20 Noyabr 2019, Çərşənbə

Türkiyəli mütəxəssislər tərəfindən Naxçıvan Gömrük Ekspertizası İdarəsinin əməkdaşları üçün təlim kursu keçilib. Türkiyə Gömrük Laboratoriyalarının müdiri Öndər Göçmən, İstanbul Gömrük Laboratoriyasının müdiri Yaşar Çiftci, gömrük kimya mütəxəssisi Berat Qaramanın iştirakı ilə təşkil olunan təlim kursu üç gün davam edib.
Qeyd edək ki, Naxçıvanda yeni yaradılan Gömrük Ekspertizası İdarəsinin fəaliyyətinin dəstəklənməsi, lazımi köməkliklərin göstərilməsi ilə bağlı razılıq Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovun iştirakı ilə 23-24 avqust 2012-ci il tarixdə İstanbul şəhərində Azərbaycan və Türkiyə gömrük xidmətləri arasında keçirilən ikitərəfli görüşdə əldə olunmuşdu.
Təlim kursunun ilk günü türkiyəli mütəxəssislər Naxçıvan Gömrük Ekspertizası İdarəsinin maddi-texniki bazası ilə yaxından tanış olublar. Qonaqlara laboratoriyada ekspertizası aparılacaq qida məhsulları və digər analizlər haqqında ümumi məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Mütəxəssislər Türkiyə gömrük laboratoriyalarının tarixi, iş prinsipi və uğurları haqqında ətraflı məlumat veriblər.
Kursun ikinci günü nəzəri biliklərin təcrübədə tətbiqi məqsədilə mövcud cihazlardan istifadə, analizlərin aparılması və nəticələrin ümumiləşdirilməsi, yekun rəyin verilməsi qaydaları tədris olunub. Yoğurt və kərə yağından götürülmüş nümunələrdə turşuluq və yağlılıq analizləri aparılıb. Mütəxəssislər istifadə etdikləri analiz metodlarını əyani şəkildə təlim iştirakçılarına göstəriblər.
Kursun sonuncu günü təlimin yekunu müzakirə edilib. Türkiyəli mütəxəssislər malların gömrük ekspertizası zamanı diqqət yetirilməsi zəruri olan məsələləri bir daha xatırladaraq Türkiyə gömrük xidməti tərəfindən Naxçıvan Gömrük Ekspertizası İdarəsinin işinə bundan sonra da əməli köməklik göstəriləcəyini, qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyini bildiriblər.


Rahil TAHİRLİ
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru

Sığorta sistemi inkişaf etmiş iqtisadi fəaliyyət sahələrindən biri hesab olunur. Azərbaycanda sığorta işinin təşkili ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə sığorta sisteminin əsası qoyulub. Görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi strategiyanın uğurla davam etdirildiyi ölkəmizdə 2007-ci ildə “Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu” qəbul edilib.
Təbiətdə baş verən iqlim dəyişiklikləri, qlobal istiləşmə, ətraf mühitin çirklənməsi sel, daşqın və zəlzələ kimi təbii fəlakətlərin, həmçinin müxtəlif bədbəxt hadisələrin meydana gəlməsinə səbəb olur və belə fövqəladə hadisələrin qarşısını almaq külli miqdarda vəsait tələb edir. Əgər bu vəsaitlər cari xərclər hesabına təmin edilərsə, dövlətin büdcə xərclərinin strukturunda uyğunsuzluq yaranar. Ona görə də belə hadisələr nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədilə hər bir dövlət müəyyən ehtiyat fondlarının yaradılmasını zəruri hesab edir. Belə fondlar həm kütləvi istehlak məhsulları üzrə, həm də müxtəlif səviyyələrdə vəsait (pul) formasında yaradıla bilər. Əvvəlcədən nəzərdə tutulmayan xərcləri maliyyələşdirmək üçün pul formasında hökumət və yerli orqanların büdcələrinin nəzdində və müəssisələrin mənfəəti hesabına ehtiyat fondları yaradılır. Ölkə­lərin valyuta balansını tənzimləmək üçün isə mərkəzi banklar vasitəsilə valyuta ehtiyatı təşkil olunur. Əhalinin ərzaq təhlükəsizliyini qorumaq üçün kütləvi istehlak malları üzrə yaradılmış müxtəlif anbarlar da ölkənin ehtiyat fonduna daxildir.
İnkişaf etmiş dünya ölkələrində ən geniş yayılan ehtiyat fondlarından biri də sığorta fondudur. Sığorta müəyyən hadisə və hadisələr nəticəsində zərər yarandıqda sığortaçının baş vermiş sığortalıya müəyyən məbləğ ödəmək öhdəliyi götürdüyü müqavilələr əsasında pul fondlarının yaradılması və istifadəsi prosesini özündə əks etdirir. Sığorta işinin səmərəli təşkilinin və beynəlxalq standartlar səviyyəsində inkişaf etdirilməsinin ölkə iqtisadiyyatının bazar münasibətləri şəraitində möhkəmlənməsində mühüm iqtisadi əhəmiyyəti vardır. Çünki sığorta istehsalın fasiləsizliyini təmin etməklə təkrar istehsal prosesi və maddi itki­lərin əvəzinin ödənilməsi ilə bağlı olan bir prosesdir. Məhz öncədən nəzərdə tutulmuş sığorta fondunun köməyi ilə milli iqtisadiyyata və əhaliyə dəymiş zərəri aradan qaldırmaq və normal iş, həyat prosesini bərpa etmək mümkündür. Sığorta zərərin aradan qaldırılmasının ən səmərəli metodudur. Sığortaolunan obyektlərin sayı nə qədər çox olarsa, bu səmərəlilik daha da artar və hər bir sığortaçı az xərclə böyük zərəri aradan qaldırmış olar. Əhalinin maddi rifahının və sahibkarlıq riskinin zəmanətçisi kimi çıxış edən sığorta büdcəni dəyən zərərlərin ödənilməsindən azad edir, uzunmüddətli investisiyaların mənbəyinə çevrilir və dövlətin maliyyə sisteminin möhkəmləndirilməsinə təsir göstərir.

Ardını oxu...

Ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında əhalinin zəruri ərzaq məhsulları da daxil olmaqla, vacib istehlak mallarına olan tələbatının yerli istehsal imkanları hesabına ödənilməsi mühüm yer tutur. Dünyanın heç bir ölkəsində yüz faiz yerli istehsal hesabına daxili bazarın tələbatları ödənilməsə də, ölkələr mümkün olduğu qədər daha geniş çeşiddə məhsul istehsalına nail olmaq, rəqabəti təkmilləşdirmək və inhisarçılığı aradan qaldırmaq üçün hər gün yeni layihələr ortaya qoyan çoxşaxəli sahibkarlıq fəaliyyətinə maraqlıdırlar.
Azərbaycan Respublikasının müasir inkişafı, əldə olunmuş uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin uzaqgörən siyasətinin, gərgin zəhmətinin hesabına Azərbaycan hələ keçmiş ittifaq dövründə aqrar bir regiondan iri sənaye mərkəzlərinin, elmtutumlu istehsal sahələrinin istifadəyə verildiyi qabaqcıl respublikalar sırasına daxil olmuşdur. O dövrdə insanların ucqarlardan mərkəzi şəhərlərə köçünün qarşısının alınması, şəhərlə kənd arasında fərqin aradan qaldırılması baxımından görülən işlər çox vacib idi. Həmin siyasətin müstəqillik illərində də davam etdirilməsi, regionların sosial-iqtisadi inkişaf pro­qramlarının qəbulu və müvəffəqiyyətlə icra olunması bu gün Azərbaycanın iqtisadi təhlükəsizliyini təmin edən əsas amillərdəndir.
Müasir insanın istehlak tələbatları çox genişdir. İndi çox deyil, cəmi on il əvvəlki ortayaşlı bir insanın tələbatları bu günün gənci üçün çox keçmişdə qalmışdır. Dünyaya geniş qapıların açıldığı bir dövrdə bu tələbatları lazımınca ödəmək üçün çıxış yolu digər ölkə­lərlə hərtərəfli inteqrasiyanın dərinləşdirilməsi ilə yanaşı, həm də bütün daxili imkanları işə salmaqdır. Artıq elm və yeni texnologiyaların müasir səviyyəsi ilə birlikdə yaranan hər bir bazar imkanı sahibkar üçün yeni ideya mənbəyi, yeni layihələrini reallaşdırmaq üçün yeni bir fürsət deməkdir.

Ardını oxu...

Ordubad rayonunun Çənnəb kəndində bir neçə sosial obyekt tikilir, kənd məktəbi yenidən qurulur.
İkimərtəbəli kənd mərkəzinin tikintisi başa çatdırılıb. Mərkəzdə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, tibb məntəqəsi, mədəniy­­yət evi, kitabxana və digər təşkilatlar yerləşəcək.
Yenidənqurma işləri aparılan 180 şagird yerlik məktəb binasının sinif otaqlarının əsaslı təmir işləri yekunlaşdırılıb, qapı və pəncərələr dəyişdirilib. Binaya daxildən və xaricdən müasir dizayn verilib. Hazırda binanın ərazisində abadlıq işləri aparılır.
Birmərtəbəli xidmət mərkəzinin inşasında isə tikinti işləri əsasən yekunlaşdırılıb. Burada təsərrüfat malları və ərzaq mağazaları, ət satışı yeri, bərbər, dərzi sexi və qadın gözəllik salonu üçün otaqlar ayrılıb.
Məlumat üçün qeyd edək ki, hər üç quruculuq tədbiri Naxçıvan “Əcəmi” Tikinti-Quraşdırma İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilir.

 

Xəbərlər şöbəsi

“Sirab” mineral suyunun istehsalına ilk dəfə 1950-ci ildə primitiv üsulla kiçik bir sexdə başlanılmışdır. 1968-ci ildə tikilib istifadəyə verilən və illik istehsal gücü 6000 butulka olan Sirab Mineral Sudoldurma Zavodu bu qiymətli sərvətin istehsalına geniş imkanlar açmışdır. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə zavodun tam gücü ilə işləməsi təmin edilmişdir. 1984-cü ildə zavodda yeni texnoloji avadanlıqlar tətbiq olunmaqla əlavə iki xətt quraşdırılmış, istehsal gücü ildə 4,5 milyon butulkaya çatdırılmışdır.

Ötən əsrin 90-cı illərinin əvvəllərində zavod fəaliyyətini, demək olar ki, dayandırmışdı. 1993-cü ildən sonra ölkəmizin ayrı-ayrı bölgələri kimi, muxtar respublikamızda da bazar iqtisadiyyatının tələblərinə uyğun sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Göstərilən bu dövlət qayğısından bəhrələnməklə Sirab Mineral Sudoldurma Zavodunun bazasında yaradılan Açıq Səhmdar Cəmiyyəti əsaslı təmir və yenidənqurma işlərindən sonra 2005-ci ilin noyabr ayında istifadəyə verilmişdir. Beş hektar ərazini əhatə edən müəssisədə ikimərtəbəli inzibati bina, işçilərə iaşə xidməti göstərilməsi üçün yeməkxana, istehsal və digər yardımçı sexlər, anbar, karbon qazı və kompressor stansiyası yerləşir.

Ardını oxu...

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR