17 Oktyabr 2021, Bazar

Taleyini zabit peşəsinə bağlayanların qayğısına qalır, təhsili və inkişafı üçün çalışır, vətənpərvər, Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə sədaqətli, yüksək hərbi bilikli zabit-müəllim heyəti gələcəyin Naxçıvanskilərini yetişdirir Heydər Əliyev adına Hərbi Lisey... Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı və müdafiə nazirinin 9 aprel 1998-ci il tarixli əmri ilə 1998-ci ildə müstəqil ordu quruculuğu sahəsində atılan mühüm addımlardan biri kimi Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı açıldı. Ötən dövrdə hərbi məktəb Prezident cənab İlham Əliyevin qayğısı ilə böyük inkişaf yolu keçmiş, 2004-cü il 27 fevral tarixli Sərəncamla Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılmışdır. Cəmi 56 kursantla fəaliyyətə başlayan liseyin 3 mindən artıq məzunu olmuş, onlardan 2 minə yaxını Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edir.

Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətinin hər iki dövründə ölkəmizdə ordu quruculuğu sahəsini ən vacib prioritet istiqamətlərdən biri kimi daim diqqət mərkəzində saxlamışdır. Ulu öndərimiz hələ 2002-ci il iyunun 17-də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialında kursantlarla görüşündə demişdir: “Mən sizin yanınıza gəlmişəm, sizinlə görüşürəm, gənc Azərbaycan övladlarına baxıram, çox sevinirəm. Çünki indi Azərbaycanın Prezidenti olaraq mən hələ 30 il bundan öncə müstəqillik haqqında, – bəlkə də bunu çox az adam düşünə bilərdi, yaxud ağlına gətirə bilərdi, – düşünüb hərbi məktəb yaratmışdım. Artıq bir neçə ildir, Naxçıvan filialı yaranıbdır…Təsadüfi deyil ki, 30 il bundan öncə həmin məktəbi yaradarkən mən təklif etdim ki, ona Cəmşid Naxçıvanskinin adını qoyaq. Onun həyatı sizə məlumdur. Ancaq faciəli 1938-ci ildə, Moskvada böyük hərbi vəzifədə olduğu zaman həbs olunub güllələnibdir. Ancaq onun gözəl xatirəsi Azərbaycan xalqının qəlbində yaşayıb və o zaman gəlibdir ki, onun adına belə məktəb yaranıbdır… Beləliklə, mən bu gün böyük sevinc hissi ilə deyə bilərəm ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yüksək səviyyədədir, bundan sonra səviyyəsini daha da yüksəldəcək və Azərbaycanın Milli Ordusu üçün, gələcək üçün yeni-yeni kadrlar hazırlayacaqdır...” Uzaqgörən liderimiz Heydər Əliyevin Azərbaycanımızın ayrılmaz hissəsi olan Naxçıvan haqqında arzuları, planları Vətəninə, millətinə, xalqına sədaqətli olan, ümummilli liderimizin ideyalarını daim öz işində rəhbər tutan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən yerinə yetirilir. “Şərq qapısı” qəzetinin 1996-cı il 4 sentyabr nömrəsində dərc olunan məqalədə Cəhridə 504 yerlik yeni məktəb binasının açılışında iştirak edən Ali Məclis Sədrinin çıxışındakı bu fikirləri oxuyuruq: “Mən muxtar respublikaya rəhbərliyə başlayarkən öz çıxışımda demişəm ki, Azərbaycanın bu ağır dövründə iki sahəyə diqqəti yönəltmək lazımdır. Orduya və təhsilə. Bu iki sahəni daim diqqət mərkəzində saxlayırıq. Belə olmasa, bizim gələcəyimiz şübhə altında qalar...” Muxtar respublika rəhbərinin o vaxtdan bu günədək ordu quruculuğu, ordunun təkmilləşdirilməsi, inkişafı sahəsinə, ixtisaslı hərbçi kadrların hazırlanması işinə göstərdiyi diqqət, Heydər Əliyev adına Hərbi Liseyin buraxılış mərasimlərində mütəmadi iştirakı bu sahədə böyük uğur və müvəffəqiyyətlərin qazanılmasına əlverişli şərait yaratmışdır.

Bu gün Heydər Əliyev adına Hərbi Liseyin vətənpərvər kursantları şərəfli zabit adını doğruldaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanırlar. Odur ki, 2020-ci il 27 sentyabrda başlanan və 44 gün davam edən Vətən müharibəsində qazandığımız böyük tarixi Qələbədə bu liseyin məzunlarının böyük payı olmuşdur. Onlar illərdir, düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad edilməsində, Qələbənin qazanılmasında böyük şücaət və qəhrəmanlıq göstərmiş, şəhid olmuşlar. Öz qanları və canları ilə tarix yazan oğullarımız orden və medallarla təltif olunmuşlar. İkinci Qarabağ müharibəsi bir tərəfdən dövlət-xalq-ordu birliyinin təntənəsi kimi yadda qaldısa, digər bir tərəfdən də əsgər və zabitlərimiz yüksək döyüş bacarığı, vətənpərvərliyi, peşəkarlığı ilə xalqımızın qürur mənbəyinə çevrildilər. Bu həm də onu göstərdi ki, qüdrətli ordunun təməlində təcrübə, bilik, səriştə, eyni zamanda hərbi təhsil dayanır. Bu gün biz fəxr hissi ilə deyirik ki, muxtar respublikamızın hərbi təhsilli gəncləri Azərbaycan Ordusunun sıralarında şərəflə, ləyaqətlə, böyük peşəkarlıqla xidmət edirlər.
Bu gün ulu öndərimizin adını ləyaqətlə daşıyan Hərbi liseydə tədrisin və təlim-tərbiyənin yüksək keyfiyyətini təmin etmək məqsədilə hərtərəfli şərait yaradılıb. Tədris prosesində qabaqcıl metodlar tətbiq edilib, kursantlar il ərzində şəhər və muxtar respublika miqyaslı fənn olimpiadalarında, idman yarışlarında, bədii özfəaliyyət baxış-müsabiqələrində müntəzəm iştirak edərək layiqli yerlər tutublar. Ali Məclis Sədrinin qayğısı ilə liseydə STEAM kabinəsi yaradılıb və müxtəlif avadanlıqlarla təchiz olunub. Kursantlar bu avadanlıqlardan istifadə etməklə 3D modelləşdirmə, mikrobit və arduino ilə işləmə pro­qramlarına yiyələnir, minaaxtaran qurğu, ağıllı hərbi baza, xətt izləyən və kəşfiyyat robotları, qaz sensoru, elektron tank, su səviyyəsini ölçən qurğuların modellərini hazırlayırlar. Bütün bunlar ali hərbi məktəblərə yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayır. Beləliklə, Hərbi liseyə qəbul olunmaq üçün müraciət edənlərin sayı da ilbəil artır.

Kollektivin uğurlu fəaliyyətinin nəticəsidir ki, liseyin məzunları ali hərbi məktəblərdə təhsillərini uğurla davam etdirir, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında zabit kimi xidmət edirlər. Cari il də lisey üçün uğurla yadda qalıb. Bu il liseyin 124 nəfər məzunu olub. Onlardan 7 nəfəri liseyi fərqlənmə ilə bitirib. Hazırda liseydə 300-dən artıq kursant təhsil alır. Builki məzunlardan çoxu təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirəcək. Onlardan bir neçəsi haqqında məlumat vermək istərdim:
Elşad Abdullayev 2003-cü ildə Ordubad rayonunun Dəstə kəndində anadan olub. O, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri arasında coğrafiya fənni üzrə keçirilən olimpiadada II yerə layiq görülüb. Liseyin digər bir məzunu Tahir Məhərrəmov Ordubad rayonunun Aza kəndində anadan olub. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri arasında riyaziyyat fənni üzrə keçirilən olimpiadada III yerə layiq görülüb. Nicat Əliyev isə Babək rayonun Şıxmahmud kəndində anadan olub. Nicat isə fizika fənni üzrə olimpiadada iştirak edərək III yerə layiq görülüb. Onlar təhsillərini yüksək səviyyədə başa vuraraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunublar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “...Liseyin məzunları bundan sonra da təhsili və nizam-intizamı ilə seçilməli, hərb sənətinə dərindən yiyələnməli, mütaliə etməli, yeni texnologiyaları, müasir silahları, hərbi texnikanı mükəmməl mənimsəməli, dünyagörüşlərini daim artırmalıdırlar. Zabit adını daşımaq böyük məsuliyyətdir. Peşə vərdişi, fiziki və nəzəri hazırlığı ilə bərabər, zabit həm də mənəvi keyfiyyətləri ilə seçilməlidir. Tariximizi, dəyərlərimizi və qəhrəmanlıq ənənələrimizi yaxşı öyrənməli, rəhbərlik etdiyi şəxsi heyətin bu əsasda mənəvi-psixoloji hazırlığına nail olmalıdır”.
Heydər Əliyevin adına Hərbi Liseydə yetişən gənclər, heç şübhəsiz ki, həmişə yüksək bilik və hərbi intizamla öndə gedəcək, müzəffər Ordumuzun sıralarında layiqincə xidmət edəcək, Ali Baş Komandanın hər bir əmrinə hazır olacaq, ulu öndərimizin adını daşıyan Hərbi liseyin şərəfini daim uca tutacaqlar. Onlar dövlətimiz, xalqımız, hamımız üçün fəxr, qürur mənbəyidirlər.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR