18 Sentyabr 2021, Şənbə

Əfvetmə və amnistiya institutları hüquqa və qanunvericilik sisteminə yad olmasa da, onların geniş tətbiqinə müstəqillik illərində başlanılmışdır. Əfvetmə məhkum olunmuş şəxsə göstərilən humanizmin təzahürüdür və fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Qeyd edək ki, “Əfvetmə haqqında Əsasnamə” 2001-ci ildə təsdiq edilib və həmin Əsasnamə ilə konkret cəza növləri üzrə əfvetmə barədə müraciətin müddətləri müəyyənləşdirilmişdir. İslah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxs barədə hökm qanuni qüvvəyə mindikdən sonra müraciət oluna bilər. Müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına və ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olmuş şəxslər isə törədilən cinayətlərin təsnifatına görə, az ağır cinayət törətməyə görə cəza müddətinin ən azı üçdəbir hissəsini, ağır və xüsusilə ağır cinayət törətməyə görə cəza müddətinin ən azı yarısını çəkdikdən sonra, ömürlük azadlıqdan məhrum edilən şəxslər isə cəza müddətinin on ili keçdikdən sonra əfv üçün müraciət edə bilərlər. Bu zaman məhkumun cəzası azaldıla, yaxud ölkə Prezidentinin qərarı ilə tamamilə ləğv edilə bilər. Əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər.


Cəza çəkməkdən azad etmənin əsaslarından biri də amnistiya aktıdır. Amnistiya fərdi qaydada müəyyən edilməyən aktdır, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir və müəyyən sayda cinayət işləri üzrə tətbiq olunur. Amnistiya aktı ilə şəxslər cinayət məsuliyyətindən, məhkum olunmuş şəxslər cəzadan azad, yaxud cəza müddəti azaldıla və ya çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Verilən bir amnistiya aktında yuxarıda sadalanan məsələlərin hamısı həll edilməyə də bilər. Amnistiyanın tətbiqi qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən edilir. Qeyd edək ki, 1994-cü ildə “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Qanunla 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktlarının tətbiq olunması qadağan edilmişdir.
Cəzaların humanistləşdirilməsi istiqamətində əfvetmə və amnistiya aktlarının geniş tətbiqi hələ görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründən başlanılmışdır. Məhz ulu öndərin təşəbbüsü ilə 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölüm cəzası Azərbaycanda ləğv edilmişdir. 1995-2003-cü illərdə ulu öndər tərəfindən 32 əfv Sərəncamı imzalanmışdır. Ümumilikdə, müstəqillik dövründə Azərbaycanda 67 əfv, 11 amnistiya aktı qəbul edilmişdir. Ölkə Prezidentinin bu ilin mart ayında 431 məhkum olunmuş şəxsin əfv olunması barədə Sərəncamı ilə cəza siyasətində artıq ənənə halını almış humanizmin məntiqi davamını bir daha görmüş olduq.
Qeyd edək ki, ölkəmizdə hüquqi islahatların davamı olaraq “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Həmin Sərəncam cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzaların və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsinə əlverişli imkan yaratmışdır. Sərəncamın mahiyyətinə uyğun olaraq qanunvericilik aktlarına bir sıra müvafiq əlavə və dəyişikliklər edilmişdir. Cinayət Məcəlləsinə, ümumilikdə, 300-ə yaxın dəyişiklik olunmuş, bütövlükdə, 15 cinayət məcəllədən çıxarılmışdır. Bunlar daha çox mülkiyyət və iqtisadi fəaliyyət sahəsində olan, habelə ehtiyatsızlıqdan törədilən cinayətlərdir. Həmçinin Cəzaların İcrası Məcəlləsinə “Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri” və “Probasiya nəzarəti” ilə bağlı edilən yeni maddələr şərti məhkumetmə institutunun daha geniş tətbiq edilməsini nəzərdə tutur.
Müasir elektron nəzarət vasitələrindən istifadə yeni üsullardan biridir. Onlardan ən geniş yayılanı “elektron qolbaq” qurğusudur. Qeyd edilməlidir ki, ötən müddət ərzində muxtar respublikanın ərazisində “elektron qolbaq” qurğusunun tətbiqi üçün Ədliyyə Nazirliyində zəruri maddi-texniki baza yaradılmış və tətbiq edilməkdədir. Bu vasitələrin köməyi ilə şəxsin yerdəyişmələri izlənərək, yaşayış yerini və ya ərazini tərk etməsi dərhal qeydə alınır.
Probasiya nəzarəti azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilən şəxslərə (azadlığın məhdudlaşdırılması, cərimə, ictimai işlər, islah işləri və sair) və ya şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, yaxud cəza çəkməsi təxirə salınmış şəxslər və alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslər barəsində tətbiq edilir.
Cəza siyasətinin humanizm dəyərləri əsasında inkişaf etdirilməsi üzrə tədbirlər muxtar respublikada uğurla həyata keçirilməkdədir. Məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təminatı onların maddi-məişət şəraitinin, tibbi-sanitariya təminatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. 2008-ci ildə ölkəmizdə ilk dəfə olaraq muxtar respublikamızda müasir, beynəlxalq təcrübə əsasında və Avropa standartlarına cavab verən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi inşa olunmuş və istifadəyə verilmişdir. Blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında həbs dövründə məhkum və təqsirləndirilən şəxslərin valideynlərinin, yaxınlarının görüşə getmələri bir sıra çətinliklər yaradırdı. Həmin müəssisənin tikilməsi ilə bu çətinliklər aradan qaldırıldı.
Sözsüz ki, humanist tədbirlərin tətbiqi məhkumların özləri və onların yaxınlarının həyatında mühüm əhəmiyyət kəsb edir, digər məhkumların da islahına stimul yaradır.

Siyavuş BABAYEV
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR