22 Sentyabr 2021, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası iyul ayında muxtar respublikanın teleradiolarının fəaliyyətini izləmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, təsdiq olunmuş Dövlət proqramları və Tədbirlər planlarından irəli gələn vəzifələrin teleradiolarda icrasını diqqətdə saxlamışdır.


İyul ayında Naxçıvan Televiziyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirak etdiyi tədbirlərlə bağlı 8 telematerial hazırlanmış, televiziyanın öz teleməhsulları, Sənədli filmlər və dublyaj redaksiyasının dublyaj etdiyi materialların həcmi efirin 72 faizini təşkil etmişdir.
Televiziyada Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və publik hüquqi şəxslərin mətbuat xidmətləri və ya əməkdaşlarının iştirakı ilə 31 veriliş və 222 xəbər süjeti efirə yayımlanmışdır.
Xüsusilə vətənpərvərlik istiqaməti ilə seçilən, əvvəlki dövrlərdə televiziyanın uğurlu layihələrindən olan, lakin bir neçə aydır ki, efirə təqdim edilməyən “Vətənimə xidmət edirəm” proqramının iyul ayında yenidən yayımlanması təqdirəlayiq haldır.
Şura tərəfindən 2021-ci ilin iyul ayında Naxçıvan Radiosunun efiri mütəmadi olaraq izlənilmiş, radionun proqram siyasəti və şəbəkəsi nəzarətdə saxlanılmışdır. Radio ay ərzində 487 saat efirdə olmuşdur. Həmçinin “Kanal 35” Televiziyasının yayım siyasəti nəzarətdə saxlanılmış, təhsil profilli verilişlərin monitorinqi aparılmışdır. “Kanal 35” Televiziyası öz fəaliyyətini həftəlik proqram əsasında qurmuşdur. Televiziyanın efirində tədrisyönümlü telematerialların hazırlanmasında məhsuldarlıq və keyfiyyət qənaətbəxş olmuşdur.
Televiziyada iyul ayı ərzində təhsil, sosial, maarifləndirici proqramlar, ədəbi-bədii mövzulara həsr olunmuş rəngarəng verilişlər, sənədli televiziya filmləri hazırlanaraq efirə təqdim edilmişdir. Muxtar respublikada təhsil sahəsində keçirilən tədbir, müsabiqə və yarışların videoçəkilişləri aparılaraq “Təhsildə bu gün” adı altında qısametrajlı videolar hazırlanaraq televiziyada yayımlanmışdır.
İyul ayında televiziyanın efirində məktəblilərin bilik və bacarığının artırılması məqsədilə yayımlanan telemateriallar efirin 37,6 faizini təşkil etmiş, muxtar respublikamıza həsr olunmuş 32 film televiziyada yayımlanmış maarifləndirici və məlumatlandırıcı 293 videomaterial efirə təqdim olunmuşdur.
Bəhs olunan dövrdə “Naxçıvanın səsi” radiosunun da efiri izlənilmiş, təqdim edilən konsert proqramları və canlı verilişlərin təhlili aparılmışdır. Ay ərzində “Naxçıvanın səsi” radiosu 462 saat efirdə olmuşdur və efir müddətinin 76 saatını canlı yayım proqramları təşkil etmişdir.
Şura iyul ayında Naxçıvan Dövlət Universiteti televiziyasının yayım fəaliyyətinə nəzarəti davam etdirmiş, televiziyanın monitorinqini aparmışdır. Ay ərzində yenə də təkrar telemateriallar, zəif yaradıcı iş, texniki çatışmazlıq və Naxçıvan Televiziyasının verilişlərinin təkrarının yayımlanması müşahidə edilmişdir.

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası

 

 

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR