18 Sentyabr 2021, Şənbə

Мətbuаt millətin inkişaf göstəricisi, tarixin yazılı salnаməsidir. Кütləvi informasiya vаsitələri sırasında уаrаnmа tarixinə görə televiziya, radio, internet və digər informativ vаsitələrdən öncə gələn qəzetçilik anlayışı günümüzdə də aparıcı mövqeyini qorumuş, müasirləşərək dövrün tələblərinə uyğun formalaşmışdır. 146 illik tarixi olan Аzərbaycan mətbuatının zəngin ənənələrini yaşadan, birəsrlik zaman kəsiyində muxtar respublikamızın inkişaf salnaməsini öz səhifələrində tarixə çevirən, qədim diyarın informasiya blokadasının aradan qaldırılmasında mühüm rol oynayan, Naxçıvanda qəzetçilik ənənələrini formalaşdıraraq geniş oxucu kütləsinin rəğbətini qazanan, maarif və mədəniyyətin, elmin inkişafına xidmət etməklə bərabər, yaradıcı insanların üzə çıxmasında, jurnalist kadrların hazırlanmasında baza rolunu oynayan “Şərq qapısı” qəzetinin ilk nömrəsinin işıq üzü görməsindən 100 il keçir.

   

Bəşəriyyətin iki böyük kəşfindən biri çörək istehsalıdırsa, digəri kağız emalıdır. Hər ikisi də elə bəşəriyyətin özünə, bəşər övladına xidmət edir, onu cismən və ruhən qidalandırır. Bəşəriyyətin ikinci böyük kəşfi olan kağız müasir yazı üçün əvəzsiz və zəngin xammaldır. Daşın-qayanın, ağacın, dərinin üstündə cızılmaqdan başlayıb yazının bünövrəsi. Ta ki tarixboyu böyük inkişaf yolu keçə-keçə təkmilləşərək gəlib indiki müasir səviyyəyə çatıb. Bu gün adi məktublardan tutmuş qəzet, jurnal, kitablara qədər hamısında biz bəşəriyyətin ikinci böyük kəşfi olan kağız məmulatlarından kütləvi istifadənin şahidiyik. Yazının xam materialı olan bu kağızlara istər məktub şəklində olsun, istər qəzet-jurnal, istərsə də kitab şəklində gözümüzün nurunu axıda-axıda ürəyimizin səsini köçürürük. Bu kağızları müqəddəs eləyən bir səbəb də məhz onun üzərində sözlər vasitəsilə ifadəsini tapmış düşüncə və duyğularımızın yaşamasıdır. Bəli, kağız da, bəyaz da, cüng də, dəftər də, kitab da düşüncələrimiz, duyğularımız səssizcə, sakitcə dil açıb danışır və beləcə, bizi heyrətamiz və munis bir dialoqa çəkir. Beləliklə, cansız görünən kağız parçası ilə biz için-için, sakitcə söhbət edirik...

100 ildir ki, naxçıvanlıların söhbət elədiyi, xoş gündə sevincini, dar gündə isə qəmini bölüşdüyü bir qəzet var – “Şərq qapısı”... Bəli, bir əsrdir ki, oxucuları ilə ünsiyyətdədir “Şərq qapısı” qəzeti. Muxtar respublikamızın neçə-neçə dəyərli qələm sahibləri zəkalarının işığı ilə işıqlandırıblar bu qəzeti, gözlərinin nurunu töküblər bu qəzetin səhifələrinə. Bu minvalla işıqlı və nurlu bir yol göstərib ötən 100 il ərzində hər bir oxucusuna. Söz yox ki, oxucular da səssiz-səmirsiz dayanmayıblar bu dialoqda. Onlar da ürək sözlərini boşaldıblar bu səhifələrə, münasibətlərini bildiriblər söz, qələm əhlimizə.
Bu gün də cəmiyyətin informasiyaya olan ehtiyacının dolğun ödənilməsində, muxtar respublikamızın sosial-iqtisadi və ictimai-mədəni həyatının işıqlandırılmasında, milli-mənəvi dəyərlərin qorunmasında, günümüzün quruculuq və inkişaf salnaməsinin yazılıb gələcək nəsillərə çatdırılmasında mühüm bir tarixi inkişaf yolu keçən “Şərq qapısı” qəzeti məzmun və şəkilcə də təkamül yolu qət etmişdir. Bəs bu ad, şəkil və məzmun dəyişmələrinin ilk baxışda üzdə görünməyən qatlarından nələr boy göstərib? Qəzetə əbədiyaşarlıq məzmunu verənlərin bu mübarək missiyaya canlı bir ömür sərf etmələrində. Vətən uğrunda onun əsgərləri döyüşüb canlarını fəda etdikləri kimi, qəzetin də üstündə öz yazı dəstxəti ilə jurnalist ordusu çalışıb fədakarlıq göstərir. Başqa sözlə, qəzetin yaşından, yubileyindən söhbət gedəndə, onun səhifələrində qələmləri ilə vuruşan-çarpışan ziyalılarımızın ömür kitabları, əməl dəftərləri gəlib gözlərimizin önündən keçir. Güzgü insanın özünü görməsi, bu zaman müşahidə etdiyi əyər-əskikləri düzəldib, özünü nizama-formaya salması üçündür. Bu mənada, “Şərq qapısı” qəzeti Naxçıvanın ictimai-siyasi, ədəbi-mədəni həyatının güzgüsüdür. 100 ildə çox adamlar gəlib-gedib onun səhifələrindən, özləri də bilmədən bir tarix yazıblar, özləri də tarixə qovuşub, yazdıqları da. Blokadanın ağır çətinliklərini, Sədərək hadisələrini, 20 Yanvar və Xocalı faciəsini, 30 illik zaman dilimində işğal altında olan Qarabağımızı öz səhifələrində əks etdirməklə yanaşı, Günnüt zəfəri, Aprel döyüşləri, işğal faciəmizin sona çatması və Qələbə müjdəsi də “Şərq qapısı”nın səhifələrində əksini tapdı. Beləcə, dar günümüzdə ümidverici sözlərlə bizi səbrə dəvət edən qəzetimiz şad günümüzdə də ürəyimizdən keçənlərin carçısı oldu. İndi 100 yaşlı bir müdrik ağsaqqal kimi Qarabağa qayıdış salnaməmizi də səhifələrində bəzəyən “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 1 iyun tarixli Sərəncamı mətbuat işçiləri və “Şərq qapısı” qəzetinin daimi oxucuları tərəfindən sevinclə qarşılandı. Sərəncam təkcə “Şərq qapısı” qəzetinə və onun əməkdaşlarına deyil, muxtar respublikamızda işıq üzü görən rayon qəzetlərinə və biz mətbuat işçilərinə verilən yüksək dəyərin ifadəsidir.
86 ildir ki, rayon sakinlərinin tribunasına çevrilən, onların dünyagörüşünün formalaşmasında, tarixi-mədəni irsimizin qorunmasında, yaşadılmasında və təbliğ olunmasında mühüm rol oynayan, oxucu marağını oxşayan “Arazın səsi” qəzetinin əməkdaşları da birəsrlik yaşı olan “Şərq qapısı” qəzeti ilə əməkdaşlıq edir, Culfa rayonunun ictimai-siyasi, mədəni, iqtisadi həyatında əldə olunmuş ən son yenilikləri, uğurları bu qocaman media qurumu vasitəsilə oxuculara çatdırır, salnamələşdirirlər. 146 il bundan əvvəl, “Əkinçi”nin əkdiyi toxumların məhsulu və varisi olan “Şərq qapısı” qəzetini 100 illik yubileyi münasibətilə Culfa Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Arazın səsi” qəzetinin əməkdaşları adından təbrik edir, milli mətbuatımızın yüksəlişi yollarında jurnalist həmkarlarıma uğurlar arzulayırıq.
100 yaşın mübarək, doğma və dəyərli qəzetimiz!

Alim AĞAYEV
“Arazın səsi” qəzetinin redaktoru

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR