Muxtar respublikamızın digər rayonlarında olduğu kimi, Şərur rayonunda da həyata keçirilən quruculuq işləri təkcə rayon mərkəzinin deyil, ucqar kəndlərin belə, simasını yeniləşdirib, müasirliyə qovuşdurub. Bu illər ərzində neçə-neçə kənddə yeni təhsil, səhiyyə, mədəniyyət və rabitə obyektləri inşa olunub, yollar çəkilib, körpülər salınıb, su, elektrik və rabitə təsərrüfatları yaxşılaşdırılıb.


Rabitə sahəsində gedən sürətli inkişaf, fiber-optik xətlərin çəkilməsi, yüksəksürətli internet şəbəkəsinin yaradılması, ümumilikdə isə informasiya-kommunikasiya xidmətlərinin müasir tələblər səviyyəsində qurulması əhalinin müasir rabitə xidmətləri ilə əhatə olunması istiqamətində işlərin davam etdirilməsinə əsas zəmin yaradır. Şərur şəhərində yeni inşa olunan yaşayış binalarına və qurumlara rabitə xətləri çəkilib, sakinlər internet xidmətləri ilə təmin olunubdur. Həyata keçirilən kompleks tədbirlərin davamı olaraq hazırda rayonun Çərçiboğan kəndində rabitə infrastrukturu yenidən qurulur, yeni Rabitə Evi inşa edilir. Aparılan quruculuq işləri çərçivəsində xətt təsərrüfatında əsaslı təmir işləri aparılır, kabel-kanalizasiya qurğuları inşa edilir, hava rabitə xətləri yeraltı xətlərlə əvəz olunur. Bir sıra yerlərdə uzun müddət istismar olunan və müxtəlif səbəbdən yararsız vəziyyətə düşən taxta rabitə dirəkləri, metal dirəklərlə əvəz olunur, müxtəliftutumlu yararsız kabellər yeniləri ilə əvəz edilir, yeni abonent qutuları və paylayıcı şkaflar əlavə edilir, habelə rabitə xətlərində olan digər nasazlıqlar aşkar edilərək bərpa edilir və digər zəruri işlər həyata keçirilir. Həmçinin Avtomat Telefon stansiyalarında istismar olunan qurğulara, o cümlədən generatorlara, akkumulyatorlara texniki baxışın keçirilməsi istiqamətində də işlər davam etdirilir. Digər rayonlarda olduğu kimi, Şərur rayonunda da sakinlərə göstərilən rabitə xidmətlərinin keyfiyyətinə nəzarət edilməsi üçün mütəmadi olaraq xətt təsərrüfatının vəziyyəti ilə bağlı təhlillər aparılır, müraciətlərinə uyğun olaraq texniki dəstək və metodik köməkliklər göstərilir.
Rabitə infrastrukturunun yenidən qurulması xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə, əhalinin rifah halının yaxşılaşmasına xidmət edir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti