18 Sentyabr 2021, Şənbə

Naxçıvan Dövlət Universitetində 2021-ci ilin altı ayının yekunlarına və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasından irəli gələn vəzifələrə həsr olunmuş iclası universitetin rektoru Elbrus İsayev açıb. Qeyd edilib ki, bəhs olunan dövrdə universitetin maddi-texniki bazası gücləndirilib, ən müasir elm və təhsil infrastrukturu formalaşıb. Xarici dillər fakültəsinin istifadəyə verilən tədris korpusu dünya standartlarına tam cavab verən mərkəz və kabinələrlə əsaslı şəkildə yenidən qurulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə yeni laboratoriya və kabinələr, “Yaşıl Əczaxana” yaradılıb. 10 fakültə, Magistratura mərkəzi, Xarici tələbələrlə iş üzrə dekanlığın fəaliyyət göstərdiyi universitetin bakalavr pilləsində 63 ixtisas üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlanır. 2021-ci ildə universitetin əməkdaşlarından 1 nəfər elmlər doktoru elmi dərəcəsi alıb, 1 nəfərin professor, 4 nəfərin isə dosent elmi adları almaları üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılıb. Bununla yanaşı, hazırda fəlsəfə doktoru proqramı üzrə 85, elmlər doktoru proqramı üzrə isə 22 nəfər doktorant və dissertant vardır. Onlardan bir nəfəri Koreya, bir nəfəri isə Türkiyə vətəndaşıdır.

Vurğulanıb ki, Erasmus+proqramı çərçivəsində “Təhsildə keyfiyyətin təminatı” və “Səhiyyədə risklərin idarə olunması, peşə və kadr hazırlığı” olmaqla, 2 layihə qazanılıb. Bundan başqa, Naxçıvan Dövlət Universitetindən bir müəllim Erasmus+ layihəsi çərçivəsində Rumıniyanın Alexandru Ioan Cuza Universitetinə birhəftəlik mübadilə proqramında iştirak etmək hüququ qazanıb. Bununla yanaşı, Mövlana tələbə-müəllim mobilliyi proqramı çərçivəsində də Türkiyə universitetləri ilə əlaqələr təmin edilib.
2020-2021-ci tədris ilində Boloniya prosesinin tələblərinə uyğun olaraq təhsilin kredit sistemi ilə təşkilindən danışan rektor onu da vurğulayıb ki, ali təhsil ocağında 2021-ci ilin altı ayı ərzində “Duzdağ” mövzusunda beynəlxalq konqres, “Alternativ tibb metodunun tətbiqi” və “Təhsildə rəqəmsallaşdırma: elektron təhsil və informasiya cəmiyyəti” mövzularında isə respublika elmi konfransları keçirilib.
2021-ci ilin birinci yarısında universitet əməkdaşlarının 18 dərs vəsaiti, 2 kitabı, 33 metodik vəsait və proqramı, 100 elmi məqaləsi və 136 konfrans materialı çap olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 dekabr tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılmasının əhəmiyyətindən danışan rektor diqqətə çatdırıb ki, 2020-2021-ci tədris ilində universitetdə tədris dili ingilis dilində olan İqtisadiyyat ixtisası açılaraq tədrisin keyfiyyəti daha da artırılıb.
Qeyd edilib ki, dünya təhsil sisteminə inte­qrasiya edən universitetdə hesabat dövründə 10 fakültə üzrə bakalavr təhsil səviyyəsinin əyani və qiyabi şöbələrində 63 ixtisas üzrə 5588 tələbə, magistratura təhsil səviyyəsində 81 ixtisaslaşma üzrə 348 magistrant və rezidentura üzrə 52 nəfər rezident təhsil alıb ki, onlardan 986-sı xarici ölkə vətəndaşıdır.
Universitet tələbələri I Startap və “İqtisadi sahədə startap layihələri” müsabiqələrində uğurla çıxış ediblər, “Enactus Onlayn Sahibkarlıq” müsabiqəsində universitetin Enactus komandasının təqdim etdiyi layihə müsabiqənin qalibi olub. Hesabat dövründə hami təşkilatlarla birgə 16 tədbir keçirilib.
Bildirilib ki, 2021-ci ildə universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində əhəmiyyətli işlər görülüb, dünyanın qabaqcıl təhsil müəssisələri ilə əlaqələrin qurulması və möhkəmləndirilməsi, müəllim və tələbə mobilliyinin təşkil olunması sahəsində mühüm addımlar atılıb. Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin rəhbər və təmsilçiləri Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub və təmsil etdikləri ölkələrin universitetləri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi sahəsində bir sıra müzakirələr keçirilib. Bildirilib ki, bütün bunlarla yanaşı, ali təhsil ocağı beynəlxalq layihələrdə də uğurla təmsil olunur.

*  *   *

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasından irəli gələn vəzifələrə, nazirliyin 2021-ci ilin birinci yarım ilində gördüyü işlərə dair kollegiya iclası keçirilib.
Kollegiyanı Naxçıvan Muxtar Respublikası iqtisadiyyat naziri Tapdıq Əliyev açaraq bildirib ki, muхtаr rеspublikа iqtisаdiyyаtının bütün sаhələr üzrə dinamik inkişafı 2021-ci ilin birinci yarım ilində də davam etdirilib, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşıb, yerli sahibkarlığın inkişafı yolu ilə yеni iş yеrləri аçılıb, əhаlinin mаddi rifаh hаlı yüksəlib.
2021-ci ilin 6 ayı ərzində dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 55 istehsal və xidmət sahəsi istifadəyə verilib, bu dövr ərzində sənaye sahəsinin inkişafının stimullaşdırılması üçün Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3 layihənin maliyyələşdirilməsinə 110 min manat dövlət maliyyə dəstəyi göstərilib.
Vurğulanıb ki, 2021-ci ilin ilk yarım ili ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən kənd təsərrüfatının inkişafı yönümlü 56 layihənin maliyyələşdirilməsinə 1 milyon 404 min 850 manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib. Həmçinin “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit vəsaiti hesabına ümumi tutumu 800 ton olan yeni soyuducu anbarın yaradılması başa çatdırılıb.
Əhalinin ərzaq məhsulları ilə təmin olunması istiqamətində ailə təsərrüfatlarının rolundan bəhs edən nazir diqqətə çatdırıb ki, 2021-ci ilin birinci yarım ili ərzində 34 ailə təsərrüfatına 519 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilib, ailə təsərrüfatları 2100-dən artıq 27 çeşiddə tara ilə təmin olunub. İstehsal edilmiş məhsulların keyfiyyətinə nəzarətin və ixracının təmin edilməsi məqsədilə 2021-ci ilin 6 ayı ərzində Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 178 halda ailə təsərrüfatı məhsullarında laboratoriya analizləri aparılıb. Bu sahədə verilmiş tapşırıqların tam icrası məqsədilə qarşıdakı dövrdə muxtar respublikanın bütün rayonlarının imkanlarını təhlil etməklə çoxsahəli ailə təsərrüfatlarının formalaşdırılması istiqamətində layihələrin hazırlanması davam etdiriləcək.
Bildirilib ki, cari ilin birinci yarım ili ərzində sahibkarlığın inkişafı iqtisadi siyasətin üstün istiqamətlərindən olmuş, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, özəl sektora dövlət dəstəyinin artırılması ciddi nailiyyətlərin əldə olunmasına şərait yaradıb. Ötən müddət ərzində sahibkarların maliyyə təminatı yaxşılaşıb, güzəştli kreditlərin həcmi artıb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2021-ci ilin 6 ayı ərzində 60 layihənin maliyyələşdirilməsinə 1 milyon 542 min manat həcmində dövlət maliyyə dəstəyi ayrılıb.
Muxtar respublikanın ixrac potensialının genişləndirilməsi ilə bağlı məsələlərə toxunan nazir vurğulayıb ki, cari ilin 6 ayı ərzində 8-i onlayn formatda olmaqla, ümumilikdə, 17 beynəlxalq əhəmiyyətli tədbirdə 38 sahibkarlıq subyektinin 52 nümayəndəsinin iştirakı təmin edilib. İnvestisiya qoyuluşu və ixracın stimullaşdırılması məqsədilə 3 milyon 108 min 212 manat dəyərində bir investisiya layihəsi üzrə investisiya təşviqi və təsdiqedici sənədi verilib.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *   *

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında nazir Niyazi Novruzov çıxış edərək bildirib ki, 2021-ci ilin birinci yarısında muxtar respublikada Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun Şərur və Şahbuz rayon şöbələri müasir tibbi avadanlıqlarla təchiz edilərək yeni binalara köçürülmüşdür. Şərur rayon Şəhriyar, Ordubad rayon Yuxarı Əndəmic və Nüsnüs, Şahbuz rayon Ağbulaq kənd həkim ambulatoriyaları yeni tikilmiş, Ordubad Rayon Uşaq Xəstəxanası isə yenidənqurmadan sonra bütün ethiyac olan avadanlıqlarla təchiz edilərək istifadəyə verilmişdir.
Vurğulanıb ki, dezinfeksiya işlərini daha da yaxşılaşdırmaq üçün 2 ədədi Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə və 7 ədədi rayon şöbələrinə olmaqla, gigiyena və epidemioloji xidmətə 9 ədəd maşın verilmişdir.
Nazir hesabat dövründə səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası diqqət mərkəzində saxlanıldığından bəhs edərək kadr hazırlığı və səhiyyə müəssisələrinin müasir avadanlıqlarla təchiz olunması sahəsində tədbirlərin davamlı xarakter aldığını bildirib, insanların sağlamlığının qorunması və pandemiya ilə mübarizə sahəsində ardıcıl tədbirlər görüldüyünü qeyd edib. Diqqətə çatdırılıb ki, səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarətdir. Hesabat dövrü ərzində Səhiyyə Nazirliyinin müəssisələrində də müəyyən işlər görülmüşdür.
Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar, səhiyyənin inkişafı demoqrafik vəziyyətə öz kəskin təsirini göstərmişdir. Belə ki, muxtar respublikada 2021-ci ilin 6 ayında 2036 uşaq doğulmuş, 1383 ölüm hadisəsi qeydə alınmış, təbii artım 653 nəfər, doğum göstəricisi 4,4, ölüm göstəricisi 3, 1 yaşa qədər uşaq ölümü 6 nəfər olmaqla, 3 promilli təşkil etmişdir.
Nazir əmin olduğunu bildirib ki, bütün tibb işçiləri Ali Məclis Sədrinin tapşırıq və tövsiyələrini əldə əsas tutaraq əhalinin sağlamlığı naminə əzmkarlıqla, nöqsansız işləyəcək, 2021-ci ilin II yarısı və bundan sonrakı illərdə də daha yüksək nəticələrə nail olacaqlar.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyində keçirilən kollegiya iclasında nazir müavini Məcid Seyidov bildirib ki, 2021-ci ilin I yarım ili ərzində nazirlik tərəfindən gənclərlə iş və idman sahəsində 133 tədbir keçirilib, bunlardan 67-si gənclərlə iş, 66-sı isə kütləvi bədən tərbiyəsi və idman sahəsini əhatə edib.
Bildirilib ki, ötən dövr ərzində yeniyetmə və gənclərin intellektual bilik və bacarıqlarının yüksəldilməsi, Vətənə sevgi, dövlətə sədaqət ruhunda tərbiyə olunması, tariximizin öyrənilməsi, təhlili və gələcək nəsillərə çatdırılması, qədim diyarımızın tanıdılmasında rollarının artırılması, yaradıcılıq potensiallarının inkişaf etdirilməsi və asudə vaxtın səmərəli təşkili məqsədilə bir sıra tədbirlər keçirilib.
Vurğulanıb ki, 2021-ci ilin 6 ayı ərzində nazirlik tərəfindən muxtar respublikada idmanın kütləviliyinin təmin edilməsi də diqqət mərkəzində saxlanılıb. Belə ki, ötən ilin avqust ayından inşasına başlanılmış Uzunoba Təlim-Məşq İdman Kompleksi aprelin 3-də Ali Məclis Sədrinin iştirakı ilə istifadəyə verilməsi “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası baxımından mühüm əhəmiyyət daşıyır. Kəngərli rayonunda özəl investisiya qoyuluşu hesabına fitnes zalı fəaliyyətə başlayıb, Qabıllı kəndində yeni minifutbol stadionu tikilərək istifadəyə verilib, Ordubad Rayon Mərkəzi Stadionun tikintisi istiqamətində işlər davam etdirilib. Kişilər və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatlarına ölkə idmanı tarixində ilk dəfə olaraq muxtar respublikamızın ev sahibliyi etməsi, şahmatçılarımızın Serbiyada keçirilən beynəlxalq turnirdə uğur qazanması, Ali Məclis Sədrinin gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında 2021-ci il 12 iyul tarixli Sərəncamı ilə Nazlı Hümbətovanın adının Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na daxil edilməsi, yeniyetmə idmançımız Sadiq Kərimovun Ukraynada keçirilən universal döyüş növləri üzrə dünya kubokunun qalibi olması, Bakı şəhərində atletikanın qaçış növü üzrə Azərbaycan çempionatları və pauerliftinq üzrə Qran-pri turnirində muxtar respublika idmançılarının iştirakının təmin edilməsi, təmsilçilərimizin bu yarışlarda 3 qızıl və 1 bürünc medal əldə etməsi, Türkiyə alpinistlərinin Haçadağa yürüşü, şahmatçıların onlayn formatda keçirilən beynəlxalq yarışlarda, məşqçilərin isə nəzəri-praktik kurslarda iştirakının təmin olunması, hakimlər üçün təlim-məşq toplanışları və seminarların təşkili muxtar respublikada idmanın inkişafına göstərilən diqqətin bəhrələridir.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR