21 Sentyabr 2021, Çərşənbə axşamı

Beşyaşlı bir oğul, atasının doya-doya qucaqlaya bilmədiyi, əlindən tutub məktəbə aparmaq arzusunda olduğu, gələcəyi üçün, kim bilir, necə xəyallar qurduğu, adını Uğur qoyub, “sən mənim uğurumsan” dediyi, kiçik yaşda birdən-birə böyüyən Uğur qarşılayır məni yaşadıqları binanın qarşısında. Yol göstərir, evimiz bu tərəfdədir, balaca olduğuma baxma ki, mən də atam kimi komandirəm, – deyir. İnanmırsan, gedək evə, anama deyim sənə şəkilləri də göstərsin. Atamın əsgərləri artıq mənim əsgərlərimdi, evimizə gəlmişdilər, mənə raport verdilər.
Uğurla söhbət edə-edə evə çatır, Sədərək rayonunun Dəmirçi kəndinin igidi Məmmədhəsən Sadiqlinin şəkilləri ilə bəzənən otağa daxil oluruq. Şəhidin anası Səadət xanımın həsrət dolu gözlərinə baxıram, o gözlərdə nələr var...


Bir oğulun yox, min oğulun həsrəti var bu ananın gözlərində. Hamısı eynidir, şəhid analarının baxışları. Əbədi həsrət çökən baxışlar. Onlar təkcə öz övladının deyil, hər bir şəhidin qəmini çəkir çünki.
Səadət ana deyir ki, od düşdüyü yeri yandırar, amma bu elə bir oddur ki, bütöv Azərbaycan analarının ürəyinə düşdü. Hamımızın qüruru da, kədəri də oldu oğullarımız. Onlar başımızı uca etdi öz əməlləri ilə. İllər əvvəl Qarabağda öldürülən, hər cür təhqirə məruz qalan qadınların, dünyaya göz açmağa macal tapmadan ana bətnində öldürülən körpələrin, diri-diri yandırılan oğulların qisasını aldılar. İllərdir, tapdaq altında inləyən torpağa öz qanları ilə can verdilər. Məmmədhəsənim çox sevirdi hərb sənətini. O, istəyinə çatdı. Hər iki istəyinə, həm hərbçi oldu, həm də qəhrəman. Əminəm ki, oğlumun ruhu şaddır, çünki onun uğrunda döyüşdüyü torpaqlar azad oldu. O torpaqlar ki biz şəhid anaları həmin torpaqlar azaddır deyə ovunuruq. Hansı ki o torpaq illərdir, həsrət çəkirdi.
“Dünyada hər şeydən əl çəkmək olar, bircə torpaqdan savayı. Biz naxçıvanlılar üçün torpağın bir qarışı tonlarla qızıldan qiymətlidir. Bunu dəfələrlə sübut etmişik. Əsrlər öncə Əlincədə, illər öncə Sədərəkdə”, – deyir Meydan ata. Vaxtı ilə qapımızda bir qarın çörək üçün fəhləlik edən ermənilər sovetlər dağılanda bu torpaqlara yiyə durmaq eşqinə düşdülər. Amma onlar bizim həmin döyüşlərdə kim olduğumuzu yaxşı dərk etdilər. Səngərdə ov tüfəngi ilə yüzlərlə müasir silahlarla təmin olunmuş düşmənə qalib gəldik. Bunu xalqımızın birliyi və həmin illərdə burada – yurdunda naxçıvanlılarla birgə yaşayıb çıraq işığında, soyuq otaqda usanmadan, yorulmadan əzmlə xalqına xidmət edən ulu öndərimizin sayəsində etdik. Atalardan oğullara ərməğan olan sıx birliyi, dövlətə, Vətənə sədaqəti bir daha sübut edib İkinci Vətən müharibəsində qalib gəldik. Məmmədhəsən kimi yüzlərlə igid öz canını Vətənə fəda etdi. Onlar tarixin axarını dəyişdirdi. Yeni bir qəhrəmanlıq səhifəsi açdılar. Belə oğullarla ancaq qürur duyuruq. Düşmən sevinməsin ki, oğullarımızı şəhid etdi. Biz bir ölüb, min dirilirik!
Şəhidin bacısı Şərmin Sadiqli qardaşının qəhrəmanlıqları haqqında danışır:
– Məmmədhəsən evimizin ilkidir. O bizim hər ikimizə, qardaşıma da, mənə də dost idi. Həmişə bizi qoruyardı. Məktəbdə təhsil aldığı müddət ərzində yunan-Roma güləş növü ilə məşğul olub və bir çox yarışlarda qalib gəlib. 2007-ci ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə, 2010-cu ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2015-ci ildə TTM-in zabit ixtisas kursunu bitirib sonra leytenant kimi Culfa şəhərinə təyinat alıb. Üç il Culfa şəhərində xidmət etdikdən sonra, ona 2017-ci ildə baş leytenant rütbəsi verilib, xidməti ərzində Günnüt döyüşlərində öndə gedənlərdən biri olub. Günnütdə böyük şücaətlər göstərdiyi üçün 2018-ci ildə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub. Sonrakı təyinatı isə Vayxır olub. Buradakı xidməti ərzində – 2018-ci ildə Türkiyədə Komando təməl kursunu Azərbaycan üzrə birinciliklə bitirib, 2019-cu ildə Əlahiddə Ümumqoşun Ordu üzrə “Ən yaxşı kəşfiyyat (XT) bölüyü” yarışında yüksək nailiyyətlər əldə etdiyinə görə Fəxri fərman ilə təltif edilib.
Şərmin onu da bildirir ki, 2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsində iştirak etmək üçün 25 oktyabrda yola düşüb. Döyüş yoldaşları deyir ki, qızğın döyüşlərin getdiyi bir vaxtda əsgərlərdən biri düşmənin snayper atəşi ilə yaralandı, həmin an əsgəri xilas etmək çətin olsa da, Məmmədhəsən onu yaralı halda qoymaq istəmədi. Özünü düşünmədən əsgəri xilas etdi. Düşmənin snayper atəşi nəticəsində yaralanmasına baxmayaraq, döyüşüb özü öz intiqamını aldı. Məmmədhəsən döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Döyüş yoldaşı Ceyhun Əliyev deyir ki, onunla 2015-ci ildən son ana kimi bir yerdə olmuşuq. Məmmədhəsən komandirdən çox qardaş idi hamımıza. Sözümüz-sirrimiz bir idi. Elə Vətən müharibəsinə də birlikdə getmişdik. Təcrübəli və cəld bir zabit idi. Vətən müharibəsinə gülə-gülə getdik. Düşmənin üzərinə qorxmadan, çəkinmədən, illərdir, içimizdə olan qisas hissi ilə atıldıq. Şuşa uğrunda gedən döyüşlərdə bir qarış torpaq azad etdikcə sevincimizi bölüşür, şəhadətə yüksələn yoldaşlarımızın qisasını torpaqlarımızı azad edə-edə alırdıq. Bilirdik ki, bayrağımız azad torpağımızda dalğalandıqca onların ruhu şad olur.
Şəhidin həyat yoldaşı Şərabanunun gözlərinə çökən kədəri bircə Uğurun şıltaqlığı silir:
– Ömür yolu qısa olsa da, şərəflidir, ibrətamizdir Məmmədhəsənin. Hərbçi yoldaşı olmaq nə qədər qürurludursa, şəhid yoldaşı adını daşımaq da bir o qədər şərəflidir. Bundan sonrakı həyatımı Məmmədhəsənin qəhrəmanlıqlarını yaşatmağa, Uğurumu atasının adına layiq böyütməyə həsr edəcəyəm. Şəhidlər öz canlarını övladlarına gözəl bir gələcək vermək üçün fəda etdilər. Dedilər ki, qoy oğullarımız bütöv bir Vətənin övladı olaraq yaşasınlar. Və bacardılar da. Bircə təsəllim budur ki, hədər yerə özünü qurban vermədi. Torpaqlarımız azad oldu, artıq məğlub yox, qalib bir xalqın övladı kimi böyüyəcək balalarımız.
Qəhrəmanın ocağından ayrılanda şəhidin evin divarlarından boylanan rəsmlərinə – gənc üzünə, gülən gözlərinə baxdıqca dərin bir kədər bürüsə də məni, tezliklə bu kədər qürurla əvəz olunur və deyirəm ki, şəhidim, dünyanın ən uca məqamında uyuyan qardaşımız, ruhun şad olsun, sizin qisasınız alındı, düşmən diz çökdü, öz qanında boğuldu. Artıq azaddır yurdumuz, Şuşamızda bu il xarıbülbül Azərbaycan əsgəri üçün açdı, Ağdamın ağ günləri yenidən özünə qayıtdı, Kəlbəcərin dərdi bitdi, Xocalının qisası alındı.

Ramiyyə ƏKBƏROVA

 

 

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR