07 Dekabr 2021, Çərşənbə axşamı

  

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər planına əsasən oktyabrın 7-də Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyində  muxtar respublikanın aparıcı mətbuat orqanının yubiley tədbiri keçirilib.

 Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri,yazıçı-publisist, şair, dramaturq, Əməkdar mədəniyyət işçisi Asim Yadigar açaraq “Şərq qapısı” qəzeti və Naxçıvan ədəbi mühitindən bəhs edib. Bildirib ki, yarandığı ilk gündən “Şərq qapısı” qəzeti Naxçıvanda ədəbi mühitin formalaşmasına çox güclü təsir göstərib. Əgər 100 il bundan əvvəl bu qəzet yaranmasaydı biz bu gün Naxçıvan ədəbi mühiti ilə bəlkə də “Əncüməni-şüəara” ədəbi məclisi haqqındakı təsəvvürə malik olduğumuz səviyyədə biliyə sahib ola bilərdik. Ötən əsrin 20-30-cu illərindən başlayaraq müharibə, müharibədən sonrakı və müstəqillik illərində ədəbiyyat aləminə qədəm qoyan şairlər, yazıçılar, alimlər həmişə bu qəzet vasitəsilə oxucuların görüşünə gəlib. Çıxışda son dövrlərdə “Şərq qapısı” qəzetində dərc olunmuş poetik nümunələr, yeni ədəbi əsərlər haqqında ədəbi-tənqidi məqalə ve resenziyalar haqqında da geniş məlumat verilib.

Yazıçılar Birliyinin fəaliyyətindən və mətbuatla əməkdaşlıq əlaqələrindən bəhs edən birliyin sədri diqqətə çatdırıb ki, muxtar respublikamızda yaşayıb-yaradan şair və yazıçılarımıza, onların ədəbi irsinin nəşri və təbliğinə dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı göstərilib, onların əməyi yüksək qiymətləndirilib.
Asim Yadigar “Şərq qapısı” qəzetinin əməkdaşlarını 100 illik münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova çıxış edərək bildirib ki, ilkin nəşri tarixində Mirzə İbrahimov, Əli Vəliyev kimi tanınmış ədəbi simaların müstəsna rolu olan “Şərq qapısı” qəzeti muxtar respublikada ədəbi mühitin formalaşması və inkişafında mühüm rol oynamış, Hüseyn İbrahimov, Hüseyn Razi, İslam Səfərli, Müzəffər Nəsirli, Möhsün Möhsünov, Elman Həbib, Muxtar Qasımzadə, Asim Yadgar, Həmid Arzulu, Xanəli Kərimli, Vaqif Məmmədov, Həsənəli Eyvazlı, Elxan Yurdoğlu, Qafar Qərib və digər tanınmış şair və yazıçılarımızın yaradıcılıq yolu məhz bu mətbuat orqanından keçmişdir.
Vurğulanıb ki, “Şərq qapısı” qəzeti bu gün də ədədbiyyatımızın təbliği funksiyasını yerinə yetirməyə, gənc ədəbi qüvvələri ictimaiyyətə tanıtmağa səy göstərir. Qəzet redaksiyasında istər jurnalist peşəkarlığı, istərsə poliqrafik keyfiyyət baxımından müasir tələblərə cavab verəcək, dünya qəzetçilik arenasına çıxa bilən qəzetin nəşri üçün müasir iş şəraiti yaradılıb. Muxtar respublikada jurnalistika sahəsində kadr potensialının formalaşdırılmasına göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün “Şərq qapısı”nda təcrübəli jurnalist həmkarlarımızla yanaşı, gənc əməkdaşlar da çalışır. 2012-ci ildən etibarən www.serqqapisi.az saytı vasitəsilə qəzet dünyanın Naxçıvanla bağlı informasiya tələbatını ödəməyə başlayıb, qəzetin elektron arxiv bazası yaradılıb. Sayt 2019-cu ildə yenilənib. 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, eləcə də Ali Məclis Sədrinin 2021-ci il 21 yanvar tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Bütün bunlar muxtar respublikada uğurlu mətbu siyasətin təcəssümüdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı bu mətbu orqanın muxtar respublikamızın ictimai-siyasi, sosial həyatındakı, bütövlükdə, Azərbaycan ictimai-siyasi fikir tarixindəki yerini bir daha təsdiq etməklə, bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna verilən siyasi qiymətdir.
Baş redaktor göstərilən yüksək diqqət və qayğıya görə qəzetin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov “Şərq qapısı” qəzetinin muxtar respublika mətbuatının inkişafında rolu” mövzusunda çıxış edərək bildirib ki, müstəqillik illərində muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Milli mətbuatımızın 135 illik yubileyində – 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin istifadəyə verilməsindən sonra qəzetin rəngli nəşrinə başlanılmışdır. Muxtar respublikada mətbuatın inkişafı ilə paralel olaraq yüksək nəşriyyat-poliqrafiya mədəniyyəti də formalaşmışdır.
Rövşən Hüseynov qeyd edib ki, “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə imzalanan tarixi Sərəncam Naxçıvanın 100 illik tarixinin, mədəniyyətinin, elminin yetirdiyi jurnalistlər nəslinin əməyinə verilən böyük qiymətdir. Məhz həmin jurnalistlər nəslinin davamçılarıdır ki, dövlət qayğısından bəhrələnərək muxtar respublikamızın sosial-iqtisadi inkişafında və çiçəklənməsində, vətəndaşların informasiyaya olan tələbatının daha dolğun səviyyədə ödənilməsində, milli dəyərlərin təbliğində, siyasi mədəniyyətin formalaşmasında, Naxçıvanın bir turizm məkanı kimi tanıdılmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak edirlər.
Tədbirdə, “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Hüseyn Əsgərov “Şərq qapısı” qəzeti ilə bağlı xatirələri, milli mətbuatımızın inkişafında, tariximizin mətbuat vasitəsilə işıqlandırılmasındakı müstəsna rolundan və digər məsələlərdən danışıblar. Yubiley tədbirində çıxış edən gənc şairə Sabrina Gültəkin gənclərin intellektual inkişafının əhəmiyyətindən, istedadlı gənclərə göstərilən dövlət qayğısından bəhs edib, şeirlərini oxuyub.
Sonda “Şərq qapısı” qəzeti ilə yaxından əməkdaşlıq edən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigara, və digər qələm sahiblərinə hədiyyələr təqdim olunub.

 Aytac CƏFƏRLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR