18 Sentyabr 2021, Şənbə

İyunun 13-də Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış beşinci sessiyasında qarşıya qoyulan vəzifələrə və 2021-ci ilin birinci yarısında görülən işlərə həsr olunmuş kollegiya iclası keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov açaraq bildirib ki, ötən dövr ərzində müxtəlif məsələlərlə əlaqədar müşavirələr, tarla seminarları və maarifləndirmə tədbirləri keçirilmişdir.

Vurğulanıb ki, qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası, məhsul istehsalçılarına güzəştli kreditlərin verilməsi, meliorasiya və irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, taxıl və soyuducu anbarların həcminin artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması muxtar respublikada kənd təsərrüfatının dinamik inkişafına səbəb olub.
Qeyd olunub ki, damazlıq və süni mayalanma işlərinin yenidən qurulması, onun bazasının möhkəmləndirilməsi, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsullarının intensiv artmasına səbəb olub. Bunun nəticəsidir ki, göstərilən yüksək məhsuldar törədici toxumlar əvvəllər qonşu Türkiyə Respublikasından alınıb gətirilirdisə, hazırda yeni yaradılmış Süni Mayalanma Mərkəzində “Simmental” və “Holiştein-friz” cinsli törədicilərdən yüksəkkeyfiyyətli toxum alınaraq qablaşdırılır və digər süni mayalanma məntəqələri də bununla təmin edilir.
Bildirilib ki, ötən dövrdə toxumçuluq və bitkilərin mühafizəsi idarəsinin laboratoriyasında 148 ton kartof, 53 ton arpa, 3,5 ton müxtəlif ot, 60 ton qarğıdalı, 900 kiloqram günəbaxan, 160 kiloqram tərəvəz, 140 kiloqram bostan, 2 ton paxlalı toxum nümunələri götürülərək analiz olunmuş, torpaq mülkiyyətçilərinə nəticə aktı təqdim edilmişdir.
Bəhruz Bayramov qeyd edib ki, Dövlət Baytarlıq Xidməti tərəfindən mütəmadi olaraq mal-qara və quşlar arasında yayılan müxtəlif xəstəliklərə qarşı profilaktik peyvəndləmə və dezinfeksiya işləri aparılır, dövlət vəsaiti hesabına epizootiya əleyhinə bioloji təhlükəsizliyin qorunması məqsədilə ardıcıl tədbirlər görülür və arıçılara pulsuz dərman preparatları verilir. Belə ki, 2021-ci ilin birinci rübündə arıçılıqla məşğul olmaq istəyən sahibkarlara dövlət tərəfindən güzəştli şərtlərlə 110 min 800 manat kredit verilib. Görülən tədbirlər nəticəsində 2000-ci ildə mövcud olan 12 min 620 arı ailəsi ailəsinin sayı 99 min 935-ə çatdırılıb.
Sonda məruzə ətrafında çıxışlar edilib.

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR