07 Dekabr 2021, Çərşənbə axşamı

Ötən il 44 gün ərzində əldə etdiyimiz böyük Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Bir-birinin ardınca doğma torpaqlarımız işğaldan azad edildi. Onların içərisində Cəbrayılın da özünəməxsus yeri vardır.

Qarabağın əlverişli guşəsi

Azərbaycan Respublikasının cənubunda, Kiçik Qafqaz dağlarının qoynunda yerləşir Cəbrayıl rayonu... 1930-cu ildə əsası qoyulan bu rayon qədim yurd yeri hesab edilir. Tarixi mənbələrdə bildirilir ki, rayonun adı onun mərkəzi olan Cəbrayıl kəndinin adı ilə bağlıdır. Bu müqəddəs torpağın adının Allahın xeyir mələyi Cəbrayılın adından götürüldüyü də deyilənlər sırasındadır.

Qubadlı, Zəngilan, Füzuli ilə həmsərhəd olan rayonun ərazisindən işğaldan əvvəl həm dəmir yolu xətti, həm də avtomobil yolu keçirdi. Bu da bir vaxtlar tranzit rolunu oynayan rayonun inkişafına şərait yaradırdı. 81 mindən çox sakini olan Cəbrayıl 92 kənddən, 4 qəsəbədən, 1 şəhərdən – ümumilikdə, 97 yaşayış məntəqəsindən ibarət idi. Kənd təsərrüfatı üçün iqlimi əlverişli olan rayonda əhalinin əsas məşğuliyyəti üzümçülük, heyvandarlıq və digər təsərrüfat sahələri olmuşdur. Bundan əlavə, vaxtilə Cəbrayıl rayonu respublikada üçüncü ən böyük barama istehsalçısı olmaqla yanaşı, burada ipəkçilik, bostan-tərəvəz məhsullarının istehsalı, meyvəçilik də inkişaf etmişdir. Milli-mənəvi dəyərlərimizi özündə qoruyub yaşadan xalçaçılıq sənəti geniş yayılmış, əl əməyi göz nuru olan Qarabağ xalçaları toxunmuşdur. Cəbrayıl rayonunun ərazisində sement, mərmər, mişardaşı və digər qiymətli tikinti materialları, o cümlədən dəmir filizi, neft yataqları olmuş, elm, mədəniyyət və maarif təşəkkül tapmışdır. Rayonun ərazisi maddi və mədəni abidələrlə əhatələnmişdir. Buraya Böyük İpək Yolu nun əsas qollarından biri olan iki Xudafərin körpüsü də daxildir. Bu körpülər vaxtilə həm ticarət, həm də hərbi-strateji məqsəd daşıyıb. Bu gün onlar həm də simvolik məna daşıyır. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində yerləşən bu nadir tarixi memarlıq abidəsi iki ölkə arasında prezidentimizin də vurğuladığı kimi: “dostluq körpüsü, dostluq rəmzidir”. Rayonda müxtəlif türbələr XIII-XVI əsrlərə aid türbə, Şıxbaba türbəsi (XIV əsr), XVI əsrə aid səkkizguşəli türbə, XVI-XIX əsrləri əhatə edən məscidlər, ilk orta əsrlərə aid Ağoğlan nekropolu, XII əsrə aid Qız qalası, bizim eradan əvvəl I əsrə aid kəhrizlər, eramızdan əvvələ aid kurqanlar, Xanəgah və onlarla başqa tarixi-dini memarlıq nümunələri olmuşdur.

Cəbrayılın işğalı

Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa qarşı iddiaları 1988-ci ildə daha aqressiv məcraya yönəlmiş, 1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə Ermənistan, faktiki olaraq Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başlamış, torpaqlarımızı işğal etmişdi. Cəbrayıl rayonu 1993-cü il avqust ayının 23-də düşmənin tapdağı altına keçmiş,1050 kvadratkilometri əhatə edən rayon ərazisi və bu ərazilərdə birlikdə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd, bütünlüklə, erməni işğalına məruz qalmış, vəhşicəsinə dağıdılmışdır. Qarabağ müharibəsində 362 şəhid olmuş, 191 nəfər sağlamlıq imkanlarını itirmiş, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, minlərlə adam Cəbrayıldan qaçqın, köçkün düşmüşdür.

Cəbrayılın azad edilməsi

Onu, xüsusilə vurğulamalıyıq ki, 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Bu, xalqımızın Qarabağa Böyük Qayıdışının başlanğıcı olmuş, Cocuq Mərcanlı kəndinin bərpasından sonra insanların doğma torpaqlarına qayıdışı prosesi dövlətimizə və rəhbərimizə olan inam hissini daha da gücləndirmişdir. Dövlətimizin başçısı 2017-ci il iyunun 14-də Cocuq Mərcanlı kəndinin bərpası çərçivəsində görülən işlərlə tanışlıq zamanı demişdi: “Bu gün Lələtəpədə və işğaldan azad edilmiş digər torpaqlarda Azərbaycan Bayrağı dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada da qaldırılacaq”. Həqiqətən də belə oldu...
İllərdir, düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-də qarşı tərəfə cavab olaraq hərbi əməliyyatlar başladıldı. Həmin gündən etibarən Prezident cənab İlham Əliyev tərəfindən kənd və şəhərlərimizin azad edilməsinə dair daim xoş xəbərlər aldıq. Ötən il oktyabrın 4-də Prezident özünün “Twitter” səhifəsində belə bir xəbər paylaşdı: “Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad edib. Eşq olsun, Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Həmin gün Cəbrayıl şəhəri ilə yanaşı, rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri də işğaldan azad edilmişdir. Oktyabrın 18-i – Milli Müstəqillik Günündə Xudafərin körpüsü üzərində Azərbaycan Bayrağı qaldırıldı. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində, ümumilikdə, 1 şəhər (Cəbrayıl) və 80 kənd erməni əsirliyindən xilas edildi. Cəbrayılın 27 ildən sonra düşmən işğalından azad olunması ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti bərpa edildi, üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. 44 gün ərzindəki azadlıq mücadiləsində Qələbə xəbərləri ilə böyük güc və qüvvət alır, digər tərəfdən torpaqlarımızın azadlığı uğrunda canını və qanını qurban verən şəhidlərimizlə qürur duyurduq.
Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatdan sonra düşmən təslim oldu, qalan digər torpaqlar da bir güllə belə, açılmadan özümüzə qaytarıldı. Azərbaycanın müharibədə qalib gəlməsindən altı gün sonra, noyabrın 16-da Azərbaycan Prezident cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. Ölkə başçısı Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan Bayrağını qaldırdı. Ötən il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etmiş 12 min 523 hərbi qulluqçu bu medalla təltif edildi.

Cəbrayıl bu gün yenidən qurulur

Cəbrayıl rayonunun girişində ucaldılmış “Cəbrayıla xoş gəlmişsiniz!” lövhəsi tarixi ədalətin bərpasının ifadəsi, həm də Cəbrayılın yenidən qurulmasının nişanəsi kimi bizə çox söz deyir. Düşmənin bir dənə də olsun, salamat bina qoymadığı rayonun böyük baş planı hazırlanır. Burada bütün inzibati və ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq, küçələr, parklar, xiyabanlar salınacaq. Rayonda yol-nəqliyyat və enerji infrastrukturun bərpası, kənd təsərrüfatının dirçəldilməsi ilə bağlı aparılan layihələr isə onu göstərir ki, Cəbrayıl gözəl görkəmə qovuşacaq, Qarabağımızın dilbər guşələrindən biri kimi həmişə öz yerini qoruyub saxlayacaq.

- Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR