26 Sentyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

 Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq ölkəmizdə müasir iqtisadiyyatın qurulması və sosial sahənin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

İqtisadi və sosial sahələrin kompleks şəkildə inkişafı məqsədilə ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “2009-2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” yeni iş yerlərinin və müəssisələrin yaradılmasını, kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsini, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını təmin etmişdir. Müvafiq dövlət proqramlarının muxtar respublikada icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir.

İcrası uğurla başa çatdırılan müvafiq dövlət proqramlarının və həyata keçirilən digər mühüm tədbirlərin nəticəsidir ki, muxtar respublikada bütün makroiqtisadi göstəricilərin müsbət meyilliliyi təmin edilmiş, dinamik inkişaf qorunub saxlanılmışdır. Ötən dövr ərzində ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 2003-cü ildəki müvafiq göstəricini 14 dəfə üstələyərək 2013-cü ildə 2 milyard 339 milyon manat təşkil etmişdir. Qeyd olunan dövrdə sənaye məhsulunun həcmi 49 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 5 dəfə, ixracın həcmi 97 dəfə, əhalinin gəlirləri və bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 10 dəfə artmışdır. Ümumilikdə 2004-cü ildən 1 yanvar 2014-cü il tarixədək muxtar respublikada 58350 yeni iş yeri yaradılmışdır ki, bunun da 41891-i və ya 71,8 faizi daimi iş yeridir.

İqtisadiyyatın şaxələndirilməsini, əldə olunmuş uğurların davamlılığını təmin etmək məqsədilə qəbul olunmuş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində muxtar respublikada ardıcıl tədbirlər davam etdirilir.
Dövlət Proqramında Naxçıvan Muxtar Respublikası üzrə müəyyənləşdirilmiş ilk tədbirdə – bank və lizinq xidmətlərinin inkişaf etdirilməsi istiqamətində “Naxçıvanbank”ın Naxçıvan şəhərində, Şərur, Ordubad və Culfa rayonlarında yeni filialları istifadəyə verilmiş, ümumilikdə, banklar tərəfindən 1 aprel 2017-ci il tarixə 57800 müştəriyə xidmət göstərilmişdir. Nağdsız hesablaşmaların genişləndirilməsi məqsədilə 1 aprel 2017-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1231-ə çatdırılmışdır.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının maşın və mexanizmlər ilə təchizatını yaxşılaşdırmaq məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2014-cü ildə 276, 2015-ci ildə 187, 2016-cı ildə 102, 2017-ci ilin ilk rübü ərzində 31 ədəd olmaqla, ümumilikdə, 596 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir.
Aqrar sahədə mövcud sığorta sisteminin təkmilləşdirilməsi istiqamətində 2014-cü ildə 1024, 2015-ci ildə 983, 2016-cı ildə 1358, 2017-ci ilin ilk rübü ərzində 631 vətəndaşın əkin sahəsi sığortalanmışdır.
Naxçıvan Muxtar Respublikasında gömrük infrastrukturunun inkişaf etdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilmiş, Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsinin inzibati binası, Culfa rayonunda “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati bina və anbar kompleksi istifadəyə verilmiş, Sədərək rayonunda Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin tikintisi davam etdirilmişdir. Həmçinin muxtar respublikanın gömrük orqanları informasiya-kommunikasiya texnologiyaları və yeni avadanlıqlarla təchiz olunmuşdur.
Elmi-tədqiqat işlərinin müasir tələblər səviyyəsində aparılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin struktur bölmələri müxtəlif avadanlıqlarla təmin olunmuş, maddi-texniki baza gücləndirilmişdir. Muxtar respublika ərazisində seysmoloji dəyişiklikləri qeydə almaq və təhlil etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Seysmoloji Xidmət mərkəzi istifadəyə verilmişdir. Hazırda bölmədə 78 elmi işçi, 27 laborant fəaliyyət göstərir. Bölmənin elmi işçilərindən 2-si AMEA-nın həqiqi üzvü, 5-i AMEA-nın müxbir üzvü, 5-i elmlər doktoru, 50-si fəlsəfə doktorudur. 23 nəfər doktorant, 26 nəfər dissertant elmi tədqiqatla məşğul olur.
Qida təhlükəsizliyinin idarə edilməsi sistemlərinin tətbiqi və sertifikatlaşdırılması sahəsində yüksəkixtisaslı kadrların hazır­lanması, qidalanmanın elmi prinsiplərinin təkmilləşdirilməsi və inkişafı istiqamətində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin mərkəzi qida sınaq laboratoriyasının maddi-texniki bazası möhkəmləndirilmiş, xarici ölkə­lərin təcrübələri öyrənilmiş, seminarlar təşkil olunmuşdur.

Sənaye və kənd təsərrüfatı sahəsinin inkişafı tədbirləri

Naxçıvan Muxtar Respublikasında yeni sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi istiqamətində ötən dövr ərzində 51 istehsal sahəsi yaradılmış, 11 istehsal sahəsinin yaradılması hazırda davam etdirilir.
Zəruri infrastruktura malik ərazidə sənaye parkının yaradılmasının dəstəklənməsi istiqamətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Əsasnamə”yə uyğun olaraq 9 qayda təsdiq edilmiş, yaradılması nəzərdə tutulan sənaye parkının nizamnaməsi hazırlanmışdır. Sənaye parkında 32 layihə üzrə istehsal sahələrinin yaradılmasına dair təkliflər hazırlanmış, həmçinin sənaye parkı üçün yerin seçilməsi və iqtisadi əsaslandırılması həyata keçirilmiş, bu sahədə mövcud təcrübə öyrənilmişdir.
Muxtar respublikada dağ-mədən sənaye müəssisələrinin fəaliyyətinin bərpası, yeni müəssisələrin yaradılması məqsədilə Ordubad rayonunun Piyazbaşı, Ağyurd, Şəkərdərə və Kələki filiz yataqlarında geoloji kəşfiyyat işlərinin aparılması və ehtiyatların hesablanması üzrə işlər yekunlaşdırılmış, əlavə tədqiqat işləri davam etdirilir.
“Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi məqsədilə ərazidə yerüstü topoqrafik xəritə və yeraltı iki şaxtanın markşeyder planı hazır­lanmış, bu istiqamətdə tədbirlər davam etdirilir. Bundan əlavə, Culfa rayonunun Göydağ mis-porfir yatağında geoloji kəşfiyyat işləri aparılır.
Yerli xammalın mövcudluğunun müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılmış, yerli xammal əsasında yaradılması səmərəli hesab edilən sürmə, təbii və texniki bitki cövhəri, natrium xlorid, arsenli birləşmələr, bişmiş kərpic istehsalı, bərk məişət tullantılarının təkrar emalı üzrə layihələr hazırlanmışdır.
Muxtar respublikada ənənəvi sənətkarlıq sahələrinin bərpası və inkişafının dəstəklənməsi istiqamətində “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Xalq Yaradıcılığı Emalatxanası”nda ayrı-ayrı sənətkarlıq sahələri, o cümlədən ağac üzərində oyma, dekorativ­-tətbiqi sənət, xalçaçılıq və rəssamlıq sahələri yaradılmış, “Məişət Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətində xalçaçı­lıqda istifadə olunan iplərin boyanmasına başlanılmışdır.
“Dizayn Holdinq” Kommersiya Şirkətləri İttifaqının nəzdində mis üzərində döymə və ağac üzərində oyma sənətləri üzrə emalatxana yaradılmış və kurslar təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisəsində cəzaçəkən məhkumlara xalçaçılıq və misgərlik sənəti üzrə kurslar təşkil olunmuşdur.
Muxtar respublikada hazırlanmış əl işlərinin və sənət əsərlərinin satışı üçün dəstəkləyici tədbirlər həyata keçirilmiş, sərgilər təşkil olunmuşdur.
Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü və emalı sahəsində sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin göstərilməsi, onların gübrə və texnika ilə təminatının yaxşılaşdırılması, subsidiyaların və güzəştli şərtlərlə kreditlərin verilməsi prosesi davam etdirilmişdir. Dövlət Pro­qramının icrası istiqamətində ötən dövr ərzində muxtar respublikada 15 heyvandarlıq, 5 quşçuluq, 16 istixana təsərrüfatı, ümumi tutumu 2330 ton olan 9 soyuducu anbar yaradılmış, 7 heyvandarlıq və 1 quşçuluq təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır. Hazırda 4 heyvandarlıq, 2 quşçuluq təsərrüfatının yaradılması davam etdirilir.
Muxtar respublikada üzümçülük plantasiyalarının salınması, gülçülük təsərrüfatlarının yaradılması və baramaçılığın bərpa edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir.
Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin meyvəçilik, tərəvəzçilik, üzümçülük və bəzək bitkiləri şöbəsində və Nehrəm “Meyvəçilik sort-sınaq” məntəqəsində süfrə və texniki üzüm sortlarının öyrənilməsi, onların genetik fondunun toplanması, keyfiyyət göstəricilərinin artırılması və tingçiliyin təşkili istiqamətində elmi-tədqiqat işləri aparılır. Üzümçülüyün inkişafı istiqamətində yerli resurslardan istifadə olunmaqla üzüm bağlarının salınması üçün tinglərin becərilməsinə başlanılmışdır.
Ötən dövr ərzində Babək rayonunun Zeynəddin kəndində müxtəlif növ güllərin yetişdirilməsi üçün istixana kompleksi yaradılmışdır.
Muxtar respublikada aborigen meyvə sortlarının tədqiqi istiqamətində Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Ordubad dayaq məntəqəsində və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda ardıcıl tədbirlər davam etdirilmiş, meyvələrin sort və genofondu öyrənilmişdir.
Muxtar respublikada yüksək reproduksiyalı, məhsuldar toxumla təminatı yaxşılaşdırmaq məqsədilə toxumçuluq təsərrüfatlarının genişləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunmuşdur. Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində ayrılan qrant hesabına Naxçıvan Muxtar Respublikası “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin toxumçuluq təsərrüfatına yeni kənd təsərrüfatı texnikaları və toxumçuluq laboratoriyası avadanlıqları təqdim olunmuşdur. Təqdim olunan 5 kombayn, 5 traktor, hər birinin tutumu 10 ton olan 4 yük maşını, 5 toxumsəpən, 5 filtr təmizləyici, avtobus, hidravlik ekskavator, yanacaq tankeri, toxumörtən, diskli kotan və dırmıqlar, 5 gübrəsəpən, 5 toxumtəmizləyən, 2 elevator, 80 tonluq elektron tərəzi, eləcə də digər maşın və avadanlıqlar yüksək iş imkanlarına malikdir. Yeni alınan elektro-termostatik inkubator, isitmə və qurutma sobası, mikroskop və digər avadanlıqlar hesabına toxumçuluq laboratoriyasında yüksək məhsuldarlığa malik, xəstəliyə, ziyanvericilərə və yerli iqlim şəraitinə dözümlü toxum sortları yetişdiriləcək, toxumların genofonduna və seleksiyasına nəzarət olunacaqdır. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.
Muxtar respublikada torpaqlardan səmərəli istifadə edilməsi üçün şəhər və rayonların əkin atlasları hazırlanmış və bu istiqamətdə ardıcıl maarifləndirmə tədbirləri davam etdirilir.
Muxtar respublikada dəvəçilik təsərrüfatının genişləndirilməsi məqsədilə Şərur rayonunun Tumaslı kəndində heyvandarlıq təsərrüfatında və Babək rayonunda damazlıq qaramal təsərrüfatında saxlanılan dəvələr və onlardan alınmış balalar zootexniki qaydalara uyğun olaraq bəslənilir. Şərur rayonunun Diyadin kəndində yeni dəvəçilik təsərrüfatı yaradılmışdır. Bununla yanaşı, həmin təsərrüfatda cins atlar da yetişdirilməkdədir.
Balıqçılığın inkişaf etdirilməsi və yeni təsərrüfatların yaradılması istiqamətində Naxçıvan şəhərində, Şərur rayonunun Aşağı Yaycı kəndində balıqçılıq təsərrüfatları istifadəyə verilmişdir. Kəngərli rayonunda “Asnı” balıqçılıq təsərrüfatında inkubasiya sexi quraşdırılmışdır. Balıqlardan alınan kürü həmin sexdə inkubasiya edilərək körpə balıqlar alınır və yetişdirilərək digər balıqçılıq təsərrüfatlarına satılır. Naxçıvan “Balıqçılıq Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində isə muxtar respublikanın su hövzələri üçün müxtəlif balıq sortlarının yetişdirilməsinə şərait yaradılmışdır.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı istiqamətində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2014-cü ildən 1 aprel 2017-ci il tarixədək 637 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir.
Sənaye və kənd təsərrüfatı sahələri ilə yanaşı, iqtisadiyyatın digər sahələrinin inkişafı istiqamətində 58 xidmət sahəsi istifadəyə verilmiş, 2 xidmət sahəsinin yaradılması davam etdirilir.
Muxtar respublikada biznes mühitinin yaxşılaşdırılması və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində 2014-cü ildən 1 aprel 2017-ci il tarixədək muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 90 milyon 826 min 600 manat təşkil etmişdir. Bu kreditlərdən 62 milyon 947 min 600 manatı fərdi sahibkarlığın inkişafına, 27 milyon 879 min manatı isə yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə sərf olunmuşdur. Ötən dövr ərzində 74 biznes forum, konfrans, sərgi və işgüzar görüşlərdə sahibkarlıq subyektlərindən 420 nümayəndənin iştirakı təmin edilmiş, Naxçıvan məhsulları ixrac kataloqu Azərbaycan və ingilis dillərində kütləvi nəşr üçün hazırlanmışdır.
Naxçıvan Biznes Mərkəzində muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ixrac təşviqinin ödənilməsi qaydaları, ixracda “Made in Azerbaijan” brendinin mexanizmləri və digər dəstək tədbirləri ilə bağlı maarifləndirici seminar keçirilmişdir.
“Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Qlobal Standart 1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqavilə əsasında 32 yerli istehsalçı şirkət beynəlxalq GS1 sisteminə daxil edilmiş, 526 yeni ştrixkod verilmişdir.
Muxtar respublikada özəlləşdirmə prosesinin davam etdirilməsi, texniki inventarlaşdırmanın həyata keçirilməsi, texniki pasport və planların tərtib olunması məqsədilə ardıcıl tədbirlər həyata keçirilmiş, ötən dövr ərzində ümumi sahəsi 750 min 745 kvadratmetr olan 449 müəssisə və obyektə texniki pasport hazırlanmış, bununla da, muxtar respublika üzrə 2279 obyekt texniki pasportla təmin edilmişdir.
Keyfiyyətə nəzarət sisteminin təkmilləşdirilməsi məqsədilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin mərkəzi qida sınaq laboratoriyası beynəlxalq akkreditasiyadan keçirilmiş və cəmiyyət tərəfindən verilmiş keyfiyyət sertifikatları ilə ərzaq məhsullarının maneəsiz xarici bazarlara çıxarılmasına şərait yaradılmışdır. Akkreditasiya sisteminə daxil olan digər laboratoriyaların beynəlxalq akkreditasiyadan keçirilməsi üçün maarifləndirmə işləri aparılmışdır.

Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri

Yeni tikinti materialları yataqlarının axtarışı və kəşfiyyat işləri istiqamətində Babək rayonunda radioaktiv və kompleks elementlərin qiymətləndirilməsinə dair məlumat hazırlanmışdır.
Culfa rayonunda Gal sahəsində civə və kompleks filiz yataqlarında axtarış işləri, Əlincəçay vadisinin Saltaq-Qızılca kəsimində səpinti qızıl, Qaradərəsu hövzəsində inşaat materialları yataqlarının, “Şahqaraj” adlandırılan ərazidə radioaktiv və kompleks elementlərin axtarışı və qiymətləndirilməsi işləri başa çatdırılmışdır. Babək rayonunda Toydağ filizləşmə sahəsində mis-molibden yataqlarının, Culfa rayonunun Şurud sahəsində civə və kompleks filiz yataqlarının axtarışı işləri, Əlincəçay vadisinin Ərəzin sahəsində səpinti qızıl yataqlarının axtarışı və qiymətləndirilməsi üzrə layihə-smeta sənədlərinin tərtibi davam etdirilmişdir.
Təhlükəli hidrometeoroloji hadisələrin erkən xəbərdarlıq sisteminin inkişaf etdirilməsi, dövlət hidrometeoroloji müşahidə şəbəkəsinin, çaylarda hidrometeoroloji monitorinq sisteminin təkmilləşdirilməsi və regional laboratoriya sisteminin yaradılması istiqamətində tədbirlər davam etdirilmişdir.
Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkının Şahbuz, Culfa və Ordubad rayonlarının inzibati ərazilərinin meşə ilə örtülü ərazilərində rekreasiya potensialının öyrənilməsi və ekoturizm infrastrukturunun yaradılması sahəsində işlər davam etdirilir.
Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək rayonlarının və Naxçıvan şəhərinin inzibati ərazilərində yeni tingçilik təsərrüfatları yaradılmışdır. Muxtar respublikanın orta dağlıq və dağlıq ərazilərindən keçən çayların – Arpaçay, Naxçıvançay, Gilançay və Əlincəçay vadilərində və arid ərazilərdə eroziyaya qarşı mübarizə məqsədilə sel-daşqın təhlükəsi olan rayonlarda, Zəngəzur və Dərələyəz silsilələrinin çayətrafı ərazilərində yeni meşə sahələri, massivləri, meyvə bağları salınmış, meşəbərpa tədbirləri aparılmışdır.
Ümumilikdə 2014-cü ildən 1 aprel 2017-ci il tarixədək muxtar respublikada 1737,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 1488,7 min ədəd ağac və bəzək kolları əkilmişdir.
Ətraf mühitin monitorinqi üzrə yeni kompleks laboratoriyaların, Naxçıvançay vadisində Zooloji parkın yaradılması istiqamətində ilkin hazırlıq işləri aparılır.

Yol təsərrüfatı və nəqliyyat tədbirləri

Muxtar respublikada müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
Dövlət Proqramının icrası istiqamətində ötən dövr ərzində muxtar respublikada 207 kilometr uzunluğunda asfalt yollar salınmış, 8 körpü tikilmiş, 2 körpü yenidən qurulmuşdur. Bundan əlavə, Naxçıvan şəhərində yerüstü piyada keçidi istifadəyə verilmişdir.
Babək rayonunun Payız, Kəngərli rayonunun Qarabağlar, Şahbuz rayonunun Badamlı kəndlərində avtomobil yollarının yenidən qurulması, Naxçıvan şəhərində yerüstü piyada keçidinin və 400 yerlik avtomobil parkının tikintisi davam etdirilmişdir.
Naxçıvan Beynəlxalq Hava Limanının inzibati binasının tikintisi başa çatdırılmış, Naxçıvan Beynəlxalq Hava Limanında Şərq və Qərb terminalları istifadəyə verilmişdir. Yenidənqurma işlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artmış, aerovağzal binasından istifadə edən sərnişinlərin sayı saatda 600 nəfərə çatdırılmışdır.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəltmək məqsədilə hava limanına yeni maşın-mexanizmlər alınmış, karqo terminalının yenidən qurulması davam etdirilmişdir.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasındakı İdarəetmə Mərkəzinin, dəmir yolu sərnişin vağzalı binasının və İnfrastruktur İdarəsinin inzibati binasının əsaslı təmiri başa çatdırılmışdır.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin Ordubad transformator yarımstansiyası binasının əsaslı təmiri başa çatdırılmış, Culfa stansiyasında İstismar Vaqon Deposunun, Ordubad dəmir yolu sərnişin vağzalı binasının, Ordubad yol sahəsinin inzibati binasının və 4 saylı yol məntəqəsi binasının tikintisi, Ordubad Stansiya İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilmişdir.
Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyəti təmin olunmuş, 3 ədəd yeni sərnişin vaqonu gətirilmişdir.
Muxtar respublika ərazisində dəmiryolların təmiri işləri mütəmadi aparılmaqla qatarların hərəkətinin təhlükəsizliyi təmin edilmişdir. Türkiyə Respublikasının dəmiryolları ilə birləşdirilməsi məqsədilə Culfa-Sədərək sahəsi üzrə ilkin layihələndirmə işləri aparılır. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir.

Elektrik enerjisi və qaz təchizatı tədbirləri

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ötən dövrdə Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” su elektrik stansiyalarının tikintisi başa çatdırılmış, Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilmişdir.
Ordubad rayonunda layihə gücü 14 meqavat olan Tivi Su Elektrik Stansiyasının tikintisini həyata keçirmək məqsədilə elmi-tədqiqat və layihə-axtarış işləri davam etdirilir.
Muxtar respublikada alternativ enerji mənbələrinin yaradılması istiqamətində Babək rayonunun Xal-xal kəndi ərazisində 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. İstismara verilən günəş elektrik stansiyasının gücünün artırılması ilə bağlı tədbirlər hazırda davam etdirilir.
Alternativ enerji mənbələrinin potensialının müəyyənləşdirilməsi istiqamətində elmi-tədqiqat və layihə-axtarış işləri davam etdirilmişdir.
Muxtar respublikada yeraltı qaz anbarının yaradılması istiqamətində işlər davam etdirilir.

Rabitə xidmətlərinin yaxşılaşdırılması tədbirləri

Aparılmış məqsədyönlü tədbirlərin nəticəsidir ki, muxtar respublikada informasiya-texnologiyaları sahəsinin əhatə dairəsi genişləndirilmiş, 4-cü nəsil mobil rabitə şəbəkəsi, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri istifadəyə verilmişdir.
Muxtar respublikada poçt bölmələri, avtomat telefon stansiyaları istifadəyə verilmiş, mövcud avtomat telefon stansiyaları yeniləri ilə əvəz olunmuşdur.
Şahbuz və Babək rayonlarını əhatə edən 3-cü nəsil telekommunikasiya xidmətlərindən istifadəyə imkan verən NGN avadanlıqları qurulmuşdur.
Bu gün muxtar respublikanın yaşayış ərazilərinin 98 faizində genişzolaqlı, 99 faizində isə simsiz internet xidməti göstərilir.
Muxtar respublikanın yaşayış məntəqələrində rəqəmsal televiziya yayımını təmin edən 6 güclü, 43 azgüclü televiziya vericisi istifadəyə verilmiş, sosial paketdə olan 12 televiziya kanalının rəqəmsal yayımı təmin edilmişdir. Bundan əlavə, Naxçıvan şəhərinin, Şərur, Babək, Şahbuz və Sədərək rayonlarının ərazilərində internet televiziyasının yayımı təşkil edilmiş, əhaliyə Yeni Nəsil Telekommunikasiya Sistemi üzərindən televiziya kanallarını izləmək və digər xidmətlərdən yararlanmaq imkanı yaradılmışdır.
Duzdağ Radio-Televiziya Verici Stansiyasında 7 ədəd güclü DVB-T2 standartında rəqəmsal televiziya vericiləri istifadəyə verilmişdir ki, bu xidmət vasitəsilə 67 televiziya proqramının yayımı, Naxçıvan Dövlət Televiziyasının isə ölkədə ilk olaraq yüksəkkeyfiyyətli HD formatda yayımlanması təmin edilmişdir.
Muxtar respublika ərazisində rəqəmli radio yayımı fəaliyyətə başlamış, “Universitet” televiziyasında videodərslərin hazırlanması və distant tədrisin tətbiqi məqsədilə avadanlıqlar qurulmuş, virtual studiya yaradılmış, “Universitet” televiziyasının və “Nuhçıxan” radiosunun Naxçıvan şəhərində rəqəmsal formatda yayımı təmin edilmişdir.
Naxçıvan televiziyasının və dövlət radiosunun maddi-texniki bazaları gücləndirilmiş, internet üzərindən yayımları təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikasının ərazisində fiber-optik kabel şəbəkəsinin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
“Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsal olunan məhsulların, həmçinin muxtar respublikada istehsal olunan ixracyönümlü məhsulların reklam olunması, xarici iş adamları ilə əlaqələrin genişləndirilməsi məqsədilə cəmiyyətin internet portalı yaradılmışdır. Bundan əlavə, muxtar respublikada elektron imzanın verilməsi üzrə müvafiq şəbəkə sistemi qurulmuşdur.

Su təchizatının və kanalizasiya
xidmətlərinin yaxşılaşdırılması tədbirləri

Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq muxtar respublikanın rayonlarında əhalinin içməli su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində Culfa və Şahbuz şəhərlərinin, eləcə də ətraf kəndlərinin içməli su və kanalizasiya şəbəkəsində işlər tamamlanaraq evlərə su verilmiş, Şərur, Babək, Ordubad, Kəngərli və Sədərək rayonlarında içməli su və kanalizasiya xətlərinin tikintisi davam etdirilmişdir.
Şərur rayonunda 24,5, Babək rayonunda 65, Ordubad rayonunda 18,7, Culfa rayonunda 11,4, Kəngərli rayonunda 7,9, Şahbuz rayonunda 11,3 kilometr uzunluğunda içməli su xətləri çəkilmiş, Şərur rayonunda 50,7, Babək rayonunda 19,9, Ordubad rayonunda 102,7, Culfa rayonunda 12,7, Kəngərli rayonunda 12, Şahbuz rayonunda 7,6 kilometr uzunluğunda içməli su xətləri təmir olunmuşdur.
Muxtar respublikada 36 kəhrizin təmiri başa çatdırılmış, 6 kəhrizin təmiri hazırda davam etdirilir.
Bundan əlavə, Naxçıvan şəhərində Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Naxçıvan şəhərdaxili su və kanalizasiya şəbəkəsi, Tumbul, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilmiş, çirkab sutəmizləyici qurğunun tikintisi hazırda davam etdirilir.

Meliorasiya və irriqasiya tədbirləri

Muxtar respublikada meliorasiya-irriqasiya sahəsinin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilir. Belə ki, ötən dövr ərzində Kəngərli rayonunun Yeni Kərki, Xıncab, Təzəkənd və Böyükdüz kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə Uzunoba Su Anbarından qidalanan su xəttinin çəkilişi, Babək rayonunda Uzunoba Su Anbarının yenidən qurulması başa çatdırılmışdır.
Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin torpaq sahələrinin suvarılması üçün əlavə su xətlərinin, Naxçıvan şəhərinin Qaraçuq, Şərur rayonunun Kərimbəyli, Babək rayonunun Cəhri və Güznüt kəndlərində drenaj xətlərinin, Bənəniyar gölündən Babək rayonunun Nehrəm kəndi ərazisinə suvarma su xəttinin çəkilişi, Culfa rayonunun Camaldın kəndində suvarma kanalının təmiri başa çatdırılmışdır.
Babək rayonunun Xal-xal, Ordubad rayonunun Aşağı Əylis və Nüsnüs, Şahbuz rayonunun Kolanı kəndlərində suvarma su xətlərinin çəkilişi, Ordubad rayonunun Dəstə kəndində suvarma su kanalının tikintisi başa çatdırılmışdır.
Şərur rayonunun Bəhruz Kəngərli kəndində suvarma şəbəkəsinin bərpası, Ordubad rayonunun Yuxarı Əylis kəndində suvarma su xəttinin yeni əraziyə köçürülməsi başa çatdırılmışdır.
Şahbuz rayonunda Badamlı çayında istiqamətləndirici bəndin tikintisi, Şərur rayonunda Arpaçay sol sahil kanalı üzərindəki selötürücünün bərpası, Ordubad şəhərindən keçən Dübəndi çayında sahilbərkitmə işləri başa çatdırılmışdır.
Babək rayonunda iki, Kəngərli və Sədərək rayonlarının hər birində bir nasos stansiyası istifadəyə verilmiş, Şərur rayonunda Xanlıqlar və Püsyan kəndləri arasındakı suvarma kanalı yenidən qurulmuşdur. Babək rayonunun Nehrəm kəndinin 1170 hektar, Culfa rayonunun Bənəniyar kəndinin 1050 hektar, ümumilikdə, 2220 hektar torpaq sahəsində müasir suvarma sistemi qurulmuşdur.
Babək rayonunun Kərimbəyli və Kültəpə kəndlərində 217 hektar yeni torpaq sahəsinin əkin dövriyyəsinə qatılmasını təmin edən suvarma şəbəkəsinin, Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərində 117 hektar ərazini əhatə edən qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılmışdır.
Ordubad rayonunun Yuxarı Əylis və Aşağı Əylis kəndləri suvarma suyu ilə təmin edilmiş, Aza-Dəstə kanalının tikintisi, Dəstə kəndinə Aza çayından suvarma boru xəttinin, Şərur rayonunun Püsyan kəndində suvarma boru xəttinin çəkilişi aparılmışdır.
Babək rayonunun Xal-xal və Cəhri kəndlərində drenaj, Babək qəsəbəsində drenaj və suvarma xətlərinin çəkilişi, Culfa rayonunda “Yaycı” gölünün sugətirici kanalında və “Bam” kanalında bərpa işləri, Gal kəndində suvarma su xəttinin təmiri başa çatdırılmışdır.
Babək rayonunun Nəcəfəlidizə kəndində açıq drenaj kanalının, Kültəpə kəndində kanalın tikintisi, Güznüt kəndində qapalı drenaj xəttinin bərpası, Nehrəm və Çeşməbasar kənd­lərində kollektorların təmizlənməsi başa çatdırılmışdır.
Şərur rayonunun Ələkli və Məmmədsabir kəndlərində suvarma xəttinin, Babək qəsəbəsində, Şərur rayonunun Alışar və Qışlaqabbas kəndlərində qapalı drenaj, Babək rayonunun Sirab kəndində qapalı suvarma xətlərinin çəkilişi başa çatdırılmışdır.
Araz çayında sahilbərkitmə işləri görülmüş, Culfa rayonunda Əlincəçayda istiqamətləndirici bənd tikilmişdir.
Muxtar respublikada 11 subartezian quyusunun tikintisi, 15 subartezian quyusunun bərpası başa çatdırılmışdır.
Babək rayonunun Hacıvar kəndində açıq drenaj kanalının çəkilişi, Şərur rayonunda Arpaçayda, Babək rayonunda Cəhri­çayda, Naxçıvançayda və Qahab selovunda istiqamətləndirici bəndlərin tikintisi, Uzunoba Su Anbarına sugətirici kanalın təmiri davam etdirilmişdir.
Kəngərli rayonunun Böyükdüz kəndində qapalı suvarma şəbəkəsinin tikintisi, suvarma boru xəttinin bərpası davam etdirilmişdir.
Muxtar respublikada meliorasiya-irriqasiya sistemlərinin təkmilləşdirilməsi və yeniləşdirilməsi məqsədilə yeni maşın və mexanizmlər alınmışdır.

Əhalinin təhlükəsizliyi tədbirləri

Naxçıvan şəhərində 14, Şərur şəhərində 3, Ordubad şəhərində 4, Babək qəsəbəsində və Culfa şəhərinin hər birində 1 yaşayış binasının zirzəmisi mülki müdafiənin mühəndis-texniki normalarının tələblərinə uyğun əsaslı təmir edilmiş, Şərur şəhərində 104080, Ordubad şəhərində və Babək qəsəbəsində hər birində 61560, Culfa şəhərində 73480 ədəd əleyhqaz müvafiq yaşayış binalarının zirzəmilərinə yığılmışdır.
Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni inzibati binasında sahəsi 256 kvadratmetr olan zirzəmi mülki müdafiənin mühəndis-texniki normalarına uyğun inşa edilərək, 16000 ədəd əleyhqaz ilə təmin edilmişdir.

Mənzil təsərrüfatı və abadlıq-quruculuq tədbirləri

Muxtar respublikanın rayon mərkəzlərində, qəsəbə və kənd­lərində infrastruktur obyektlərinin yaradılması istiqamətində, ümumilikdə, 698 infrastruktur obyekti istifadəyə verilmiş, 72 infrastruktur obyektinin inşası davam etdirilmişdir.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində 1 şəhər, 1 qəsəbə və 39 kənd mərkəzi, 41 xidmət mərkəzi istifadəyə verilmiş, 2 kənd mərkəzinin­ tikintisi davam etdirilmişdir.

Sosial müdafiə tədbirləri

Muxtar respublikada ötən dövr ərzində hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 9 milyon 958 min manatdan artıq ünvanlı dövlət sosial yardımı ödənilmişdir.
Sosial layihələr çərçivəsində yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 1437 cərrahi əməliyyat, o cümlədən 285 xəstədə açıq ürək, 2 xəstədə periferik damar, 6 xəstədə plastik əməliyyat, 259 xəstədə göz əməliyyatları və 885 xəstədə digər əməliyyatlar aparılmışdır.
Ötən dövr ərzində tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində sosial-məişət xidmətləri göstərilmiş, sağlamlıq imkanları məhdud şəxslərin Naxçıvan Əlillərin Bərpa Mərkəzində, Naxçıvan Uşaq Bərpa Mərkəzində müalicələri təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud şəxslər sanatoriya və müalicə pansionatlarına yollayışlarla təmin edilmiş, ehtiyacı olanlara protez-ortopedik xidməti göstərilmiş, texniki reabilitasiya vasitələri ilə təmin olunmuşlar.
Sağlamlıq imkanları məhdud 29 nəfərin xaricdə, 136 nəfərin ölkə daxilində müalicəsinə, 210 nəfərin isə sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilmişdir. Sağlamlıq imkanları məhdud 6 uşaq valideynlərinin müşayiəti ilə Latviya Respublikasına, 15 uşaq Acarıstan Muxtar Respublikasına, 6 uşaq isə Yunanıstan Respublikasına müalicəyə göndərilmişdir.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilmiş, sağlamlıq imkanları məhdud müəyyən şəxslərin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilmişdir.
Sosial qayğıya ehtiyacı olan 107 nəfərə minik avtomobili verilmiş, 24 ailə mənzillə təmin olunmuş, Naxçıvan Əlillərin Bərpa Mərkəzinin və Ahıllar Evinin əsaslı təmiri başa çatdırılmışdır.

Səhiyyə müəssisələrinin tikintisi və
yenidən qurulması

Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin tikintisi, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması, Şərur Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri başa çatdırılmışdır.
Muxtar respublikada 9 həkim ambulatoriyası, 26 feldşer-mama məntəqəsi tikilmiş, 3 həkim ambulatoriyası, 1 feldşer-mama məntəqəsi yenidən qurulmuş, 1 həkim ambulatoriyası isə əsaslı təmir olunmuşdur.
Naxçıvan şəhərində mərkəzi hərbi xəstəxananın tikintisi, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının yenidən qurulması hazırda davam­ etdirilir.

Mədəniyyət müəssisələrinin tikintisi və
yenidən qurulması

Ötən dövr ərzində Naxçıvan şəhərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Dövlət Bayrağı Meydanı və Muzeyi, Xatirə Muzeyi, Şərur rayonunda Cəlilkənddə Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi, Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin ev-muzeyi, Akademik Yusif Məmməd­əliyevin ev-muzeyi, Şahbuz rayonunun Nursu kəndində Məmməd Arazın ev-muzeyi, Culfa rayonunda Xanəgah abidə kompleksi, Gülüstan türbəsi olmaqla, ümumilikdə, 99 mədəniyyət obyekti tikilmiş, yenidən qurulmuş və ya bərpa olunmuşdur.
Naxçıvan şəhərində məscidin tikintisi, Sədərək rayonunda mədəniyyət evinin yenidən qurulması, Kəngərli rayonunda Qarabağlar Türbə Kompleksinin bərpası davam etdirilmişdir.

Gənclər və idman müəssisələrinin
tikintisi və yenidən qurulması

Əhalinin, xüsusən gənclərin sağlamlığının qorunması istiqamətində mühüm işlər görülmüş, Kəngərli Rayon Uşaq-Gənclər Şahmat Məktəbi, Naxçıvan şəhərində Atıcılıq və əyləncə mərkəzi, Şərur rayonunun Yuxarı Aralıq kəndində stadion olmaqla, ümumilikdə, 10 idman obyekti tikilmiş və ya yenidən qurulmuşdur. Hazırda 1 idman obyektinin tikintisi davam etdirilir.

Təhsil müəssisələrinin tikintisi və
yenidən qurulması

Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində Naxçıvan Dövlət Universitetinin Xəstəxanası və baytarlıq təbabəti ixtisasının binası yenidən qurulmuş, İqtisadiyyat fakültəsi və Naxçıvan Müəllimlər İnstitutu üçün korpusların tikintisi davam etdirilmişdir.
“Naxçıvan” Universitetində yeni universitet şəhərciyi istifadəyə verilmişdir. Şərur Texniki-Peşə və Sürücülük Məktəb kompleksinin tikintisi, Naxçıvan Dövlət Texniki Kollecinin, Naxçıvan Musiqi Kollecinin Ordubad Texniki Peşə və Sürücülük Məktəb kompleksinin yenidən qurulması başa çatdırılmışdır.
Ötən dövrdə muxtar respublikada 5974 şagird yerlik 21 ümumtəhsil məktəbi tikilmiş, 13748 şagird yerlik 30 ümumtəhsil məktəbi yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur. Hazırda Naxçıvan şəhərinin Qaraxanbəyli, Babək rayonunun Payız, Ordubad rayonunun Üstüpü, Culfa rayonunun Dizə kəndlərində məktəb binalarının tikintisi davam etdirilir.
Kəngərli rayonunun Qıvraq qəsəbəsində 224, Babək qəsəbəsində və Şahbuz şəhərinin hər birində 242 yerlik uşaq bağçası binaları tikilmiş, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyində 72 yerlik uşaq bağçası binasının yenidən qurulması başa çatdırılmışdır.
Naxçıvan şəhərində iki, Culfa rayonunun Bənəniyar və Sədərək rayonunun Sədərək kəndlərinin hər birində bir uşaq musiqi məktəbi binasının tikintisi başa çatdırılmışdır.

Turizm sahəsinin inkişafı

Muxtar respublikada turizm sahəsinin kompleks şəkildə inkişafını təmin etmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilmiş, Uzunoba Su Anbarında yeni istirahət mərkəzi – Naxçıvan şəhər çimərliyi istifadəyə verilmiş, Naxçıvan şəhərdaxili turist marşrutu fəaliyyətə başlamışdır.
Ötən dövr ərzində muxtar respublikaya info-tur təşkil olunmuş, Türkiyə, İran, Kipr, Küveyt və Azərbaycanın müxtəlif turizm şirkətlərindən gəlmiş 220 sahibkar və turizmçi Naxçıvanın turizm imkanları, tarixi, dini abidələri, müalicəvi yerləri ilə tanış olmuşlar.
Dövlət Proqramının icrası üzrə həyata keçirilən tədbirlərin ümumiləşdirilmiş təhlili göstərir ki, muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi, sosial sahənin inkişafı üzrə mühüm nailiyyətlər əldə olunmuş, əhalinin səmərəli məşğulluğu təmin edilmiş, yaşayış səviyyəsi yaxşılaşdırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4397901
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11176
13363
24539
386265
4397901

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter