29 Aprel 2017, Şənbə

ARXİV

Aprel 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasının zəngin təbii ehtiyatları yerli istehsalın sürətli inkişafı üçün əlverişli şərait yaradıb. Bütün bunlar nəzərə alınaraq mineral xammalın və onların əsasında yerli sənaye üçün modifikasiya olunan məhsulların tərkibi, alınma üsulları, tətbiq sahələri öyrənilib və sistemləşdirilib. 

Muxtar respublikada sənaye, kənd təsərrüfatı və tikintidə yerli xammaldan geniş istifadə edilməsi iqtisadiyyatın əsas göstəricisi hesab edilir.
Qədim sivilizasiyanın ecazkar izlərini bu günə qədər özündə yaşadan Naxçıvan Muxtar Respublikası qeyri-adi gözəlliyi, coğrafi mövqeyi, landşaftı, iqlimi ilə bərabər, yeraltı və yerüstü sərvətləri ilə də fərqlənir. Təbiət sanki milyon illər faydalı süxurları, mineral suları, qiymətli filizləri və qeyri-filizləri seçib, çeşidləyib bu qədim diyarın əhalisinin ixtiyarına verib. Qiymətli metallarla zəngin filiz yataqları (boksid, molibdenin damartipli yataqları, badamitin Aşağı Qışlaq təzahürləri, Gümüşlü sink-qurğuşun, araqonit, dolomit yataqları), daşduz yataqları (Nehrəm, Duzdağ, Püsyan), çoxçeşidli mineral sularla bərabər, mərmər, qum, paliqorskit gili (Yurdçu, Qabıllı, Xıncab), teşenit üzlük daşı yataqları, çınqıl, gips, travertin, əhəngdaşı, kvarsit, kvarsitli qumdaşılar və digər tikinti materialları kimi istifadə edilən xammal yataqlarının, o cümlədən odadavamlı gips, anhidrid, məsaməli çınqıl, habelə əhəng və susuz soda istehsalı üçün əlverişli olan Nehrəm dolomit yataqları regionun təbii sərvətlərinin yalnız bir hissəsidir.

Əhəng, susuz gips, gipsdaşı muxtar respublika ərazisində Çeşməbasar, Çalxanqala və Böyükdüz yataqlarının təbii xammallarıdır. Bu yataqların ərazi üzrə yerləşmə xüsusiyyətləri, tərkib və xassələri öyrənilib, mərmər və Nehrəm yatağı dolomitinin kimyəvi tərkibi müəyyən edilib. Yerli xammal mərmər və dolomit əsaslı karbonatların közərdilməsindən alınan fosfatların tətbiqi, geokimyəvi xassələri böyük maraq doğurur.
Bu nəticələrə əsasən alınmış birləşmələrin tərkibində turş fosfatların olmadığı, birləşmələrin, əsasən, maqnezium və kalsium fosfatdan ibarət olduğu müəyyən edilib, stexiometrik nisbətə nəzərən metal fosfor nisbətinin kiçik qiymətləri istifadə edilən metalların tərkibində digər metal ionlarının qarışığının olmadığı aşkara çıxarılıb. Bu araşdırma bir tərəfdən muxtar respublika ərazisində yerli mineral xammal yataqlarının daha səmərəli istifadəsinə, digər tərəfdən ucuz və zəngin xammal əsasında çoxsaylı modifikasiya olunmuş məhsulların yerli istehsala yönəldilməsinə imkan verir. Məhz bu səbəbdən Naxçıvan Muxtar Respublikasında sənayenin sürətli inkişafı daxili tələbatın yerli xammal və istehsal hesabına ödənilməsinə, ixrac potensialının artmasına zəmin yaradır.
İnnovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün yaradılan münbit şərait nəticəsində muxtar respublikada bir-birinin ardınca yüksək standartlara cavab verən yeni sənaye müəssisələri fəaliyyətə başlayıb. Belə müəssisələrdən biri də muxtar respublikanın Kəngərli rayonunda inşa edilən və 2015-ci ildə istifadəyə verilən Naxçıvan Sənaye Kompleksidir. Ümumi sahəsi 9 hektar olan kompleks istehsal prosesini avtomatik idarəetmə və təhlükəsizliyə videonəzarət sistemlərinə malik 4 zavod və istehsal olunan məhsulların laborator müayinələrinin aparıldığı müasir avadanlıqlarla təchiz olunmuş bir laboratoriyadan ibarətdir.
Naxçıvan Muxtar Respublikasında əhəngdaşı yataqları, əsasən, Qarabağlardakı mədənlərdə mövcuddur. Bundan əlavə, Çalxanqala, Çeşməbasar və Böyükdüz yataqlarının xammalı əsasında alınan suvaq və üzləmə gipsi ekoloji təmiz və sərfəlidir. Naxçıvan Sənaye Kompleksində ilkin xammal olaraq muxtar respublikanın qeyri-filiz ehtiyatlarından geniş istifadə edilir. Bu isə muxtar respublikada müvafiq tikinti materiallarına tələbatın yerli istehsal hesabına ödənilməsinə şərait yaradır və istifadə olunan xamma­lın, habelə modifikasiya olunan məhsulların tərkibini və keyfiyyətini öyrənmək zərurətini ortaya çıxarır. Sənaye kompleksində istehsal olunan ekoloji təmiz əhəng, məsaməli beton blokları, suvaq və üzləmə gipsi, gips lövhələr inşaat sektoru, kənd təsərrüfatı, kağız və şüşə istehsalında geniş tətbiq edilir. Əhəng zavodunun istehsal gücü ildə 36 min, məsaməli beton zavodunun istehsal gücü ildə 150 min, gips zavodunun istehsal gücü isə ildə 40 min ton, gips lövhə zavodunun istehsal gücü ildə 2 milyon kvadratmetrdir.
Beləliklə, muxtar respublikada təbii ehtiyatlardan səmərəli istifadə edilməsi əsasında mineral xamma­lın kompleks tətbiqi konsepsiyasının gerçəkləşdirilməsi yerli sənayenin xammal və modifikasiya olunmuş materiallarla fasiləsiz təmin edilməsi ilə bərabər, ətraf mühitə ciddi ziyan vurmadan regionun ekoloji-iqtisadi problemlərini də həll edəcəkdir.

Fizzə MƏMMƏDOVA
kimya üzrə fəlsəfə doktoru

Sevinc CABBAROVA
iqtisad üzrə fəlsəfə doktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2031076
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14376
19173
106261
451054
2031076

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter