17 Oktyabr 2021, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər planına əsasən sentyabr ayının 1-də Şahbuz Rayon Mədəniyyət sarayında mətbu orqanın yubiley tədbiri keçirilib. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Tural Quliyev açaraq “Şərq qapısı” qəzetinin mətbuat tariximizdəki əhəmiyyətindən bəhs edib.


“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova çıxışında vurğulayıb ki, bugünkü müstəqil mətbuatımızın inkişafı 3 sentyabr 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən, 1990-1993-cü illərdə Naxçıvandakı siyasi fəaliyyəti ilə Azərbaycanın gələcək müstəqilliyinin əsasını qoyan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Baş redaktor 100 yaşlı mətbu orqanın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, milli mətbuatımıza göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, 1921-ci ilin noyabrında Gənclər İttifaqının orqanı olan “Cavanlar həyatı” ilə əsası qoyulan “Şərq qapısı” qəzeti müxtəlif tarixi mərhələlərdə ictimai-siyasi, ədəbi-mədəni proseslərin işıqlandırılmasında, millilik və maarifçilik ideyalarının təbliğində mühüm rol oynamışdır.
Qeyd olunub ki, ötən əsrin 70-80-ci illərində “Şərq qapısı” qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilmişdir. Qəzetin 50 illik yubileyində “Şərəf nişanı” ordeni ilə təltif olunması həmin dövrdə Azərbaycana rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyevin mətbuata böyük qayğısının təzahürü idi.Tarixən Azərbaycançılıq ideologiyasına, milli məfkurəyə xidmət edən “Şərq qapısı” qəzeti XX əsrin 90-cı illərinin əvvəllərində Sovetlər Birliyində nəşr olunan ilk müstəqil mətbuat orqanı kimi tarixə düşmüş, 1990-cı il 20 yanvar tarixdən etibarən səkkiz nömrəsi müstəqil çıxan qəzet milli həmrəylik, demokratiya və milli müstəqillik uğrunda mübarizədə ideoloji bayraqdar funksiyasını yerinə yetirmişdir. Ümummilli lider Heydər Əliyevin “Şərq qapısı” qəzetinin 26 iyul 1990-cı il tarixli nömrəsində dərc olunan müsahibəsi, ulu öndərin Vətənə qayıtdıqdan sonra Azərbaycan mətbuatında dərc olunmuş ilk müsahibə kimi qəzetin fəaliyyət tarixində şanlı səhifəni təşkil edir. Qəzet muxtar respublikamızda fəaliyyət göstərən görkəmli dövlət xadiminin müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi yolunda həyata keçirdiyi tədbirlərin fəal təbliğatçısı olmuşdur. 1990-1993-cü illərdə ulu öndərimiz qəzetin fəaliyyəti ilə yaxından maraqlanmış, çətin şəraitdə belə, onun nəşr olunmasını təmin etmişdir.
Diqqətə çatdırılıb ki, qəzet keçmişdə olduğu kimi, bu gün də muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafına öz töhfəsini verir. “Şərq qapısı” qəzeti daim Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunmuş, bu mətbu orqanın 75, 80, 85, 90 illik yubileyləri yüksək səviyyədə qeyd edilmişdir. “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamın imzalanması və bu sərəncamla Tədbirlər Planının təsdiq olunması, bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna verilən siyasi qiymətdir. Baş redaktor Ali Məclis Sədrinin aşağıdakı müdrik fikirlərinin hər bir jurnalist üçün əsas fəaliyyət prinsipinə çevrilməli olduğunu vurğulayıb: “Mətbuat işçiləri dövrün salnaməsini yaradan və onu gələcəyə daşıyanlardır. Muxtar respublikada jurnalistlərin fəaliyyəti üçün yaradılan şərait qarşıya qoyulan vəzifələri yerinə yetirməyə imkan verir. Bu gün dünyada mövcud olan muxtar qurumların mətbuat sahəsinə nəzər saldıqda, müqayisə etdikdə bir daha aydın olur ki, muxtariyyət statusu bizdən daha çox olanlarda belə, Naxçıvandakı qədər mətbuata qayğı göstərilmir, şərait yaradılmır. Bu da bizi qürurlandırır ki, muxtar respublikamızda vətənpərvər jurnalistlər ordusu formalaşıb. Televiziya, qəzet və digər media qurumları yaratmaq işin bir tərəfidir. Amma əsas məsələ onların səmərəli fəaliyyətinə nail olmaqdır”. Baş redaktor göstərilən yüksək diqqət və qayğıya görə qəzetin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxışında bildirib ki, müstəqillik illərində muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Milli mətbuatımızın 135 illik yubileyində – 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin istifadəyə verilməsindən sonra qəzetin rəngli nəşrinə başlanılmışdır. Muxtar respublikada mətbuatın inkişafı ilə paralel olaraq yüksək nəşriyyat-poliqrafiya mədəniyyəti də formalaşmışdır. 2018-ci ildə dövlət teleradiosuna, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manatdan artıq olan müxtəlif avadanlıqlar alınmış, sonrakı dövrdə də teleradio və qəzetlərin maddi-texniki bazaları gücləndirilmişdir.
Rövşən Hüseynov bu gün “Şərq qapısı” qəzeti redaksiyasında müasir iş şəraiti yaradılmasından, 2012-ci ildən etibarən www.serqqapisi.az saytı vasitəsilə qəzetin Naxçıvanla bağlı dünyanın informasiya tələbatını ödəməyə başlamasından danışıb. Tədbirdə “Şərq qapısı” qəzetinin əməkdaşı Əli Cabbarov, Şahbuz Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Oğuz səsi” qəzetinin redaktoru Pərviz Hacılı, rayon ziyalılarından İmran Məmişov, Məhərrəm İsmayılov çıxış edərək “Şərq qapısı” qəzetinin fəaliyyətindən, milli mətbuatımızın inkişafındakı rolundan ətraflı söhbət açıblar.
Tədbir ərzində qəzetin tarixi inkişaf yolu və iş prinsipini əks etdirən videoslayd nümayiş olunub. Sonda “Oğuz səsi” qəzetinin redaktoru Pərviz Hacılı “Şərq qapısı” qəzetinin fəxri fərmanı və hədiyyələr, qəzetlə fəal əməkdaşlıq edən digər qələm sahiblərinə hədiyyələr təqdim olunub.


Telli MƏMMƏDOVA

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR