22 Oktyabr 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızın əlverişli torpaq-iqlim şəraiti, zəngin təbiəti kənd təsərrüfatının ən vacib və gəlirli sahələrindən biri olan arıçılığın inkişafı üçün çox əlverişlidir. 11 iqlim qurşağından əksəriyyətinə sahib olan qədim diyarımızda çoxsaylı müxtəlif bitki növlərinin yayılması da buna geniş imkanlar açır. Bu gün dövlətimizin  bu vacib sahənin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində arıçılıq hazırda kənd təsərrüfatında ən perspektivli sahələrdən birinə çevrilib. Arıçılıqla məşğul olan sahibkarlara göstərilən maliyyə dəstəyi, balın emalı və qablaşdırılması ilə bağlı istehsal sahələrinin yaradılması bu sahə ilə məşğul olan təsərrüfatların sayının artmasına geniş imkanlar açır.

İqtisadi və sosial inkişafımızın müasir mərhələsində arıçılığa diqqət və qayğı daha da artırılıb. Bu sahənin inkişafının təmin edilməsi məqsədi ilə ötən ilin noyabr ayından “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq olunub. Bu mühüm dövlət proqramının əsas məqsədi muxtar respublikada yerli və ənənəvi arı cinslərinin yetişdirilməsi, arı ailələrindən yüksək məhsul götürülməsi üçün köçürülmə ərazilərində zoobaytar qaydalara əməl edilməsi, xəstəliklərə qarşı vaxtında mübarizə aparılması və məhsul istehsalının daha da artırılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsidir.

Son illər ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində yaradılmış Sahibkarlığa Kömək Fondu tərəfindən arıçılıqla məşğul olan 102 sahibkarlıq subyektinə 727 min manat həcmində kreditlər verilib. Balın emalı və qablaşdırılması ilə məşğul olan 5 istehsal müəssisəsi yaradılıb. Görülmüş tədbirlər nəticəsində arı ailələrinin sayı 2000-ci ildə 12 min 620-dən 71 minədək artıb. Bu gün Naxçıvanda 4800-dən çox sahibkar arıçılıqla məşğul olur. Ötən il muxtar respublikada 1403 ton bal istehsal edilib.
Muxtar respublikamızın bütün bölgələrində arıçılığın inkişafına xüsusi diqqət yetirilir. Bu baxımdan Culfa rayonunda da məqsədyönlü tədbirlər həyata keçirilir. Hazırda bölgədə 13 min 750 arı ailəsi saxlanılır. Ötən il rayonda 272 ton bal istehsal olunub. Arıçılığın inkişafı məqsədilə 33 sahibkara 92 min manat kredit verilib. Keçirilən “Arıçılıq məhsulları – bal” festivalında Kırna kəndindən gətirilən bal mükafata layiq görülüb.
Rayon ərazisinin çox hissəsi dağlıq sahələrdir. Gal, Şurud, Milax, Ərəfsə, Teyvaz, Ləkətağ, Boyəhməd və digər kəndlərdə bu gün keyfiyyətli bal əldə edilir. Bu günlərdə arıçılıqda mühüm kampaniya olan bal süzümünə də başlanılıb. Mütəxəssislər bu zaman arıların qış azuqəsinin indidən saxlanılmasının vacibliyini də qeyd edirlər. Bildirirlər ki, bu azuqənin kifayət qədər saxlanması arı ­ailələrinin qışlamadan gümrah çıxmasına, xəstəliklərə qarşı davamlı olmasına zəmin yaradır. Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin əməkdaşları tez-tez yerlərdə olur, arıçılıqla məşğul olan sahibkarları bu istiqamətdə maarifləndirirlər.
Culfa rayonunun Milax kəndində yaşayan təcrübəli arıçı Şaiq Hacıyev arı ailələrinin bir qismini kənddə, bir qismini isə yaylaqda saxlayır. Şaiq bu gün arıçılıqla məşğul olmaq, təsərrüfatı genişləndirmək üçün hər cür şəraitin olduğunu deyir.
Bölgənin ən iri yaşayış məntəqəsi olan Yaycı kəndində də bu sahənin inkişafına əhəmiyyət verilir. Hazırda bu kənddəki təsərrüfatlarda 872 arı ailəsi var. Ötən il bu iri yaşayış məntəqəsində 17,5 ton bal istehsal olunub.
Kənddə arıçılıqla məşğul olan insanlardan biri də 66 yaşlı el ağsaqqalı Əli Məmmədovdur. Hazırda arı ailələrini Yarpaqlı yaylağında saxlayan Əli kişi deyir ki, arıçılıq maraqlı bir sahədir. Sanki möcüzəli bir dünyaya düşürsən. 40 ilə yaxındır ki, bu möcüzəli dünyanın qoynundayam. Balımızın da keyfiyyətinə söz ola bilməz. Bizim ərazilərimizdə arı 100 cürə çiçəkdən şirə yığır. Ona görə də balımız keyfiyyətli olur. Ata-babalarımız deyərdilər ki, arıçılıq müqəddəs sahədir, arıya haram qatmaq olmaz. İldən-ilə arılarımızı artırırıq. Yaxşı da qazanc götürürük. Hər bir arıçı dövlət qayğısını yaxından hiss edir. İstilər düşən kimi arıları mərhələ-mərhələ üzü dağlara – Yarpaqlı yaylağına gətiririk. Bura arıçılıq üçün çox əlverişli ərazidir. Bu ildən yeni cins arı sortları da əldə etmək fikrindəyik. Məqsədimiz bu vacib sahəni daha da genişləndirməkdir. Bir ailənin xoş güzəranı üçün ən sərfəli sahədir.
Dağlar əhatəsində yerləşən Gal və Şurud kəndlərində də arıçılığın inkişafı üçün çox əlverişli münbit şərait var. Buranın təmiz dağ havası, güllü-çiçəkli yerləri, eyni zamanda ata-babadan qalma ənənələrin uğurla davam etdirilməsi öz bəhrəsini verir. Kənddə arıçılıqla məşğul olanlardan biri də Hüseyn Əliquliyevdir. O deyir ki, 50 arı ailəsi bəsləyir. Elə vaxtlar olub ki, 800 kiloqram, hətta 1 tona yaxın bal istehsal edib. Yaxşı məhsulun isə həmişə alıcısı var. Müştərilər gəlib balı elə kəndin özündə, evdən alıb gedirlər.
Bu gün qadınlar da arıçılıqla məşğul olur, bu sahənin inkişafında yaxından iştirak edirlər. Gal kənd sakini Gülayə Əliyeva da onlardan biridir. İşgüzar qadın deyir ki, 1971-ci ildən arıçılıqla məşğul olur: “Ailəmizdə atamla yanaşı, anam da arı saxlayardı. Mən də anamdan öyrənmişəm. Kəndimiz füsunkar bir ərazidə qərar tutub. Dağ havası, bulaq suları, güllü-çiçəkli yerləri var. Arıçılığı inkişaf etdirməklə yaxşı qazanc əldə edirik. 40 arı ailəsinə qulluq göstəririk. Onların sayını daha da artıracağıq”.
Babək rayonunda, dağların aşağı ətəklərində füsunkar bir ərazidə qərar tutan Naxışnərgiz kəndində də təcrübəli arıçıların sayı kifayət qədər çoxdur. Naxışnərgiz ilin yaz fəslində daha gözəl olur. Ətraf sahələr gül-çiçəyə bürünür. Belə şəraitdə isə arıçılığı inkişaf etdirib keyfiyyətli bal istehsal etmək mümkündür. 56 yaşlı Bulud Nəcəfovla görüşürük. Güllü-çiçəkli sahələrə düzdüyü arı ailələrinə qulluq edən arıçıya “Bərəkətli olsun”, – deyib salam veririk. Yaxınlıqdakı avtomobili göstərib – yəqin ki, sizinkidir, – deyə soruşuram. “Bəli, çəkdiyim zəhmətin müqabilində illik qazancım 10 min manatdan yuxarı olur”, – deyir. O, sözlərinə belə davam edir: “30-dan çox arı ailəsi saxlayıram. Arıçılıq ata-baba peşəmizdir. Zəngin təbiətimiz var. Bura arıçılığın inkişafı üçün sərfəli bir yerdir. Burada təmiz bal istehsal edirik. Alıcılarımız da az deyil. Bakıda bizim balı Naxçıvanın “şah balı” adlandırırlar. Ana təbiət, yaradılan şərait, göstərilən dövlət qayğısı və uzun illərdən bəri qazanılan zəngin təcrübə səmərə verir. Bax qarşıda gördüyünüz bu sahədə tərəvəz əkirik. Bir az da yuxarıda taxıl sahələrimiz var”.
Azərbaycanın incisi adlandırılan Ordubad rayonu geniş yaylaq sahələrinə, zəngin bitki örtüyünə malikdir. Dağlar qoynunda yerləşən Tivi, Bist, Nürgüt, Ələhi, Xurs, Unus, Biləv, Nəsirvaz və digər kəndlərin sakinləri yaylaq mövsümü ərzində arılarını Göygöl, Saqqarsu, Əyriçay, Rumus, Genyurd, Alçalıq və digər yerlərə çıxarırlar. Arıçılığın inkişaf etdirilməsində və keyfiyyətli bal istehsalında baytarlıq mütəxəssislərinin də rolu az deyil. Rayon Baytarlıq İdarəsinin rəisi Pamir Hüseynov deyir ki, Ordubadın keyfiyyətli balı nəinki Naxçıvan bazarında, hətta muxtar respublikamızdan kənarda da şöhrət qazanıb. Zəngin təbiətimiz, şəfalı otlarımız, güllər-çiçəklər balımızı keyfiyyətli edir. Təmiz balın alıcısı isə hər zaman var. Ötən il rayonda 268 ton keyfiyyətli bal istehsal edilib. Bunun da müqabilində arıçılar xeyli qazanc götürüblər.
Aşağı Əylis rayonun dağlıq ərazidə yerləşən füsunkar kəndlərindən biridir. Kənddə 1380 nəfər sakin yaşayır. Kənddə arıçılıqla məşğul olan yaşlı insanlardan biri də Qurban Babayevdir. O, ata-baba peşəsini davam etdirir, illər uzunu qazandığı təcrübə səmərə verir. Təcrübəli arıçı çəkdiyi zəhmətin müqabilində yaxşı qazanc əldə etdiyini söyləyir. Deyir ki, məni qıvraq saxlayan ana təbiətdir, təbii qidalardır, zəhmətə, torpağa bağlılıqdır: “Mən xoşbəxtliyimi, firavan həyatımı doğma kəndimdə, ata ocağında tapmışam. Bu yerdə yüz il yaşamaq, ömür sürmək belə, azdır”.
Bəli, müqəddəs bir sahədir arıçılıq. Arıçılıqla məşğul olan hər bir kəs təmiz, keyfiyyətli bal əldə etmək istəyirsə, gərək ilboyu arılara qulluq göstərə. Qazanılan təcrübə, göstərilən dövlət qayğısı, eləcə də muxtar respublikamızın zəngin təbiəti Naxçıvan balının uzaq-uzaq ellərdə şöhrətini artırır. Şair necə də gözəl deyib:

Bağ salıb, gül əkməyən,
Gülün yerə tökməyən,
Arı qəhrin çəkməyən,
Balın qədrin nə bilər.

Məhəmməd FƏRƏCOV
Naxçıvan dövlət televiziyasının baş redaktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4786971
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1351
13401
95546
322031
4786971

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter