18 Sentyabr 2021, Şənbə

Hər şey oradan başladı. Ağcabədi rayonun Haramı düzündən – Yusifcanlı kəndi istiqamətində yerləşən mövqelərdən. Hansı ki həmin yerdə düşmən postları ilə onların mövqelərini cəmi 20 metr məsafə ayırırdı. Şərur rayonunun Yengicə kəndində böyüyüb boya-başa çatan Orxan Əkbərov da qəhrəman Azərbaycan Ordusunun zabiti kimi həqiqi hərbi xidmətdə idi. Naxçıvandan uzanan yol Ağcabədi rayonunun ucsuz-bucaqsız Haramı düzünə çatmışdı. O buraya birillik xidmət üçün gəlsə də, gördükləri, yaşadıqları hərbi xidmətini burada başa vurmağa sövq etmişdi onu. Torpağın iki metr dərinliyində yatır, düşmənin beş-on metrliyində xidmət etsə də günlərini saymır, əksinə, hərbi formanı sevir, onu üzərində daşıdığı üçün qürur duyurdu...

 Ömür-gün yoldaşı, onunla birlikdə birgə hərbçi ömrü yaşamış Ramiyyə Əkbərova deyir ki, Orxan 2001-ci ildən bu günə kimi bir an belə, nə ayağındakı çəkmələrin əziyyətindən, nə də ki yayın istisində, qışın soyuğunda üstündə daşıdığı formanın, silahın ağırlığından danışmadı: – 2003-cü ildə ilk dəfə onun səsində həyəcan duydum. Bunun səbəbi isə Yusifcanlı əməliyyatında yaxın dostu Daşqının şəhid olması idi. Həmin gün and içdi bu yolu sona kimi gedəcəyinə. Hansı ki həmin gün bir neçə ay sonra dünyaya gələcək övladını görmədən yaxın dostunun qollarında gözlərini yumub: – Alın qisasımızı, oğullarımıza qalmasın, – demişdi Daşqın.

Orxan 2008-ci ilə kimi Ağcabədi rayonunun N hərbi hissələrinin düşmənə yaxın mövqelərində xidmət edib. Həmin ilin avqust ayından Beyləqan şəhərinə göndərilir. İki il sonra həmin hərbi hissənin tərkibindəki taqım sərhədin müdafiəsinin daha da yaxşılaşdırılması planına əsasən Füzuli rayonunun Alxanlı kəndində qulluğunu davam etdirməyə başlayır.
Ailəsi Zobucuq qəsəbəsində salınan qəsəbədə yaşadığı vaxt, Orxan isə Alxanlıda xidmət edir, evə çox gec-gec gəlir, gələndə də ancaq əsgərlərinin şücaətindən və ermənilərin bizim torpaqlarımızda var-gəl etməsinin onları təngə gətirməsindən danışırmış.
Orxanın Füzuli rayonundan sonrakı qulluq etdiyi ünvan Goranboy rayonunun Ağcakənd qəsəbəsi olub. O, əsgərləri öz balası kimi görüb. Hər bayramda, əziz günlərdə əsgərləri üçün öz maaşı ilə süfrə açar, ömür-gün yoldaşına “yeməkləri sən bişir, qoy analarının əlim dadını hiss etsinlər”, – deyirmiş. Meşəli kəndində yerləşən taborda xidmətinin 15-ci ilində arzuladığı gün gəlmişdi. Bir aprel səhəri igid əsgərlərimizin atəş səsi ilə açıldı sabahımız. Elə bir günəş doğdu ki, həmin günü səbirsizliklə gözləyən bütün hərbçilər torpağımızı azad etmək üçün irəli atıldılar. Sakinlər – qadın, uşaq, ağsaqqal, ağbirçək başlarının üstündən gurultu ilə keçən mərmilərdən qorxmayıb hərbçilərimizin düşmənin mövqelərini sərrast vurmalarını gözləyirdilər. Düşmən mövqeyinə atılan hər mərmi cəbhədəki əhali tərəfindən sevinclə, alqışla qarşılanırdı. Hamının ürəyi cəbhə ilə, səngərlə döyünürdü. 4 gün gecə-gündüz cəbhəboyu bütün Azərbaycan gözünü bir an belə yummadı. O günlərdə Azərbaycanın hər evi səngərə, hər vətəndaşı əsgərə çevrildi. Və illərdir, gözlədiyimiz qələbə xəbəri gəldi. Talış və Lələtəpə yüksəkliyi düşməndən azad edildi. Sevinci sonsuz idi, kədəri isə əziz dostu, qardaşı, komandiri olan, səngərdə çiyin-çiyinə döyüşdüyü Raquf Orucovu və onun kimi dəyərli Vətən oğullarını itirməsi idi. Onlar bu qələbə üçün canlarından keçmişdilər. Aprel zəfərindən sonra bir çox hərbçi mükafatlandırıldı, ailəsinin hədiyyəsi isə həm də Naxçıvanımıza köçürülmək oldu. Orxan Naxçıvan şəhərində, Gəncədə, Göygöldə qulluq etdi. Vətən müharibəsi başlayandan bir neçə gün sonra cəbhə bölgəsinə yola düşdü. Hər kənd, hər rayon düşməndən azad edildikcə sevincinin həddi-hüdudu olmurdu. Harada, hansı kənddə döyüşdüyünü doğmalarına bildirməzdi. O vaxta qədər ki, müharibədə ağır beyin travması alaraq günlərdir, hospitalda yatmalı olur. Orxan Cəbrayıl rayonu azad ediləndə səhhəti pisləşsə də, hospitala getməkdən imtina edib, Qubadlı, Füzuli uğrunda gedən döyüşlərə qatılıb.
Müharibə artıq səkkiz aya yaxın bir müddətdir ki, bitib. Neçə-neçə igid canından, neçələri isə sağlamlığından keçdi düşmən tapdağı altında olan torpaqlarımız yenidən Vətənimizə qovuşsun deyə. Onlar canlarından, sağlamlıqlarından keçdilər ki, bu od balalarımızı yandırmasın.
İki övlad atası olan Orxanın böyük oğlu Aydın Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin IX sinif şagirdidir. 44 günlük azadlıq mücadiləsindən sonra keçirilən inşa yazı müsabiqəsində Aydın yazır: “Müharibə Azərbaycanın xeyrinə qurtardı. Neçə şəhidimiz, neçə qazimiz oldu. Bu müharibədə atam da sağlamlığını itirib. Ancaq onun Azərbaycan Ordusunun zabiti olması ilə qürur duyuram”.
Prezident cənab İlham Əliyevin sərəncamları ilə adıçəkilən zabitlər içərisində Zəngilan və Cəbrayılın azad edilməsinə görə təltif olunanlardan biri də Vətənə 20 il xidmət edən Orxan Əkbərovdur. Onun səngərlərdə, illərlə çəkdiyi zəhmətin bəhrəsi, Vətənə xidmətin ən gözəl mükafatıdır bu medallar. Düzdür, qüsursuz keçən 20 illik xidməti dövründə fəxri fərmanlar, medallar çox almışdı, amma Qələbə münasibətilə gələnlərin yeri tam başqadır onun üçün. Bu gün Orxan çox qürurludur, çünki 20 ildir, Vətən borcunu cəbhədə, səngərdə yerinə yetirən və müzəffər Ordunun zabiti kimi şərəfli ad daşıyır.

 Muxtar MƏMMƏDOV

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR