15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Kənd Təsərrüfatı Nazirliyində muxtar respublikada yetişməyən meyvələrin belə, məlumat kitabçaları tapıldı, ancaq göycə haqqında...

Naxçıvan göycəsi haqqında qəzetimizdə dərc olunmuş yazını, yəqin ki, oxucular xatırlayırlar.  Budəfəki yazımızda həmin mövzuya yenidən qayıdırıq. Səbəb isə  aydındır. Dünyanın heç bir yerində yetişdirilməyən bu neməti tanıtmaq  borcumuzdur. Necə ki  banan, kivi, ananas dünyada məşhur olan meyvələrdəndir, Naxçıvan göycəsi də bu sırada yer tutmağa layiqdir. Çünki yaşı 300-400 ilə çatan  göycə yalnız Naxçıvanda yetişir.  Düzdür, Azərbaycanın digər bölgələrində də müxtəlif növlü alça ağacları vardır. Ancaq alçanın Naxçıvanda yetişən göycə növünün görünüşü və dadı tamamilə fərqlidir.  Təəssüf ki, internet saytlarında Naxçıvan göycəsi ilə bağlı məlumatlar çox azdır.  Dünyada məşhur olan internet saytlarından birinə isə yalnız Naxçıvan göycəsinin videogörüntüləri yerləşdirilib. Gün ərzində milyonlarla insanın üz tutduğu internet saytında bu görüntülərin olmağı da əhəmiyyətlidir. Lakin bu, göycəni tanıtmaq üçün çox azdır…

İnternet saytlarında ötən il jurnalistlərin birinin Bakı bazarlarının birində Naxçıvan göycəsi ilə bağlı apardığı reportaj da diqqətimizi çəkdi. Paytaxt bazarında bu nemətə nə qədər tələbat olduğunu və dadının fərqliliyini alıcılar da etiraf edirdilər.

Bəs göycə necə yetişdirilir? Bu suala cavab tapmaq üçün üz tutduq AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutuna. Buradan əldə etdiyimiz məlumatlara görə, göycə aborigen çəyirdəkli meyvə növlərinə aiddir. Həmin növün Naxçıvan Muxtar Respublikasında 10-dan çox forması aşkar edilmişdir. Ən çox düzənlik və orta dağlıq ərazilərdə becərilən bu meyvə tez yetişir. Orta hündürlükdə (2,5-3,5 metr) ağac yazda yarpaq açmamışdan əvvəl çiçəkləyir. Meyvələri mayın ortalarında yeyilməyə başlayır. İlk vaxtlar turş olsa da, getdikcə şirinləşir, iyunun axırı, iyulun ortalarında tam yetişir. Çoxillik ağaclar, adətən, 10-25 il normal məhsul verir. Hər bir ağacdan ildə təqribən 50 kiloqrama qədər məhsul toplanılır. Onu da qeyd edək ki, ağaclar şaxtaya dözümlüdürlər. 
Göycə, adətən, calaq üsulu ilə çoxaldılır. Calaqaltı kimi çəyirdəkli meyvələrin tinglərindən istifadə edilir. Calaqetmədə albuxara ağacından istifadə etdikdə meyvələri nisbətən iri və şirin, badam ağacına calaq edildikdə isə ağacları uzunömürlü olur.
Göycənin müalicəvi əhəmiyyəti də olduqca böyükdür. Həkimlərin dediyinə görə, göycədə C vitamini çoxdur. Kirəcləşmiş damarların açılmasında göycə xüsusi əhəmiyyət daşıyır.
Onu da qeyd edək ki, “göycə” sözü yalnız Naxçıvan dialektinə aid olan sözdür. Yəni göycə Naxçıvandan başqa yerdə bitmədiyi kimi, bu söz də bu bölgədən başqa heç bir yerdə işlənmir; ədəbi dildə də rast gəlinmir. “Göycə” sözündəki “göy” sözü yeni, təzə mənasını ifadə edir. Muxtar respublikada yazın ilk yetişən meyvələrindən biri olduğuna görə bu meyvəni “göycə” adlandırmışlar.
Əvvəldə də qeyd etdiyimiz kimi, göycə yalnız Naxçıvanda yetişir. Bu meyvənin Naxçıvandan başqa, digər yerlərdə tanınmasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin üzərinə mühüm vəzifələr düşür. Əgər nazirliyin müvafiq şöbəsinin əməkdaşları indiyədək bu qiymətli meyvə növü ilə bağlı kütləvi informasiya vasitələrində yazılarla çıxış etsəydilər, broşürlər hazırlasaydılar, göycə haqqında kifayət qədər məlumat olardı. Maraqlıdır ki, nazirlikdə həm muxtar respublikamızda yayılan, həm də muxtar respublikamızda yetişdirilməyən meyvə və tərəvəzlər haqqında məlumatlar toplanılsa da, broşürlər hazırlansa da, nədənsə göycənin bioloji xüsusiyyətləri, becərilmə texnologiyası haqqında heç nə deyə bilmədilər. Müxtəlif meyvələr haqqında məlumat kitabçalarının hazırlandığı nazirlikdə göycə ilə bağlı belə bir məlumat kitabçası da hazırlanmamışdır. Təəssüf…
Naxçıvan göycəsinin tanıdılması, brend məhsula çevrilməsi üçün muxtar respublikada “Göycə festivalı” keçirilə bilər. Ölkəmizdə və dünyada belə bir təcrübə vardır. Məsələn, Göyçayda “Nar”, Türkiyənin Antalya şəhərində “Portağal”, Adana şəhərində “Qarpız” festivalları keçirilir.
Onu da xüsusilə qeyd etmək istəyirəm ki, bu gün muxtar respublikamızın rayonlarında göycədən gəlir götürənlər az deyil. Muxtar respublikanın ticarət obyektlərində indi göycə bolluğu var. Alıcısı da başının üstündə. Ancaq qiyməti bahadır. 1-5 manat arası dəyişir. Dadlarının fərqli olması qiymətlərin də müxtəlif olmasına gətirib çıxarır.
Bir məsələni də nəzərinizə çatdıraq. Bazarda apardığımız müşahidələr zamanı məlum oldu ki, sırf göycə təsərrüfatı ilə məşğul olan sahibkar yoxdur. Söhbətimizə qayıdaraq deyim ki, bazardakı bahalıq həyətlərdə bir-iki ağacın olması hesabınadır. Əgər bolluq olarsa, məhsul da ucuz qiymətə satılar. Bahalığın bir səbəbi də həmin məhsulun Naxçıvandan çıxarılaraq paytaxt Bakıya aparılmasıdır.
Bu gün hər hansısa bir sahibkar göycə bağları salmaqla, bu meyvənin qablaşdırılması ilə məşğul olan müəssisə yaratmaqla xeyli gəlir götürə bilər. Hələ bizdə göycə yetişməmişdən xarici ölkələrdən gətirilərək “od qiymətinə” satılan alçaların dadı hamıya məlumdur. Ancaq baha da olsa, bu məhsula pul xərcləyirik. Öz torpaqlarımızda göycə yetişdirmək imkanları yetərincədir. Göycə bağlarının salınmasına kredit verilərsə, məhsul bolluğu yaranarsa, həmin məhsulları soyuducu anbarlarda saxlayıb ilin müxtəlif dövrlərində satışa çıxarmaq olar. Ancaq biz bəzi məhsulları tənbəllik ucbatından kənardan gətirilən xarici görünüşü gözəl, lakin keyfiyyətsiz məhsullarla əvəz etmişik. Buna görə də qiymətli toxum sortlarının bir qismi sıradan çıxmaqdadır. Məlumdur ki, region əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatını daxili imkanlar hesabına ödəmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq olunmuşdur. İnanırıq ki, bu mühüm Dövlət Pro­qramı Naxçıvanda göycə bağlarının salınmasına da şərait yaradacaq.
P.S. Qəzetimiz çapa hazırlanarkən Kənd Təsərrüfatı Nazirliyindən zəng edib bildirdilər ki, artıq nazirlikdə göycə barədə məlumat kitabçasının hazırlanmasına başlanılıb.

Sara ƏZİMOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3275718
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1160
4179
13487
60364
3275718

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter