23 Sentyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Hər bir ölkənin iqtisadi inkişaf göstəricilərindən biri müasir yol-nəqliyyat infrastrukturuna malik olmasıdır. Çünki yollar yük və sərnişin daşımalarının rahat, təhlükəsiz və vaxtında həyata keçirilməsini təmin edən əsas vasitədir. Buna görə də tikinti-quruculuq tədbirləri sırasında yol tikintisinin maliyyəti bahalı sayılmaqla yanaşı, həm də strateji əhəmiyyət daşıyır. Bu baxımdan ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri hər zaman öz aktuallığı ilə seçilir. Ulu öndər Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizdə yol infrastrukturunu diqqət mərkəzində saxlayıb, nəqliyyat sahəsinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Bu strateji xətt muxtar respublikamızda da uğurla davam etdirilir, yol infrastrukturunun inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilir.

Ölkə başçısı cənab İlham Əliyev­in­ imzaladığı müvafiq sərəncamlar Naxçıvanda yol-nəqliyyat infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasına səbəb olub. Belə ki, dövlət başçısının “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 2 sentyabr tarixli Sərəncamına əsasən Culfa rayonunda uzunluğu 57,6 kilometr olan, 20 kəndi əhatə edən Çeşməbasar-Boyəhməd avtomobil yolu, Kəngərli rayonunda uzunluğu 39,2 kilometr olan, 5 kəndi əhatə edən Naxçıvan-Sədərək magistralı – Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 5 mart tarixli Sərəncamına əsasən uzunluğu 25,6 kilometr olan, 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab avtomobil yolu, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 2014-cü il 27 avqust tarixli Sərəncamına əsasən uzunluğu 25,4 kilometr olan, 7 yaşayış məntəqəsini birləşdirən müvafiq yol yenidən qurulub.

Muxtar respublikada beynəlxalq yük və sərnişin daşımalarında 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək və 32,4 kilometr uzunluğunda Naxçıvan-Culfa magistral avtomobil yolları mühüm əhəmiyyət daşıyır. Ötən dövrdə adıçəkilən avtomobil yolları yenidən qurulub, bu yollarda hərəkətin təhlükəsizliyi təmin edilib. Muxtar respublikanın bir sərhəd-buraxılış məntəqəsindən digərinədək uzanan bu magistral avtomobil yolu qədim İpək Yolunun bir qolu üzərində yerləşməklə yanaşı, həm də Naxçıvanı qardaş Türkiyə və Avropa ölkələri ilə birləşdirən mühüm tranzit dəhlizidir. 2012-ci ilin may ayında muxtar respublikaya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Böyük İpək Yolunun bir hissəsi olan Naxçıvan-Culfa magistral avtomobil yolunun açılışında da iştirak etmişdir.
Ötən dövrdə Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir Avtobus Parkının istifadəyə verilməsi, Naxçıvan, Şərur, Ordubad, Culfa və Şahbuz şəhərlərində müasir avtovağzal komplekslərinin inşa olunması Naxçıvanın qonşu ölkələrlə sərnişindaşıma xidmətinin yaxşılaşdırılmasına da öz töhfəsini verib. Hazırda Naxçıvan-Bakı, Naxçıvan-Batumi və Naxçıvan-Ərzurum avtobus marşrutlarının fəaliyyət göstərməsi sərnişindaşımada çoxşaxəliliyin təmin olunmasına imkan verib.
Muxtar respublikada mühüm nəqliyyat infrastrukturlarından biri də dəmir yollarıdır. Ötən əsrin 90-cı illərində baş verən hadisələr nəticəsində Naxçıvan Muxtar Respublikasının dəmir yolu ölkədən təcrid edilib, muxtar respublika blokada vəziyyətinə düşüb. Lakin ümummilli liderimizin gərgin əməyi sayəsində dəmir yolu nəqliyyatı öz fəaliyyətini dayandırmayıb, muxtar respublikada bu sahədə tələbatın ödənilməsinə nail olunub.
Ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra dəmir yolu nəqliyyatı da özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci­ illər üzrə İnkişaf Pro­qramı” dəmir yolu nəqliyyatının inkişafına təkan verib. İnkişaf proqramına uyğun olaraq mühüm dəmiryol qovşağı olan Culfa stansiyasında Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binası, Culfa Lokomotiv Deposu, Lokomotiv Briqadalarının İdarə­edilməsi Mərkəzi və Radio-rabitə sexi binası əsaslı təmir edilərək istifadəyə verilib, dəmir yolu keçidləri yenidən qurulub, yeni keçidlər salınıb. Bu nəqliyyat sektorunda da beynəlxalq daşımaların həyata keçirilməsi üçün zəruri addımlar atılıb. Belə ki, ötən il qonşu ölkələrlə iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edən Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı fəaliyyətə başlayıb. Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir.
Hava nəqliyyatı isə blokada vəziyyətinə salınmış muxtar respublikanı digər ölkələrlə, eyni zamanda paytaxt Bakı şəhəri ilə əlaqə saxlamağa imkan verən yeganə nəqliyyat vasitəsi olub. Bu illər ərzində muxtar respublikada tədbirlər həyata keçirilib, yeni aerovağzal kompleksi tikilərək istifadəyə verilib, Naxçıvan hava limanı beynəlxalq status qazanıb. Naxçıvan Beynəlxalq Hava Limanında yeni inzibati bina inşa olunub, əhaliyə göstərilən xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması, təyyarə uçuşlarının təhlükəsizliyinin tam təmin edilməsi məqsədilə Şərq və Qərb terminalları istifadəyə verilib. Yenidənqurma işlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artıb, aerovağzal binasından istifadə edən sərnişinlərin sayı saatda 600 nəfərə çatdırılıb.
Hər üç sektorda kompleks işlərin görülməsi muxtar respublikada nəqliyyatın dinamik inkişafına səbəb olub. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 1995-ci illə müqayisədə 2016-cı ildə muxtar respublikada yük daşınması 25,4 dəfə artaraq 16 milyon 83 min tona, sərnişin daşınması isə 4,3 dəfə artaraq 100 milyon 129 min nəfərə çatıb. Nəqliyyat sektorunun inkişafı hazırda Naxçıvanın Rusiya, Türkiyə, İran, Gürcüstan kimi ölkələrlə birbaşa nəqliyyat əlaqələrinin yaradılmasına səbəb olub. Muxtar respublikanın hərtərəfli inkişafı isə bu sektorun daha da genişlənməsinə imkan verəcək ki, Naxçıvan yaxın gələcəkdə regionun mühüm tranzit mərkəzlərindən birinə çevriləcək.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4348026
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3648
17506
82583
336390
4348026

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter