21 Noyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Dövlət qayğısı arıçılara fəaliyyətlərini daha da genişləndirməyə şərait yaradır

Azərbaycanda arıçılıq və bal istehsalı ilə eramızdan əvvəlki dövrlərdən məşğul olunması haqqında tarixi mənbələrdə məlumatlar vardır. Arıçılıqla, balla bağlı yaranan zərb-məsəllər, atalar sözləri də bu sahəyə olan marağın ifadəsidir. Bir sıra arxeoloji materialların təhlili, xüsusilə mum qəliblər vasitəsilə metal əşyaların hazırlanması texnikası ölkəmizdə arıçılığın çox qədim zamanlardan inkişafını göstərir. Eramızdan əvvəl III-II minilliklərdən arı mumundan sənətkarlığın müxtəlif sahələrində istifadə olunması haqda da məlumatlar mövcuddur.

Naxçıvanda qədim zamanlardan günümüzə qədər təsərrüfatın aparıcı sahələri sayılan əkinçilik və maldarlıqla yanaşı, başqa yardımçı təsərrüfat sahələri də inkişaf etdirilib. İnsanların həyat şəraitinin yaxşılaşmasında əhəmiyyətli rol oynayan belə təsərrüfat sahələrindən biri də arıçılıqdır. Muxtar respublikanın təbii-coğrafi iqlimi, zəngin floraya malik olması arıçılığın geniş yayılmasına imkan verib. Bu sahənin Naxçıvanda nə vaxtdan yarandığı elmə dəqiq məlum deyil. Ancaq Ballıqaya, Pətəklik, Pətəkqoyulan kimi coğrafi adların bu gün də mövcud olması burada insanların qədim dövrdən arıçılıqla məşğul olduğunu göstərir. Tarixi qaynaqlara görə, Naxçıvanda arıçılıq – vəhşi arı balı toplamaq, meşə arıçılığı və mütərəqqi arıçılıq kimi inkişafın bütün mərhələlərini keçib. XIX əsr və XX əsrin əvvəllərindən Naxçıvanda arıçılığın xüsusi təsərrüfat sahəsinə çevrildiyi, hətta bəzi təsərrüfatlarda böyük arıxanaların olması haqqında məlumatlara rast gəlirik. XIX əsr rus tədqiqatçısı V.Q.Qriqoryevin məlumatlarına görə, həmin yüzilliyin 30-cu illərində Ordubad dairəsində əhalinin əksəriyyəti arıçılıqla məşğul olub. Tədqiqatçı N.N.Şavrov yazırdı ki, Ordubad qəzasında 3500 arı ailəsi saxlanılıb. Həmin dövrdə K.A.Qorbaçev Ordubad ərazisində 2 arı cinsinin olması haqqında məlumat verib.

Son illər digər təsərrüfat sahələri kimi, muxtar respublikamızda arıçılığın inkişafına da böyük qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Pro­qramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə arıçılara güzəştli kreditlərin verilməsi, arıçılarla maarifləndirici söhbətlərin diqqət mərkəzində saxlanılması böyük uğurlar qazanılmasını təmin edib. Qeyd edək ki, əgər muxtar respublikada 2000-ci ildə 12 min 620 arı ailəsi vardısa, hazırda arı ailələrinin sayı 70 mindən çoxdur. Muxtar respublikanın mövcud bitki örtüyü burada 100 mindən çox arı ailəsi saxlamağa imkan verir. Bir il ərzində arı ailələrindən 2000 tondan artıq əmtəəlik bal əldə etmək mümkündür.
Şərur rayonunun Tənənəm, Havuş, Ordubad rayonunun Tivi, Biləv, Ələhi, Babək rayonunun Buzqov, Culfa rayonunun Şurud, Şahbuz rayonunun Kükü və digər kəndlərinin adı ilə tanınan Naxçıvan balı bir sıra keyfiyyət göstəricilərinə görə Azərbaycanda, eyni zamanda qonşu ölkələrdə yüksək qiymətləndirilir.
Muxtar respublikanın arıçılıq təsərrüfatlarında sahibkarlar arasında maarifləndirmə işlərinin aparılması, bal və digər arıçılıq məhsullarının emalı və qablaşdırılması müəssisələrinin yaradılması, arıçılıq məhsullarının ixracının stimullaşdırılması, arı xəstəliklərinin qarşısının alınması üçün zoobaytar tədbirlərin genişləndirilməsi, heyvandarlıq-arıçılıq sahələri üzrə əczaxanaların yaradılmasının dəstəklənməsi arıçılığın inkişafına nail olunmasına geniş imkanlar açır. Bundan başqa, bu sahənin inkişaf etdirilməsi əhalinin məşğulluğunun artırılmasında da mühüm rol oynayır.
Dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər, əldə edilən nailiyyətlərlə tanış olmaq üçün muxtar respublikanın arıçılıqla daha çox məşğul olan bölgələri ilə əlaqə saxladıq. Bu bölgələrdən biri də Ordubad rayonudur. Qeyd edək ki, rayonun təkcə Bist kəndində arı saxlamayan ailə yoxdur. Adıçəkilən inzibati ərazi dairəsi üzrə nümayəndə­liyin tərkibində Ələhi kəndi də vardır. Bistdə 129, Ələhidə isə 31 təsərrüfatda 1217 arı ailəsi saxlanılır ki, bu da orta hesabla hər təsərrüfatda 70-dən yuxarı arı ailəsinin olması deməkdir.
Bu faktları öyrəndikdən sonra Bistə getməyi qərara aldıq. Bu kənddə bir neçə arıçı ilə görüşdük. 91 yaşlı təqaüdçü-­müəllim Mahmud Tahirov deyir ki, ağlım kəsəndən bu kəndlərdə arı saxlanıldığını görmüşəm. Arı həssaslığı sevir. Bu sahə ilə məşğul olanlar, necə deyərlər, arının nazını çəkməyi bacarmalıdırlar, onun dilini bilməlidirlər. Yalnız bu halda yüksəkkeyfiyyətli məhsula sahib ola bilərsən. Onu da deyim ki, həmkəndlilərim arıçılıqda yaxşı təcrübə qazanıblar. Münbit şərait, dövlət qayğısı və qazanılmış təcrübə kənd adamlarının ailə büdcələrini bu sahə üzrə formalaşdırmağa imkan verib. Mövsüm vaxtı bu məhsul üçün kəndə gələnlər az olmur. Yay aylarında rayonun digər yaşayış məntəqələrinin arıçıları da arı ailələrini buraya gətirirlər.
Məlumat üçün bildirək ki, yetişdirilən məhsulun satış ünvanları da çox genişdir. Ötən il Naxçıvan şəhərində “Arıçılıq məhsulları – bal” festivalının təşkil edilməsi də arıçıların ürəyincə olub. Onlar öz məhsullarını festival vasitəsilə nümayiş etdirə biliblər. Festivalda Bist kəndindən olan arıçılar da fəal iştirak ediblər.
Bistli arıçılardan Tahir Tahirov uzun illərdir ki, bu sahə ilə məşğul olur. Deyir ki, kəndimizin təmiz havası, suyu, gül-çiçəyi keyfiyyətli bal istehsalında mühüm rol oynayır. Dövlətimizin bu sahəyə göstərdiyi qayğı arıçılığa marağı daha da artırıb. Eşitdiyimə görə, Naxçıvan şəhərindəki peşə məktəbində arıçılıq kursu açılıb. Çox sevinirik ki, bu kurslar vasitəsilə qədim peşə olan arıçılıq inkişaf etdirilir.
Daha bir həmsöhbətimiz olan Mədinə Cabbarova uzun illər kənd kitabxanasının müdiri vəzifəsində işləyib. Hazırda təqaüddədir. Arıçılıqla məşğul olur. Deyir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin arıçıların problemləri ilə maraqlanması, qəbul edilən dövlət proqramı iqtisadi cəhətdən xeyli gəlirli olan bu sahənin inkişafına qayğının ifadəsidir.
Kənd sakinlərindən Əkrəm Gülməmmədov isə bildirir ki, arının məhsulu min bir dərdin dərmanıdır, təbabətdə geniş istifadə olunur. Bir çox xəstəliklər balla müalicə edilir. Bundan əlavə, baldan məişətdə şirniyyat məhsullarının hazırlanmasında da geniş istifadə olunur. Bu gün də, keçmişdə də baldan hazırlanmış Ordu­bad paxlavası, ballı tort hər yerdə şöhrət qazanıb.
Həmsöhbət olduğum digər bistlilər də arıçılıqla bağlı qəbul edilmiş dövlət proqramının onların bu sahə ilə məşğul olmasına əlavə stimul verdiyini, dövlətimizin qayğısını hər zaman üzərlərində hiss etdiklərini bildirdilər.

 Muxtar MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5282834
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4211
18197
22408
331040
5282834

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter