18 Sentyabr 2021, Şənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər planına əsasən iyulun 12-də Ordubad şəhərindəki Mədəniyyət Sarayında mətbu orqanın yubiley tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açaraq “Şərq qapısı” qəzetinin mətbuat tariximizdəki əhəmiyyətindən, muxtar respublikanın, o cümlədən də Ordubad rayonunun sosial-iqtisadi inkişafının, ictimai-siyasi həyatının tarixiləşdirilməsindəki müstəsna rolundan bəhs edib.

“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova çıxışında 100 yaşlı mətbu orqanının keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, milli mətbuatımıza göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, tarixən Azərbaycançılıq ideologiyasına, milli məfkurəyə xidmət edən “Şərq qapısı” qəzeti XX əsrin 90-cı illərinin əvvəllərində Sovetlər Birliyində nəşr olunan ilk müstəqil mətbuat orqanı kimi tarixə düşmüş, 1990-cı il 20 yanvar tarixdən etibarən səkkiz nömrəsi müstəqil çıxan qəzet milli həmrəylik, demokratiya və milli müstəqillik uğrunda mübarizədə ideoloji bayraqdar funksiyasını yerinə yetirmişdir. 1990-1993-cü illərdə ulu öndərimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə qəzetin müstəqil mətbuat orqanı kimi formalaşması mərhələsinin əsası qoyulmuş, ulu öndər qəzetin fəaliyyəti ilə yaxından maraqlanmış, çətin şəraitdə belə, onun nəşr olunmasını təmin etmişdir.
Müstəqillik illərində Naxçıvanda mətbuatın inkişafına dövlət qayğısından bəhs edən baş redaktor vurğulayıb ki, 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, eləcə də Ali Məclis Sədrinin 2021-ci il 21 yanvar tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması “Şərq qapısı” qəzetinin peşəkarlıq fəaliyyətinin yüksəldilməsinə əhəmiyyətli təsir göstərib. Qeyd olunub ki, “Şərq qapısı” qəzeti daim Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunmuş, bu mətbu orqanın 75, 80, 85, 90 illik yubileyləri yüksək səviyyədə qeyd edilib. “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamın imzalanması və bu sərəncamla Tədbirlər planının təsdiq olunmasını, bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna verilən siyasi qiymət kimi dəyərləndirən baş redaktor göstərilən yüksək diqqət və qayğıya görə qəzetin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov “Şərq qapısı qəzetinin muxtar respublika mətbuatının inkişafında rolu” mövzusunda çıxış edərək bildirib ki, müstəqillik illərində muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Milli mətbuatımızın 135 illik yubileyində – 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin istifadəyə verilməsindən sonra qəzetin rəngli nəşrinə başlanılmışdır. Muxtar respublikada mətbuatın inkişafı ilə paralel olaraq yüksək nəşriyyat-poliqrafiya mədəniyyəti də formalaşmışdır. Çıxışda “Şərq qapısı” qəzeti redaksiyasında istər jurnalist peşəkarlığı, istərsə poliqrafik keyfiyyət baxımından qəzetin nəşri üçün müasir iş şəraiti yaradılmasından bəhs edilib.
Tədbirdə “El həyatı” qəzetinin redaktor əvəzi, Əməkdar jurnalist Abbas Seyid, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Ordubad Rayon Təşkilatının sədri Fərrux Nağızadə, “Şərq qapısı” qəzetinin İqtisadiyyat və təhlil şöbəsinin müdiri Səbuhi Həsənov, AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova, “El həyatı” qəzetinin əməkdaşı Bahar Əliyeva, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatı Gənclər Birliyinin sədri Nurlan Səfərli çıxış edərək “Şərq qapısı” qəzetinin fəaliyyətindən, milli mətbuatımızın inkişafındakı rolundan ətraflı söhbət açıblar.
Tədbir ərzində qəzetin tarixi inkişaf yolu və fəaliyyət prinsipini, eləcə də Ordubad rayonunun qədimliyini, müasir görkəmini, rayonla bağlı qəzetdə dərc olunan materialları əks etdirən videoslayd nümayiş olunub.
Tədbirin sonunda “El həyatı” qəzetinin redaktor əvəzi, Əməkdar jurnalist Abbas Seyidə “Şərq qapısı” qəzetinin Fəxri fərmanı və hədiyyə, qəzetlə yaxından əməkdaşlıq edən digər qələm sahiblərinə hədiyyələr təqdim olunub.
- Gülcamal TAHİROVA

  

 Gülcamal TAHİROVA

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR