18 Sentyabr 2021, Şənbə

Uca Tanrıya məhəbbətin, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətinin ifadəsi olan müqəddəs Qurban bayramı əsrlərboyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına xidmət edib və etməkdədir.
“Qurban” sözü lüğəvi mənada “yaxınlaşmaq” dеməkdir. Yəni qurban kəsən hər bir kəs bu əməli ilə Allaha yaxınlaşır. Allah dərgahında kəsilən qurbanlar ruhi dəyərlərin paklanmasında, insanların xeyirxah əməllər ətrafında birləşməsində mühüm rol oynayır. Qurban İslam aləmində ən dəyərli bayramlardan biridir. Bu bayram, eyni zamanda müsəlmanların Həcc ziyarəti mərasiminin də bir hissəsidir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən, üç gün davam edir. Üç səmavi dinin – yəhudilik, xristianlıq və İslamın hər üçündə də müxtəlif formada qurbanlıq kəsmə ayini mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, qüdrətinə dərin inam və iman işığı durur.

Uca Tanrıya məhəbbətin, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətinin ifadəsi olan müqəddəs Qurban bayramı əsrlərboyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına xidmət etmişdir. Yüksək insani keyfiyyətlərdən olan dostluğun, qardaşlığın, fədakarlığın cəmiyyətdə inkişafı və gələcək nəsillərə təlqin edilməsi üçün gözəl fürsət kimi dəyərləndirilən Qurban bayramı hicrətin ikinci ilində fərz qılınmışdır. “Qurani-Kərim”in “Kövsər” surəsində deyilir: “Rəbbin üçün namaz qıl və qurban kəs de ki: Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi-Allah üçündür, biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər”. Bundan əlavə, Peyğəmbərimiz (s.ə.s) buyurmuşdur ki, “Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir”.
Azərbaycan müsəlman dünyasının ayrılmaz parçasıdır və tarixən İslam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş etmişdir. Digər müsəlman ölkələri kimi, Azərbaycanda da İslam dinindən irəli gələn vəzifələr yerinə yetirilir. Hər il yüzlərlə azərbaycanlı zəvvarın Həcc ziyarətinə yola düşməsi və bu ziyarətin vacib əməllərindən hesab olunan qurban kəsilməsinə əməl etməsi xalqımızın İslam dininə bağlılığını nümayiş etdirir. Milli-mənəvi dəyərlərə və ənənələrə ehtiramla yanaşan Azərbaycanda Qurban bayramı da hər il böyük təntənə ilə qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev bu müqəddəs bayramı yüksək qiymətləndirərək demişdir: “Bütün müsəlmanların böyük təntənə ilə qeyd etdikləri Qurban bayramı insanın ən çətin məqamlarında düzgün mövqe seçmək, ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini təcəssüm etdirir”.
Ölkəmizdə rəsmi olaraq iki gün qeyd olunan bu dostluq, qardaşlıq bayramının özünəməxsus qurban kəsmək şərtlərinə görə qurban kəsən şəxs müsəlman olmalıdır. Qurban ibadəti qurbanlıq heyvanın Qurban bayramı günlərində qayda-qanunlara uyğun şəkildə şəxsən qurban sahibinin özü tərəfindən kəsilməsi və ya başqasına kəsdirməsi ilə yerinə yetirilmiş olur. Qurban üzrlü səbəbdən bayram günü kəsilməzsə, bayramın ikinci, üçüncü günü də kəsilə bilər. Ancaq unutmayaq ki, bu ayini günün birinci yarısı, yəni gün dönməzdən əvvəl yerinə yetirmək lazımdır.
Qurban kəsmək azad və varlı müsəlmanlara vacibdir. Fitrə verməyə məcbur olan kimsə qurban kəsər. Qaldığı evdən başqa bir evi olan kimsə də qurban kəsməlidir. Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burada əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb: “Kəsdiyiniz qurbanlardan Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır”.
Səfərdə olanlara qurban kəsmək vacib deyildir. Nisab miqdarı malı olmayanların kəsdikləri qurban nafilədir. Bəzi məzhəblərə görə, qurban kəsmək üçün ağıl və həddi-büluğa çatmaq şərt deyildir. Beləliklə, varlı olan uşağın malından valideynin qurban kəsməsi lazımdır. Kasıb, imkanı olmayan ailələrin qurban kəsməsi vacib deyil. Bu yalnız buna imkanı olan adamların boynunda haqdır. Qurban əti satılmaz və ya satın alınmaz. Qurban yalnız paylanmaq üçün kəsilər ki, bu paylamanın da şərtləri vardır. Belə ki, kəsilmiş qurban üç yerə bölünür. Həmin üç hissənin biri ehtiyacı olan qonşulara, bir hissəsi qohum-əqrəbaya paylanılır, digər bir hissəsi isə evdə saxlanılır. Quşlardan və ov heyvanlarından qurban kəsmək doğru deyil. Qurban kəsmək ibadəti həm də insanlara sərvətini ehtiyacı olanlarla paylaşmaq əxlaqını qazandırır.
Övlad ailəyə Uca Allahın ən gözəl, ən yaxşı və ən böyük hədiyyəsidir. Buna görə də övlad sahibi olan ailə bu məqsədlə bir qurban kəsər ki, buna “Akika” deyilir. Bu qurban doğuşdan başlayaraq həddi-büluğa çatana qədər hər hansı bir zamanda kəsilə bilər, ən münasib olan doğuşun həftəsində, yəni yeddinci günü kəsməkdir. Əqiqə qurbanını sahibi də yeyə bilər.
Hər hansı bir işin həyata keçəcəyi təqdirdə qurban kəsəcəyini niyyət edən şəxsin bu məqsədlə kəsdiyi qurbana “Niyyət qurbanı” deyilir. Niyyət qurbanını yerinə gətirmək vacibdir. Niyyət qurbanından sahibi yeyə bilmədiyi kimi, onun qohumları da – atası, anası, babaları, uşaqları və nəvələri də yeyə bilməz. Bunun mənası budur: niyyət qurbanı tamamilə kasıbların haqqıdır.
Qurban bayramının ən gözəl xüsusiyyətlərindən biri də odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.
Qurban kəsmək və onu paylaşmaq sosial bərabərliyə ən gözəl nümunələrdən biridir. Bu bayramda hamı sevinməlidir: varlılar Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.
Qurban bayramı müsəlman dünyasında əsl təntənəyə çevrilir, insanlara birlik, həmrəylik, şəfqət və xeyirxahlıq duyğuları aşılayır. Dinimizin təlqin etdiyi ədalət prinsipləri də bu bayramda özünü göstərir. Qurban bayramı insanların mənən saflaşması, onların daha sıx birləşməsi üçün bir vasitədir. Bu birlik ovqatı bizim hamımız – cəmiyyətimiz və dövlətimiz üçün olduqca mühüm amildir. Məhz birliyimiz, həmrəyliyimiz düşmənlərimizi məğlubiyyətə uğradır, böyük qələbəmizi təmin edir.

Vüqar BABAYEV
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR