18 Sentyabr 2021, Şənbə

Azərbaycan və onun Naxçıvan Muxtar Respublikasının Gənclər fondlarının, Türkiyə Gənclik Vəqfinin birgə təşkilatçılığı, ümumilikdə, 200-dən çox gəncin iştirakı ilə muxtar respublikamızda keçirilən “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi” rəngarəng və bir-birindən yaddaqalan proqramla davam edir. Proqram çərçivəsində gənclər Batabat yaylağı və Ağbulaq İstirahət Mərkəzi ilə yaxından tanış olublar. Batabat yaylağı haqqında çox eşitdiklərini bildirən gənclər ilk olaraq Zorbulağa gediblər. Elə biz də Batabat gölünün ətrafında, bulaq başında onlarla həmsöhbət olduq. 

İlk müsahibimiz Türkiyə Respublikasının Diyarbəkir vilayətindən düşərgəyə qatılan Mərvə Özkayadır. O deyir ki, Azərbaycana, o cümlədən də Naxçıvana ilk dəfədir səfər edir. Gəldiyi gündən burada onlara göstərilən qayğıdan çox məmnundur:

– Səfərimizin əsas məqsədi qardaş ölkənin gəncləri ilə bir araya gəlmək, Zəfər tariximizdən sonrakı əlaqələrimizi daha da möhkəmləndirməkdir. Səfər zamanı Naxçıvanın tarixi yerlərini, muzeylərini gəzdik, qədim tarixiniz haqqında ətraflı məlumat aldıq. Tarixinizin izlərini canlı yaşatmağınızla öyünməyə haqqınız vardır.
Zorbulaq haqqında isə deyirlər ki, soyuqluğundan onun suyunda əlini davamlı saxlaya bilmirsən. Biz də iştirakçılar ilə bunu yoxladıq. Hətta yarış da keçirdik. Əlini daha çox suda saxlayan qalib elan olundu. Buradan Ağbulaq İstirahət Mərkəzinə yola düşəcəyik. Səfərimizin ilk başladığı gün bələdçilər gedəcəyimiz əraziləri dedikcə bizdə xüsusi maraq oyanırdı: görəsən, necə bir yerdir, nələrlə qarşılaşacağıq? Amma artıq getdiyimiz hər bir bölgədə rastlaşdığımız aura, insanların səmimiyyəti bizdə əminlik yaradıb ki, bundan sonra da üz tutacağımız məkanlarda da ecazkar mənzərələr, qonaqpərvər insanlar ilə qarşılaşacaq, çoxlu dostlar qazanacağıq. Buradakı qardaşlıq, səmimiyyət, hər şey çox gözəldir. Vətənimizə qayıdanda ən çox yaddaşlarımızda yaşayacaq isə qalib Azərbaycan xalqı olacaq.
Növbəti müsahibim Firdevs Karadağla isə kənd turizminin inkişafına, gözəl diyarımızın füsunkar təbiətinin, təmiz ekologiyasının təbliğinə, insanların mədəni istirahətinə xidmət edən Ağbulaq İstirahət Mərkəzində həmsöhbət oluram. İlahiyyat fakültəsinin tələbəsi olan, Ərzincandan buraya üz tutan Firdevs Zəfər Düşərgəsinə qatılan əksər gənclər kimi ilk dəfədir, buradadır:

– Naxçıvan başdan-başa təbiət muzeyidir, – deyə bilərəm. Xüsusilə havası çox gözəldir. Şəhəriniz isə təmiz və səliqəlidir. Düşərgənin məqsədi iki ölkə arasındakı gənclərin əlaqəsini möhkəmləndirmək, adından da göründüyü kimi Zəfərimizi bir daha burada azərbaycanlı gənclərlə birlikdə qeyd etmək idi.
Biz buraya gəlməzdən əvvəl 44 günlük Vətən müharibəsində yaralanan qazilərlə görüşdük. Bu bizi çox təsirləndirdi. Dostlarımızın içərisində sevinc, qürur göz yaşlarını saxlaya bilməyənlər də oldu. Onlar bizə döyüş xatirələrini danışdılar, sanki o günləri yenidən birgə yaşadıq. Türk xalqı tarixən qardaş ölkənin yanında olub. Bu Vətən savaşında da belə idi, bundan sonra da belə olacağından əminik. Qarabağ Azərbaycanın olub, bu gün də Azərbaycanındır və gələcəkdə də bu reallığı heç bir güc dəyişə bilməz.
Bundan başqa, onu deyə bilərəm ki, burada tarixi abidələrlə, rəsm əsərləri ilə tanış olduq. Rəsm əsərlərinə heyran qaldıq. İndi isə Ağbulaq İstirahət Mərkəzindəyik. Bu cür gözəl bir yerdə belə bir şəraitin yaradılması dövlətinizin insanlara göstərdiyi qayğının nümunəsidir. Xizək mərkəzi və kanat xətti mükəmməldir, təmiz dağ havasının təsiri ilə bu cür möhtəşəm yerdə istirahət etmək çox gözəldir. Əminəm ki, Vətənimizə qayıdanda yaxınlarımıza gəlib Naxçıvanı görməyi tövsiyə edəcəyik.
Diyarımızla bağlı fikirlərini bizimlə bölüşən Əbubəkir Akdağ deyir ki, Naxçıvana gəlmək xəbərini eşitdikdə çox şad oldum. Çünki Oğuz-türk yurdunun ayrılmaz bir parçası olan qədim bir diyara gedirdim. Bura ilk dəfə gəlsəm də, heç bir yadlıq, özgəlik hiss etmirəm. İnsanların səmimiyyəti, istiqanlılığı, ən əsası da qonaqpərvərliyi əsrlərin qardaşlığının, dostluğunun bariz nümunəsidir. Naxçıvanı gəzib yaxından tanış olduqca bura daha çox bağlanıram. Şəhərin sakitliyi, təmizliyi, səliqə-sahmanı insanın zövqünü oxşayır. Bu gün tam əminliklə deyə bilərik ki, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə münasibətləri daim güclənir. Eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Səfər çərçivəsində bir daha dahi şəxsiyyət Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətləri biz türk gənclərə göstərilən diqqət və qayğıda da aydın hiss etdik. Mustafa Kamal Atatürkün şəhər mərkəzində ucaldılan büstü qarşısında bu əbədi dostluğun bir daha şahidi olduq.

Gəncə Şəhər Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı Həsən Xıdırov Türkiyə və Azərbaycan dostluğunun gənclərin qarşısında açdığı geniş imkanlar və perspektivlərdən söhbət açaraq bildirdi ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbəri tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Sözsüz ki, bu dostluq əlaqəsinin ən gözəl nəticəsini məhz Zəfər düşərgəsində iştirak edən gənclərin timsalında görmək mümkündür. Əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bir əsas məsələni də qeyd etmək istərdim ki, Türkiyə həmişə olduğu kimi, qardaşlarını haqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi. Hələ Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktının təcəssümü idi. Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bütün dünyaya bir mesaj idi ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. 44 günlük Vətən müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə və xarici işlər nazirləri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq Azərbaycana çox böyük siyasi və mənəvi dəstək verdilər. İnanırıq ki, bundan sonra da sağlam təməllər üzərində qurulub-yaradılan bu münasibətlər hər iki qardaş ölkənin gəncləri tərəfindən inkişaf etdirilərək gələcək nəsillərə bir dəyərli ərməğan olacaq.
İnci Vüqarlı da Zəfər Düşərgəsinə qatılanlar sırasındadır. Hüquq fakültəsinin 3-cü kursunda təhsil alan İnci özü əslən muxtar respublikamızın Şahbuz rayonundandır. Ona görə də bu yerlərə daha yaxşı bələddir:
– İlboyu zirvəsi qarla örtülü olan dağlar, könül açan sərin yaylaqlar, zəngin və nadir landşafta malik ovalıqlar, çaylar, çeşmələr, bulaqlar, canlı və cansız təbiət inciləri qərinələrdir ki, Azərbaycanı dünyada tanıdır. Belə bir gözəllik məskəni olan yurdumuza insan əli ilə yeni gözəllik naxışlarının da vurulması yurd yerlərimizdə təkrarolunmaz və heyrətamiz mənzərələr yaradıb. Bütün bu yeniliklərə keçmişimizi özündə yaşadan milli adət-ənənələrimiz də xüsusi bir gözəllik verir. Bu yerlərdə dəfələrlə olmağıma baxmayaraq, bugünkü səfərimin mənim üçün başqa dəyəri var. Çünki bu gün burada qardaş ölkənin gəncləri ilə birlikdəyik. Bu gün biz Zəfər tariximizdən sonra qürurla, alnıaçıq, üzüağ şəkildə hər kəsin qarşısına çıxa bilirik. Belə bir düşərgənin məhz Naxçıvanda təşkil olunması isə mənim üçün daha da ürəkaçandır. 44 günlük müharibə dövründə də Naxçıvan gəncləri öz qanları ilə tarix yazanların arasında oldular, şəhidlər verdik. Qalib gəldiyimiz üçün bu gün qardaş ölkənin gəncləri də ən az bizim qədər sevincli və qürurludurlar. Biz də Azərbaycan tarixi, memarlığı, adət-ənənələrimiz haqqında onlara daha çox məlumat verməyə çalışırıq.
Düşərgə iştirakçılarının təəssüratlarından gəldiyimiz ümumi qənaət o oldu ki, onlar Böyük Zəfəri Azərbaycanın qədim və gözəlliklər diyarı Naxçıvanda birgə qeyd etməkdən qürur hissi keçirirlər.

 Telli MƏMMƏDOVA
 Məcid RƏŞADƏTOĞLU

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR