17 Oktyabr 2021, Bazar

– Arxadakı çadır nə üçündür?
– Gecələri orada yatıram.
– Axı burada ev var. Niyə evdə deyil, çadırda yaşayırsınız? Axı məcbur deyilsiniz orada qalmağa. Bəs gecələr qorxmursunuz?
– Gecənin səssizliyindən zövq alıram və heç bir qorxu hissi zövqlə yaşamağıma mane ola bilməz. Mən belə xoşbəxt oluram. Nəyə görə qorxu mənim xoşbəxtliyimə mane olmalıdır?..
Xoşbəxtliyini seçdiyi peşədə tapan, Naxçıvanda uzun zamandır, arxeoloji tədqiqat aparan beynəlxalq ekspedisiyanın üzvü, fransız tədqiqatçı Katherine Anne Marro ilə müsahibəmizə belə bir maraqlı dialoqla başladıq. Müsahibə üçün zaman və yer müəyyənləşdirdikdə heç gözləmədiyim bu məkanı – arxeoloji qazıntılar aparılan Kültəpə kəndini seçməyi məni heyrətləndirmişdi. 15 ildən çoxdur ki, araşdırmalarını Naxçıvan Muxtar Respublikasına həsr edən Katherine xanım bu yerlərin təbiətinə və coğrafiyasına vurğunluğunu məhz belə ifadə edir: təbiətə, tarixə daha yaxın olmaq. Axı o zamanını bu qədim diyarın daşı-torpağı ilə təmasda olmaqla keçirir. Qədim torpaqlarımızın toxunduğu hər qarışından, necə deyərlər, tarix çıxaran arxeoloq xanımın Naxçıvanla bağlı təəssüratlarından və apardığı tədqiqatlardan gəldiyi qənaətlərdən bəhs edən müsahibəmizi təqdim edirik.

 – Katherine xanım, necə oldu ki, tədqiqat aparmaq üçün Naxçıvan ərazisini seçdiniz?

– Bu işə 16 il əvvəl başladım və Naxçıvanda tədqiqat işləri aparmaq qərarına gəldim. Sözün açığını desəm, bu qədim ərazini seçmək təsadüfi oldu. Türkiyənin Qars bölgəsində, Cənubi Anadolu istiqamətində araşdırma aparmaq fikrində idim. Lakin Türkiyənin Van vilayətində bir konfransda Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun fəlsəfə doktoru Səfər Aşurovla tanış olduq. Söhbət zamanı doğulduğu Naxçıvan haqqında danışdı. Elə o vaxt bu qədim diyarın tarixi mənə maraqlı gəldi. O, tədqiqat aparmaq üçün məni Naxçıvana dəvət etdi. Və beləliklə də, 16 il əvvəl ilkin yaşayış məskənlərindən olan Naxçıvan torpağında maraqlı tədqiqatlara başladıq.
– Vurğuladığınız kimi, artıq 16 ildir ki, Naxçıvanda tədqiqat işləri aparırsınız. Bəs ümumiləşdirsək, bu illər ərzində Naxçıvan ərazisində aşkar etdiyiniz maddi mədəniyyət nümunələri sizdə hansı qənaəti formalaşdırır?
– Naxçıvana gələndə ilk dəfə Şərur rayonu ərazisindəki Ovçular təpəsində tədqiqatlara başladıq. Sözün düzü, ilk tədqiqatlara başlayarkən bu yerlərdə Eneolit dövrünə aid bir məlumatın olmaması düşüncəsi ilə məyus olmuşdum. Lakin arxeoloji qazıntılarımızı davam etdirdikcə əldə olunan maddi mədəniyyət nümunələri məni bu düşüncələrdən tamamilə uzaqlaşdırdı.
Burada bir təməl qurduq, arxeoloji qazıntı üçün ərazi qeydə alındı və təqribən, 2500 kvadratmetr yer qazıldı. Əldə etdiyimiz nümunələrdən qənaətə gəldik ki, Naxçıvanın əlverişli təbii-coğrafi şəraiti qədim Daş dövründən insanların burada məskən salmasına şərait yaradıb. Ovçular təpəsi yaşayış yerində aşkar olunan Daş dövrünə aid alətlər Naxçıvanda qədim insanların 2 milyon il bundan əvvəl məskunlaşdığını təsdiq edir. Naxçıvanda yerləşən Naxçıvantəpə, Uçan ağıl, Ovçular təpəsi kimi qədim yaşayış yerləri Eneolit mədəniyyətinin ardıcıl mərhələlərini izləməyə və bu mədəniyyətlərin Azərbaycan üçün xarakterik olduğunu müəyyən etməyə imkan verir.

Burada xüsusi olaraq qeyd etməliyəm ki, Naxçıvanın Son Eneolit mədəniyyətinin öyrənilməsi üçün əhəmiyyəti olan, 2006-2013-cü illərdə tədqiq edilən Ovçular təpəsi abidəsi mühüm rola malikdir. Araşdırmalar Eneolit mədəniyyətinin Urmiya hövzəsi və Şimali Mesopotamiya ilə iqtisadi-mədəni əlaqələr şəraitində inkişafını təsdiq edir. Tədqiqatlar göstərir ki, Mesopotamiyanın Ubeyd tayfaları Urmiya hövzəsindən bir neçə istiqamətdə Azərbaycan ərazisinə yayılıb. Şübhəsiz ki, bu miqrasiyalar Naxçıvanı da əhatə edib. Məlum olduğu kimi, Ubeyd mədəniyyəti protoşumerlərə və şumerlərə aid edilib. Şumer dilinin türk dilləri ilə bağlı olmasına dair inkar­edilməz dəlillər aşkar olunub. Son illərin araşdırmaları zamanı Ovçular təpəsindən aşkar olunan heyvan qalıqlarının tədqiqi bu heyvanların, təqribən, eramızdan əvvəl VIII-VII minilliklərdə qədim əkinçilik mədəniyyətlərinin ardınca Naxçıvana gəldiyini təsdiq edir. Lakin heyvanlar müəyyən dəyişikliyə uğrayaraq yerli şəraitə uyğunlaşıb və İkiçayarasında (Mesopotamiya) yaşayan əcdadlarından bir qədər fərqləniblər.
Ümumiyyətlə, son illər artan faktlar İkiçayarasının qədim əkinçilik mədəniyyətlərinin Cənubi Qafqaz, o cümlədən Naxçıvan ərazisində formalaşan mədəniyyətlərə təsirini təsdiq edir. Bu təsir müəyyən istehsal sahələrinin inkişafını stimullaşdırıb. Belə nəticəyə gəlmək olar ki, Naxçıvan abidələrində yayılan boyalı keramikanın bir qismi, o cümlədən Xələc boyalı keramikası Cənub mədəniyyətlərinin təsiri ilə ortaya çıxıb. Araşdırmalar göstərir ki, İkiçayarası tayfalarının Naxçıvanla iqtisadi-mədəni əlaqələrini gücləndirən əsas faktorlardan biri bu ərazinin təbii sərvətləri, xüsusilə mis yataqları olub.

Bu arada, Naxçıvanda ilkin yaşayış və şəhərsalma mədəniyyətindən söz düşmüşkən, Duzdağ ərazisini xüsusi vurğulamalıyıq. 2007-ci ildə ilk dəfə Duzdağda tədqiqatlara başlayarkən gözəçarpan və əhəmiyyətli nəticələr əldə etdik. Burada çox maraqlı quruluşa malik mədəndə əldə olunan maddi mədəniyyət nümunələri, həmçinin tədqiqatlar zamanı aşkar olunmuş arxeoloji materiallar – daş çəkiclər, ocaq izləri, keramika məmulatları, ağac pazlar, maral buynuzunun qalıqları və digər nümunələr təsdiq edir ki, bu duz mədənlərindən insanlar e.ə. VI-II minilliklərdə istifadə ediblər.
Naxçıvan duz mədənlərində yerli arxeoloqlarla birgə tədqiqat işləri apararkən 2008-ci ildə əldə olunmuş maddi mədəniyyət nümunələrini, Şərur rayonundakı Ovçular təpəsi abidəsindən tapılmış və radiokarbon analizləri aparılmış nümunələrlə müqayisə edərək çox uğurlu nəticələr aşkar etdik. Bu nəticələr əsasında müəyyən olundu ki, Duzdağ dünyanın ən qədim duz mədənidir və burada mədənçilik işinə ilk dəfə Eneolit dövründən başlanılıb. Dünyada mədənçilik tarixində bundan qədim tapıntı yoxdur. Duzdağda qədim dövrlərdən başlanan duz hasilatı orta əsrlər zamanı da intensiv şəkildə davam edib. Qaynaqlarda X-XIV əsrlərdə Duzdağda əla növ duz istehsal olunması və hazır məhsulun müəyyən hissəsinin bir sıra ölkələrə ixrac edilməsi haqqında məlumatlar vardır. Yaşayış üçün çox zəruri olduğuna görə duz yüksək dərəcədə gəlirli olub.
– Bəs bu tədqiqatların nəticələri ilə bağlı materiallar dərc edilirmi və ya simpoziumlar, konfranslar keçirilirmi?
– Əlbəttə. Tədqiqatların nəticələri, gəldiyimiz elmi qənaətlər bu illər ərzində qatıldığımız bütün konfrans və simpoziumlarda geniş ictimaiyyətə təqdim edilir. Bundan başqa, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin əməkdaşlarından Severine Sanz ilə birlikdə Naxçıvan Duzdağında apardığımız tədqiqatların nəticələri barədə Fransanın müxtəlif qəzetlərində məqalələr dərc etdirmişik. Həmin məqalələrdə dünyanın ən qədim duz mədəninin Azərbaycana aid Naxçıvan Muxtar Respublikası ərazisində aşkarlanması barədə məlumatları beynəlxalq elmi ictimaiyyətə çatdırmışıq. Duzdağ haqqında məqalələr həm də Fransanın www.cnrs.fr internet saytının mətbuat bülletenləri bölməsində yerləşdirilir. Bundan başqa, Türkiyədə nəşr olunan “Tuba-AR” jurnalında nəşr etdirdiyimiz məqalə də çox dəyərlidir. Bu məqalədə Naxçıvan duz mədənlərində əldə olunan maddi mədəniyyət nümunələrinin qədimliyinə və zənginliyinə istinad edərək bu mədənlərdən çox geniş şəkildə istifadə olunması fikrini irəli sürmüşük.
– Qeyd etdiyiniz kimi, muxtar respublika ərazisinin müxtəlif istiqamətlərində arxeoloji tədqiqatlar aparmısınız. Bəs sizin üçün indiyədək aşkar olunan ən maraqlı nümunə hansı olub?
– 2006-2011-ci illər ərzində Ovçular təpəsində müştərək Azərbaycan-Fransa ekspedisiyası araşdırma apardığı zaman bir uşaq qəbrinin içərisində 3 balta tapıldı. O baltalar olduqca qədim alətlər idi. Analizlərin nəticələri məni çox heyrətləndirmişdi. Qənaət isə tam olaraq bu idi: Naxçıvan ərazisi eramızdan əvvəl V-III minilliklərdən bir yaşayış yeridir. Ən maraqlısı isə o idi ki, bu baltalar yüksək bir sənətkarlıq nümunəsi idi. Həmin baltalar tapılanadək kimsə bilmirdi ki, Qafqazda və ərazinin digər yerlərində metallurgiya tətbiq olunur. Bu materiallar tapılanadək düşünülürdü ki, Qafqaza metallurgiya Anadolu istiqamətindən gəlib. Lakin bu nümunələr göstərdi ki, bu yerlər metallurgiyanın ən qədim mərkəzlərindən olub. Ümumiyyətlə, 16 ilə yaxın bir müddətdə burada apardığım tədqiqat işlərinin nəticəsi Naxçıvanın ən qədim oğuz-türk torpaqlarından biri olduğunu sübut edir.

Həmçinin bu ərazidə mis filizi parçaları, pota qalıqları və bəzi kiçik metal əsərlər aşkarladıq. Belə böyük mis alətlərə hələ Cənub-Qərbi Asiyadan başqa bir yerdə rast gəlinməyib. Və bir daha qeyd edim ki, 2010-cu ildə burada bəzi Ubaid dövrünə aid materiallar tapıldı. Bu nümunələr təsdiq edir ki, yerli sakinlər əkinçilik, maldarlıq, balıqçılıq və digər təsərrüfat işləri ilə məşğul olublar.
– Düşünürəm ki, əldə etdiyiniz nəticələr sizə hələ də bu qədim diyarda araşdırmaları davam etdirməyə stimul verir. Naxçıvanla bağlı gələcək tədqiqat planlarınız nələrdir?
– Bildiyiniz kimi, beynəlxalq ekspedisiyanın tərkibində bu il üçün tədqiqatlarımızı yekunlaşdırdıq. Kültəpə və Uçan ağıl qədim yaşayış məskənlərində apardığımız tədqiqatlar da maraqlı nəticələrə gətirib çıxarır. Apardığımız arxeoloji tədqiqatların hesabatını sen­tyabrın 9-da AMEA Naxçıvan Bölməsində təqdim edərkən bunu vurğulamışdım. Növbəti il üçün düşünürük ki, Uçan ağıl və Kültəpədə apardığımız işləri yekunlaşdıraq. Burada kifayət qədər dəyərli nümunələr əldə etdik. Sözün düzü, düşünürdük ki, buradakı işləri artıq tamamlamışıq. Lakin son zamanlar Kültəpə ərazisində olduqca maraqlı və gözləmədiyimiz nəticələr əldə etdik və həmin ərazidə qazıntıları daha da genişləndirmək qərarına gəldik. Maraqlı nəticələrin yekununda deyə bilərəm ki, Kültəpə I Eneolit dövrünün ən qədim yaşayış məskəni olub. Diyarınızda apardığımız arxeoloji tədqiqatları ümumiləşdirsək, bir cümlə ilə belə ifadə edərdim: “Naxçıvanın hər daşında, qayasında oğuz-türk tayfalarının izləri var”.
Naxçıvan, doğrudan da, əsrarəngiz diyardır, tədqiqatlar apardıqca görürsən ki, burada min illərin tarixi yatır. Bu torpağı qazdıqca tarixin dərin qatlarına aid zəngin mədəniyyət nümunələrinə rast gəlirsən. Bu isə tədqiqat işlərini daha da geişləndirməklə davam etdirməyə sövq edir. Bundan sonrakı iş planımız yaylaqlar üzərində tədqiqatlar olacaq. Heyvandarlıq üzərində iş apardığımız üçün daha çox yaylaq, qışlaq zamanı köç sisteminin başlanğıcını öyrənmək istəyirik. Cənubi Qafqazda köçmə maldarlıq ilə bağlı çox az sayda yaşayış yeri mövcuddur. Bu abidələrdən ikisinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşməsi bölgənin qədimliyi və mühüm coğrafi-strateji mövqeyi ilə bağlıdır.
– Kültəpədə əldə etdiyiniz maraqlı nəticələr barədə qısaca məlumat verə bilərsinizmi? Düşünürəm ki, bu, oxucularımız üçün də maraqlı olar.
– Əlbəttə, bu, hər biriniz üçün maraqlıdır. Çünki bu sizin tarixinizdir. Özü də min illər öncəyə dayanan bir tarix. Burada mis filizinin minerallarına rastlanması, həmçinin əldə etdiyimiz digər nümunələr sübut etdi ki, Eneolit mədəniyyətinin Naxçıvanda yayılmasında və İkiçayarası ilə iqtisadi-mədəni əlaqələrin güclənməsində xammal ehtiyatlarına tələbatın artması da müəyyən rol oynayıb. Bununla belə, Naxçıvana qədim əkinçilik mədəniyyətlərinin Cənubdan gəldiyi qənaətinə gəlmək olmaz. Şübhəsiz ki, bəzi xarici amillər yerli mədəniyyətə təsir göstərir. Lakin bu amillər burada formalaşmış yerli mədəniyyətlə qaynayıb-qarışmış, vahid etnos halında formalaşmışdır. Həmçinin tədqiqatlar göstərdi ki, Eneolit dövründə iqtisadiyyatın aparıcı sahələri əkinçilik, maldarlıq, dulusçuluq və metalişləmə olub.
– Araşdırmalar zamanı daha çox rast gəldiyiniz nümunələr nələrdir?
– Tədqiqatlar zamanı çoxsaylı nümunələrə rast gəlirik. Əsasən, bəzəkli keramikalar... Bu keramikalar insanı düşündürür: bu, tarixin hansısa bir dövründə yaşamış bir sənətkarın əl işidir, yoxsa bir ailənin ərsəyə gətirdiyi sıradan bir əşyadırmı? Hətta insan düşünə bilər ki, bu alətlər başqa bir yerdən ticarət yolu ilə də gətirilmiş ola bilər. Lakin bu belə deyil. Analizlər zamanı sübut olundu ki, həmin nümunələrin hazırlanmasında buradakı mis mədənlərdən istifadə olunub. Bəzən bu nümunələrin üzərində çox incə və mürəkkəb elementlərə rast gəlirik. Bu zaman düşünürsən ki, insan əməyi üçün bu, çox mürəkkəbdir. Lakin analizlərin yekununda yenə də qənaətə gəlirik ki, bu nümunələrin hər biri məhz əl işidir. Məsələn, Duzdağda apardığımız tədqiqatlar zamanı aşkar olunan Erkən Dəmir dövrünə aid daşduzlar bu baxımdan çox maraqlıdır. Olduqca düzgün həndəsi ölçülərə malik olan dördkünc formada böyük ustalıqla kəsilən daşduzlar sanki xüsusi bir texnoloji avadanlığın məhsuludur. Belə qənaətə gəlmək olar ki, həmin daşduzlar ticarət məqsədi daşıyıb.
– Uzun zamandır ki, tədqiqatlarınızla Naxçıvanın qədim yaşayış məskəni kimi öyrənilməsinə mühüm töhfələr verirsiniz. Əməyiniz də dövlət tərəfindən öz layiqli qiymətini alıb. Bu sizdə hansı təəssüratları yaradıb?
– Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2018-ci il 24 sentyabr tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə təltif olunmuşam. Bunu əməyimə verilən çox böyük qiymət kimi qürur hissi ilə qarşılayıram. Naxçıvanda elmə və elm adamlarına yüksək qayğı göstərilir. Üstəlik, diyarınızın qədim tarixinin, milli dəyərlərinizin öyrənilməsinə və təbliğinə dövlət səviyyəsində böyük qayğı ilə yanaşılır. Diyarınıza səfər etdiyim gündən mən də bu qayğının əhatəsində fəaliyyət göstərirəm. Bütün bunlara görə minnətdarlığımı bildirirəm.
– Katherine xanım, maraqlı müsahibəyə görə minnətdaram, sağ olun.

 Gülcamal TAHİROVA

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR