18 Sentyabr 2021, Şənbə

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 2021-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasını Naxçıvan Muxtar Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, muxtar respublikanın prokurorluq orqanları öz işini altıncı çаğırış Nаxçıvаn Muxtаr Rеspublikаsı Аli Məclisinin dördüncü sеssiyаsındа Nаxçıvаn Muxtаr Rеspublikаsı Аli Məclisinin Sədri cənаb Vаsif Tаlıbоvun hüquq-mühafizə orqanlarının profilaktika tədbirlərini davam etdirmələri, ictimai asayişin və sabitliyin qorunmasını daim diqqətdə saxlamaları barədə qarşıya qoyduğu vəzifələri həyata keçirmək istiqamətində qurub.

Qeyd olunub ki, həmin sеssiyаdа kənd təsərrüfatına yararlı torpaqlardan qanunsuz istifadə ilə bağlı qarşıya qoyulan vəzifələr prokurorluq əməkdaşlarından aidiyyəti orqanlarla birlikdə bu sahəyə məsuliyyətlə yanaşmağı tələb edir. Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanları aidiyyəti qurumlarla birlikdə torpaqların özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması və torpaqlardan təyinatına zidd istifadə hallarının qarşısının alınması üçün qanunvericilik çərçivəsində bütün zəruri tədbirlərin görülməsini təmin etməlidirlər.
Prokuror bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının tələbələri hesabat dövründə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda olublar. Keçirilən görüşdə tələbələrə startap layihələri və istintaq hərəkətlərinin aparılmasına aid slaydlar nümayiş etdirilib, həmçinin kitabxana fondu, prokurorluq orqanlarında müraciətlərə baxılması, ittihamı elanetmə qaydaları və ittihamın müdafiəsi, istintaq hərəkətlərinin sənədləşdirilməsi haqqında məlumatlar verilib.
Vurğulanıb ki, bəhs olunan dövrdə Naxçıvan Muxtar Rеspublikası Prоkurоrluğu Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarını, “Prokurorluq haqqında” qanunu və digər normativ-hüquqi aktları rəhbər tutaraq ictimai-siyasi sabitliyin, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından iştirak edib, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində fəallıq göstərib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*   *   *

İyulun 12-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında keçirilən yığıncağı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova giriş sözü ilə açaraq bildirib ki, hesabat dövrü ərzində insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılıb. Belə ki, Müvəkkilə ünvanlanmış hər bir müraciət araşdırılıb, aid qurumlara sorğular göndərilib və şifahi qəbul zamanı ərizəçilərə hüquqi məsləhətlər verilib. Ərizəçilər tərəfindən Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada daxil olan müraciətlərə qanunla müəyyən edilən müddətlərdə baxılıb və bütün müraciətlər vaxtında cavablandırılıb.
Vurğulanıb ki, cari ilin birinci yarısında da səmərəli hüquq müdafiə mexanizmi kimi formalaşan Müvəkkil təsisatı tərəfindən preventiv mexanizm funksiyasının icrası təmin edilib, preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 23 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 38 başçəkmə həyata keçirilib. Başçəkmələr zamanı saxlanma şəraiti, işçi heyətinin rəftarı, qida rasionu, qidanın keyfiyyəti, tibbi xidmətin vəziyyəti, onların asudə vaxtının təşkili kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılıb, saxlanılan şəxslərlə görüşlər keçirilib, onlarla ümumi və fərdi söhbətlər aparılıb, hüquq və vəzifələri izah edilib.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüsü ilə cəzaçəkmə müəssisələrində cəzaçəkən məhkumların barəsində humanist cəza siyasətinə əsaslanan tədbirlərin uğurla davam etdirilməsi onların islah edilmə prosesinin sürətlənməsini, normal sosial faydalı həyata adaptasiya olunmasını və bu sosial qrupdan olan şəxslərin hüquqlarının daha səmərəli müdafiəsini təmin edib.
Bununla yanaşı, muxtar respublikada əhalinin müxtəlif sosial qruplarına bərabər imkanların yaradılması, onların hüquq bərabərliyinin davamlı təmin edilməsi daim diqqətdə saxlanılıb və bu istiqamətdə tədbirlər uğurla davam etdirilib.
Bildirilib ki, Ombudsmanın fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrində 111, Müvəkkilin rəsmi internet səhifəsində 85, rəsmi “Facebook” səhifəsində 63, habelə muxtar respublikamızın müasir inkişafı, tarixi-mədəni irsi və turizm potensialının təbliği ilə bağlı 188, ümumilikdə isə 447 informasiya materialı Müvəkkilin rəsmi internet, “Facebook” səhifələrində və digər kütləvi informasiya vasitələrində işıqlandırılıb.
Vurğulanıb ki, təsisat bundan sonra da insan hüquqlarının müdafiəsinin səmərəli həyata keçirilməsi məqsədilə beynəlxalq təcrübə mübadiləsi, əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi və hüquqi maarifləndirmə, bu sahədə dövlət və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlığını daha da inkişaf etdirməli və mütəmadi olaraq təkmilləşdirməlidir.
Sonra yığıncaqda məruzə ətrafında çıxışlar olub.

*  *   *

Naxçıvan Beynəlxalq Hava Limanında cari ilin altı ayında görülmüş işlərin yekun iclası keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli açaraq bildirib ki, cari ilin ilk 6 ayı hava limanı üçün xüsusi əhəmiyyət kəsb edib. Belə ki, ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağı istifadəyə verilib. Uçuş-enmə zolağında naviqasiya və işıqlandırma sistemləri müasir səviyyədə qurulub. Ərazidə peyk siqnallarını tənzimləyən yerüstü naviqasiya sistemləri, təhlükəli hava şəraitində təyyarələrin təhlükəsiz qəbulu və uçuşunu təmin etmək üçün radiorabitə vasitələri tamamilə yenilənib.
Qeyd olunub ki, aerodrom ərazisinə nəzarətin gücləndirilməsi, nəzarət postlarında iş şəraitinin yaxşılaşdırılması, sərnişinlərin terminal binasına daxil olduğu yerlərdə, habelə təyyarəyə buraxılış bölmələrində bir sıra məqsədyönlü tədbirlər aparılıb. Terminal binasında nəzarət olunmayan yerlərə yeni təhlükəsizlik kameraları quraşdırılıb. Aviasiya subyektlərinin nəzarət edilən ərazilərinə şəxslərin və nəqliyyat vasitələrin giriş-çıxışı rejimlə nizamlanıb.
Vurğulanıb ki, hava gəmilərinə texniki xidmət sahəsi, yanğın təhlükəsizliyi və qəza xilasetmə komandası, texnoloji avadanlıqların istismarı və təmiri sahəsi, xüsusi avtonəqliyyat xidmətlərinin maddi-texniki bazası gücləndirilib, həmin xidmətlərə müasirtipli texnikalar verilib. Bu ilin ilk 6 ayı ərzində Naxçıvan Beynəlxalq Hava Limanı, ümumilikdə, 97 420 sərnişinə xidmət göstərib.
Direktor qeyd edib ki, Naxçıvan Beynəlxalq Hava Limanının inkişafına göstərilən qayğının daha bir nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 23 iyun tarixli Qərarı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tərkibindən çıxarılaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinə verilməsi oldu. Bu, hava limanı üçün yeni prioritetlər, yeni layihələr həyata keçirməsinə və muxtar respublikamızın dünyada tanıdılmasına geniş imanklar açacaq.
Sonra məruzə ətrafında çıxışlar olub.

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR