17 Oktyabr 2021, Bazar

               Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər planına əsasən dünən Sədərək rayonunda mətbu orqanın yubiley tədbiri keçirilib.

                Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Mahirə Adnayeva açaraq “Şərq qapısı” qəzetinin mətbuat tariximizdəki əhəmiyyətindən, muxtar respublikanın sosial-iqtisadi inkişafının, ictimai-siyasi həyatının tarixiləşdirilməsindəki rolundan, strtaeji əhəmiyyətli royun kimi  Sədərək rayonun sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısının mətbuatdakı  inikasından danışıb.

                 “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova 31 yaşlı rayonun illər öncəki qəhrəmanlığından bəhs edərək bildirib ki, Sədərək 90-cı illərdə  yurdumuzun qala qapısına çevrildiyi,  mərd duruşu ilə düşmə sinə gərdiyi kimi bu gün də xainlərin ürəyinə qorxu salır. Bir neçə gündən sonra  Vətən müharibəsinin başlamasından bir il ötəcəyini diqqətə çatdıran baş redaktor onu da vurğulayıb ki, bu Tarixi Zəfərin qazanılmasında naxçıvanlılar, eləcə də Sədərək rayonundan olan igidlər də Vətən müharibəsində qəhrəmanlıq göstərib, şəhadətə yüksəliblər.

    100 yaşlı mətbu orqanın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, milli mətbuatımıza göstərilən diqqət və qayğıdan danışan baş redaktor onu da diqqətə çatdırıb ki,  qəzet keçmişdə olduğu kimi, bu gün də muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafına öz töhfəsini verir. 1921-ci ilin noyabrında Gənclər İttifaqının orqanı olan “Cavanlar həyatı” qəzetinin nəşrə başlaması ilə Naxçıvanda qəzetçiliyin təməli qoyulmuş, hələ XIX əsrin 90-cı illərindən meydana gələn qəzet nəşr etdirmək ideyası, nəhayət  ki, gerçəyə çevrilmişdir. Vərəqə şəklində çap olunan “Cavanlar həyatı” qəzeti iki aya yaxın müddətdə fəaliyyət göstərmiş, 1921-ci ilin dekabrından etibarən Naxçıvanda “Füqəra səsi” adlı yeni bir qəzet nəşr olunmuşdur. 1922-ci ilin aprel ayından nəşr edilməyə başlayan “Şərq qapısı” qəzeti isə müxtəlif tarixi mərhələlərdə ictimai-siyasi, ədəbi-mədəni proseslərin işıqlandırılmasında, millilik və maarifçilik ideyalarının təbliğində mühüm rol oynamışdır.

                Vurğulanıb ki, ötən əsrin 70-80-ci illərində “Şərq qapısı” qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilmişdir. Ümummilli lider Heydər Əliyevin “Şərq qapısı” qəzetinin 26 iyul 1990-cı il tarixli nömrəsində dərc olunan müsahibəsi, ulu öndərin Vətənə qayıtdıqdan sonra Azərbaycan mətbuatında dərc olunmuş ilk müsahibə kimi qəzetin fəaliyyət tarixində şanlı səhifəni təşkil edir. Qəzet muxtar respublikamızda fəaliyyət göstərən görkəmli dövlət xadiminin müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi yolunda həyata keçirdiyi tədbirlərin fəal təbliğatçısı olmuşdur. 1990-1993-cü illərdə ulu öndərimiz qəzetin fəaliyyəti ilə yaxından maraqlanmış, çətin şəraitdə belə, onun nəşr olunmasını təmin etmişdir. Müstəqillik illərində Naxçıvanda aparılan uğurlu media siyasəti nəticəsində “Şərq qapısı”nın əls inkişaf mərhələsini yaşadığını vurğulayan baş redaktor qeyd edib ki, 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, eləcə də Ali Məclis Sədrinin 2021-ci il 21 yanvar tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılmasının “Şərq qapısı” qəzetinin peşəkarlıq fəaliyyətinin yüksəldilməsinə əhəmiyyətli təsir göstərib. Bildirilib ki, “Şərq qapısı” qəzeti daim Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunmuşdur, bu mətbu orqanın 75, 80, 85, 90 illik yubileyləri yüksək səviyyədə qeyd edilmişdir. “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamın imzalanması və bu sərəncamla Tədbirlər Planının təsdiq olunmasını, bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna verilən siyasi qiymətdir. Baş redaktor göstərilən yüksək diqqət və qayğıya görə qəzetin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

                Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxışında bildirib ki, müstəqillik illərində muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Milli mətbuatımızın 135 illik yubileyində – 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin istifadəyə verilməsindən sonra qəzetin rəngli nəşrinə başlanılmışdır. Muxtar respublikada mətbuatın inkişafı ilə paralel olaraq yüksək nəşriyyat-poliqrafiya mədəniyyəti də formalaşmışdır. 2018-ci ildə dövlət teleradiosuna, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manatdan artıq olan müxtəlif avadanlıqlar alınmış, sonrakı dövrdə də teleradio və qəzetlərin maddi-texniki bazaları gücləndirilmişdir.

                Rövşən Hüseynov qeyd edib ki, bu gün “Şərq qapısı” qəzeti redaksiyasında istər jurnalist peşəkarlığı, istərsə poliqrafik keyfiyyət baxımından müasir tələblərə cavab verəcək qəzetin nəşri üçün müasir iş şəraiti yaradılmışdır. 2012-ci ildən etibarən www.serqqapisi.az saytı vasitəsilə qəzet dünyanın Naxçıvanla bağlı informasiya tələbatını ödəməyə başlamış, qəzetin elektron arxiv bazası yaradılmışdır. Sayt 2019-cu ildə yenilənmişdir.                                         

                Tədbirdə “Şərq qapısı” qəzetinin Hümanitar siyasət şöbəsinin müdiri Ramiyə Əkbərova, Sədərək Rayon Birləşmiş Həmkarlar Təşkilatının sədri Sənan Hüseynov, Sədərək rayon Yeni Azərbaycan Partiyasının Qadınlar şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva, YAP Gənclər təşkilatının sədri Polad  Rzazadə, “Oğuz yurdu”redaktoru Gülnarə Hüseynova,  qəzetin gənc əməkdaşı Fərhad  Rzayev  çıxış edərək “Şərq qapısı” qəzetinin fəaliyyətindən, milli mətbuatımızın inkişafındakı rolundan ətraflı söhbət açıblar. Tədbir ərzində qəzetin tarixi inkişaf yolu və iş prinsipini əks etdirən videoslayd nümayiş olunub.

                Tədbirin sonunda  “Oğuz yurdu” qəzetinin redaktoru Gülnarə Hüseynovaya “Şərq qapısı” qəzetinin fəxri fərmanı və hədiyyələr, qəzetlə yaxından əməkdaşlıq edən digər qələm sahiblərinə hədiyyələr təqdim olunub.

                Tədbirdə Sədərək rayon İcra hakimiyyətinin orqanı olan “Oğuz yurdu” qəzeti ilə fəal əməkdaşlıq edən Şərq qapısı” qəzetinin Hümanitar siyasət şöbəsinin müdiri Ramiyə Əkbərova icra hakimiyyəti tərəfindən təsəkkürnamə ilə təltif edilmişdir.

Ramiyyə ƏKBƏROVA

 

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR