18 Sentyabr 2021, Şənbə

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğunda 15 iyul – Demokratiya və Milli Birlik Gününün 5-ci ildönümü ilə bağlı keçirilən tədbirdə əvvəlcə ötən il 44 günlük Vətən müharibəsində və qardaş ölkədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına şəhid olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.

Tədbirdə Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz çıxış edərək bildirib ki, tarixin ağır sınaqlarından üzüağ çıxan türk xalqı 2016-cı il iyulun 15-də böyük qəhrəmanlıq göstərərək ölkədə hərbi çevriliş cəhdinin qarşısını alıb. Əliyalın insanlar tankların, silahlı qiyamçıların qarşısına çıxaraq dövlətin, qanuni hakimiyyətin müdafiəsini təmin edib, demokratiyaya sadiqliyini göstərib. Türkiyənin dövlətçilik tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan həmin gün hakimiyyət-xalq birliyinin möhkəm həmrəyliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alınıb. Bu zaman Türkiyə 251 şəhid verib.
Qeyd olunub ki, şəhidlərin əziz xatirəsini anmaq üçün, qazilərə ehtiram əlaməti olaraq keçirilən bu tədbirin əsas məqsədi də dövlət çevrilişinin necə baş verdiyini dərindən öyrənmək və bu çevrilişin əsas səbəbkarının əməl və məqsədlərini ortaya çıxararaq gələcək nəsillərə düzgün şəkildə çatdırmaqdır.
Vurğulanıb ki, dövlət çevrilişi cəhdindən artıq 5 il ötür, bu dövrdə bir sıra beynəlxalq təşkilatlar və ölkələr Türkiyənin haqq səsinə səs verərək baş verən hadisəyə düzgün münasibət göstəriblər. Azərbaycan hadisənin baş verdiyi andan öz dəstəyini qardaş ölkədən əsirgəməyib. Dövlət çevrilişi cəhdinin 5-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğana göndərdiyi məktub da iki qardaş ölkənin birliyindən və bu birliyin sarsılmazlığından xəbər verir.
Çıxışda ölkələrarası dostluq və tərəfdaşlığın daha da möhkəmlənməsində Azərbaycanın Naxçıvan Muxtar Respublikasının siyasi-iqtisadi rolundan da danışılıb.
Sonra mövzu ilə bağlı foto sərgiyə baxış olub.

 Nail ƏSGƏROV

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR