19 Yanvar 2019, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar 2017-ci ildə də qorunub saxlanılmış, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilmişdir.
2017-ci ilin ən mühüm hadisələrindən biri ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuşdur. Ölkə başçısı səfəri zamanı Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün yaşayış binasının, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin binasının, Culfa və Şahbuz rayonlarının mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin açılışında, Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimlərində iştirak etmiş, muxtar respublikanın inkişafını yüksək qiymətləndirərək demişdir: “Doğrudan da son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.

2017-ci ildə ümumi daxili məhsul istehsalı 2 milyard 701 milyon manatdan artıq olmuşdur ki, bu da bir il öncəki göstəricidən 1,5 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun dəyəri əvvəlki ilə nisbətən 3,6 faiz artaraq 5 min 990 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,6 faizlik payla sənaye tutmuş və maddi istehsalın payı 58,7 faiz təşkil etmişdir.

Makroiqtisadi göstəricilər

*) müqayisəli qiymətlər üzrə
**) yanvar-noyabr ayları göstəricisi

Sənaye

Muxtar respublikada həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində sənayeləşmə prosesi daha da sürətləndirilmiş, rəqabətədavamlı yeni istehsal və xidmət sahələri yaradılmaqla dinamik inkişaf təmin edilmişdir.
2017-ci ildə muxtar respublikada 967 milyon 60 min manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1,4 faiz üstələmişdir.
Sənaye məhsulu istehsalının 96,1 faizi malların, 3,9 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 49 milyon 878 min 900 manatlıq, qeyri-dövlət sektorunda isə 917 milyon 181 min 100 manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 94,8 faizi özəl sektorun payına düşmüşdür.

Sənaye məhsulu istehsalının
dinamikası, min manat

2017-ci ildə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 60 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 23 layihə üzrə istehsal və xidmət ­obyektlərinin yaradılması davam etdirilmişdir.
Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş, 2017-ci ildə 321 milyon 841 min 600 ABŞ dolları dəyərində məhsul ixrac olunmuşdur.

Hərbi quruculuq

Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir. 2017-ci ildə Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə hərbi parad keçirilmiş, Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzi istifadəyə verilmiş, mərkəzi hərbi xəstəxananın, tibb, texniki qulluq və texniki nəzarət məntəqələrinin, avtomobil dayanacağının, anqarın tikintisi davam etdirilmişdir.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında infrastruktur obyektlərinin tikintisi başa çatdırılmış, sərhəd diviziyasında yaşayış binasının, Qaraçuq kəndi ərazisində Sərhəd Nəzarət məntəqəsinin inzibati binasının yenidən qurulması, Şərur rayonunda “N” hərbi hissədə infrastruktur obyektlərinin, Babək rayonunda qərargah binasının və texniki istismar hissəsinin tikintisi davam etdirilmişdir.
Şərur rayonunda qərargah binasının, əsgər yeməkxanasının və əsgər yataqxanasının, Babək rayonunda anqarın tikintisi başa çatdırılmış, Culfa rayonunda dörd, Şahbuz rayonunda üç anqarın tikintisi davam etdirilmişdir.

Tikinti-quruculuq və su təchizatı tədbirləri

İqtisadi və sosial sahələrdə infrastrukturun yenilənməsinin təmin edilməsi, yeni istehsal və xidmət sahələrinin yaradılması istiqamətində 2017-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 5 milyon 761 min manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən çoxdur. İnvestisiya qoyuluşlarının 933 milyon 58 min 500 manatı və ya 92,8 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
2017-ci ildə muxtar respublikada 236 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur. 98 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri isə davam etdirilmişdir.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üzrə tədbirlər 2017-ci ildə də davam etdirilmiş, 9 kənd mərkəzi istifadəyə verilmiş, 2 kənd mərkəzində inşaat işləri davam etdirilmişdir.
Muxtar respublikada 2 yaşayış binasının tikintisi, 7 yaşayış binasının yenidən qurulması, 2 yaşayış binasının əsaslı təmiri başa çatdırılmışdır. 3 yaşayış binasının tikintisi, 7 yaşayış binasının yenidən qurulması davam etdirilmişdir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2017-ci ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 377 min 699 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2016-cı ildəki müvafiq göstəricidən çoxdur.
Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilmiş, Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun, Şərur şəhəri və ona bitişik kəndlərdə içməli su və kanalizasiya şəbəkəsinin birinci mərhələsinin tikintisi başa çatdırılmışdır. Şahbuz rayonunda çirkab sutəmizləyici qurğunun, Babək, Ordubad, Kəngərli və Sədərək rayonlarında içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilmişdir.

Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri

Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsini təmin etmək məqsədilə aqrar sektorda kompleks tədbirlər həyata keçirilmiş, daxili bazarda məhsul bolluğu yaradılmışdır.
2017-ci ilin məhsulu üçün 61 min 531 hektar sahədə əkin aparılmışdır ki, bu da 2016-cı ilin məhsulu üçün əkilmiş sahədən 5 hektar çoxdur.

Cəmi əkin sahələri,hektarla

 

Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunmuşdur. Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində ayrılan qrant hesabına Naxçıvan Muxtar Respublikası “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni kənd təsərrüfatı texnikaları və toxumçuluq laboratoriyası avadanlıqları, o cümlədən 5 kombayn, 5 traktor, hər birinin tutumu 10 ton olan 4 yük maşını, 5 toxumsəpən, 5 filtr təmizləyici, avtobus, hidravlik ekskavator, yanacaq tankeri, toxumörtən, diskli kotan və dırmıqlar, 5 gübrəsəpən, 5 toxumtəmizləyən, 2 elevator, 80 tonluq elektron tərəzi, eləcə də digər maşın və avadanlıqlar təqdim olunmuşdur. Yeni alınan elektro-termostatik inkubator, isitmə və qurutma sobası, mikroskop və digər avadanlıqlar toxumçuluq laboratoriyasında yüksək məhsuldarlığa malik, xəstəliyə, ziyanvericilərə və yerli iqlim şəraitinə dözümlü toxum sortlarının yetişdirilməsinə, toxumların genofonduna və seleksiyasına nəzarət olunmasına imkan verir.
Muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılmış və 2017-ci ildə 31632 hektar sahədə taxıl əkilmişdir ki, bu da 2016-cı ildəki göstəricidən 53 hektar çoxdur. Taxıl zəmilərinin 22268 hektarını buğda, 9364 hektarını arpa təşkil etmişdir. 2017-ci ildə taxıl zəmilərindən 93 min 419 ton məhsul toplanmışdır.
Taxılla yanaşı, qarğıdalı əkini üzrə də tədbirlər həyata keçirilmiş, məhsulun vaxtında toplanılması üçün müvafiq texnikalar alınaraq muxtar respublikaya gətirilmişdir. 2017-ci ildə muxtar respublikada 1667 hektar sahədə qarğıdalı əkini aparılmışdır. Qarğıdalı zəmilərindən 12572,9 ton məhsul yığılmışdır ki, bu da əvvəlki illə müqayisədə 20,2 faiz çoxdur.
Tələbata uyğun olaraq kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılmış və 2017-ci ildə 3183 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2016-cı ildə əkilmiş sahədən 130 hektar çoxdur. 2017-ci ildə sahələrdən 48982 ton kartof yığılmışdır ki, bu da bir il öncəki göstəricini 5,5 faiz üstələmişdir.
Muxtar respublikada tütünçülüyün inkişafı istiqamətində Kəngərli rayonunda Tütün Yetişdirmə Təsərrüfatı yaradılmış, 9 hektar sahədə tütün əkini aparılmışdır. 2017-ci ildə bu sahələrdən 11,1 ton quru tütün tədarük olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası da muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaratmışdır. Meyvəçiliyin inkişafını stimullaşdırmaq məqsədilə 2017-ci ildə muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində “Göycə” festivalı keçirilmişdir. 2017-ci ildə meyvə istehsalı bir il öncəyə nisbətən 2,1 faiz, tərəvəz istehsalı isə 1,9 faiz artmışdır.
2017-ci ildə üzümçülüyün inkişafı istiqamətində yeni üzüm bağlarının salınmasına və üzüm tinglərinin becərilməsinə başlanılmışdır.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılmaqdadır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 303 ədədi 2017-ci ildə olmaqla, cəmi 2054 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2017-ci ildə əvvəlki dövrlərdə gətirilənlərlə birlikdə 256 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilmiş, 8 ədədi nağd yolla satılmışdır. Bu dövr ərzində məhsul istehsalçıları 5338 ton mineral gübrə ilə təmin olunmuşdur.
2017-ci ildə 100 min 116 ton dənli və dənli-paxlalılar (qarğıdalısız), 750 ton dən üçün günəbaxan, 84722,6 ton tərəvəz, 38349 ton ərzaq üçün bostan məhsulları, 53069,4 ton meyvə, 15906,3 ton üzüm toplanmışdır.
Aqrar sektorun inkişafında ailə təsərrüfatlarının mühüm rolu nəzərə alınaraq muxtar respublikada 2017-ci il­də ilk dəfə olaraq “Ailə təsərrüfatı məhsulları” festivalı ­keçirilmişdir.
Kənd təsərrüfatının aparıcı sahələrindən biri olan heyvandarlığın inkişafı da diqqətdə saxlanılmışdır. 2017-ci ildə 11 heyvandarlıq təsərrüfatı yaradılmış, ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 1 milyon 750 min 300 manat məbləğində kredit verilmişdir. 2017-ci ildə Dövlət Baytarlıq Xidmətinin maddi-texniki bazasını gücləndirmək məqsədilə 3 ədəd süni mayalandırma avadanlığı və xidməti minik avtomobili təqdim olunmuşdur.
2017-ci ildə muxtar respublikada heyvandarlıq təsərrüfatlarında 9190 baş inək, düyə və camış süni yolla mayalandırılmış və bu dövr ərzində 5804 baş sağlam bala alınmışdır. 1 yanvar 2018-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 112 min 371 baş, qoyun və keçilərin sayı 681 min 903 baş olmuşdur ki, bu da 1 yanvar 2017-ci il tarixə olan göstəricilərdən müvafiq olaraq 1,4 və 1,5 faiz artıqdır.
2017-ci ildə muxtar respublikada diri çəkidə 26331,7 ton ət, 82857,3 ton süd istehsal olunmuşdur ki, bu da 2016-cı illə müqayisədə müvafiq olaraq 2,2 və 1,8 faiz çoxdur.
Daxili bazarda tələbatın yerli istehsal hesabına ödənilməsi məqsədilə 7 quşçuluq təsərrüfatı yaradılmışdır.
Muxtar respublikada arıçılığın inkişafı üzrə də mühüm tədbirlər həyata keçirilməkdədir. İqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. 2017-ci ildə bu sahə üzrə təsərrüfat subyektlərinə 50 min manat məbləğində kredit verilmiş, 3 arıçılıq təsərrüfatı və mum vərəqi istehsalı sahəsi yaradılmışdır.
Muxtar respublikada “Arıçılıq məhsulları-bal festivalı”nın keçirilməsi də bu sahəyə marağın artmasına və istehsal olunan məhsulların satışına müsbət təsir göstərmişdir. 1 yanvar 2018-ci il tarixə muxtar respublikada arı ailələrinin sayı 71066-ya çatmışdır ki, bu da bir il öncəki göstəricidən 0,7 faiz çoxdur. 2017-ci ildə bal istehsalı bir il öncəyə nisbətən 1,5 faiz artaraq 1424 ton təşkil etmişdir.
2017-ci ildə kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 2 milyon 256 min 300 manat məbləğində kreditlərin verilməsi təmin olunmuşdur.
2017-ci ildə bir il öncəyə nisbətən 4 faiz çox, yəni 453 milyon 364 min 500 manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.

Kənd təsərrüfatı məhsulu,
min manat

Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırmış, 2017-ci ildə muxtar respublikadan 101 milyon 478 min 400 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.
Meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılmış, Kəngərli rayonunun Böyük­düz kəndində qapalı suvarma şəbəkəsinin, Culfa rayonu ərazisində, Ordubad rayonunun Düylün və Şahbuz rayonunun Kiçikoba kəndlərində suvarma boru xətlərinin tikintisi başa çatdırılmışdır.
Ordubad rayonu ərazisində, Şərur rayonunun Aşağı Aralıq və Babək rayonunun Payız kəndlərində suvarma kanallarının tikintisi, Kəngərli rayonunun Böyükdüz kəndində suvarma boru xəttinin bərpası başa çatdırılmışdır.
Naxçıvan şəhərinin Qaraçuq və Şərur rayonunun Qışlaq­abbas kəndlərində, Babək rayonunun Babək qəsəbəsində, Vayxır və Cəhri kəndlərində qapalı, Şərur rayonunun Xanlıqlar, Babək rayonunun Nəcəfəlidizə və Qahab kəndlərində, Pircuvar massivində açıq, Hacıvar kəndində qapalı və açıq drenaj xətlərinin çəkilişi başa çatdırılmışdır.
Şərur rayonunda Arpaçayda, Babək rayonunda Cəhriçayda, Naxçıvançayda və Qahab selovunda istiqamətləndirici bənd­lərin tikintisi, Babək rayonunda Uzunoba Su Anbarına sugətirici kanalın təmiri davam etdirilmişdir.
Meşə fondunun mühafizə olunması, bərpası, yeni meşəliklərin salınması istiqamətində də tədbirlər görülmüş, 2017-ci ildə 550 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 455 mindən çox ağac və gül kolu əkilmişdir.

Nəqliyyat, informasiya-rabitə və energetika

Əhalinin həyat fəaliyyətini təmin edən və iqtisadiyyatın aparıcı qüvvəsi sayılan nəqliyyat sahəsinin inkişafı istiqamətində muxtar respublikada ardıcıl tədbirlər həyata keçirilməkdədir.
2017-ci ildə Kəngərli rayonunun Qıvraq qəsəbəsində, Naxçıvan şəhərinin Qaraxanbəyli, Şərur rayonunun Ələkli, Aşağı Aralıq və Yuxarı Aralıq, Babək rayonunun Payız və Gərməçataq, Culfa rayonunun Dizə, Kəngərli rayonunun Qarabağlar, Şahbuz rayonunun Badamlı kəndlərində avtomobil yollarının yenidən qurulması başa çatdırılmışdır.
Şıxmahmud-Xəlilli-Naxçıvan şəhər, Ordubad rayonunun Düylün-Çənnəb-Üstüpü-Məzrə, Kəngərli rayonunun Qıvraq-Şahtaxtı avtomobil yollarının yenidən qurulması başa çatdırılmış, Şərur rayonunun Xanlıqlar-Vərməziyar-Ərəbyengicə-Qarahəsənli-Çəmənli avtomobil yolunun yenidən qurulması davam etdirilmişdir.
Babək rayonunda bir körpünün tikintisi, Naxçıvan şəhərində və Babək rayonunda hər birində bir körpünün yenidən qurulması, Şərur rayonunda bir, Ordubad rayonunda səkkiz körpünün əsaslı təmiri başa çatdırılmışdır.
Naxçıvan şəhərində yerüstü piyada keçidinin tikintisi başa çatdırılmış, 400 yerlik avtomobil parkının tikintisi davam etdirilmişdir.
Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə Naxçıvan-Ərzurum avtobus marşrutu fəaliyyətə başlamış, Naxçıvan Beynəlxalq Hava Limanının karqo terminalı yenidən qurulmuşdur. Aerovağzal kompleksində təhlükəsizliyin təmin olunması məqsədilə yeni videomüşahidə qurğuları quraşdırılmışdır.
2017-ci ildə muxtar respublikada nəqliyyat sektorunda 2016-cı illə müqayisədə yük daşınması 1,5 faiz, sərnişin daşınması 1,8 faiz artmışdır. Yük və sərnişin daşınmasından, bütövlükdə, 55 milyon 924 min 500 manat gəlir əldə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 3,9 faiz çoxdur.
Muxtar respublikada informasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi bu sahə üzrə göstərilən xidmətlərin əhatə dairəsini genişləndirmişdir.
2017-ci ildə Ordubad rayonunda telekommunikasiya şəbəkəsinin yeni nəsil telefon stansiyaları ilə əvəz edilməsi davam etdirilmiş, Naxçıvan şəhərində iki, Şərur rayonunun Arpaçay və Qarahəsənli, Babək rayonunun Payız və Gərməçataq kəndlərində yeni poçt bölmələri istifadəyə verilmiş, Naxçıvan şəhərində poçt bölməsi əsaslı təmir olunmuşdur.
Naxçıvan şəhərinin Qaraxanbəyli, Şərur rayonunun Çəmənli və Ələkli, Ordubad rayonunun Üstüpü kəndlərində poçt bölmələri yeni binalara köçürülmüş, Ordubad rayonunda rabitə evinin tikintisi davam etdirilmişdir.
Naxçıvan şəhərində 720, Şərur rayonunun Qarahəsənli kəndində 512, Arpaçay və Çəmənli, Babək rayonunun Payız, Ordubad rayonunun Üstüpü kəndlərinin hər birində 384, Şahbuz rayonunun Türkeş və Şada kəndlərinin hər birində 160, Babək rayonunun Gərməçataq kəndində 64 nömrə tutumlu avtomat telefon stansiyaları quraşdırılmış, Naxçıvan şəhərinin Tumbul və Qaraxanbəyli, Şərur rayonunun Ələkli kəndlərində avtomat telefon stansiyaları yeni binalara ­köçürülmüşdür.
2017-ci ildə muxtar respublikada 2562 ədəd yeni telefon şəbəkəyə qoşulmuş, 1 yanvar 2018-ci il tarixə hər yüz ailəyə 70 telefon aparatı, hər yüz nəfərə 104 mobil telefon düşmüşdür.
2017-ci ildə muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2016-cı ildəki müvafiq göstəricini 2 faiz üstələyərək 49 milyon 700 min manat olmuşdur. Ümumi xidmətlərin 82,6 faizi mobil rabitənin payına düşmüşdür. Mobil rabitə xidmətlərinin dəyəri 2016-cı illə müqayisədə 2 faiz artmışdır.
Elektroenergetika sektorunda davamlı olaraq yeni güclərin yaradılması, infrastrukturun müasir standartlar səviyyəsində yenilənməsi istiqamətində tədbirlər davam etdirilir.
2017-ci ildə Babək rayonunun Xal-xal kəndi ərazisində Naxçıvan Günəş Elektrik Stansiyasının gücü 2 meqavat artırılaraq 22 meqavata çatdırılmışdır. Şahbuz rayonunda 35/10 kilovoltluq “Şahbuz” yarımstansiyası və Şahbuz Rayon Elektrik Şəbəkəsi üçün inzibati bina istifadəyə verilmiş, Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilmişdir.
Muxtar respublikada 46 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətləri çəkilmiş, 21 transformator yarımstansiyası quraşdırılmışdır.
1 yanvar 2018-ci il tarixə muxtar respublikada 85 min 791 əhali abonenti mavi yanacaqla təmin olunmuşdur.

Sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri
və məşğulluq məsələləri

Muxtar respublikada sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
2017-ci ildə muxtar respublikada sahibkarlara 10 milyon 59 min 300 manat məbləğində kreditlər verilmişdir. Bu dövr ərzində 43 hüquqi və 2171 fiziki şəxs qeydiyyata alınmışdır.
Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 372 növdə məhsul istehsal olunur. Bu məhsulların 125 növü ərzaq, 247 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.
Muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətən 1,1 faiz artaraq 1 milyard 845 milyon 812 min 200 manata, onun hər bir nəfərə düşən məbləği isə 4 min 93 manata çatmışdır. 2017-ci ilin yanvar-noyabr aylarında orta aylıq əməkhaqqının məbləği 416,4 manat təşkil etmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 1,1 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaratmaqdadır.
2017-ci ildə muxtar respublikada 2437 yeni iş yeri yaradılmışdır ki, bunun da 2382-si və ya 97,7 faizi daimi iş yerləridir. Əmək bazarının tələblərinə uyğun olaraq 2017-ci ildə Naxçıvan Regional Peşə Tədris Mərkəzində 403 nəfər peşə kurslarına cəlb edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə-ixtisas təhsili müəssisələrində 3642 nəfər müxtəlif peşələrə yiyələnmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsində 36 nəfər aşpaz köməkçisi, ağac üzərində oyma və bərbər peşələri üzrə təşkil edilmiş kurslarda iştirak etmişdir.

İstehlak bazarı

Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.
2017-ci ildə muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 895 milyon 877 min 200 manat məbləğində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir ki, bu da 2016-cı illə müqayisədə 1,2 faiz çoxdur.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində Naxçıvan şəhərinin Tumbul və Qaraxanbəyli, Şərur rayonunun Arpaçay, Çəmənli, Qarahəsənli və Ələkli, Babək rayonunun Payız və Gərməçataq, Ordubad rayonunun Üstüpü və Düylün kəndlərində xidmət mərkəzləri istifadəyə verilmiş, Şərur rayonunun Ərəbyengicə, Culfa rayonunun Dizə kəndlərində xidmət mərkəzlərinin inşası davam etdirilmişdir.
Naxçıvan şəhərində “Koton” Moda və Satış firmasının, “İdeal” ətriyyat və kosmetika, yaşıllıq materialları satışı mağazaları yaradılmış, mərkəzi bazar və “Naxçıvan Avtoservis” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən qurulmuşdur.

Xarici ticarət, bank işi və sığorta fəaliyyəti

Muxtar respublikada qeydə alınmış dinamik inkişaf temp­ləri, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan məqsədyönlü tədbirlər xarici ticarət əlaqələrinin əhatə dairəsinin genişlənməsinə müsbət şərait yaratmışdır.
2017-ci ildə muxtar respublikanın xarici ticarət dövriyyəsi 459 milyon 888 min 800 ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 423 milyon 320 min ABŞ dollarını ixrac, 36 milyon 568 min 800 ABŞ dollarını idxal təşkil etmiş və 386 milyon 751 min 200 ABŞ dolları məbləğində müsbət saldo yaranmışdır.
Bank sektorunun inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası muxtar respublikada elektron ödəniş infrastrukturunun inkişaf etdirilməsinə, maliyyə vəsaitləri dövriyyəsinin sürətləndirilməsinə, nağd ödənişlərin azalmasına səbəb olmuş, məxaricdə emissiyanın xüsusi çəkisi 2016-cı ildəki 37,7 faizdən azalaraq 35,1 faiz təşkil etmişdir.
1 yanvar 2018-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 64484-ə çatmışdır ki, bunun da 55743-ü və ya 86,4 faizi aktiv hesablardır. 2017-ci ildə açılmış 25132 bank hesabının 25017-si aktiv hesablar olmuşdur.
1 yanvar 2018-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1260-a çatmışdır.
Səmərəli sığorta sisteminin formalaşdırılması istiqamətində tədbirlər davam etdirilməkdədir. 2017-ci ildə muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 7 milyon 756 min 700 manat olmaqla bir il öncəki göstəricini 26,2 faiz üstələmişdir.

Təhsil, səhiyyə, sosial təminat,
mədəniyyət və turizm

Muxtar respublikada təhsilin inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir, maddi-texniki baza gücləndirilir. Bu istiqamətdə ali təhsilli kadrların hazırlanmasında xüsusi rolu olan Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi qeyd olunmuş, universitetin İqtisad fakültəsi üçün yeni korpus istifadəyə verilmişdir. Naxçıvan Müəllimlər İnstitutunun binasının yenidən qurulması başa çatdırılmışdır.
Şərur şəhərində 1020 şagird yerlik 2 nömrəli, Naxçıvan şəhərinin Tumbul kəndində 376 şagird yerlik 13 nömrəli, Şərur rayonunun Çəmənli kəndində 380 şagird yerlik, Ordubad rayonunun Üstüpü kəndində 340 şagird yerlik, Şahbuz rayonunun Kolanı kəndində 360 şagird yerlik tam orta məktəb binaları tikilərək, Şərur rayonunun Ələkli və Qarahəsənli kəndlərinin hər birində 234 şagird yerlik, Babək rayonunun Payız kəndində 240 şagird yerlik, Gərməçataq kəndində 66 şagird yerlik tam orta məktəb binaları yenidən qurularaq istifadəyə verilmişdir.
Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində məktəbin tikintisi başa çatdırılmış, Şərur rayonunun Ərəbyengicə, Culfa rayonunun Dizə kəndlərində məktəb binalarının tikintisi davam etdirilmişdir.
Kəngərli rayonunun Qıvraq qəsəbəsində 224 yerlik uşaq bağçası binasının tikintisi, Şərur rayonunun Ələkli kəndində uşaq musiqi məktəbi binasının yenidən qurulması başa çatdırılmışdır.
Muxtar respublikada təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq “İstedad-XXI əsr” hazırlıq kurslarının Naxçıvan şəhərində yeni tədris binası istifadəyə verilmiş, Şərur, Ordubad, Culfa və Şahbuz rayonlarında filialları fəaliyyətə başlamışdır.
Təhsilə göstərilən qayğı öz bəhrəsini vermiş, 2017-ci ilin qəbul imtahanlarında iştirak edən abituriyentlərin 1735-i ali, 629-u isə orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 211 nəfəri müxtəlif ali hərbi məktəblərə qəbul olmuşdur. 2017-ci ildə qəbul imtahanlarında 289 nəfər 500-700 arası bal toplamış, onlardan 3-ü Prezident təqaüdünə layiq görülmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” muxtar respublikada bu kateqoriyadan olan uşaqların təhsilinin təmin edilməsində və onların cəmiyyətə inteqrasiyasında böyük əhəmiyyətə malikdir. 2017-ci ildə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin Defektoloji bölməsinin Şərur və Ordubad rayonlarında filialları yaradılmışdır.
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmiş, Ordubad rayonunun Üstüpü kəndində həkim ambulatoriyası binasının, Naxçıvan şəhərinin Tumbul və Qaraxanbəyli, Şərur rayonunun Arpaçay, Çəmənli və Qarahəsənli, Babək rayonunun Payız və Gərməçataq kəndlərində feldşer-mama məntəqələrinin tikintisi, Şərur rayonunun Ələkli kəndində feldşer-mama məntəqəsinin yenidən qurulması, Şərur Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri başa çatdırılmışdır. Bundan əlavə, Duzdağ Fizioterapiya Mərkəzində yeraltı bölmədə əlavə palata yaradılmaqla çarpayı sayı 280-ə çatdırılmışdır.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının yenidən qurulması, Şərur rayonunun Ərəbyengicə kəndində həkim ambulatoriyası binasının tikintisi davam etdirilmişdir.
Muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 31 may tarixli Sərəncamı ilə “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə dair Tədbirlər Planı” təsdiq edilmiş və işin icrasına başlanılmışdır.
Sosial layihələr çərçivəsində 2017-ci ildə yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 537 cərrahi əməliyyat, o cümlədən 7 xəstədə açıq ürək, 89 xəstədə göz və 441 xəstədə digər müxtəlif əməliyyatlar aparılmışdır.
2017-ci ildə muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 1 milyon 608 min 513 manat məbləğində ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Bundan əlavə, muxtar respublikada 54 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını yaratmaları üçün iribuynuzlu və xırdabuynuzlu mal-qara verilmişdir.
2017-ci ilin sonuna 244 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində sosial-məişət xidmətləri göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 265 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 312 uşağın müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud 330 nəfər sanatoriya və müalicə pansionatlarına yollayışlarla təmin edilmiş, 336 nəfərə protez­-ortopedik xidməti göstərilmiş, 300 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunmuşdur. 2017-ci ildə 45 nəfərin ölkə daxilində müalicəsinə, 47 nəfərin isə sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilmişdir. Bundan əlavə, 2017-ci ildə sağlamlıq imkanları məhdud 155 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahəti təmin olunmuşdur.
2017-ci ildə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda əlil olmuş 4 nəfər minik avtomobili ilə təmin edilmişdir.
Məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində “Nəxşicahan-Med” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Əlillərin Bərpa Mərkəzinə xüsusi nəqliyyat vasitəsi və texniki reabilitasiya avadanlıqları təqdim olunmuşdur.
Muxtar respublikada iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar demoqrafik vəziyyətin daha da yaxşılaşmasını təmin etməkdədir. Belə ki, 2017-ci il may ayının 4-də muxtar respublikanın 450 mininci sakini dünyaya göz açmışdır. Bu münasibətlə Doğum Mərkəzində tədbir keçirilmiş, yeni doğulan körpənin valideyninə mükafat və hədiyyələr təqdim olunmuşdur. Son illər əhali artımında müsbət miqrasiya ilə yanaşı, yeni doğulanların sayı da əsas rol oynamış, muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3 min 759 nəfər artaraq 1 dekabr 2017-ci il tarixə 452 min 566 nəfər olmuşdur.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2017-ci ildə pensiya və müavinətlərin ödənilməsinə 130 milyon 961 min manata yaxın vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 5,2 faiz çoxdur. Aparılmış məqsədyönlü tədbirlərin nəticəsidir ki, 2017-ci ildə pensiya və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 52,3 faizi məcburi dövlət sosial sığortahaqqı kimi muxtar respublikada toplanmışdır. 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun cəmi daxilolmaları 2016-cı illə müqayisədə 3,8 faiz, o cümlədən özəl sektor üzrə 16,9 faiz artmışdır.
Muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilməkdədir. 2017-ci ildə “Xatun” Bədii Gimnastika Klubunun Şərur Olimpiya-İdman Kompleksində, Naxçıvan Dövlət Universitetində, “Naxçıvan” Universitetində və Naxçıvan Uşaq Bərpa Mərkəzində filialları yaradılmışdır. Bədii gimnastikanın inkişafı və qızların bu idman növünə cəlbi sahəsindəki səmərəli fəaliyyəti, eləcə də yaşayış şəraiti nəzərə alınaraq gənc idmançı mənzillə təmin olunmuşdur.
Şahbuz şəhərində, Babək rayonunun Hacıvar, Culfa rayonunun Milax və Ərəfsə, Kəngərli rayonunun Qarabağlar kəndlərində kikboksinq bölmələri fəaliyyətə başlamış, Şərur rayonunun Dəmirçi kəndində stadion yenidən qurulmuşdur.
Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir.
2017-ci ildə Naxçıvan şəhərində 2 nömrəli Təqaüdçülər Klubu, istirahət parkı və Babək rayonunun Nehrəm kəndində Heydər Parkı istifadəyə verilmiş, Sədərək Rayon Mədəniyyət Evinin, Kəngərli rayonunda Şahtaxtinskilər Muzeyinin yenidən qurulması başa çatdırılmışdır.
Naxçıvan şəhərində məscidin, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Şahbuz Rayon Mədəniyyət Evinin tikintisi davam etdirilmişdir.
Naxçıvan şəhərində İmamzadə Kompleksinin, Şərur rayonunun Yengicə kəndində Şərq hamamının, Babək rayonunun Nehrəm kəndində İmamzadə tarixi abidəsinin, Kəngərli rayonunda Qarabağlar Türbə Kompleksinin bərpası davam etdirilmişdir.
2017-ci ildə “Naxçıvan türk-islam mədəniyyəti abidələri: tariximizdə və günümüzdə” mövzusunda keçirilən beynəlxalq konfrans tariximizin və abidələrimizin daha geniş miqyasda öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyətə malik olmuşdur.
Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu nəzərə alınaraq, aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamı ilə “Naxçıvan Duz Muzeyi” yaradılmışdır.
Muxtar respublikada mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 dekabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin tabeliyində “Mənəvi Dəyərlər Fondu” yaradılmışdır.
2017-ci ildə kütləvi informasiya vasitələrinin inkişafı da diqqətdə saxlanmış, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə yeni çəkiliş avtomobili verilmiş, rayonlarda dövlət televiziyasının xüsusi müxbir postları yaradılmış, teleradionun efir vaxtı bir saat artırılmış, xəbərlərin ingilis dilində buraxılışı, dövlət radiosunun internet üzərindən yayımı təmin olunmuşdur.
Muxtar respublikada infrastruktur quruculuğu tədbirlərinin genişlənməsi, turizmin kompleks şəkildə inkişafını təmin etmək üçün həyata keçirilən tədbirlər, yeni turizm obyektlərinin istifadəyə verilməsi bu sahənin inkişafı üçün əlavə imkanlar açmışdır.
2017-ci ildə muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 413 min 357 turist gəlmişdir ki, bu da 2016-cı ildəki göstəricidən 2,5 faiz və ya 10 min 82 nəfər çoxdur.

Hüquq-mühafizə orqanları ilə iş

Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi­-texniki bazasının və bu sahədə çalışanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
2017-ci ildə muxtar respublikada təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 17 mart tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” hazırlanmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Təyinatlılar Şöbəsinin inzibati binasının və təlim mərkəzinin, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabit və gizir ailələri üçün yaşayış binasının tikintisi başa çatdırılmış, Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin tikintisi, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binasının yenidən qurulması davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 4, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 2, Kəngərli Rayon Məhkəməsi 1 xidməti avtomobillə təmin olunmuşdur.
Aparılan təhlillər göstərir ki, bütün sahələrdə əldə edilmiş yüksək göstəricilər, davam etdirilən məqsədyönlü tədbirlər, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi üzrə görülən işlər muxtar respublikanın dinamik inkişafına etibarlı zəmin yaratmaqdadır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3612249
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
293
3542
89389
135491
3612249

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter