17 Oktyabr 2021, Bazar

Hər yolun öz nağılı, öz əhvalatı, öz xatirələri var. Hər yol isə ürəyi bir havaya kökləyir, bir xatirəyə aparır. Elə bu yol kimi. Şərur rayonunun Ərəbyengicə kəndindən keçən yol ilə sərhəd zastavasına doğru gedirik. Bu kənddə bir neçə dəfə olmuşuq. Yaşlı adamların dediyinə görə, “Ağ bağ” adlanan üzüm bağlarında işləyə-işləyə Araza həsrətlə baxıb bayatı çəkərmiş nənələrimiz. Araz sahili boyunca çəkilən tikanlı məftillər, sadəcə, sərhədi ayırmamışdı, insanların ürəyini də iki yerə bölmüşdü. Orada keşik çəkən sovet əsgəri insanları Araza da həsrət qoymuşdu, öz doğmalarına da. Ta o vaxta kimi: soyuq bir qış günü öz canını Vətənə qurban deyən oğullar sovet zülmünə yox dedi. Sərhəddəki 70 illik köhnə dirəkləri, sovet ideologiyası kimi paslanmış məftilləri söküb kənara atdılar. Sovet əsgərinin silah tutan əli, “buradan keçmək olmaz” deyən dili qurumuşdu. Onlar da çaşbaş qalmışdı əliyalın insanların bu qüdrətinin önündə. Tarixdə görülməyən bir hadisə baş vermişdi, Sovetlər Birliyinin dirəyi sökülüb yandırılmışdı. Azadlığın ilk qığılcımları parlamışdı. İndi həmin yerdə – müasir sərhəd zastavasında, Azərbaycan əsgərinin dayandığı Vətənin sərhədində dayanmışıq. Artıq 31 ildir ki, doğma sərhədimizə öz igidlərimiz keşik çəkir. Vaxtilə burada mövcud olan şəraitsizlikdən isə əsər-əlamət yoxdur... 

Müasir sərhəd zastavasında Vətən sərhədini qoruyan igidlərlə həmsöhbət oluruq. Ərəbyengicə sərhəd zastavasının rəisi Elşən Orucovun ailəsi yaxın günlərdə xidməti mənzillə təmin edilib. O deyir:

– Xalqımızın zəngin və şərəfli hərbi ənənələrini qoruyub saxlamaqla müstəqil dövlətimizdə məqsədyönlü və səmərəli ordu qurucu­luğunun aparılması, müasir tələblərə cavab verən ordunun və yüksək mənəvi-psixoloji keyfiyyətlərə malik şəxsi heyətin formalaşdırılması ulu öndər Heydər Əliyevin özünəməxsus müdriklik və uzaqgörənliklə həyata keçirdiyi, Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyət və ardıcıllıqla davam etdirdiyi mükəmməl strategiyaya əsaslanır. Azərbaycanda ordu quruculuğuna xüsusi diqqət göstərilməklə yanaşı, zabit-gizir ailələrinin mənzil-məişət şəraiti də yaxşılaşdırılır, yeni yaşayış binaları tikilir, mövcud yaşayış binaları yenidən qurulur, qüsursuz xidmət edən hərbi qulluqçulara mənzillər verilir. Ərazi bütövlüyünü, sərhədlərimizi qoruyan hərbçi ailələri üçün yaradılan şərait, zabit-gizir ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, eyni zamanda dövlətinin öz ordusuna, onun zabitlərinə və ailələrinə göstərdiyi qayğının daha bir ifadəsi, Azərbaycanda mövcud olan dövlət-xalq-ordu birliyinin nəticəsidir.

Zabitimizin həyat yoldaşı Sona Orucovanın sevinci sonsuzdur. O dövlətimizə minnətdarlığını bildirərək deyir: Hər cür şəraitə malik mənzillə təmin olunmağımız böyük qayğıdır. Dövlətin öz vətəndaşına hərbçisinə olan qayğısı. Belə şəraiti ancaq ata övladı üçün yaradar. Bizə, hərbçi ailələrinə ata qayğısı ilə yanaşan Ali Məclisin Sədrinə bütün hərbçi ailələri adından minnətdarlığımı bildirirəm. İki övladı olduğunu deyən Sona xanım onu da diqqətimizə çatdırır ki, oğlanlarından biri bu il orta məktəbə gedəcək. Onu kənd tam orta məktəbinə yazdırmağı düşünən ailə həmin məktəb ilə tanışlıqdan sonra belə qərara gəlib. Sərhəd zastavası ilə məktəbin arasındakı məsafə nəzərə alınaraq uşaqların məktəbə avtomobillə aparılması da təmin edilib. Yaşadıqları binanın həyətində övladlarının vaxtlarını əyləncəli keçirmələri üçün müxtəlif oyun qurğuları quraşdırılıb.
Gizir İlham Əsgərov 14 ildir ki, Vətən sərhədini qoruyur. Onun da ailəsi mənzillə təmin edilən ailələr içərisindədir. O deyir:
– Vətənə ləyaqətlə xidmət edən əsgər və zabitlər daim diqqətdə saxlanılır. Bütün bunlar hər birimizdə qürur hissləri ilə bərabər, həm də əminlik yaradır. Muxtar respublikada zabitlərin xidmətlərinin nümunəvi təşkili və rahat yaşaması üçün ardıcıl tədbirlər görülür. Hər bir hərbçi ailəsi dövlətin qayğısını üzərində hiss edir. Bu gün hər birimiz əminliklə deyirik ki, ordumuzun hər bir fərdi Vətəni necə sevdiyini, lazım gələndə bir ovuc torpaq üçün canından keçə biləcəyini hər kəsə sübut etdi. Bütün dünya şahid oldu: Vətən necə sevilər, dövlət-xalq-ordu birliyi necə olar. Cəmi 44 gündə necə bir xalq, necə güclü bir orduya sahib olduğumuzu hər kəsə göstərdik. Fərqi yoxdur ki, harada, hansı vəzifədə xidmət edirik, hər birimiz Vətənin müsəlləh əsgəriyik. Hər an doğma Azərbaycanımız üçün canımızdan keçməyə hazırıq. Bunu Vətən müharibəsində qəhrəmanlıq göstərən, şəhidlik şərbətini içən sərhəd qoşunlarının hərbçiləri də sübut etdi.
Şəfanə Əsgərova deyir ki, həyat yoldaşının xidməti vəzifəsi ilə əlaqədar diyarımızın müxtəlif yerlərində yaşayıblar. İki övladları var. Hər ikisi də təhsilini bu ildən kənd məktəbində davam etdirəcək. Sərhəd zastavasındakı xidməti mənzildə də, elə təhsil ocağında da gözəl şərait yaradılıb. Dövlətimiz vətəndaşının yaxşı yaşaması üçün əlindən gələni edir. Ailəsinin rahat mənzildə yaşadığını, övladının müasir məktəbdə təhsil aldığını bilən hərbçi də xidmətinin öhdəsindən daha yaxşı gəlir. Fikri arxada qalmır, o bilir ki, xidmət etdiyi dövlət onun, ailəsinin daim yanındadır.

Sərhəd zastavasında yaradılan şəraitlə yaxından tanış olur, əsgər və gizirlərlə söhbət edirik. Əslən Qazax rayonundan olan müsahibimiz Nurlan Bənnayev deyir ki, Vətənə xidmət hər bir Azərbaycan gəncinin şərəf borcudur. Vaxtı çatanda hər kəs Vətənə əsgəri borcunu verməli, onu göz bəbəyi kimi qorumalıdır. Naxçıvanda xidmət etdiyim 14 ay müddətində tam əminliklə deyə bilərəm ki, orduya göstərilən diqqət, biz əsgərlərin şəraitinin yaxşılaşdırılması dövlətimizin hər bir Azərbaycan gəncinə göstərdiyi qayğının ən gözəl nümunəsidir. Bir məqamı diqqətə çatdırım ki, hələ kiçik yaşlarımızdan ailə böyüklərimizdən eşitdiyimiz ötən əsrin 80-90-cı illərinin qanlı-qadalı günləri, ağır şəraiti ordu quruculuğundan da yan keçməyib. Mənfur düşmən bu fürsətdən istifadə edərək doğma torpaqlarımızı işğal edib, dinc əhaliyə divan tutaraq illərlə xalqımızı öz ata-baba yurdundan ayırıb. Bu gün isə həm bir Azərbaycan gənci, həm də sərhədlərimizin keşiyində dayanan Azərbaycan əsgəri kimi şadıq, sevincliyik. Çünki Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti, rəşadətli ordumuzun sınmaz iradəsi, sarsılmaz dəyanəti ilə əzəli-əbədi torpağımız olan Qarabağımız artıq Azərbaycana qovuşub. Bu böyük qələbənin arxasında, sözsüz ki, uğurlu siyasət və böyük amallara hesablanmış ordu qurucu­luğu dayanır. Yeni istifadəyə verilmiş, hər cür şəraitlə təchiz edilmiş Ərəbyengicə sərhəd zastavası bunun ən gözəl və parlaq nümunəsidir. Qeyd edim ki, burada bizlər üçün hər cür şərait yaradılıb. Zastavada yaradılan nizam-intizamın nəticəsidir ki, əsgər yoldaşlarımızın hamısı bir-biri ilə mehribandır. İnanırıq ki, bizlərə göstərilən bu diqqətə görə torpaqlarımızın ərazi bütövlüyü uğrunda əsl Azərbaycan əsgəri kimi daim əzmlə mübarizə aparacaq, onu qanımız, canımız kimi qoruyacağıq.
11 aydır ki, ordumuzun sıralarında layiqincə xidmət edən müsahibimiz Əli Qarayev əslən Şəmkir şəhərindəndir. O deyir ki, Vətənin keşiyində dayanmaq çətin olduğu qədər, həm də şərəfli bir işdir. Çünki torpağının, ərazi bütövlüyünün məsuliyyətini, xalqının, millətinin rahatlığını xidmət etdiyin müddət ərzində çiyinlərində daşıyırsan. Bu yolda səbir, inam, güclü iradə, ən başda da nizam-intizam hər bir Azərbaycan əsgərinin xidmət amalı olmalıdır. Bir məqamı da qeyd edək ki, dövlətin orduya dəstəyi olmasa, bu yol dözülməz, çətin olar. Lakin bu gün Azərbaycan əsgəri, bu mənada, çox şanslıdır. Dövlətimizin hərbçilərimizə, biz əsgərlərə göstərdiyi diqqət və qayğının uğurlu nəticələrini hər bir ordu nümayəndəsinin timsalında görmək bizim şanlı ordumuzun sarsılmaz gücündən, qüdrətindən xəbər verir. Sevinirəm ki, mən də nizami bir ordunun əsgəri kimi sərhədimizin keşiyində dayanmışam. Yeni tikilib ordumuzun istifadəsinə verilmiş Ərəbyengicə sərhəd zastavasında hərtərəfli təminatımız, müasir silah və texnikalarımız var. Bu gün düşmən yaxşı bilir ki, onun qarşısında güclü Azərbaycan Ordusu dayanıb. Onun gücü və qüdrəti gündən-günə artır. Çünki hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Hissəmiz üçün tikilən əsgəri-məişət kompleksində hər şey yüksək səviyyədədir. Burada hərbi biliyimizi, fiziki hazırlığımızı artırmaq üçün əlverişli şərait yaradılıb. Biz əsgərlər bu şəraitdən səmərəli istifadə edir, fiziki cəhətdən güclü olmağa çalışırıq. Çünki əsgərin döyüş meydanında qalib gəlməsində fiziki gücünün də yetərli olması başlıca şərtlərdən biridir. Ona görə də hissəmizdə əsgərlərin sağlamlığı qeydinə qalınır, fiziki hazırlıq məşğələlərinin keçirilməsinə ciddi önəm verilir. Bununla yanaşı, burada istifadəyə verilən voleybol və futbol meydançası, atəş, mühəndis hazırlığı yerləri, idman və təlim şəhərciyi də hərtərəfli formalaşmağımızda, hərb sənətinin sirlərini dərk etməyimizdə böyük rol oynayır.

Ali Baş Komandanın bircə tapşırığı bəs edər ki, əzəli-əbədi torpaqlarımızın müdafiəsi, onun sərhədlərinin toxunulmazlığı uğrunda yenidən mübarizə aparaq, – deyir əslən Naxçıvan şəhərindən olan çavuş Nihad Hacıyev. Qeyd edir ki, Vətənimizin azadlığı, müstəqilliyi yolunda canımızla, qanımızla vuruşmağa hər an hazırıq. Burada xidməti borcumu yerinə yetirdiyim 10 ay müddətində şahid oldum ki, həqiqətən, ordumuza dövlətimizin diqqəti çox yüksək səviyyədədir. Bunun nəticəsi idi ki, 44 günlük Vətən müharibəsində dəyanətli ordumuz haqlı olduğumuz savaşı qələbə ilə sona çatdırdı. Belə bir orduda xidmət etmək həm böyük şərəf, həm də böyük qürurdur bizim üçün. Yenicə istifadəyə verilmiş sərhəd zastavasında isə şərait çox gözəldir. Burada yaradılan nizam-intizam, qayda-qanun bizləri xidmətdə olduğumuz müddətdə əsl Azərbaycan əsgəri kimi yetişdirməkdə müstəsna rol oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sərhəd zastavasının açılışında şəxsən iştirak etməsi, “Sərhəd ölkənin müstəqilliyini təsdiq edən amil, sərhədçi olmaq isə böyük məsuliyyət və şərəf işidir” deməklə hərb sənətinin necə şərəfli bir iş olduğunu diqqətə çatdırması, həqiqətən, bizlərə göstərilən inamın, diqqətin bariz nümunəsidir. Bu gün hər bir Azərbaycan əsgəri xoşbəxtdir ki, doğma yurdu, müstəqil dövləti var. Bizə oğul deyən Vətənimiz, uğrunda canımızı sevə-sevə qurban verəcəyimiz müqəddəs torpaqlarımız var. Daim fəxr ediləcək keçmişimiz, çiçəklənən bu günümüz, parlaq gələcəyimiz var. Vətənimiz də xoşbəxtdir ki, ona ürəkdən bağlı xalqı, onu yağılardan qoruyan güclü ordusu var. Bundan sonra da belə bir orduda xidmət edən bütün Azərbaycan əsgərləri adından söz verir və and içirəm ki, Vətənimizin, xalqımızın xidmətində canımızla, qanımızla dayanacaq, torpaqlarımızın düşmən əlinə keçməməsi üçün ayıq-sayıq olacağıq.

 Ramiyyə ƏKBƏROVA
 Məcid RƏŞADƏTOĞLU

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR