18 Sentyabr 2021, Şənbə

Vətən müharibəsi adı ilə tariximizin ən şanlı səhifələrindən birinə çevrilmiş İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə nəticələndi. Əlbəttə ki, bu Qələbə şəhidlərimizin canları, qazilərimizin sağlamlığı bahasına, cəsur zabit və əsgərlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində əldə olundu. Şübhəsiz ki, dövlətimiz Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, eləcə də qazilərimizə, həmçinin torpaqlarımızın düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərmiş bütün döyüşçülərimizə diqqət və qayğı ilə yanaşır. Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir.

 Bu tədbirlərin davamı olaraq 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri şəhid ailələri ilə görüşüb, 13 şəhid ailəsinə mənzillərin açarlarını təqdim edib. Həmin ailələrdən 7-si Şərur rayonunda yaşayır.

Elə biz də bu ailələrlə yenicə verilən mənzillərdə görüşüb söhbət etmək qərarına gəldik. İlk üz tutduğumuz ünvan kiçik çavuş Murad Xəlillinin ailəsinin yeni mənzili olur. Burada bizi şəhidimizin qız övladı və həyat yoldaşı qarşılayır. Fəxr və qürur hissi ilə yoldaşından danışan Aysun xanım deyir ki, Murad 1994-cü il iyulun 14-də Çomaxtur kəndində anadan olmuşdu. Elə doğulduğu kəndə də ilk təhsilini almış, 2012-ci ildə “N” hərbi hissədə xidmətə başlamışdı. Muradın o vaxtdan hərb sənətinə marağı daha da artmışdı. Öyrənirik ki, çavuş Murad Xəlilli Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. O, oktyabrın 30-u şəhidlik zirvəsinə ucalıb. Şərur rayonunun Şəhidlər xiyabanında dəfn olunub. Aysun xanım onu da qeyd edir ki, şəhid xanımı olmaq güclü olmaq, qürurlu olmaq deməkdir. Bu gücü, qüruru bizlərə arxa, təsəlli olan dövlətimizdən alırıq. Çalışacağam ki, Muraddan yadigar qalan qızım Fatiməni də vətənpərvər ruhda, xalqımıza, dövlətimizə layiq şəkildə tərbiyə edim.

Həmin binada mənzillə təmin olunanlar arasında şəhid Sərxan Salahovun ailəsi də var. Sərxan 1991-ci ildə Ələkli kəndində anadan olmuşdu. Bizi qəhrəmanımızın anası Müşkünaz xala qarşılayır. Şəhid anası bu gün qürurludur. Axı Vətən torpaqlarının azad olunmasında onun övladı Sərxan da böyük xidmətlər göstərib. Salamlaşıb yenicə verilən mənzillə tanış oluruq. Müşkünaz xala deyir ki, qızım, övlad itkisi ağır olsa da, onların Vətən uğrunda canlarını fəda etməsi, torpaqlarımızın azadlığı uğrunda şəhid olması valideynlər üçün təsəlli yeridir. Çünki onlar Azərbaycanın şanlı tarixini yazaraq gələcək nəsillərə örnək oldular. Sərxan 2009-cu ildə “N” hərbi hissədə xidmətə başlamışdı. Müharibənin ilk günündən döyüşlərdə qəhrəmancasına iştirak edərək noyabrın 2-də şəhid oldu. Oğlumdan geriyə qəhrəmanlığı və iki qız övladı qaldı. Təsəllimiz Vətən, torpaq yolunda canını fəda etmiş şəhidlərimizin ailələrinə göstərilən dövlət qayğısıdır. Elə bu qayğının ifadəsidir ki, hərtərəfli şəraitə malik mənzillə təmin olunmuşuq.
Yeni mənzilə köçən ailələrdən biri də şəhid kapitan Seymur Cabbarovun ailəsidir. Seymur 1987-ci il martın 16-da Çərçiboğan kəndində Cabbarovlar ailəsində dünyaya göz açmışdı. Ölümsüzlüyü ilə qəhrəmanlıq dastanı yazan kapitan Seymur Cabbarovun atası İlham müəllim deyir ki, oğlunun hərbçi olmaq arzusu onun yolunu Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydən salmışdı. Liseyi uğurla başa vuran Seymur 2004-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə təhsilini davam etdirməyə başladı. 2008-ci ildə isə Azərbaycan Silahlı Qüvvələrinin “N” hərbi hissəsinə “leytenant” hərbi rütbəsində xidmətə göndərildi. Xidməti dövründə o, III dərəcəli “Qüsursuz xidmətə görə”, Azərbaycan Silahlı Qüvvələrinin 90 və 95 illiyi, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley, Vətən müharibəsində “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib. Oğlum şəhid olsa da, əliboş qayıtmadı, özü ilə zəfər gətirdi, – deyən İlham müəllim qeyd etdi ki, Qələbə gətirdi bizə balalarımız. Onlar düşmən əsarətində olan torpaqlarımızın dərdinə dərman oldular. Bizim yurdumuzun şəhidləri heç bir zaman ölməyəcək. Onlara böyük ehtiram göstərilir, ruhları önündə daim baş əyilir, ailələri uca tutulur.
Həmsöhbət olduğumuz digər bir ünvanda bizi şəhid Mərhəmət Əhmədovun yoldaşı Çinarə xanım qarşıladı. Öyrəndik ki, 1991-ci il mayın 14-də Oğuzkənddə anadan olmuş Mərhəmət 2019-cu ilin iyun ayından 3 aylıq təlim müddətini bitirdikdən sonra Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlısı, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu vəzifəsində xidmət edirdi. O, döyüşlər başlayan ilk gündən vuruşaraq oktyabrın 25-də şəhid olub. İkinci Qarbağ müharibəsində “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. Müsahibim bildirdi ki, döyüşlər başlayanda Mərhəmət çox sevindi. Şəhidlərimizin qisasını almağı çox istəyirdi. Çalışdığı hərbi hissədə xüsusi təyinatlı qulluqçular yetişdirirdi. Hər zaman deyirdi ki, bu müharibəni biz bitirməsək, gələcəkdə övladlarımız davam etdirəcək. Torpaqlarımızı alıb, övladlarımıza firavan həyat, xoşbəxt gələcək qoymalıyıq. Qələbə ilə bitən müharibədə həyat yoldaşımın qisasının alınması, dövlətimiz tərəfindən qayğı ilə əhatə olunmağımız məni qürurlandırır, ən böyük mənəvi təsəlli verir.
Görüşdüyümüz digər bir şəhid ailəsi kapitan Elməddin Meydanovun ailəsidir. Oğlundan böyük qürur hissi ilə danışan atası Bahaddin müəllim deyir ki, Elməddin 1989-cu il sentyabrın 11-də Vərməziyar kəndində dünyaya göz açmışdı. Oğlumun məktəb vaxtlarından hərbi dərsə xüsusi marağı var idi. Hərbçi olmaq arzusu ilə 2004-2007-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almışdı. Təhsilini bitirdikdən sonra isə 2007-2011-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Sərhəd Qoşunları fakültəsində ali hərbi təhsilini davam etdirmişdi. O, 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının “N” hərbi hissədə xidmətə göndərilmişdi. Öyrənirik ki, xidməti dövründə III dərəcəli “Qüsursuz xidmətə görə”, III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, Azərbaycan Silahlı Qüvvələrinin 90 və 95 illiyi, Azərbaycan Sərhəd Mühafizəsinin 95 və 100 illiyi yubiley, Vətən müharibəsində “Döyüşdə fərqlənməyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Bahaddin müəllim onu da bildirdi ki, Vətənin azadlığı uğrunda canından keçən minlərlə igiddən biri oldu Elməddin. Və inanırıq ki, onun gözü arxada qalmayıb. Çünki Vətənimiz artıq bütöv Azərbaycan olaraq günü-gündən inkişaf edir, qüdrətlənir. Şəhid ailələri də bunu gördükcə böyük qürur hissi keçirirlər. Eyni zamanda dövlətimiz hər bir addımda şəhid ailələrinin yanındadır. Məhz ordu günündə şəhid ailələrinə mənzillərin təqdim olunması da bu qayğının bariz ifadəsidir.
Üz tutduğumuz digər bir ünvan isə Rüfət Gözəlovun rayonun Dəmirçi kəndində yaşayan ailəsi idi. Onun bizimlə həmsöhbət olan qardaşı Nihad deyir ki, Vətənə ülvi məhəbbətlə bağlı idi Rüfət. Hərbi xidmətə gedəcəyi günü səbirsizliklə gözləyirdi. O, 2014-cü il də “N” hərbi hissədə xidmətə başlamışdı. Hər zaman deyirdi ki, Qarabağı azad edənə qədər mən hərbçi olacağam. Nəhayət, 30 il sükuta qərq olan Qarabağ bir anda igid oğulların ayaq səsləri ilə canlandı. O oğullar sırasında yer alan Rüfət 11 oktyabrdan 27 oktyabra qədər Vətən uğrunda mübarizə, torpaqların azadlığı üçün mücadilə etdi. Oktyabrın 27-də isə qəhrəmancasına şəhid oldu.
Öyrənirik ki, şəhid Rüfət Gözəlov şəhadətindən sonra Prezident cənab İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. Şəhidlik hər adama nəsib olmaz. Mən bugünkü gündə fəxr edirəm ki, şəhid qardaşıyam. O, nəinki mənim, bütün Azərbaycanın, Naxçıvanın fəxridir. Dövlətimiz sağ olsun, şəhid olduğu gündən bu günədək bizi tək qoymayıb. Bütün şəhid ailələri adından dövlətimizin bizim üçün yaratdığı şəraitə və göstərilən qayğıya görə minnətdarlığımı bildirirəm.
Mənzillə təmin olunmuş başqa bir ailə isə 1991-ci il avqustun 14-də Şərur şəhərində dünyaya göz açan Zülal Mədətlinin ailəsidir. Bizi qarşılayan şəhidimizin atası Rəhim müəllimdir. Deyir ki, Zülal 2009-cu ildə “N” hərbi hissədə xidmətə başlamışdı. Zülal vətənpərvərliyi ilə seçilirdi. Vətən müharibəsi başlayan zaman isə könüllü olaraq cəbhəyə getdi. Döyüşlərdə şücaət göstərmiş Zülal “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Bu gün biz bütün şəhid övladlarımızla fəxr edirik. Çünki onların sayəsində Vətənimiz yağı düşmənin tapdağından xilas edildi, şəhidlərimiz özlərindən əvvəlki şəhidlərin də qisasını aldılar. Mən bir daha fəxr etdim ki, böyük Qələbənin qazanılmasında minlərlə Vətən övladı kimi, oğlum Zülalın da payı var. Biz şəhid ailələri hər zaman dövlətimizin diqqətindəyik və bunu gördükcə böyük qürur hissi keçiririk. Xalqımız çox vətənpərvər, qəhrəman xalqdır. Bu xalqın əli silah tutan hər bir nümayəndəsi şəhidlərin yolunu davam etdirmək üçün bir nəfər kimi Vətənimizi qorumağa hazırdır.
Bu gün bizi şərəflə qoruyan Azərbaycan əsgəri, səninlə fəxr edirəm. Bu Vətənin namusu sənə əmanətdir. Üzərində gəzdiyimiz torpağın əmin-amanlığını şərəfinlə qoruduğun üçün sənə minnətdaram! Torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin hünəri gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Dövlətimizin onlara böyük ehtiramı, ailələrinə hərtərəfli qayğı göstərməsi isə Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq baxımından böyük vətənpərvərlik nümunəsi, gələcək nəsillərə örnəkdir.

 Aytac CƏFƏRLİ

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR