18 Sentyabr 2021, Şənbə

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrünün müstəsna yeri vardır. Bu dövr öz başlanğıcını 1969-cu il 14 iyul tarixindən götürür. Məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi həmin gün müstəqil və qüdrətli Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurların təməl tarixi kimi xatırlanır. Bu tarix həm də Azərbaycanın yad ünsürlər içərisində assimilyasiyasının xilası, xalqın özünəqayıdışının başlanğıcıdır. 

 Ulu öndər Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra respublikanın iqtisadi, ictimai-siyasi, mədəni tarixində yeni bir dövr başlanmışdır. Dahi şəxsiyyət hakimiyyətə gəlişi ilə milli düşüncəni oyatmış, illər sonra qurulacaq müstəqil Azərbaycanın potensial bazasını yaratmışdır. Həmin dövr tamamilə fərqli şərtlərin diktə olunduğu dövr olsa da, dahi şəxsiyyət öz şəxsi bilik və bacarığı sayəsində irəlilədiyi vəzifə pillələrində artıq xalqının gələcək mövcudluğu üçün yeni şərtlərin yaradılmasının özü üçün milli vəzifə olduğunu qətiləşdirmişdir. Təsadüfi deyil ki, bu gün bir çox tarixçi və siyasətçilər haqlı olaraq qeyd edirlər ki, Azərbaycan xalqının XX əsrdəki milli qurtuluşu, əslində, 1969-cu il iyulun 14-dən başlanır. İqtisadi çətinliklərlə müşayiət olunan həmin dövr həm də yeraltı və yerüstü sərvətləri ilə zəngin olan Azərbaycanın öz sahib olduqlarından yararlana bilməməsi, ittifaq tərkibində olan digər respublikalardan ən geridə qalması ilə fərqlənirdi. Ulu öndər Heydər Əliyev o dövrü belə xarakterizə edirdi: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı, bütövlükdə, dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”.

1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilmişdir. Ulu öndərin Azərbaycanda hakimiyyətdə olduğu 1969-1982-ci illərdə respublikamızda 213 yeni iri sənaye müəssisəsi istismara verilmiş, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmuşdu. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artmışdır. 1970-ci ildə mütəxəssislər qeyd edirdilər ki, son 100 ildə 1 milyard ton neft istehsal etmiş, İkinci Dünya müharibəsi illərində SSRİ-nin neftə olan ehtiyacının 75 faizini vermiş Azərbaycanın neftayırma zavodları hələ çar dövründə inşa edildiyinə görə müasir tələblərlə ayaqlaşmır. Buna görə də ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti qarşısında məsələ qaldırmış və Bakıdakı bütün neftayırma müəssisələrinin tamamilə yenidən qurulmasına, bir çoxunun isə yenidən tikilməsinə nail olmuşdur. Bununla yanaşı, 70-ci illərdə Bakıda, Naxçıvanda, Xankəndidə, Gəncədə, Mingəçevirdə, Lənkəranda bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri tikilib istifadəyə verilmişdir. 1970-1982-ci illərdə Azərbaycandakı fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki illərdə tikilən müəssisələrin sayından qat-qat çox idi. Həmin illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycanda 52 memarlıq abidəsində bərpa işləri aparılmış, 650-dən çox tarix və mədəniyyət abidəsinin pasportu hazırlanmışdı.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ən diqqətçəkən məqamlardan biri də respublikamızda milli kadrların yetişdirilməsi ilə bağlı atdığı böyük addımlar idi. Ulu öndər gözəl bilirdi ki, bir ölkənin inkişafı savadlı, bilikli kadrlar olmadan mümkün deyil. 1969-cu ilə qədər Azərbaycanda rəhbər vəzifələrin böyük əksəriyyətində qeyri-azərbaycanlılar təmsil olunurdu. Hətta respublika üçün mühüm əhəmiyyət daşıyan strateji strukturlarda belə, səlahiyyət sahiblərinin çoxu başqa millətlərin nümayəndələri idi. Dahi şəxsiyyətin Azərbaycanda savadlılığın artırılması yolunda gördüyü böyük işlərin nəticəsi idi ki, əgər 1969-cu ildə Azərbaycanda 765 orta məktəbdə ildə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günüuzadılmış qrup fəaliyyət göstərirdi. Ümummilli liderin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılmış, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılmışdır. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil almışdır. Onların əksəriyyəti bu gün ölkəmizin inkişafı üçün müxtəlif sahələrdə fəaliyyət göstərirlər.
Dahi və uzaqgörən şəxsiyyətin həmin dövrdə həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də respublikada milli hərbçi kadrların yetişdirilməsi istiqamətində qəbul etdiyi tarixi qərarlar və bunun nəticəsi olaraq Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması idi. O dövrdə yüzlərlə azərbaycanlı gəncin keçmiş Sovetlər Birliyində mövcud olan qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi. Təsadüfi deyil ki, ümummilli liderin həmin dövrlərdə başladığı hərbi quruculuq prosesi 20 il sonra müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin hərbçi kadrlarla təminatında böyük rol oynamışdır. Bu mənada, 1969-1982-ci illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Bununla yanaşı, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövrü respublikada milli dəyərlərin bərpası dövrü kimi yaddaşlara yazılmışdır. Belə dəyərlərin ana təməlini təşkil edən milli dilin varlığı və işləkliyi, ilk növbədə, milli şüurun, milli özünüdərkin formalaşmasında başlıca vasitədir. Aydın məsələdir ki, ulu öndər 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə bütün SSRİ məkanında rus dili hakim və rəsmi dil idi. Xalqımızın böyük oğlu tarixdə misli­görünməmiş cəsarət, siyasi müdriklik nümayiş etdirərək Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunan təntənəli toplantıda Azərbaycan dilində çıxış edərək ana dilimizə, milli dəyərlərimizə sahib çıxacağını nümayiş etdirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ulu öndərimizin milli dəyərlərin qorunması, milli şüurun oyanışı istiqamətində həyata keçirdiyi tədbirlərdən danışarkən demişdir: “Ötən əsrin 70-ci illərində baş vermiş proseslərin təhlili göstərir ki, ulu öndərimiz genişmiqyaslı maarifçilik təşəbbüsünü milli ruhun yüksəlişi və millətin tarixi yaddaşının bərpası vəzifələri ilə vəhdət halında götürür, Azərbaycan dilinin tədrisi məsələlərini diqqətdə saxlayırdı. Sovet rejiminin kifayət qədər güclü olduğu bir dövrdə milli dəyərlərin və milli şüurun bərpasına xidmət edən tədbirlərin görülməsi, Azərbaycan dili və Azərbaycan tarixi ilə bağlı tədqiqat işlərinin genişləndirilməsi, akademik nəşrlərin hazırlanması, rus dilinin yeganə rəsmi dil olduğu bir şəraitdə Azərbaycanın 1978-ci il Konstitusiyasına “Azərbaycan SSR-də dövlət dili Azərbaycan dilidir” müddəasının salınması xalqımızın böyük oğlunun misilsiz tarixi xidmətlərindəndir”.
Naxçıvan Muxtar Respublikası da ötən əsrin 70-ci illərində görülən məqsədyönlü işlər nəticəsində sürətlə inkişaf etməyə başlamışdır. Belə ki, 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə nisbətən xeyli geridə qalırdı və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərar tuturdu. Bu geriliyin aradan qaldırılmasında və Naxçıvanın inkişaf yoluna çıxmasında ulu öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” 1974-cü il 8 yanvar tarixli Qərarının mühüm rolu olmuşdur. Sənəddə muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoyulmuş, onların icra müddəti müəyyənləşdirilmişdir. Qərarda nəzərdə tutulmuş bütün vəzifələr vaxtında yerinə yetirilmişdir. Aparılan kompleks tədbirlər sayəsində 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı, təxminən, üç dəfə artmışdır.
Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artmışdır. Ulu öndərin o vaxt Naxçıvanın elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün atdığı addımlar muxtar respublikanın gələcək taleyində mühüm rol oynamışdır. 1990-cı illərin əvvəllərində Naxçıvan Ermənistan tərəfindən blokadaya alınarkən muxtar respublika əhalisi məhz həmin enerji mənbələri hesabına həyat ritmini qoruyub saxlaya bilmişdir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində, ölkəmizin vətəndaş müharibəsinə, hərc-mərcliyə, xaos və anarxiyaya sürükləndiyi zamanda ümummilli liderimiz növbəti dəfə canı qədər sevdiyi Azərbaycanı xilas etmiş, Naxçıvandan başlanan qurtuluş mübarizəsi Azərbaycanın əbədi müstəqilliyinə təminat vermişdir. 1990-1993-cü illərdə dahi şəxsiyyətin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsinə səbəb olmaqla yanaşı, milli dövlətçiliyimizin qorunması və inkişaf etdirilməsi istiqamətində də mühüm tədbirlərin həyata keçirilməsi ilə tarixə yazılmışdır. Belə ki, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanının da adı dəyişdirilmiş, muxtar respublikanın ictimai-siyasi həyatına yeni ab-hava gətirilmişdir. 1993-cü ilin yayında ölkəmiz milli dövlətçiliyimizin ikinci dəfə məhvolma təhlükəsi ilə üzləşəndə ulu öndər Heydər Əliyev yenidən xalqın təkidli tələbi ilə Bakıya qayıtmış və ali hakimiyyətə bu QAYIDIŞ Vətənin xilası, xalqın QURTULUŞ tarixinə çevrilmişdir. Qısa müddət sonra Azərbaycan yenidən quruculuq yoluna geri dönmüş, torpaqlarımızın işğalının qarşısı alınmış, milli ordu yaradılmış, ölkədə sabitlik təmin olunmuşdur. Görkəmli dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın təbii sərvəti olan neftin xarici bazarlara çıxarılması üçün “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. 1993-cü ildən sonra ölkəmizdə aparılan dövlət quruculuğu prosesi hərtərəfli inkişaf edən, müasir, demokratik ölkə­yə çevrilən qüdrətli Azərbaycan Respublikasının yaradılmasına səbəb olmuşdur. Bir sözlə, 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi müstəqil Azərbaycanın daha da güclənməsinə səbəb olmuşdur. Bu güc Heydər Əliyev ideyalarının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ölkəmizi daha da inkişaf etdirməyə, dünyada böyük nüfuz qazanmasına imkan vermişdir. Hərbi və iqtisadi baxımdan Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan ötən il erməni işğalı altında olan torpaqlarımızın azad olunması üçün illərdir, beynəlxalq qurumların həll edə bilmədiyi problemi təkbaşına həll edərək öz gücünü bir daha bütün dünyaya sübut etdi. Belə ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunu diz üstə çökdürərək onu təslimçilik aktını imzalamağa məcbur etdi. Zaman ulu öndərin “…İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirlərində nə qədər haqlı olduğunu bir daha göstərdi. Azərbaycanın 30 ilə yaxındır, işğal altında olan torpaqlarını qısa müddətdə azad etməklə “Ata vəsiyyətini” yerinə yetirən cənab İlham Əliyev, elə ulu öndərin Qalib Azərbaycanda ilk doğum gününü də onun doğulub boya-başa çatdığı Naxçıvanda qeyd etməklə bu Zəfərin dahi şəxsiyyət üçün nə qədər böyük mahiyyət daşıdığını ortaya qoydu. 2021-ci il mayın 10-da muxtar respublikaya səfər edən ölkə başçısının burada səsləndirdiyi “Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir” sözləri, həm də ulu öndərin “İstəyirəm ki, mənim arzum, istəklərim… Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin” ARZUsunun çin olduğunun TƏSDİQİ idi.
1969-cu ildən bu günədək yarım əsrdən çox vaxt keçir. Azərbaycanın dövlətçilik tarixində qazanılmış ən böyük uğurlar məhz bu dövrdə olub. Bu isə o deməkdir ki, Azərbaycanın bir dövlət kimi mövcudiyyəti, inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Buna görə də ölkəmizdə Heydər Əliyev siyasi yolu davam etdirildikcə, Azərbaycan da inkişaf edəcək, daha da güclənəcək!

“Şərq qapısı”

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR