22 Sentyabr 2021, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər planına əsasən avqustun 2-də Culfa Rayon Mədəniyyət Sarayında mətbu orqanın yubiley tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova açaraq “Şərq qapısı” qəzetinin muxtar respublikanın tarixi inkişaf yolunun işıqlandırılmasındakı böyük rolundan, Culfa rayonunun sosial-iqtisadi inkişafının, ictimai-siyasi həyatının tarixiləşdirilməsindəki əhəmiyyətindən bəhs edib.

“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova çıxış edərək bildirib ki, böyük maarifçilik məktəbi, mütərəqqi ideyaların beşiyi sayılan “Şərq qapısı” qəzeti ictimai-siyasi fikir tariximizdə, milli-siyasi təfəkkürün formalaşması və inkişafında mühüm rola malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı bu mətbu orqanın muxtar respublikamızın ictimai-siyasi, sosial həyatındakı, bütövlükdə, Azərbaycan ictimai-siyasi fikir tarixindəki yerini bir daha aydın təsdiq edir. 1921-ci ilin noyabrında Gənclər İttifaqının orqanı olan “Cavanlar həyatı” qəzetinin nəşrə başlaması ilə Naxçıvanda qəzetçiliyin təməli qoyulub, hələ XIX əsrin 90-cı illərindən meydana gələn qəzet nəşr etdirmək ideyası, nəhayət ki, gerçəyə çevrilib. Vərəqə şəklində çap olunan “Cavanlar həyatı” qəzeti iki aya yaxın müddətdə fəaliyyət göstərib, 1921-ci ilin dekabrından etibarən Naxçıvanda “Füqəra səsi” adlı yeni bir qəzet nəşr olunub. 1922-ci ilin aprel ayından nəşr edilməyə başlayan “Şərq qapısı” qəzeti isə müxtəlif tarixi mərhələlərdə ictimai-siyasi, ədəbi-mədəni proseslərin işıqlandırılmasında, millilik və maarifçilik ideyalarının təbliğində mühüm rol oynayıb.

Qeyd olunub ki, ötən əsrin 70-80-ci illərində “Şərq qapısı” qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilib. Tarixən Azərbaycançılıq ideologiyasına, milli məfkurəyə xidmət edən “Şərq qapısı” qəzeti XX əsrin 90-cı illərinin əvvəllərində Sovetlər Birliyində nəşr olunan ilk müstəqil mətbuat orqanı kimi tarixə düşüb, 1990-cı il 20 yanvar tarixdən etibarən səkkiz nömrəsi müstəqil çıxan qəzet milli həmrəylik, demokratiya və milli müstəqillik uğrunda mübarizədə ideoloji bayraqdar funksiyasını yerinə yetirib. Ümummilli lider Heydər Əliyevin “Şərq qapısı” qəzetinin 26 iyul 1990-cı il tarixli nömrəsində dərc olunan müsahibəsi, ulu öndərin Vətənə qayıtdıqdan sonra Azərbaycan mətbuatında dərc olunmuş ilk müsahibə kimi qəzetin fəaliyyət tarixində şanlı səhifəni təşkil edir. Qəzet muxtar respublikamızda fəaliyyət göstərən görkəmli dövlət xadiminin müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi yolunda həyata keçirdiyi tədbirlərin fəal təbliğatçısı olub. Müstəqillik illərində “Şərq qapısı” qəzetinin maddi-texniki bazası gücləndirilib, yaradıcılıq imkanları genişləndirilib, rəngli nəşrinə başlanıb, yubileyləri dövlət səviyyəsində qeyd olunub.

Vurğulanıb ki, bu gün “Şərq qapısı” qəzeti redaksiyasında istər jurnalist peşəkarlığı, istərsə poliqrafik keyfiyyət baxımından müasir tələblərə cavab verəcək, dünya qəzetçilik arenasına çıxa bilən qəzetin nəşri üçün müasir iş şəraiti yaradılıb. Muxtar respublikada jurnalistika sahəsində kadr potensialının formalaşdırılmasına göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün “Şərq qapısı”nda təcrübəli jurnalist həmkarlarımızla yanaşı, gənc əməkdaşlar da çalışır. 2012-ci ildən etibarən www.serqqapisi.az saytı vasitəsilə qəzet dünyanın Naxçıvanla bağlı informasiya tələbatını ödəməyə başlayıb, qəzetin elektron arxiv bazası yaradılıb. Sayt 2019-cu ildə yenilənib. 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, eləcə də Ali Məclis Sədrinin 2021-ci il 21 yanvar tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Bütün bunlar muxtar respublikada uğurlu mətbu siyasətin təcəssümüdür. Qazanılan uğurlar Naxçıvanı dünyaya böyük vətənpərvərlik sevgisi ilə sevdirmək məramının, Naxçıvan həqiqətlərinin dünyaya düzgün çatdırılmasının, vaxtilə Naxçıvana ərazi blokadasından da ağır zərbələr vuran informasiya blokadasının yarılması, informasiya təminatının düşünülmüş şəkildə təşkilinin bəhrələridir.  “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” müvafiq Sərəncamın imzalanması və bu sərəncamla Tədbirlər Planının təsdiq olunması, bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna verilən siyasi qiymətdir.

Baş redaktor göstərilən yüksək diqqət və qayğıya görə qəzetin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxışında bildirib ki, muxtar respublikada həyata keçirilən dinamik inkişaf bütün sahələr kimi mətbuat orqanlarını da əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib. Milli mətbuatımızın 135 illik yubileyində – 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin istifadəyə verilməsindən sonra qəzetin rəngli nəşrinə başlanılıb. 2018-ci ildə dövlət teleradiosuna, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manatdan artıq olan müxtəlif avadanlıqlar alınıb, sonrakı dövrdə də teleradio və qəzetlərin maddi-texniki bazaları gücləndirilib.

Rövşən Hüseynov qeyd edib ki, Şərq qapısı qəzetinin 100 illik yubileyinin  qeyd olunması barədə imzalanan tarixi Sərəncam Naxçıvanın 100 illik tarixinin, mədəniyyətinin, elminin yetirdiyi jurnalistlər nəslinin əməyinə verilən böyük qiymətdir. Məhz həmin jurnalistlər nəslinin davamçılarıdır ki, dövlət qayğısından bəhrələnərək muxtar respublikamızın sosial-iqtisadi inkişafında və çiçəklənməsində, vətəndaşların informasiyaya olan tələbatının daha dolğun səviyyədə ödənilməsində, milli dəyərlərin təbliğində, siyasi mədəniyyətin formalaşmasında, Naxçıvanın bir turizm məkanı kimi tanıdılmasında , Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak edirlər.

Tədbirdə Culfa rayon İcra Hakimiyyətinin başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Mübariz Möhsünov, “Şərq qapısı” qəzetinin əməkdaşı Güntac Şahməmmədli, “Arazın səsi” qəzetinin redaktoru Alim Ağayev, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranlar Şurası Culfa Rayon Təşkilatının sədri Qurban Qurbanov, “Arazın səsi” qəzetinin məsul katibi Səriyyə Salahova çıxış edərək “Şərq qapısı” qəzeti ilə bağlı xatirələri, milli mətbuatımızın inkişafında, Culfa rayonunun sosial-iqtisadi inkişafının, tarixinin mətbuat vasitəsilə işıqlandırılmasındakı müstəsna rolundan ətraflı söhbət açıblar.

Tədbir ərzində qəzetin tarixi inkişaf yolu və iş prinsipini əks etdirən, müstəqillik illərində Culfa rayonunun qazandığı uğurlardan bəhs edən videoslayd nümayiş olunub.

Sonda “Şərq qapısı” qəzeti ilə yaxından əməkdaşlıq edən “Arazın səsi” qəzetinin redaktoru Alim Ağayevə fəxri fərman və hədiyyələr, digər qələm sahiblərinə hədiyyələr təqdim olunub. Tədbirdə “Şərq qapısı”nın nəşri tarixi, Culfa rayonu ilə bağlı qəzetdə dərc olunan materiallardan ibarət slayd nümayiş olunub.

Güntac ŞAHMƏMMƏDLİ

 

 

 

 

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR