18 Sentyabr 2021, Şənbə

 

AMEA Naxçıvan Bölməsində “Şərq qapısı” qəzeti və Naxçıvanda mətbuatın inkişafı” mövzusunda keçirilən konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.
Akademik ümummilli lider Heydər Əliyevin Moskvadan Naxçıvana qayıtdıqdan sonra “Şərq qapısı”na verdiyi müsahibədə dediyi “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb” fikirləri xatırladaraq bildirib ki, qəzet bütün dövrlərdə muxtar respublikada elm, təhsil, maarifçilik, ədəbiyyat sahəsində gedən inkişaf proseslərinin güzgüsünə çevrilib və bu gün də bu yöndə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Akademik çıxışında elmi nailiyyətlərin, beynəlxalq əhəmiyyətli tədbirlərin, elmi tədqiqatların geniş oxucu kütləsinə çatdırılmasında mətbuatın əhəmiyyətini vurğulayıb, “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamın söz, qələm əhli ilə yanaşı ziyalı fikrinə, elm adamlarına da verilən böyük önəm olduğunu vurğulayan İsmayıl Hacıyev qeyd edib ki, təsdiq olunan Tədbirlər Planına uyğun olaraq bölmə və qəzetin əməkdaşları tərəfindən artıq kitabın hazırlanmasına başlanılıb, eyni zamanda silsilə yubiley tədbirləri keçirilir ki, məhz bu gün təşkil olunan konfrans da onlar arasında mühüm əhəmiyyəti ilə seçilir. Akademik İsmayıl Hacıyev elmə, təhsilə, ziyalılığa göstərdiyi yüksək diqqət və qayğıya görə konfrans iştirakçıları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib. Elm adamlarının, ziyalıların kənar müəllif kimi qəzetlə müntəzəm əməkdaşlığı üçün göstərdiyi təşəbbüsə görə “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova AMEA Naxçıvan Bölməsinin Fəxri fərmanı ilə təltif olunub.
“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova çıxışında qəzetin muxtar respublikada elm, təhsil istiqamətində aparılan uğurlu siyasəti, qazanılan uğurları geniş şəkildə işıqlandırmasından bəhs edib, aparıcı mətbuat orqanının keçdiyi tarixi inkişaf yoluna nəzər salıb. “Şərq qapısı” qəzeti milli müstəqillik və dövlətçilik ideyalarının yorulmaz təbliğatçısı kimi” mövzusunda çıxış edən Mehriban Sultanova bildirib ki, tarixən Azərbaycançılıq ideologiyasına, milli məfkurəyə xidmət edən “Şərq qapısı” qəzeti XX əsrin 90-cı illərinin əvvəllərində Sovetlər Birliyində nəşr olunan ilk müstəqil mətbuat orqanı kimi tarixə düşmüş, 1990-cı il 20 yanvar tarixdən etibarən səkkiz nömrəsi müstəqil çıxan qəzet milli həmrəylik, demokratiya və milli müstəqillik uğrunda mübarizədə ideoloji bayraqdar funksiyasını yerinə yetirmişdir. 1990-1993-cü illərdə ulu öndərimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə qəzetin müstəqil mətbuat orqanı kimi formalaşması mərhələsinin əsası qoyulmuş, ulu öndər qəzetin fəaliyyəti ilə yaxından maraqlanmış, çətin şəraitdə belə, onun nəşr olunmasını təmin etmişdir.
Çıxışda muxtar respublikada baş verən ictimai-siyasi proseslərə, ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq uğurla həyata keçirilən dövlətçilik siyasətinə, elm, təhsil, iqtisadiyyat və digər sahələrdə baş verən yeniliklərə mətbuat vasitəsilə ziyalılarımız, xüsuilə də AMEA Naxçıvan Bölməsinin əmkdaşları tərəfindən fəal mövqe bildirilməsindən, qəzetin elm, təhsil müəssisələri ilə aəməkdaşlıq əlaqələrindən bəhs edilib.
Qeyd olunub ki, “Şərq qapısı” qəzeti daim Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunmuş, bu mətbu orqanın 75, 80, 85, 90 illik yubileyləri yüksək səviyyədə qeyd edilib. “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamın imzalanması və bu sərəncamla Tədbirlər planının təsdiq olunmasını, bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna verilən siyasi qiymət kimi dəyərləndirən baş redaktor göstərilən yüksək diqqət və qayğıya görə konfran iştirakçıları, eləcə də qəzetin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov “Şərq qapısı qəzetinin muxtar respublika mətbuatının inkişafında rolu” mövzusunda çıxış edərək bildirib ki, müstəqillik illərində muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Milli mətbuatımızın 135 illik yubileyində – 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin istifadəyə verilməsindən sonra qəzetin rəngli nəşrinə başlanılmışdır. Muxtar respublikada mətbuatın inkişafı ilə paralel olaraq yüksək nəşriyyat-poliqrafiya mədəniyyəti də formalaşmışdır.
Rövşən Hüseynov qeyd edib ki, bu gün “Şərq qapısı” qəzeti redaksiyasında yüksək səviyyəli, müasir tələblərə cavab verə biləcək qəzetin nəşri üçün müasir iş şəraiti yaradılmışdır. 2012-ci ildən etibarən www.serqqapisi.az saytı vasitəsilə qəzet dünyanın Naxçıvanla bağlı informasiya tələbatını ödəməyə başlamış, qəzetin elektron arxiv bazası yaradılmışdır. Sayt 2019-cu ildə tamamilə yenilənmişdir. Qlobal informasiya məkanına çıxış imkanı bu gün Naxçıvanla bağlı dəqiq informasiyanın dünyaya çatdırılmasında mühüm rol oynayır.
Konfransda Naxçıvan Müəllimlər İnstitutunun professoru, filologiya elmləri doktoru Yusif Səfərov “Şərq qapısı” qəzetində folklorun nəşri və tədqiqi (1969-2020)”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov “Yeni nəsil jurnalistlərin yetiş-məsində “Şərq qapısı” qəzetinin rolu”, Naxçıvan Dövlət Universitetinin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva “Şərq qapısı” qəzetinin tarixi inkişaf yolu”, “Naxçıvan” Universitetinin kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nüşabə Məmmədova “Naxçıvan ədəbi mühitinin inkişafında “Şərq qapısı” qəzetinin rolu” mövzularında çıxış ediblər.
Sonda “Şərq qapısı” qəzeti ilə yaxından əməkdaşlıq edən AMEA Naxçıvan Bölməsinin əməkdaşları filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova, iqtisad üzrə fəlsəfə doktoru Eltun İbrahimov və Naxçıvan Müəllimlər İnstitutunun dosenti Qızıltac Şahbazovaya Fəxri fərman, digər elm adamları və ziyalılara yubiley hədiyyələri təqdim olunub.

- Nail ƏSGƏROV

  

 

 

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR