07 Dekabr 2021, Çərşənbə axşamı

Görkəmli elm xadimi, AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli haqqında yazmaq çətin olsa da, böyük fəxrlə bir gənc olaraq, mən bunu özümə borc bildim. Əməkdar elm xadimi, professor Yusif Seyidov İsa müəllim barəsində deyirdi: “Bu görkəmli alimin elmi yaradıcılığı o qədər geniş və sanballıdır ki, onu açmaq, onu əhatə etmək, ona layiq söz demək mənim üçün çox çətindir”.

Naxçıvan torpağında dünyaya gələn, gənclik illərindən bədii yaradı­cılığa, ədəbiyyatın inkişafına xüsusi önəm verən, yuxusuz gecələr hesabına elmin zirvəsini fəth edən, ömrünü elm yolunda şam kimi çəkinmədən əridərək böyük məktəb yaratmış akademik İsa Həbibbəylinin yaradıcılığını öyrənmək biz alimlər üçün vacibdir.

İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində müəllim ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitu­tunun Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitir­miş, “XX əsrin əvvəlləri Azərbaycan ro­mantik lirikası” mövzusunda namizədlik, “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda doktorluq dis­sertasiyalarını müdafiə etmişdir.

Bəy nəslindən olan atası Əkbər müəllimin nəcib keyfiyyətləri onun övla­dı İsa Həbibbəyliyə genetik olaraq keç­mişdir. Tələbə ikən böyük istedad sahibi olması müəllimlərinin diqqətini cəlb et­miş, onu bitirdiyi universitetə ədəbiyyat müəllimi kimi işə dəvət etmişlər. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə pro­rektor, 1996-cı ildən 2013-cü ilə qədər Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışdır.

Professor Bədirxan Əhmədli ya­zır: “İsa Həbibbəyliynin həyatında müəllimlik ona atadan qalma varislik olaraq ən çox sevdiyi işdir. Elə burada­ca onun bir müddət müəllimi, kafedra müdiri və rektoru olduğu Naxçıvan Dövlət Universitetini xatırlamaya bilmirəm. Bu universitetin yüksəlişi və əyalət universiteti çərçivəsindən çıxaraq paytaxt ali təhsil ocaqları səviyyəsində fəaliyyəti onun adı ilə bağlıdır. Bura­dan pərvazlanaraq AMEA-nın vitse-prezidenti statusunu əldə etməsinin əsasında da işgüzarlığı, idarəetmədəki çevikliyi, sabitliyi, gələcəyə baxışı durur”.

Nizami adına Ədəbiyyat İnstitu­tunda aspiranturada oxuduğu dövrdə akademik Məmməd Cəfər Cəfərovun rəhbərliyi altında XX yüzillikdə yazıb yaratmış H.Cavid, M.Hadi, A.Səhhət, A.Şaiq kimi sənətkarların yaradıcılıq ənənələri barədə tədqiqatları ilə yaxşı tanınan İsa Həbibbəyli həm də bir Azərbaycan vurğunudur, Naxçıvan sevdalısıdır. “Əsrin dörddə biri”, “Nax­çıvan Dövlət Universitetinin yetirmələri” , “Araz üstə Universitet”, “Naxçıvan Dövlət Universiteti. Salnamə”, “Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universiteti”, “Mustafa Kamal Atatürk və Naxçıvan”, “İntibahın 15 ili” kitablarında Naxçıvan Dövlət Universitetinin keçdiyi şərəfli yola xüsusi yer verilir. Akade­mik İsa Həbibbəyli həmçinin üç cilddə hazırlanmış fundamental “Naxçıvan tarixi”nin həmmüəllifi və elmi redak­torlarından biridir. Ərtegin Salamzadə qeyd edir: “Akademik Çingiz Qaca­rın “Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabının ön sözünün müəllifi İsa Həbibbəylidir. Bu ön sözün əsas qayəsini Naxçıvan şəhərinin 5 min illik tarixinin təsdiqi təşkil edir. Akademik birbaşa göstərir ki, “Naxçıvan ən qədim türk-oğuz diyarıdır.”

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın qədim tarixinə, ədəbi-mədəni inkişaf yoluna həsr edilmiş 850 səhifəlik "Nuhçıxandan Naxçıvana", Naxçıvan ədəbi mühitində fəaliyyətə başlamış görkəmli tarixi roman ustası Məmməd Səid Ordubadi haqqında yaz­dığı "Böyük ədəbiyyat nəhəngi", qədim tətbiqi sənətlərimizin öyrənilməsi baxı­mından böyük elmi əhəmiyyət kəsb edən "Naxçıvan xalçaçılığı: ənənə və müasir­lik", Səməd Vurğunun həyatının araş­dırıldığı "Ədəbi şəxsiyyət və zaman", Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri”, "Xalq şairi Səməd Vurğun haqqın­da söz","Akademik Səməd Vurğun”, "Duzdağ mozaikası", şair və publisist Cavad Cavadlının poetik yaradıcılığına həsr olunmuş "Ədəbiyyat və mətbuat cəbhəsində", Məmməd Arazşünaslığa layiqli töhfə olan "Xalq şairi Məmməd Araz" adlı fundamental mahiyyətli əsərləri ilə İsa Həbibbəyli Azərbaycan elminə zəngin irs qoymuşdur.

"Kitabi Dədə Qorqud" dastanları­nın tədqiqi yeni mərhələdə", "Basatın Təpəgözü öldürdüyü boy"da Naxçıvan", "Sara əfsanəsi haqqında", "Ələsgər so­rağında" və digər məqalələrində indiyə qədər araşdırılmamış problemləri tədqiq edərək, ədəbiyyatşünaslıq elminə sanballı elmi tədqiqat kimi böyük töhfə vermişdir. Yusif Seyidovun “Akademik İsa Həbibbəyli” adlı monoqrafiyasında akademikin həyat və yaradıcılığına obyekiv nəzər salınmışdır. Müəllif qeyd etmişdir: “İsa müəllim sələflərinin mənalı həyat yollarını böyük həvəs və inadla öyrənən, onların yaradıcılığına nüfuz edən araşdırıcıdır, böyük novator alimdir”.

Akademik Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvü, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyinin, Yeni Azərbaycan Partiyasının üzvüdür. 2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. I və II çağırış Naxçı­van Muxtar Respublikası Ali Məclisinin, III, IV ,V, VI çağırış Azərbaycan Mil­li Məclisinin deputatı seçilən İsa Həbibbəyli ölkəmiz üçün taleyüklü qanunların qəbul edilməsində də fəal rol oynamışdır.

Soydaşımız Nyu-York Elmlər Aka­demiyasının, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, Amerika Bioqrafiya İnsti­tutunun akademiki seçilmişdir. Əsərləri Azərbaycan dilindən başqa ingilis, fransız, rus, türk, ərəb, fars, urdu, bol­qar, macar, litva və digər dillərində çap olunmuşdur. ABŞ, İngiltərə, Çin, Fran­sa, Rusiya, Türkiyə, Almaniya, Cənubi Koreya, İspaniya, İran, İraq, Bolqarıs­tan, Avstriya, Misir, Ərəb Respublikası, Tunis, Ukrayna, Pakistan, Macarıstan, Qazaxıstan, Gürcüstan, Monqolustan və başqa ölkələrdə rəsmi səfərlərdə olmuş, beynəlxalq simpozium, qurultay və konfranslarda elmi məruzələrlə çıxış edərək, Azərbaycanı təmsil etmişdir.

Akademik İsa Həbibbəyli "Xalq yazıçısı Anar: gerçəkliklə ideal arasın­da", "Xalq yazıçısı Elçinin özü və sözü", "Müstəqilliyin şərəfli yolu və ədəbiyyatı", "Səmədoğlu ədiblər", "Ədəbiyyatda vətəndaşlıq və profesionallıq", "Şair-vətəndaş Sabir Rüstəmxanlı", "Bütün yönləri ilə yaradıcı", "Zəlimxan Ya­qub sənətinin özünəməxsusluğu" , "Ədəbiyyatın tərifi", "Ədəbiyyatşünaslıq elminin şöbələrinə yenidən baxış", "Sa­tira ədəbi növ kimi", "XX əsrin əvvəlləri Azərbaycan romantik şeirində sonet janrı", "Azərbaycan şeirində himn və marş", "Kiçik hekayə janrı–novella", "Di­aloq haqqında monoloq", "Mirzə Fətəli Axundzadənin ədəbiyyat nəzəriyyəsi görüşləri və "nazimi ustad" dəyərli əsərləri ilə ədəbiyyatşünaslıqda mühüm yer tutaraq, ədəbi şəxsiyyətlərin yaradı­cılığına böyük qiymət vermişdir.

Alim Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına, "An­kara universitetinin fəxri dostu adına, Türkiyə Cümhuriyyəti Avrasiya Kültür və Sənət Qurumunun rəmzi mükafatına, Beynəlxalq İnformasiyalaşdırma Akade­miyasının "İnformasiya aləminin elitası" diplomuna, “Elmi istiqamətin rəhbəri" medalına, "The Name in Science Award" mükafatına layiq görülmüşdür. 2001-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən "İlin adamı" seçilmişdir.

Xalq yazıçısı Elçin yazır: “İsa Həbibbəyli inanılmaz dərəcədə məhsuldar bir qələm sahibi­dir və əsas da odur ki, hərdən ədəbiyyatşünaslığımızda təsadüf etdi­yimiz kimi, bu məhsuldarlıq keyfiyyət ilə tərs münasib deyil, əksinə, onun imzası izlənilən, maraq doğuran, öyrənən və öyrədən imzadır. Mən "Vətən" Cəmiyyətində işləyəndə onun hansı bir həvəs və enerji ilə ədəbi axtarışlar aparmasının biləvasitə şahidi olmuşam və o zaman – 1988–89-cu illərdə 250 min tirajla nəşr etdiyimiz "Odlar yurdu" qəzetinin müəlliflərindən biri də İsa Həbibbəyli idi”.

“Taleyimin ən sevincli hadisəsi Azərbaycanın müstəqilliyini görmək olub” – deyən ictimai-siyasi xadim, aka­demik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin elmi əsaslara söykənən dövlətçilik siyasətini, Prezident İlham Əliyev məntiqindən irəli gələn “Qara­bağ Azərbaycandır!” bəyanatını alovlu nitqləri ilə ölkədə və xaricdə keçirilən tədbirlərin tribunalarından daim şərəflə təbliğ edir.

“Cəlil Məmmədquluzadə mənim taleyimdir”, – deyən akademik İsa Həbibbəyli “Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi” tədqiqatında bu ilk dəfə olaraq ədəbi-elmi ictimaiyyətə çatdır­mışdır. Professor Bədirxan Əhmədli qeyd edir: “M.T.Sidqi. M.S.Ordubadi, C.Məmmədquluzadə, Qori müəllimlər seminariyası ilə bağlı Tiflis, Qori şəhərlərində günlərlə çalışdığı arxivlərdən, kitabxanalardan topladı­ğı sənədlərin ən xırda detalına qədər verilməsi araşdırmaların əhəmiyyətini artırmış olur. Çünki bu faktoloji mate­riallar problemin və ya hər hansı bir şəxsiyyətin yaradıcılığının açılmasında əhəmiyyətli rol oynayır.”

Akademik İsa Həbibbəyli çoxillik axtarışlar nəticəsində böyük satira ustasının dördpərdəli "Ər" pyesini, kiçikhəcmli "Lənət" və "Oyunbazlar" kimi səhnə əsərlərini üzə çıxarmış­dır. C.Məmmədquluzadə, H.Cavid, Ə.Qəmküsar sənətinin davamçıları olan Məhəmməd Rəsizadənin, Əli Məhbusun, Hüseyn Nadim Naxçıvani­nin, Əyyub Abbasovun, Əvəz Sadığın bədii yaradıcılığında özünü göstərən ədəbi meylləri ümumiləşdirmişdir.

Nizami Cəfərov haqlı olaraq yazır: “Akademik İsa Həbibbəylinin hər yazısı­nı oxuyanda, hər çıxışına qulaq asan­da bütün dərinliyilə dərk edirəm ki, o, yalnız ədəbiyyatın “dış strukturu”ndan – sosiologiyasından, mətnşünaslığından, ideologiyasından yox, həm də “iç strukturu”ndan - ruhundan, törəmə metodologiyasından, təzahür texnologi­yalarından gəlir”.

Akademik İsa Həbibbəyli Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə Azərbaycan Res­publikası Prezidentinin sərəncamına əsasən, 2007-ci ildə "Şöhrət", 2009-cu ildə "Şərəf", 2019-cu ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilmişdir. Ümummilli lider Heydər Əliyevin nəsillərə nümunə ola biləcək həyatının səhifələrini vərəqləyərək, “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr”, Zərifə Əliyeva haqqında “İşığın elmi, elmin işığı", Yusif Məmmədəliyev haqqında "Aka­demik Yusif Məmmədəliyevin həyatı və ictimai-elmi fəaliyyətinin əsas tarixləri, Möhsün Nağısoylu haqqında "Dilçilik ağırlıqlı mətnşünas-əlyazmaçı", “Ro­mantik lirikanın imkanları”, “Tələbələrin elmi-tədqiqat işlərinin təşkili yolla­rı”, “Ədəbiyyat nəzəriyyəsi”, “Ədəbi yüksəliş”, “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının əsas tarixləri”, “Cəlil Məmmədquluzadə (albom-mo­noqrafiya)”, “Cəlil Məmmədquluzadə və ədəbi mühiti”, “XX əsr Azərbaycan yazı­çıları”, “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri”, “Yollar şeirdən başla­mışdı” kitab və elmi məqalələrinin sayı 1500-dən artıq olmaqla dəyərli, funda­mental mənbələr kimi ədəbiyyatımızı zənginləşdirir.

AMEA-nın tarixində ilk dəfə ola­raq yazılıb səsləndirilən "Akademi­ya Marşı"nın da müəllifi olan İsa Həbibbəylinin ssenarisi əsasında və rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası haqqında film çəkilib nü­mayiş etdirilmişdir.

Böyük alim, bənzərsiz şəxsiyyət, könlü, gözü Vətən sevgisi, Azərbaycan sevdasıyla dopdolu insan akademik İsa Həbibbəyli, həqiqətən, dərin intiuisi­yaya, müşahidə qabiliyyətinə malik həssas, böyükürəkli bir insan, görkəmli alim, ictimai xadim, böyük vətəndaşdır.

Azərbaycan elminə dünya şöhrəti gətirmiş Üzeyir Hacıbəyov, Mirəsədulla Mirqasımov, Mirəli Qaşqay, Səməd Vurğun, Yusif Məmmədəliyev, Həsən Əliyev, Musa Əliyev, Mir Cəlal Paşayev kimi fədakar alimlərin iz qoyub getdikləri Azərbaycan Milli Elmlər Akademiya­sının şərəfli tarixində müasir dövrdə akademik İsa Həbibbəyli elmin inkişa­fına öz dəyərli töhfələrini verməkdədir. Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər üzrə vitse-prezidenti kimi İsa Həbibbəyli bu geniş sahənin müstəqil dövlətçilik təfəkkürünün işığın­da yenidən qurulması, bu istiqamətdə islahatların keçirilməsi üçün var qüvvə ilə çalışır.

Günel Məlikli

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri,

siyasi elmlər üzrə fəlsəfə doktoru

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR