22 Sentyabr 2021, Çərşənbə

146 il bundan əvvəl, iyulun 22-də görkəmli maarifpərvər ziyalı Həsən bəy Zərdabi tərəfindən milli mətbuatımızın əsasının qoyulması milli şüurun təşəkkülünə, nadanlıq və cəhalətə qarşı mübarizənin güclənməsinə, mədəniyyətimizə sahib çıxmağa, milli əqidəmizin təkamülünə rəvac vermişdir. XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli azadlıq ideyalarının əsas istiqamətverici qüvvəsini təşkil etmişdir. Lakin ötən əsrin 20-ci illərinin əvvəllərində Azərbaycanın zorla sovetləşdirilməsi ilə milli mətbuatımız da sovet imperiyasının siyasi-ideoloji nəzarəti altında fəaliyyət göstərmişdir. Yalnız görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra milli demokratik mətbuatın başlıca prinsipləri formalaşmağa başlamışdır. Ümummilli lider demokratik ruhlu rəhbər kimi mətbuata müsahibəsində bu və digər nöqsanları qeyd edir, sovet cəmiyyətinin eybəcərliklərini açıq şəkildə deməkdən çəkinmirdi.

Çoxəsrlik tarixə və zəngin ənənələrə malik milli mətbuatımızın müstəqillik illərindəki inkişafı bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan jurnalistikası söz, fikir, mətbuat azadlığına məhz ulu öndərin zəngin dövlətçilik təcrübəsi sayəsində nail olub. Görkəmli dövlət xadiminin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkədə mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qabaqcıl ictimai fikrin, milli məfkurənin inkişafında, müstəqil dövlət quruculuğunda mühüm rol oynayan kütləvi informasiya vasitələrinin cəmiyyətdə ictimai nüfuzunun artması, fəaliyyət dairəsinin genişlənməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görüldü. Bu sahədə möhkəm qanunvericilik bazasının yaradılması mətbuatın inkişafında ciddi dönüşə səbəb oldu. “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və mətbuat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”, – deyən ümummilli liderin uzaqgörənliyi sayəsində ölkə mətbuatında söz, fikir və əqidə azadlığının təmin olunması üçün müvafiq qanunvericilik aktlarında dəyişikliklər aparıldı, ölkəmiz mövcud olan beynəlxalq konvensiyalara və sazişlərə qoşuldu. Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək, yaradıcılıq azadlıqları təsbit olundu. Ulu öndərin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanı ilə ölkəmizdə senzuranın ləğv edilməsi olduqca cəsarətli, prinsipial addım idi.
Bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Mətbu nəşrlərin sərbəst fəaliyyəti üçün bütün imkanlar yaradılmışdır. Azərbaycan milli mətbuatının yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif olunması, onlara fəxri adlar verilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə dövlətin yüksək qiymətinin təcəssümüdür. Ölkə başçısı cənab İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları mətbuata göstərilən dövlət qayğısının davamı kimi mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının 2021-ci il 12 yanvar tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında Medianın İnkişafı Agentliyi yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il 29 mart tarixli “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Sərəncamı muxtar respublikanın kütləvi informasiya vasitələrinin fəaliyyətini genişləndirmiş, mətbuatın inkişafı sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, 2007-ci ildə isə Televiziya və Radio Şurasının yaradılması bu sahənin inkişafını keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. 2010-cu ildə “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni binanın istifadəyə verilməsi və müasir mətbəə avadanlıqlarının quraşdırılması qəzetlərin günün tələblərinə uyğun nəşrinə şərait yaratmışdır. Muxtar respublikada bütün qəzet və jurnallar bu gün yüksək poliqrafik keyfiyyətlə nəşr olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə mətbuat sahəsində çalışanların əməkhaqları artırılmış, əməyi ilə fərqlənən jurnalistlər fəxri adlara layiq görülmüşlər. Hazırda muxtar respublikada “Şərq qapısı” ilə yanaşı, 8 şəhər və rayon qəzeti, Universitet televiziya və radiosu da daxil olmaqla, 3 televiziya, 3 radio və 6 nəşriyyat fəaliyyət göstərir, kütləvi informasiya orqanlarında 400-dən artıq əməkdaş çalışır.
Sürətli internetə çıxış imkanlarının yaradılması və rəqəmsal yayıma keçid Naxçıvanın informasiya blokadasının yarılmasına, qədim diyar haqqında məlumatların daha operativ çatdırılmasına imkan verir.
Ali Məclis Sədrinin mətbuat orqanlarına olan hərtərəfli qayğısı kütləvi informasiya vasitələrində keyfiyyət dəyişikliyinin yaranmasına səbəb olmuşdur. Bunun nəticəsidir ki, qəzetlərin maddi-texniki bazası mərhələli şəkildə möhkəmləndirilmiş, yaradıcılıq imkanları artırılmışdır. Görülən işlərin davamı kimi, 2018-ci ildə “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manata yaxın olan müxtəlif avadanlıqlar alınmışdır. Ötən 2 ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə dövlət teleradiosuna yeni çəkiliş və efir avadanlıqları alınmışdır. Bu il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 21 yanvar tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsi yaradılmışdır. Ali Məclis Sədrinin 2021-ci il 17 mart tarixli Fərmanı ilə isə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır ki, bu da televiziya və radio fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsində yeni mərhələnin başlanmasına imkan vermişdir.
Bu gün “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, o cümlədən “Naxçıvanın səsi” radiosu və “Kanal 35” Televiziyası ən müasir rəqəmsal bazaya malikdir. Cəmiyyətin 2016-cı ildə saytı istifadəyə verilmiş və televiziya internet üzərindən yayıma başlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 6 fevral tarixli Sərəncamına əsasən “Nuhçıxan” İnformasiya Agentliyi yaradılmış, agentliyin saytı hazırlanmışdır. Hazırda “Nuhçıxan” İnformasiya Agentliyi muxtar respublika ilə bağlı ən mühüm informasiya, təhlil və analitik məqalələri, foto və videoinformasiyaları dünyaya çatdırır. Bununla bərabər, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Artıq “Kanal 35” Tele­viziyası və “Naxçıvanın səsi” radiosu bu ilin əvvəlindən etibarən təhsillə bağlı tele­viziya və radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirir.
Naxçıvan Mətbuat Şurasının 2019-cu ildən etibarən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv olması isə Naxçıvan mediasının beynəlxalq müstəviyə çıxarılma səviyyəsini təsdiqləyir, eyni zamanda bu sahədə əlaqələrin genişlənməsinə də zəmin yaradır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 18 may tarixli Sərəncamına əsasən muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vəzifələr təsis olunmuşdur. Bununla da dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında informasiya siyasətinin həyata keçirilməsində yeni mərhələnin əsası qoyulmuşdur.
İnsanların informasiya əldə etmək hüququnun təmin olunması sahəsində, informasiya cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada internet şəbəkəsinin əhatə dairəsini xeyli genişləndirmişdir. Artıq ən ucqar kəndlərdə belə, genişzolaqlı internet, eləcə də IP və rəqəmsal televiziya xidmətləri göstərilir. Sürətli internetdən istifadə imkanları nəticəsində bir zamanlar informasiya blokadasına salınan Naxçıvan bu gün dünyanın hər yerində tanınır. Həmçinin hər il onlarla xarici jurnalist Naxçıvanda olur, qədim diyarla bağlı silsilə yazı və verilişlər hazırlayırlar. Bütün bunlar muxtar respublikada söz və mətbuat azadlığının, demokratik prinsiplərin bərqərar olmasına, kütləvi informasiya vasitələrinin fəaliyyətinə göstərilən dövlət qayğısının bəhrələridir.
Sürətli internet təminatı sosial şəbəkələrdən sərbəst istifadəyə imkan verir, bu isə həm də muxtar respublikanın tarixi, mədəniyyəti, turizm potensialı və müasir inkişafı haqqında təbliğat işinin aparılmasına şərait yaradır.
Jurnalist kadrların hazırlanması, gənc jurnalistlərin işə cəlb olunması da mətbuatın inkişafında mühüm amildir. Naxçıvan Dövlət Universitetində Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrası fəaliyyət göstərir ki, burada təhsil alan tələbələrin gənc jurnalist kimi yetişməsi üçün hər cür şərait var. Belə ki, ali təhsil ocağının Media mərkəzində fəaliyyət göstərən Universitet televiziyası və “Nuhçıxan” radiosunda gənc jurnalistlər nəzəri biliklərlə yanaşı, ilkin peşə vərdişlərinə də yiyələnir, ixtisaslı kadr kimi Naxçıvan mətbuatına öz töhfələrini verirlər. Ali Məclis Sədrinin bu sahəyə göstərdiyi qayğı sayəsində Universitet televiziyası 2021-ci il fevralın 24-dən etibarən artıq muxtar respublika ərazisində yayıma başlayıb. Həmçinin muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələri Jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin hamisi rolunda çıxış etməklə, onların peşəkar inkişafında mühüm rol oynayır.
“Naxçıvan Muxtar Respublikasının dövlət teleradio və mətbuat orqanlarına işə qəbul Qaydaları”nın təsdiq edilməsi ilə media orqanlarında işə qəbul Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqə yolu ilə həyata keçirilməsi isə peşəkar kadr hazırlığı işinə mühüm töhfədir.
Muxtar respublikanın tarixi inkişaf yolunun güzgüsünə çevrilən mətbu orqan “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamın imzalanması və bu Sərəncamla Tədbirlər Planının təsdiq olunması, bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna verilən siyasi qiymətdir. Tədbirlər Planına əsasən “Şərq qapısı” qəzeti və Naxçıvanda mətbuatın inkişafı” mövzusunda elmi konfransın, yubileylə bağlı yaradıcılıq müsabiqəsinin keçirilməsi, kitabın nəşrə hazırlanması və digər tədbirlər muxtar respublikamızın mətbuat tarixinin müasir milli və bəşəri ideyalar müstəvisində yenidən araşdırılıb öyrənilməsinə öz töhfəsini verəcəkdir. Sərəncamda deyilir: “1921-ci il noyabrın 9-da nəşrə başlayan qəzet Naxçıvanda maarifin, elmin və ictimai fikrin inkişafına mühüm töhfələr vermiş, peşəkar jurnalist kadrların hazırlanmasında baza rolunu oynamışdır. Ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin qayğısı ilə qəzetin böyük formatda nəşri təmin edilmiş, qəzetdə xalqımızın milli dəyərlərinə və mədəniyyətinə həsr olunmuş yazılar işıq üzü görmüş, 50 illik yubileyi qeyd olunmuşdur. 1990-1993-cü illərdə isə “Şərq qapısı” qəzeti görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın xilası naminə həyata keçirdiyi tədbirləri və qəbul etdiyi tarixi qərarları geniş xalq kütləsinə çatdırmış, informasiya blokadasının aradan qaldırılmasında və milli dövlət quruculuğu yolunda fəal mübarizlərdən olmuşdur”.
Muxtar respublikanın media əməkdaşları hər il milli mətbuatımızın yaranması gününü yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər, bu əlamətdar hadisə ilə bağlı yaradıcılıq müsabiqələri keçirilir, qələm sahiblərinin əməyi qiymətləndirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ötən il milli mətbuatımızın 145 illik yubileyində jurnalistlərlə keçirilən görüşdə demişdir: “Mətbuat işçiləri dövrün salnaməsini yaradan və onu gələcəyə daşıyanlardır. Muxtar respublikada jurnalistlərin fəaliyyəti üçün yaradılan şərait qarşıya qoyulan vəzifələri yerinə yetirməyə imkan verir. Bu gün dünyada mövcud olan muxtar qurumların mətbuat sahəsinə nəzər saldıqda, müqayisə etdikdə bir daha aydın olur ki, muxtariyyət statusu bizdən daha çox olanlarda belə, Naxçıvandakı qədər mətbuata qayğı göstərilmir, şərait yaradılmır. Bu da bizi qürurlandırır ki, muxtar respublikamızda vətənpərvər jurnalistlər ordusu formalaşıb. Televiziya, qəzet və digər media qurumları yaratmaq işin bir tərəfidir. Amma əsas məsələ onların səmərəli fəaliyyətinə nail olmaqdır”.
İnamlı inkişaf yolunda əmin addımlarla irəliləyən muxtar respublika mətbuatı Ali Məclis Sədrinin verdiyi dəyərli tövsiyə və tapşırıqları, müəyyənləşdirdiyi fəaliyyət prinsiplərini rəhbər tutaraq bundan sonra da müstəqil dövlət quruculuğu, dövlətçilik, vətənpərvərlik, maarifləndirmək uğrunda yorulmaz fəaliyyət göstərəcək.

“Şərq qapısı”

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR