22 Sentyabr 2021, Çərşənbə

İyulun 23-də Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər fondlarının dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə ölkənin aparıcı könüllü təşkilatlarının rəhbərləri muxtar respublikamıza səfər ediblər.

Qonaqlar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüb, ulu öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər. Sonra təşkilat rəhbərləri Heydər Əliyev Muzeyini ziyarət edib, ümummilli liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər Fondu ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı arasında birgə əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cəbi Quliyev qonaqları salamlayıb, onları muxtar respublikamızda görməkdən məmnunluğunu ifadə edib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Gənc­lər Fondu 2018-ci ildən başlayaraq gənc­lərin bilik və bacarıqlarının inkişafı, könüllü fəaliyyətin təbliği məqsədilə müvafiq qanunvericiliyə uyğun olaraq könüllü fəaliyyət həyata keçirir. Hazırda fondun könüllülük proqramı üzrə iştirakçılarının sayı 500-ə yaxındır. Fond bütün gənclərin milli-mənəvi dəyərlərimizə sadiq, ətraf mühitə qayğıkeş, cəmiyyət həyatında aktiv könüllülər kimi formalaşması üçün səylə çalışır. Könüllülər isə fəal təmsilçilər kimi son illərdə muxtar respublikamızda baş tutan mötəbər tədbirlərin təşkilində, bir sıra mühüm layihələrin reallaşdırılmasında yaxından iştirak edirlər.
Bildirilib ki, fond tərəfindən muxtar respublikada aidiyyəti qurumlarla birgə ekologiyamızın və təbii sərvətlərimizin qorunması istiqamətində maarifləndirmə missiyasını həyata keçirən “Ekologiya könüllüləri”, sosial sahədə xidmət göstərən, sosial münasibətlərin ayrılmaz parçasına çevrilmiş “Sosial könüllülər”, vətəndaşların işinin asanlaşdırılmasına təmənnasız olaraq yardım edən “Səyyar dövlət qulluğu xidməti könüllüləri” layihələri uğurla icra edilir. Sosial könüllülər ahıl və ya sağlamlıq imkanları məhdud vətəndaşları ziyarət edir, onların evlərində və həyətyanı sahələrində abadlıq və təmizlik işləri aparır, bayram və xüsusi günlərdə həmin kateqoriyadan olan insanlar üçün bayram tədbirlərinin, gəzintilərin təşkilində, onlara bayram sovqatlarının aparılmasında iştirak edirlər. Ekologiya könüllüləri isə maarifləndirmə işləri aparır, ağac­əkmə kampaniyalarında, təmizlik aksiyalarında fəal iştirak edir, ekoloji monitorinqlər zamanı təcrübə toplayaraq bilik və bacarıqlarını artırırlar.
Sonra Naxçıvan Muxtar Respublikası Gənclər Fondu ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri, Bakı şəhər Halqası Könüllülər Pro­qramının rəhbəri Tural Hümbətov ölkəmizdə həyata keçirilən könüllülük fəaliyyətindən, bu istiqamətdə reallaşdırılan layihələrdən bəhs edib, memoranduma əsasən naxçıvanlı könüllülərlə gələcəkdə görüləcək işlərin əhəmiyyətini vurğulayıb.
Tədbirdə ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Azərbaycan könüllüləri arasında keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə respublika birinciliyində I yerə layiq görülən Naxçıvan Muxtar Respublikası komandasının üzvlərinə sertifikat təqdim olunub.
Sonra naxçıvanlı könüllülər üçün könüllülük fəaliyyəti istiqamətində 3 müxtəlif mövzuda təlimlər keçirilib.

 Nail ƏSGƏROV

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR