17 Oktyabr 2021, Bazar

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti sentyabr ayının birinci 15 günü ərzində bir sıra qərarlar qəbul etmişdir. Belə ki, “Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarında dəyişiklik edilərək tibb işçilərinə ödənilən əlavənin müddəti avqust ayının 1-dən sentyabrın 1-dək uzadılmışdır.


Nazirlər Kabinetinin 2021-ci il 3 sentyabr tarixli Qərarı ilə “Naxçıvan Beynəlxalq Hava Limanının nəzarət edilməyən zonalarının təhlükəsizliyinin təmin edilməsi Qaydası” təsdiq olunmuşdur. Müvafiq Qaydaya görə insanların davranış xüsusiyyətlərinin müəyyən edilməsi, şübhəli əlamətlərin öyrənilməsi və sistemləşdirilməsi hava limanının nəzarət edilməyən bütün zonalarında, əsasən də aerovağzal kompleksinin giriş qapılarında, sərnişinlərin əlyükü və baqajları ilə birlikdə toplanıldığı qeydiyyat duracaqlarının yanındakı sahələrdə və gözləmə zallarında həyata keçirilir. Sərnişin terminallarında əsas təhlükəsizlik qaydaları haqqında (lövhələrdə, plakatlarda, elektron tablolarda və ya radio-elanlar vasitəsilə) ictimaiyyətə məlumat verilir, sərnişinlərə əşyalarını nəzarətsiz qoymamaları, şübhəli şəxslər və onların hərəkətləri barədə aviasiya təhlükəsizliyi xidmətinin personalına və ya polis orqanlarının əməkdaşlarına dərhal məlumat vermələri haqqında mütəmadi olaraq radioda elanlar edilir.
Bununla yanaşı, Nazirlər Kabinetinin eyni tarixli digər Qərarı ilə “Dövlət Taxıl Fondunun saxlanılması və istifadəsi Qaydaları”nda dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən Dövlət Taxıl Fonduna tədarük olunan, fondda saxlanmağa qoyulan, fonddan istifadəyə verilən və Fondun yeniləşdirilməsi zamanı taxıl üçün birinci, ikinci və üçüncü sinif buğdalar üzrə tələblər müəyyən edilmişdir.
Nazirlər Kabinetinin 2021-ci il 6 sentyabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Qaydaları” təsdiq edilmişdir. Adıçəkilən Qaydaya əsasən yol-nəqliyyat hadisələri nəticəsində dəymiş zərərin Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən qiymətləndirilməsi və hesablanması üçün məlumatların təqdim edilməsi ilə bağlı verilən sorğuya əsasən Naxçıvan Muxtar Respublikasının Daxili İşləri, Səhiyyə , Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Statistika Komitəsi, Avtomobil Yolları Dövlət Agentliyi, “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları tələb olunan göstəriciləri qeyd olunmuş müvafiq formaya uyğun olaraq aidiyyəti üzrə təqdim etməlidirlər.
Eyni zamanda Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli Qərarı ilə “Repetitor fəaliyyətinin həyata keçirilməsi Qaydaları” təsdiq olunmuşdur. Həmin Qaydalara görə repetitor dedikdə, müvafiq fənn və ya elm sahəsi üzrə ödəniş müqabilində məktəbdənkənar dərs keçən, fərdi və ya qrup şəklində tədris aparan fiziki şəxs nəzərdə tutulur. Repetitor fəaliyyəti tədris obyektlərində (bu Qaydaların tələbələrinə uyğun təşkil edilmiş qapalı məkanlarda) həyata keçirilir. Tədris obyektləri repetitor fəaliyyətinin həyata keçirilməsi üçün uyğun şəraitə malik olmalı və tədris prosesinin təşkili ilə bağlı tələb olunan inventar, cihaz və qurğularla təmin edilməlidir. Həmçinin tədris obyektləri tikinti norma və standarlara uyğun olaraq su, kanalizasiya və havalandırma sistemləri və qızdırıcı cihazlarla təchiz olunmalı, normal görməni təmin edən elektrik lampaları ilə işıqlandırılmalıdır. Məlumat üçün bildirək ki, Qaydalarda müvafiq məqsəd üçün Təhsil Nazirliyindən sertifikat alınması və repetitorların dövlət vergi xidməti orqanlarında qeydiyyata götürülməsi nəzərdə tutulmuşdur.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür. 

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR