdan bəhrələnən muxtar respublika ­sakinləridir.
Bir məsələni də oxucuların diqqətinə çatdıraq: 2017-ci il həyatımızda elə uğurlu illərdən biridir ki, kiçik bir yazıda bu uğurlardan bəhs etmək qeyri-mümkündür. Yəni həyatın bütün sahələrinə eyni dərəcədə göstərilən qayğı öz bəhrələrini verib. Gülzarlıqlar, yaşıllıqlar, gözəlliklər diyarına çevrilən muxtar respublikada bərqərar olunmuş ictimai-siyasi sabitlik insanların həyata baxışlarını kökündən dəyişdirib. İnsanlar sosial­-iqtisadi inkişafda başlıca amillər olan tikinti-quruculuq prosesləri, aqrar sahədə aparılan islahatların nəticələri, daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılması, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, həyatımızın bütün sahələrində – təhsil, mədəniyyət, səhiyyə, rabitə, nəqliyyat və digər sahələrdə qazanılan uğurları yüksək dəyərləndirirlər. İnsanların bu proseslərdə fəallığını isə yurdumuzu daha gözəl, daha füsunkar, iqtisadiyyatını güclənən bir diyar görmək istəyinin ifadəsi kimi qiymətləndirmək olar. Bu, doğma Vətənə, onun daha işıqlı sabahına bağlı­lığın, yurdsevərliyin ən gözəl təcəssümüdür. Bütün bunları düşünərkən yadıma ümummilli liderimizin sözləri düşür: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”.
Bu gün ulu öndərin planlarının, arzularının yerinə yetirildiyini bu qədim torpağın istənilən ünvanında görmək olar. Bu isə inkişafın möcüzə təsiri bağışlayan ifadəsi, günün reallığıdır.
2018-ci ilin ilk ayını başa vurmaqdayıq. Necə qarşıladıq növbəti ili? Dükan-bazarlarımızda bolluq, çöhrələrdə təbəssüm, qəlblərimizdə sevinc, diləklərimizdə yurdumuzda belə günlərin əbədi olması istəyi ilə. Bu əbədiliyə bütün varlığımızla inanırıq. Çünki min illərdir, hər açılan sabah həyatın davamı olub. Bu həyat, bu yaşam möhkəm özüllər üzərində qurulubsa, onun gələcəyi gözlənildiyindən də yaxşı olacaq. Bu mənada, 2017-ci ilin uğurları 2018-ci ilin daha yüksəliş ili olacağına möhkəm inam yaradıb.

Ulu öndərin ideyalarının dönmədən həyata keçirildiyi, arzularının anbaan gerçəkləşdiyi muxtar respublikamız ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilən 2018-ci ilə uğurla qədəm qoyub. Bu gün qədim diyarda nail olduqlarımızın təməlində məhz bu amil dayanır: ulu öndərin müəyyənləşdirdiyi siyasətə, xalqımızın böyük oğlunun bizə irs qoyduğu yola sədaqət və ehtiram. Təməli tarixi nailiyyətlərlə qoyulan bu ildə də ümummilli liderimiz Heydər Əliyevin ideyaları yolumuzu işıqlandıracaq. Bu yol əbədi yoldur.

 Muxtar MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4128898
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1702
4356
6058
92498
4128898

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter